Qırmızı.az
Nərgiz Paşayeva xarici mətbuata müsahibə verdi - FOTOLAR
2013-cü il Azərbaycan elminin tarixində mühüm bir sənədin imzalanması ilə əlamətdar oldu. Belə ki, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, AMEA-nın müxbir üzvü, professor Nərgiz Paşayeva ilə Oksford Universiteti arasında birgə təşəbbüsün nəticəsi olaraq 2013-cü il oktyabrın 28-də Oksford Universitetində Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzinin yaradılmasına dair Anlaşma Memorandumu imzalandı.
2013-cü ilin yayında universitetin Bakı filialının rektoru, professor Nərgiz Paşayevanın britaniyalı alimlərlə görüşü zamanı məlum oldu ki, Oksford Universitetində Azərbaycan ədəbiyyatı, tarixi və dili haqda demək olar heç bir məlumat, araşdırmalar, tədris vəsaitləri yoxdur və fənlər tədris olunmur. Bununla belə, universitetdə gürcü və erməni dilləri öyrənilir.
MDU-nun Bakı filialının rektoru britaniyalı alimlərlə müzakirələr
zamanı təklif edib ki, Oksford Universitetinin nəzdində Elmi Mərkəz
açılsın və bu Mərkəz gələcəkdə universitetin bir hissəsi kimi
tanınsın, elmi fəaliyyət göstərsin və gələcək nəsillər bundan
istifadə edə bilsinlər. N.Paşayeva Mərkəzə Nizami Gəncəvinin adının
verilməsini təklif edib. Britaniyalı alimlər Oksford
Universitetində Nizami Gəncəvinin fars şairi kimi tədris edildiyini
vurğulasalar da, professor Nərgiz Paşayeva Nizaminin simasında
qurucu, birləşdirici bir şəxsiyyət gördüyünü bildirib: “Mən
Nizaminin şəxsində millətləri ayıran, etnik fikirləri bir-birinə
qarşı qoyan bir sima görmürəm. Nizaminin simasında fərqli fikirləri
və yanaşmaları bir araya gətirən böyük düha, bəşəri bir sima
görürəm. Razılığa gəlsək, işimizi bu prinsiplə, bu siyasətlə, bu
yanaşma ilə aparacağıq. Mənə təklif etdilər ki, bəlkə Mərkəzə
Füzulinin adı verilsin. Mən dedim ki, əlbəttə, Füzuli dahi şairdir,
belə yüksək müstəvidə elmi mərkəzin adına layiq böyük simadır.
Lakin mən çox xahiş edirəm ki, Mərkəzin adını dəyişməyək, Nizaminin
adına olsun”.
Qeyd edək ki, qədim tarixi və zəngin ənənələri ilə məşhur olan
Oksford Universiteti Böyük Britaniyanın Oksfordşir qraflığında
yerləşir. Universitet barədə ilk yazılı məlumatlar XI əsrə -
1096-cı ilə aiddir. Oksford təkcə universitet deyil, həm də böyük
bir elmi tədqiqat mərkəzidir. Birləşmiş Krallığın ən böyük elmi
kitabxanası burada yerləşir. Böyük Britaniyanın 26 Baş naziri, 30
beynəlxalq lider, 50 Nobel, 120 Olimpiya mükafatçısı məhz Oksford
Universitetini bitirib. Hazırda universitetdə 22 minə yaxın tələbə
təhsil alır.
M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının
rektoru, İngiltərə-Azərbaycan Cəmiyyətinin həmsədri professor
Nərgiz Paşayevanın ötən il oktyabrın 28-də dünyanın ən qədim və
nüfuzlu ali məktəblərindən olan Oksford Universitetində olub.
Professor N.Paşayeva universitetin şərqşünaslıq fakültəsində dahi
Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin yaradıcılığı və
elmi irsi haqqında elmi seminarda məruzə ilə çıxış edib. Çıxış
böyük maraqla qarşılanıb və geniş fikir mübadiləsinə səbəb olub.
