Hava limanına yeni taksiləri niyə buraxmırlar?
Bizi izləyin

Qırmızı.az

Hava limanına yeni taksiləri niyə buraxmırlar?

Bakının bircə dənə hava limanı var. Gələn də, gedən də məcburən burdan keçməlidir. Azərbaycan haqqında ilk təəssüratlar da burda formalaşır. Amma mən o insanlardan, daha doğrusu o sifətlərdən heç nə yazmaq istəmirəm. Ən azından birtəhər üzünü çevirib bayıra çıxana qədər dözmək olar...

Ötən günlərə qədər vəziyyət belə idi ki, bayıra çıxan kimi səni cürbəcür taksilər qarşılayırdı. Amma indi qonaqları çöldə də içərdəki sifətlər qarşılayır. "Qarşılanma mərasimi"nin isə xüsusi ifadələri var:

"Qardaş aparım?" "Hara gedirsən?" "Gəl bu tərəfə!" "Ucuzvari!" "Birtəhər razılaşarıq!" "Nəyə gücün çatar!" və nəhayət "Onsuz da taksi tapan deyilsən!"

Bax bu axırıncı ifadə "mərasim cümlələri" arasına yeni daxil olmuşdu.

Maraq mənə o qədər güc gəldi ki, hamısına "yox!", "çox sağ ol!", "lazım deyil" kimi cavablar verib hava limanının lap çıxışına qədər getdim. Hətta çıxışda dayanacağa nəzarət edən cavan oğlandan da soruşdum ki, bəs buranın taksiləri hanı? O da cavab verdi ki, burda heç yerli-dibli taksi olmayıb.

Nəhayət lap çıxışda yeni "London taksiləri"ndən biri gözümə dəydi. Tez maşına dürtüb hava limanından çıxdım.

İlk sualım da bu oldu ki, bəs sizin məşhur "London taksiləri" niyə qonaqları qarşılamırlar?

Sürücü məni gözdən keçirib qəribə bir cavab verdi:

"Bizi oraya buraxmırlar. Girib işəridə dayana bilmərik. Deyirlər ki, remont gedir. Amma əslində son günlər bizim rəhbərliklə aeroport rəhbərliyi arasında nəsə ciddi problem var. Bizə imkan vermirlər. Mən də müştəri gətirmişdim, ona görə içəri girdim".

Daha bu barədə heç nə danışmadıq. Evə gələn kimi 189 nömrəsinə zəng edib onlara da eyni sualı verdim. Dəstəyi götürən xanım cavab verdi ki, yeni taksilər hava limanına ancaq sifarişlə gedirlər. Hava limanından isə məsələ ilə bağlı heç nə öyrənə bilmədim.

İndi çox maraqlıdı: Biz cəhənnəm, ölkəyə ilk dəfə ayaq basan əcnəbi 189 nömrəsini hardan biləcəck? Yaxud da o yazıq qonağı hava limanında gözləyən sifətlərdən necə xilas etmək olar?..

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm