Qırmızı.az
Elçin Əlibəyli: “Yesenini oxuyurdum ki, xəbər gəldi...“
Hamımızın həyatında çox sevdiyi... Yox, sevdiyi düz olmadı... Gözlənilmədən gəlib həyatımızı dəyişən, az qala, bütün ömrümüz boyu yoldaşımıza çevrilən kitablar var. Və adətən, biz onları yox, onlar bizi seçir...
Biz sadəcə rəfdən götürüb oxuyuruq. Oxuyuruq, oxuyuruq, oxuya-oxuya
bir də görürük ki, özümüzü tapmışıq... Qəhrəmanımızı tapmışıq.
Bu layihə həmin kitablar və onların seçdikləri insanlar
haqqındadı...
Tanış olun, ilk qonağımız...daha doğrusu, ilk "kitab qurbanımız"
Elçin Əlibəyli...
"Kitab qısqanclığı" anlayışını qəbul
eləmirəm...
- Elçin, sənin həyatını dəyişən kitab ya da kitablar
var
- Bir neçə kitab olub ki, həqiqətən mənə təsir eləyib, dünyaya
baxışımlarımı dəyişib. Onlardan birincisi, Makiavellinin "Hökmdar"
əsəridi. Makiavelli mənə çox şey izah elədi. Söhbət 91-92-ci
illərdən gedir. O vaxt siyası proseslər çox dəbdə idi, hamı
siyasətlə məşğul olurdu. Amma siyasi prosesləri izah eləyə biləcək
kitablar çox az idi. Məncə, o vaxt Makiavelli azərbaycanca yox idi,
elə rusca da çox az tapılırdı. Ancaq bəzi kitabxanalarda vardı.
Mənim rastıma da təsadüfən çıxdı və həyatımda çox böyük rol oynadı.
Mənə çox təsir eləyən ikinci kitab Aristotelin "Politika"sı oldu.
Belə deyək də, "Politika" ictimai fəaliyyətimdə yönəldici rol
oynadı. Hansısa kitabın həyatımı mənəvi baxımdan dəyişməyindən
danışsaq, yəqin ki, İsa Hüseynovun "Məşhər" romanının adını
çəkəcəm. Onda həm psixoloji cəhətdən, həm ruhi baxımdan çox
suallarıma cavab tapdım. "Məşhər"i oxuyanda 14-15 yaşımdaydım. Yəni
çoxlu sualların yarandığı, cavablar axtardığın bir dövrdə. Nə
ətrafdakılar, nə də kitablar bu suallara cavab verə bilmir. Amma
"Məşhər" romanı verdi.
Bir insan kimi formalaşmağımda isə Əkrəm Əylislinin "Vəzifə"
əsərinin rolu olub. Birinci povest kimi yazılmışdı, sonra müəllif
onu pyes şəklinə də saldı. Bax, ordakı Nazim obrazı mənim olmaq
istəmədiyim adam idi. O mənə göstərdi ki, Nazim olmağın nəyi
pisdi.
Elçin, bu kitabları oxumaq üçün başqalarına verirsən, yəni
kitaba, xüsusilə də sevimli kitablarına qarşı qısqanclıq hiss
eləmirsən?
- Əksinə, əksinə. "Kitab qısqanclığı" anlayışını ümumiyyətlə qəbul
eləmirəm. Bu gün Azərbaycanda öz sahəmə aid ən zəngin kitabxana
məndədi: Televiziya, televiziya jurnalistikası, televiziyanın
sosiologiyası və s. Və bu kitablar hamının üzünə açıqdı, hətta
bəzən özüm xahiş eləyirəm ki, gəlib oxusunlar. Ümumiyyətlə, kitab
məsələsində qısqanclıq ola bilməz. Kitabın gözəlliyi elə ondadı ki,
paylaşmaq mümkündü. Kitab alıb evdə saxlamaq üçün deyil.