Seminarda Oksford Universitetinin Şərqşünaslıq İnstitutunun
İranşünaslıq bölməsinin rəhbəri professor Edmund Herzig, habelə
həmin fakültənin ərəb dili və ədəbiyyatı üzrə professoru Culiya
Brey, fars dili və ədəbiyyatı üzrə doktoru Dominik Brukşo, klassik
ərəb ədəbiyyatı üzrə professor Geert Yan van Gelder, Oksford
Universitetinin Şərqşünaslıq İnstitutunun və Nyu-York
Universitetinin Antik Araşdırmalar Mərkəzinin professoru Robert
Hoyland, şərqi xristianlıq bölməsinin professoru Teo van Lint və
türk dili və ədəbiyyatı üzrə doktor Loran Minyon, eləcə də Bodleyn
kitabxanasında şərqşünaslıq departamentinin rəhbəri doktor Gilyan
Evison, Aşmolean muzeyinin İslam incəsənəti qalereyasının kuratoru
doktor Françeska Leoni, Bodleyn muzeyində Yaxın Şərq və İslam
əlyazmalarının kuratoru doktor Alastar Vatson iştirak ediblər.
Bu tədbirə professor Nərgiz Paşayevanın dəvəti ilə Azərbaycan Milli
Elmlər Akademiyasının akademiki, şərqşünas-alim, BDU-nun ilahiyyat
fakültəsinin dekanı Vasim Məmmədəliyev də qatılıb. Professor
N.Paşayeva alimlərin suallarını cavablandıraraq çıxışını bu cür
yekunlaşdırıb: “Bizim iki qürur mənbəyimiz varsa, onlardan biri
Nizami Gəncəvidir”.
Mərkəz Azərbaycanın və onun yerləşdiyi Qafqaz regionunun tarixi və
mədəniyyətinin öyrənilməsi üzrə Böyük Britaniyada Oksford
Universitetinin nəzdində Azərbaycanın təmsil olunacağı ilk
elmi-tədqiqat ocağıdır. Nizami Gəncəvinin adını daşıyan bu elmi
mərkəz, Azərbaycanın ədəbi, elmi, tarixi irsinə və mədəniyyətinə
aid uzunmüddətli elmi-tədqiqat layihələrini, müxtəlif mədəni və
ictimai tədbirlərin, müntəzəm surətdə ictimai elmi mühazirələrin və
müzakirələrin aparılmasını və digər tədbirlərin həyata
keçirilməsini məqsəd olaraq qarşısına qoyur. Mərkəz Oksford
Universitetində Azərbaycandan və həmçinin digər ölkələrdən müxtəlif
ixtisas sahələri üzrə tələbə və akademik proqramlarını həyata
keçirməyi də nəzərdə tutur.
Anlaşma Memorandumunun imzalanmasının ardınca Oksford
Universitetinin rəhbərliyi adından qonağın şərəfinə universitetinin
qədim Krist Çörç kollecində görüş təşkil edilib. İşgüzar səfər
zamanı Oksford Universitetinin təhsil imkanları və burada həyata
keçirilən təlim-tədris prosesi ilə tanış olan professor Nərgiz
Paşayeva universitetin Şərqşünaslıq İnstitutunun İranşünaslıq
bölməsinin rəhbəri professor Edmund Herzig və Oksford
Universitetinin Şərqşünaslıq İnstitutunun və Nyu-York
Universitetinin Antik Araşdırmalar Mərkəzinin professoru Robert
Hoylandın müşayiəti ilə dünyanın qədim və ən nüfuzlu
universitetləri sırasına daxil olan bu təhsil ocağının nəzdində
fəaliyyət göstərən məşhur Aşmolean muzeyində onun üçün təşkil
edilmiş İslam və Qədim Yaxın Şərq zallarına baxış keçirib. Sonra
Oksford Universitetinin və dünyanın ən qədim və zəngin
kitabxanalarından hesab olunan məşhur Bodleyn kitabxanasını ziyarət
edərək, burada Orta əsrlər dövrünə aid bir sıra dünya, xüsusilə
Şərq klassiklərinin, o cümlədən Nizami Gəncəvinin əsərlərinin
əlyazmaları və onlara aid illüstrasiyalarla tanış olub. Bu məqsədlə
Oksford Universitetinin rəhbərliyinin təşəbbüsü ilə muzeydə qonaq
üçün xüsusi ayrılmış Hersoq Hemfri zalında Nizami Gəncəvinin
əsərlərindən ibarət nadir əlyazma nüsxələri və dahi şairin
“Xəmsə”sinə aid müxtəlif illüstrasiyalar nümayiş etdirilib. Daha
sonra Oksford Universitetinin adından professor Nərgiz Paşayevaya
Nizami Gəncəvinin “Xəmsə”sinin XVI əsrə aid əlyazmasının elektron
surəti təqdim olunub. Öz növbəsində Nərgiz Paşayeva kitabxanaya
Azərbaycan tarixi və mədəniyyətinə aid kitablar hədiyyə edib.