Mənim əlimə yaxşı bir roman düşəndə, oxuyandan sonra mütləq yaxın
dostlarıma hədiyyə eləyirəm ki, onlar da oxusunlar. İndi evdə uşaq
böyüyür. Onun üçün indidən kitab kolleksiyası yığa bilərəm ki, uşaq
kitabı görsün. Çünki kitabla ünsiyyət uşaqlıqdan başlamalıdı. Qoy,
kitablar həmişə gözünün önündə olsun. Ancaq bir var külliyyat, ya
da tanıdığın müəllifin kitabını alırsan. Bir də var hər hansı bir
müəllif təsadüfən əlinə düşdü. Oxudun, maraqli gəldi. Məncə, onda
mütləq bölüşmək lazımdı.
Məndən kitab götürürlər və təbii ki, geri
qaytarmırlar
Tutalım, onları kiməsə oxumağa verdin. Sonra fikrini
bilmək, müzakirə eləmək istəyirsən?
- Sizə bir şey deyim. Mən çox adama kitab vermişəm. Amma çox az
halda onu oxuyublar, və ya mənimlə bu barədə danışıblar. Bu, çox
qəribə bir şeydi. Ya nəzakət xatirinə mənə oxuduqlarını deyiblər,
əslində isə oxumayıblar. Ya da ki, oxuyublar, amma bu mövzuda
danışmaq istəməyiblər, bilmirəm.
Sən o qədər sanballı əsərlərin adlarını çəkdin ki...
Makiavelli, Aristotel... Lap elə İsa Hüseynov.. Onlar haqqında
fikir söyləmək bir az çətindi.
- Yox, mən təkcə onları nəzərdə tutmuram. Başqa kitablar da var.
Hətta ən sadə romanları belə verirəm. Sonra insanlardan cavab
gözləyirəm ki, oxudusa, bir polemikaya girək, bəlkə mənim başa
düşmədiyim məqamlar var. Amma alınmayıb. Çox yaxın insanlar var ki,
onlarla otururuq da, söhbətləşirik də. Məndən kitab da götürürlər
və təbii ki, geri qaytarmırlar. Elələrinin arasında şair dostlarım
da var.
Məndə də iki kitabın var...
- Hə?! Məsələ ondadır ki, mənə kitabın özünü qaytarmaq lazım deyil.
Əsas informasiyanın qayıtmağıdı. Məsələn, bir neçə kitab var ki,
onlardan bir on-on beş dənə almışam. Məhz, dostlara paylamaq üçün.
Onlardan biri də Marşal Makulyenin məşhur "Qutenberqin qalaktikası"
kitabıdı.
Məncə, bu kitab sosiologiya, mətbuat, televiziya nəzəriyyəsi ilə
məşğul olan hər kəs üçün dərslikdi, əlifbadı. Mən də onu dostlarıma
- bu gün televiziyadan yazan, mətbuatı analiz eləyən dostlarımı
nəzərdə tuturam – verirəm ki, burda çox sualların cavabı var, bu
kanadalı sosioloq oturub işləyib, əlinizə kifayət qədər kodları
verib. Hətta yadımdadı ki, o vaxt Zeynal müəllim "Danışan güzgünün
sirri" kitabında "Qutenberqin qalaktikası"na istinad eləmişdi. Hələ
1985-ci ildə. Yəni bu çox ciddi bir əsərdi və mənə elə gəlir ki,
onu oxumaq lazımdı. Əfsus ki, dostlarımın çoxu oxumayıb.
...nə vaxt Yesenini oxusam, bu təkrarlana
bilər
Kitabın, ümumiyyətlə, incəsənətin mistik gücünə
inanırsan?
- Sizə bir əhvalat danışım. Hazırda bir yazı üzərində işləyirəm.
Daha doğrusu, uşaqlıq xatirələrimi çap etdirməyə hazırlaşıram.
Adını da qoymuşam "Kolmoqorov həndəsəsi". Kolmoqorov altıncı
siniflər üçün həndəsə dərsliyinin müəllifi idi. O kitabı mənə uşaq
vaxtı hədiyyə vermişdilər ki, altınci sinifdə həndəsəni ordan
oxuyacaqsan. O dövrdə bütün Sovet Ittifaqında o kitab tədris
olunurdu. Amma elə alındı ki, mən gəlib yeddinci sinfə çatanda...
arada bir sinif adlama olmuşdu. Nə isə. Yeddinci sinifdə həndəsəyə
başlayanda dərslik dəyişdi. Kolmoqorovun yerinə ayrı dərslik gəldi.