2013-cü il noyabrın 21-də M.V.Lomonosov adına Moskva Dövlət
Universitetinin Bakı filialında “Oksford Universiteti nəzdində
Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq elmi mərkəzi”
mövzusunda “dəyirmi masa” keçirilib. Tədbirdə Baş nazirin müavini,
Xalq Yazıçısı Elçin Əfəndiyev, AMEA-nın tanınmış alimləri,
tarixçilər, şərqşünaslar, linqvistlər və ictimaiyyət nümayəndələri
iştirak ediblər.
Tədbirdə çıxış edən Nərgiz Paşayeva qonaqların diqqətinə çatdırıb
ki, belə bir Mərkəzin yaradılmasında əsas məqsədlərdən biri sovet
dövründə beynəlxalq aləmdə özünü yetərincə anlatmayan, büruzə
verməyən və sübut etməyən Azərbaycanın elmini tanıtmaqdır: “Bu
boşluğun obyektiv səbəbləri o idi ki, sovet dönəmində heç bir
ictimai-humanitar elm sistemi senzuradan azad şəkildə fəaliyyət
göstərə bilməzdi. Ümumiyyətlə, tarix, şərqşünaslıq,
ədəbiyyatşünaslıq kimi elmlər həmişə təzyiq altında idi və elmi
kitablar, əsərlər rus dilindən savayı heç bir Avropa dillərinə
yüksək səviyyədə tərcümə edilməyib”.
N.Paşayeva qeyd edib ki, Azərbaycan alimlərinin, şərqşünaslarının,
türkoloqlarının dəyərli əsərləri var: “Bu əsərlər Oksford
Universitetində tədris edilən kitablardan - almanların,
ingilislərin, fransızların yazdıqları kitablardan elmi tutumuna
görə az əhəmiyyətli deyildir”.
Bu il iyul ayının 21–də professor N.Paşayevanın dəvəti ilə Oksford
Universitetinin Şərqşünaslıq İnstitutunun İranşünaslıq bölməsinin
rəhbəri professor Edmund Herzig, institutun ərəb filologiyası və
ərəbşünaslıq üzrə müəllimi doktor Culyan Foltles, Şərqşünaslıq
İnstitutunun və Nyu-York Universitetinin Antik Araşdırmalar
Mərkəzinin professoru Robert Hoyland ilə Lomonosov adına Moskva
Dövlət Universitetinin Bakı filialında olublar. Burada keçirilən
görüşdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının
humanitar şöbəsinin müdiri Fatma Abdullazadə, təhsil naziri Mikayıl
Cabbarov, AMEA-nın müxbir üzvü Nizami Cəfərov, digər tanınmış elm
və ictimai-siyasi, mədəniyyət xadimləri iştirak ediblər. Səfər
çərçivəsində Oksford Universitetinin alimləri Nazirlər Kabinetində
Baş nazirin müavini, Xalq Yazıçısı Elçin Əfəndiyev ilə
görüşüblər.
Baş nazirin müavini dünyanın ən qədim və nüfuzlu təhsil
ocaqlarından sayılan Oksford Universitetində Nizami Gəncəvi adına
Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzinin yaradılmasını
Azərbaycan ədəbiyyatına və mədəniyyətinə verilən ən böyük qiymət
kimi dəyərləndirib. Elçin Əfəndiyev bu əlamətdar hadisənin
Azərbaycan dili, ədəbiyyatı, tarixi, mədəniyyəti ilə yanaşı,
gələcək nəsillərin elmi potensialının zənginləşdirilməsi baxımından
xüsusi önəm daşıdığını söyləyib.
Görüşdə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı
filialının rektoru, AMEA-nın müxbir üzvü, professor Nərgiz Paşayeva
Oksford Universiteti ilə əməkdaşlığın gözəl nəticələr verəcəyinə
əminliyini qeyd edib.
Uğurlu əməkdaşlığın davamı olaraq professor Nərgiz Paşayeva bu il
dekabrın 4-də Oksford Universitetinin dəvəti ilə Böyük Britaniyaya
səfər edərək, burada universitetin nüfuzlu alimləri ilə görüşlər
keçirib. Oksford Universitetinin Şərqşünaslıq İnstitutunun və
Nyu-York Universitetinin Antik Araşdırmalar Mərkəzinin professoru,
Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq elmi mərkəzinin
Böyük Britaniya tərəfdən rəhbəri Robert Hoyland ilə görüş zamanı
mərkəzin fəaliyyətindən, görüləcək işlərdən, eləcə də qarşılıqlı
maraq doğuran məsələlərdən bəhs edilib. Görüşə qatılan Saint Cross
kollecinin rəhbəri, Albert və Viktoriya muzeyinin direktoru
vəzifəsində on il çalışmış ser Mark Cons professor Nərgiz
Paşayevanı salamlayıb və mərkəzin işinə uğurlar arzulayıb.
Oksford Universitetinin Saint Cross kollecində keçirilən görüşlər
zamanı hər iki alim - Britaniya tərəfdən Oksford Universitetinin
Şərqşünaslıq İnstitutunun professoru Robert Hoyland və Azərbaycan
tərəfdən M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı
filialının rektoru, AMEA-nın müxbir üzvü, professor Nərgiz Paşayeva
jurnalistlərə müsahibə verib.
AzərTAc müsahibələri təqdim edir.
Oksford Universitetinin Şərqşünaslıq İnstitutunun və Nyu-York
Universitetinin Antik Araşdırmalar Mərkəzinin professoru
Robert Hoyland ilə müsahibə
- Mümkünsə, Oksford Universiteti nəzdində Nizami Gəncəvi
adına Azərbaycanşünaslıq və Qafqazşünaslıq proqramı ilə bağlı
təşəbbüsün necə meydana gəlməsi barədə danışardınız.
- 2013-cü ildə arxeoloji yerlərə baxmaq məqsədilə Azərbaycana
getmişdim və orada məni professor Nərgiz Paşayeva ilə tanış
etdilər. Onunla görüş zamanı geniş müzakirə və fikir mübadiləsi
apardıq. Belə qənaətə gəldik ki, bizi ümumu maraqlar, xüsusilə
təhsil və onun müsbət təsiri birləşdirir. Bu, müasir dünyada bir
çox məsələlərin həllində insanlara yardım edir.
Nəticədə öz fikirlərimizi konkret olaraq necə və hansı formada
həyata keçirə biləcəyimizi düşündük. Beləliklə, Azərbaycanın və
geniş mənada Cənubi Qafqaz bölgəsinin tarixi boyunca ətraf dünya
ilə əlaqə və münasibətlərini öyrənib tədqiq etməyi qarşısına məqsəd
qoyan tədqiqat mərkəzinin yaradılması təşəbbüsü meydana gəldi.
Şeyx Zayed bir vaxtlar deyib ki, keçmişi olmayan hər hansı bir şəxs
özünün nə indiki, nə də gələcək halından düzgün bəhrələnə bilməz və
bu, öz-özlüyündə gözəl və ruhlandırıcı bir kəlamdır. Beləliklə, biz
Mərkəzin yaradılması işinə başladıq. Bu Mərkəz insanları, xüsusilə
Oksford Universiteti və Azərbaycan tərəfdən alim və tələbələri bir
araya gətirməklə yanaşı, birgə tədqiqat işinin həyata keçirilməsini
və bu bölgənin tarixinin öyrənilməsini təmin edəcək.
- Sizcə, bu proqramın Oksford Universiteti və Azərbaycan
üçün əhəmiyyəti nədən ibarətdir?
- Oksford Universitetində əslində Qafqaz bölgəsinin müasir dövrə
qədərki çağları lazımi dərəcədə öyrənilib tədqiq edilmir. Müasir
dövrün tədqiqinə isə geniş yer ayrılır və bu tədqiqatlar əsasən
hazırda mövcud olan fikir ayrılıqlarının, mübarizələrin və
problemlərin öyrənilməsinə yönəlib. Bunu nəzərə alaraq, Oksford
Universitetinin əvvəllər öyrənib tədqiq etmədiyi müasir dövrə
qədərki məsələlərin araşdırılmasına daha çox vaxt ayırmaq
fikrindəyik. Bu baxımdan İran və Orta Şərq öyrənilib, lakin Cənubi
Qafqaz əhatə edilməyib. Bu, müəyyən mənada Oksford tərəfindən
mövcud boşluğu tamamlamaq məqsədi daşıyır. Həmçinin Oksford
Universitetinin Şərqşünaslıq İnstitutunda mənim apardığım
tədqiqatları yetərincə tamamlaya bilər. İnstitutda biz
iranşünaslıq, ərəbşünaslıq və türkşünaslığı öyrənirik, lakin Cənubi
Qafqazla və xüsusilə Azərbaycan ilə bağlı öyrənilməmiş məsələlər
çoxdur. Bir qədər əvvəl dediyim kimi, bu, həm mövcud boşluğu aradan
qaldıra, həm də inkişaf edən və dünya əhəmiyyətli hadisələrin baş
verdiyi və əhəmiyyəti gündən-günə artan region və sivilizasiya ilə
münasibətlərimizin genişlənməsinə gətirib çıxara bilər.