Amma o həndəsə kitabı məndə qaldı. İstifadə olunmamış böyük bir
mənbə kimi...
Bu bir az içimdə qalmışdı deyə fikirləşdim ki, bu yazının adını da
məhz, belə qoyum- "Kolmoqorov həndəsəsi". Bax, orda kitabın
mistikası ilə bağlı yazmışam. 1986-cı ildə Yeseninin sarı üzlü bir
kitabı çıxmışdı. Qış idi, bərk xəstələnmişdim, qızdırmam vardı. və
Yesenini oxuyurdum. Əslində oxumaq alınmırdı, çünki qızdırma imkan
vermirdi. Nə isə... Mən kitabı oxuduğum vaxt xəbər gəldi ki, atam
qəza keçirib. Onda içimdə belə bir hiss yarandı ki, mən nə vaxt
Yesenini oxusam, bu təkrarlana bilər. Məhz, həmin kitabı. O kitabı
qoydum qırağa, Yeseninin başqa kitabını götürdüm, amma o qorxu, xof
qaldı.
İndi də qalıb?
- Yox, təbii ki, qısa müddətdən sonra keçdi, o onda çox o sarı üzlü
kitab çox qorxutmuşdu məni. Bəlkə də səbəb qızdırma ilə o hadisənin
üst-üstə düşməyi idi. Ümumilikdə isə mən hesab eləmirəm ki, uğur
gətirən, ya da uğur gətirməyən kitablar var - belə şeylərə
inanmıram. Kitab emosiyaların toplandığı yerdi. Məsələ o
emosiyaları, energetikanı necə almaqdı. Məsələn, kitab var ki,
ondan çox yaxşı, müsbət enerji almaq olur. Ancaq kitab var ki,
müsbət heç nə vermir, baxmayaraq ki, yaxşı şeylərdən yazıb.
Məsələn, "Yanlışlarımızın ensiklopediyası" adlı bir silsilə var.
Təxminən, ona yaxın cildi çıxıb. Şən əhval-ruhiyyədə yazıldığına
baxmayaraq insana çox neqativ enerji verir. Çünki kitab, sənin
indiyə qədər inandığın hər şeyi alt-üst eləyir. Ola bilsin, orda
yazılanlar həqiqətdi, amma oxucu birdən-birə ömrü boyu topladığı
bütün informasiyanın yanlış olduğunu görəndə, təbii ki, mənfi
təəssürat alacaq.
"İdeal"ı oxuyanda dəhşət içində idim.
Bəs elə olubmu ki, oxuduğun kitab, yaxud baxdığın film
həmin andakı əhval-ruhiyyənlə, yaşadıqlarınla üst-üstə düşsün-
kömək eləsin, ya da bir az çarəsizləşdirsin səni. Yəni lazım olan
anda gələn kitablar...
- Hərdən olur. Bir şeyi nəzərə alaq ki, siz dediyiniz daha çox
bədii əsərlərə aiddi. Həqiqətən də bədii əsərlər bu funksiyanı
yerinə yetirir. Məsələn, zənnimcə, Kafkanı oxuyub depresiyaya
düşməyən adam az tapılar. Sadəcə elə adam var ki, o depresiyadan
çıxa bilir, elə adam da var ki, ömrü boyu orda qalır. Mənə elə
gəlir ki, Kafka ən çox bizim nəsli depressiyaya saldı. Hətta bir
neçə qrup yoldaşım var ki, hələ də ordadı. Bu çox normaldı. Məncə,
Umberto Eko da bizə elə təsir elədi. Biz hələ söhbətin nədən
getdiyini bilmirdik. Səhv eləmirəmsə, o vaxt SSRİ-də intellektual
roman anlayışı, demək olar ki, yox idi. Yeganə intellektual romanı
İsa Hüseynov yazmışdı. Bilirsiniz, ona necə baxırdılar? "Bu nə
istəyir e?.."
- Freydin insanın incəsənətə münasibəti haqqında məşhur bir sözü
var. Deyir ki, incəsənəti başa düşəndə başına qapaz vururuq, başa
düşməyəndə ondan qorxmağa başlayırıq. Bax, İsa Hüseynovla bağlı bu
hadisə baş verdi Azərbaycan ictimaiyyətində. Xüsusilə də "İdeal"
romanından sonra. Mən bayaq dedim, İsa Hüseynovun "Məşhər" romanı
mənim çox boşluğumu doldurdu.
Məni qorxutmuşdu amma. "Məşhər" yox, "İdeal". "İdeal"ı oxuyanda
dəhşət içində idim.
- "İdeal" tamam başqa şeydi, "Məşhər" bir az fərqlidi. Onları
müqayisə eləmək istəmirəm. Nə ədəbi, nə də mövzu həlli baxımından.
Mənim aləmimdə "Məşhər" daha mükəmməl əsərdi. Bu ədəbiyyatşünas
fikri deyil, sadəcə bir oxucu fikridi. Ümumiyyətlə, bədii ədəbiyyat
daşımalı olduğu funksiyanı daşıyırsa, hədəfə dəyir. Daşıya
bilmirsə, romanın ölçüsündən, adından asılı olmayaraq, təsir
eləmir. Məsələn, Yusif Səmədoğlunun "Qətl günü" romanı daşıdığı
funksiyanı yerinə yetirdi –vaxtında və yerində səsləndi. O roman
həmin dövrdə, həmin ildə çap olunmasaydı, heç vaxt elə effekt
verməzdi. Amma 1986-87- ci illərdə ən populyar romana çevrildi. O
qədər məşhurlaşdı ki, Hüseynağa Atakişiyev Gənclər Teatrının
açılışını onunla elədi. Yəni "Qətl günü" ədəbi əsər kimi rezonans
yarada bildi. Halbuki iki ildən sonra çıxsaydı, heç vaxt o qədər
aktual olmayacaqdı. Yəni zamanın da böyük rolu var.
Təbii ki, məndə hiyləgərlik də var və
olmalıdı...
Səninçün ədəbiyyatın funksiyası nədir? Bax, indi çoxlu
saytlat var - köşələr, Seymur Baycanın "havalı əsərlər"
adlandırdığı yazılar çıxır. Yəni daha çox müəllifin
əhval–ruhiyyəsini əks etdirən yazılar. Onların altında oxucuların
şərhləri olur. Elə bil ki, nə isə gözləyirlər o yazılardan.
Bilmirəm nə? Amma görünən budur ki, istədiklərini ala bilmirlər.
Çox az adam var ki, o yazıları rahat oxuyur.
- Başa düşdüm. Əslində sualınıza Freydin sözü ilə cavab verdim.
Amma başqa cür də izah eləyə bilərəm. Tutaq ki, əvvəl Kukla, sonra
gənc Tamaşaçılar teatrına getməmiş - yəni mərhələli şəkildə teatr
tərbiyəsi görməmiş adamı birdən-birə "Maqbet"ə baxmağa gətirirlər.
Təbii ki, o, istədiyini ala bilmir. Çünki estetik zövqü tam
yetişməyib. Yazılarda da belədi. Uşaq ədəbiyyatından tutmuş dünya
ədəbiyyatına qədər bütün mərhələləri keçməsən, bu günkü yazarın
yazdıqlarını, nə demək istədiyini anlamayacaqsan. Ondan daha çox,
ya da daha az şey gözləyəcəksən. Çünki şəxsi münasibətin yoxdu.
Bazanın yoxluğu, azlığı, bizim o yazarlara münasibətimizi
formalaşdırır. Həqiqətən, elə bir köşə yazısı ola bilər ki, mənim
əhvalımı dəyişdirə bilər. Onun da funksiyası budu. Yəni incəsənətin
başlıca funksiyası insanın əhvalını, estetik zövqünü, dünyagörüş
sistemini kökləməkdi. "İncəsənət tərbiyəçidi, yoxsa tərbiyəni
pozandı" məsələsi - Platonla Aristotelin məşhur mübahisəsi - bu
günə qədər davam eləyir. Hələ də öz həllini tapa bilməyib.