- Son olaraq bilmək istərdik ki, proqram çərçivəsində hansı
layihələr həyata keçiriləcək və növbəti beş il üçün planlarınız
nədən ibarətdir?
- İlkin mərhələdə biz üç kiçik layihə ilə işə başlamağı
planlaşdırırıq. Əvvəlcə, Bərdə şəhərində arxeoloji tədqiqat və
qazıntılar aparmağı düşünürük. Biz ona görə bu yeri seçmişik ki,
mənbələrdə bu şəhər milad tarixi ilə yeni minilliyin ilkin
dövrlərində mövcud olan və xristian dininə sitayiş edən Qafqaz
Albaniyasının paytaxtı olub. Sonrakı dövrlərdə müsəlman ərəblər
Cənubi Qafqazda buranı istehkam kimi istifadə etmişlər. Əslində
bizim məqsədimiz Azərbaycanın kifayət qədər zəngin və rəngarəng
tarixini üzə çıxarmaqdan ibarətdir. Bu baxımdan bu yer ilk baxışdan
məni özünə cəlb etdi.
İkincisi, biz Azərbaycan tarixinə aid rus və Azərbaycan dillərində
olan əsərlərin üzə çıxarılaraq seçilməsini və nəticə etibarilə
ingilis dilinə tərcümə olunmasını həyata keçirəcəyik. Çevrilmiş
əsərləri mərkəzimizin internet səhifəsinə yerləşdirməklə dünyanın
istənilən yerindən onların təmənnasız əldə olunmasını təmin
edəcəyik.
Üçüncüsü, Azərbaycan tarixinin müxtəlif aspektlərinin tədqiqini və
onun müasir dövrə qədərki çağlarda ətraf aləmlə münasibətlərini
öyrənməyi təmin edən tələbə təqaüdlərinin verilməsini nəzərdə
tuturuq.
Bizim gələcəyə yönəlmiş çoxlu ideyalarımız var. Artıq dediyim kimi,
hər bir ölkədən alim və tələbələrin iştirakı ilə birgə
tədqiqatların aparılması, habelə məktəblərdə tədrisin həyata
keçirilməsini qeyd etmək olar. Bundan əlavə, müvafiq sahələr üzrə
alimlik dərəcəsi olan tədqiqatçıların spesifik post-doktorantura
layihələrinə cəlb edilməsi ilə Azərbaycanın müasir dövrə qədərki
tarixinə aid müxtəlif aspektlərin araşdırılması yaxşı olardı.
Beləliklə, gələcək üçün çoxlu ideyalarımız var, lakin başlanğıc
üçün nəzərdə tutduqlarımız yetərlidir.
M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının
rektoru, AMEA-nın müxbir üzvü, professor
Nərgiz Paşayeva ilə müsahibə
- Mərkəzin fəaliyyəti, gördüyü işlər və gələcək planları
haqqında danışmağınız maraqlı olardı.
- Mərkəzin yaradılmasına dair elmi layihəmiz böyük iddialara
köklənən bir layihədir. Çünki Oksford Universiteti ilə əməkdaşlığın
nə demək olduğu hər kəsə yaxşı aydındır. İlk olaraq bu, böyük
məsuliyyətlə bərabər professionallıq, elmi təmkin, elmi qaydalara
uyğun prosesin davamlı təşkilini tələb edir. Biz Oksford
Universitetinin alimləri ilə bərabər mərkəz haqqında bir il fikir
mübadiləsi aparmışıq. Bu müddət ərzində bir neçə görüşlərimiz olub.
Mənim oktyabrın 28-də Oksford Universitetinə səfərim zamanı
məramnamə imzaladıq, bundan sonra hazırlıq prosesi başladı. Bunun
nəticəsi olaraq biz 2015-2020-ci illəri əhatə edən tədris və elmi
proqramı hazırlamışıq. Bu proqram Oksford Universitetinin
Şərqşünaslıq İnstitutu tərəfindən bəyənilərək qəbul edilib.