"Canini, cinayəti göstərmək tərbiyəvi əhəmiyyət daşıyır, yoxsa
tərbiyəni pozur" sualının hələ də cavabı yoxdu. Bu bu cəbhələşmə
hələ də gedir və gedəcək. Ona görə deyirlər ki, televiziyada
evlilik proqpamlarını göstərmək pisdi. Amma eyni qaydada demək olar
ki, yox, yaxşıdı. Çünki incəsənətə münasibət məsələsi var. "Ondan
nə gözləyirik" sualı var. Bir də fərdi yanaşma var. Elə insan var
ki, ona nəyi isə örnək göstərəndə o cür olmağa başlayır. Amma elə
insan da var ki, örnəyi görür və anlayır ki, belə pisdi, başqa cür
olmaq lazımdı. Bu, insanın hansı qütbdə durmağından asılıdı- yəni
sən Platon tərəfdarısan, yoxsa Aristotel. Şəxsən mən Aristotel
tərəfdarıyam. Mənim fikrim subyektiv olacaq.
Və axırıncı sual. Ən birinci Makiavellinin adını çəkdin.
Özündə də Makiavellilik hiss eləməmisən?
- Yox, əksinə. Makiavellinin adını çəkdim, çünki ondan sonra bir
neçə müəllif oxumuşam. Məsələn, Baltazar Qrasiyanın "Balaca Orakul"
kitabı. Mənə elə gəlir ki, Makiavelli ondan daha üstündü.
Makiavellinin kitabında dövlət idarəçiliyindən, ümumiyyətlə,
idarəçilik sistemindən, insanların idarəçiliyə münasibətindən
danışılır.
Ədəbiyyatda, filmlərdə Makiavelli hiyləgərlik
rəmzidi
- Bilirəm, "makiavellizm" deyilən bir anlayış var. Anladım, nəyi
nəzərdə tutursunuz. Məncə, məni tanıyanlar bu suala daha yaxşı
cavab verər. Hər halda olmasaydı, olmazdı...
Olmasaydı, olmazdı?
- Yəqin ki, var. İnkar eləmirəm. Mən sadəlövh insan deyiləm. Təbii
ki, məndə hiyləgərlik də var və olmalıdı.
Mən elə olduğunu demədim. Səndən soruşdum...
- Söhbət "makiavellizm"dən gedirsə, bəli, məndə var. Bunu heç vaxt
inkaar eləməmişəm. Niyə də inkar eləyim? Üç tip insan var – elə
insanlar var ki, pis şahmat oynayırlar, amma deyirlər ki, mən yaxşı
oynayıram. Onlar gülməli insanlardı. Elə insanlar var ki, yaxşı
şahmat oynayırlar, amma bunu etiraf eləmirlər. Bu insanlar bir az
təhlükəlidilər. Nailliyyətləri var, ancaq etiraf eləmək istəmirlər.
Elə insanlar da var ki, yaxşı şahmat oynayırlar və bunu etiraf
edirlər. Bu insanlar hər zaman yaxşı insanlardı.
Sən neçənci qrupdasan? Üçüncü?
- Mən heç nə demədim. Sadəcə kateqoriyalaşdırdım insanları. Mövzu
şahmat olsaydı, hansı kateqoriyadan olduğumu deyərdim.
KitabQurdu: Aygün Aslanlı
Publika.Az
-
Region00:30
Türkiyədə silahlı qadın doğum evinin həkimlərini GİROV GÖTÜRDÜ
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə mövzular gündəmə gələ bilər ki...
-
Hadisə00:00
Xoşqədəm baldızı tərəfindən döyülən qadının VİDEOSUNU YAYDI
-
Əmlak5 Oktyabr 23:36
Bakıda bu evlər sökülür: pul veriləcək - FOTO
-
Hadisə5 Oktyabr 23:24
Hacıqabulda AĞIR QƏZA: bir ailənin üç üzvü...
-
Magazin25 Oktyabr 21:48
Məşhur müğənni 35 yaşına çatmadan HƏYATLA VİDALAŞDI - FOTO
-
Magazin15 Oktyabr 20:36
Aynur Dadaşova tanınmaz halda - FOTO
-
İKT5 Oktyabr 19:48
Flaqman smartfonlar KƏSKİN BAHALAŞACAQ - TARİX AÇIQLANDI