Uğurlarımızın kökü ondadır ki, bizim istək və təşəbbüsümüz
nəticəsində bu layihə ilə Azərbaycan elmini, ictimai fikrini,
müasir elm potensialını nəhayət, dünya elmi müstəvisinə çıxarmağa
nail oluruq.
Məqsədimiz Azərbaycan elminin təkcə öz dar məkanından deyil, dünya
müstəvisinə çıxa bilən platformadan çıxış etməsinə nail olmaqdır.
Beləliklə, biz dünya elmi məkanının bir hissəsinə çevrilmək
imkanını qazanmış oluruq. Bu imkanı əldən vermək olmaz. Oksford
Universiteti ilə müştərək əməkdaşlığımız məqsədimizə nail olmaq
üçün lazımi imkanları yaratdı. Mən Oksford Universitetinin
şərqşünaslıq fakültəsinin 20-yə yaxın professoru ilə görüşlər
keçirdim. Bu görüşlərdə Nizami və onun yaradıcılığı haqda geniş
fikir mübadiləsi apardıq. Bunun üçün professor heyətinə və
layihənin Britaniya tərəfdən həmsədri professor Robert Hoylanda
xüsusi təşəkkürümü bildirirəm.
Çox yaxşı haldır ki, mərkəz daxilindəki proqram həm tədris tutumu,
həm də elmi yönlü istiqamətlərə malikdir. 5 ildə 3 aspirant, 3
magistrant yetişdirməyi, müəyyən elmi nəzəri kitabları tərcümə
etməyi nəzərdə tutmuşuq. Təəssüflər olsun ki, Azərbaycan
alimlərinin yaratdığı elmi əsərlərin heç biri akademik səviyyədə
Avropa dillərinə tərcümə olunmayıb, bu isə ciddi boşluqdur. Müasir
dünyada tərcümələrin olmaması və elmi mərkəzlərdə, kitabxanalarda,
universitetlərdə təmsil edilməməsi görülən işləri sual altına
qoyur. Beləliklə, bizim qədəm qoyduğumuz yol böyükdür və
əziyyətlidir. Lakin başlanğıc çox şərəfli və tarixi bir
başlanğıcdır.
Bu mərkəzin dahi Nizaminin adını daşıması da simvolikdir. Bizim
təqdimatımızda Nizami birləşdirici bir simvol olmalıdır. Şeyx
Nizami dar çərçivəyə, dar coğrafi, etnik mülahizəyə sığan fiqur
deyil, böyük Şərqin böyük mütəfəkkiridir. Bununla bərabər, o, dünya
mədəniyyətinin görkəmli nümayəndəsidir. Nizaminin Azərbaycan
alimləri tərəfindən işlənmiş yetərli qiymətli əsərləri Oksfordda
tədricən yayılmalıdır. Ümumiyyətlə, Azərbaycan nizamişünaslığı
dünyada öz ədalətli yerini tuta biləcək potensiala malikdir. Bu
işlərin hamısı bizə bağlıdır, müştərək fəaliyyətimizin əsas
qayəsidir. Onu da qeyd etmək istərdim ki, əgər hər hansı bir
tutarlı mərkəzin hüquqi əsası yoxdursa, o, keçici, formal, ani
xarakter daşıyır. Sanki bir nümayəndəçilik funksiyasına bənzəyir,
çünki müasir dünyada hər hansı bir universitetlə əməkdaşlıq etmək,
tədbirlər həyata keçirmək çox asandır. Lakin bu qaydalarla
Oksfordla əməkdaşlıq etmək mümkünsüzdür. Ona görə ki, bu mötəbər
təhsil ocağının kifayət qədər sərt tələbləri mövcuddur. Oksfordun
qanun və qaydalarına uyğun olaraq yaratdığımız mərkəz artıq onun
qəbul edilmiş tərkib hissəsinə çevrilmək imkanını əldə edib. Bu isə
böyük nailiyyətdir!
- Gələcək planlarınızda, həmçinin internet resurslarının
yaradılması da yer alır. Bu barədə nə deyə bilərsiniz?
- Hər ilin sonunda görülən işlər haqqında mütəmadi məlumat
verilməlidir. Bunun üçün hazırda professor Robert Hoylandla
müştərək veb-sayt hazırlayırıq. Saytımızda layihə və mərkəz
haqqında məlumatlar yerləşdiriləcək, informasiya mütəmadi olaraq
yenilənəcək. Hər ilin sonunda şərqşünaslıq fakültəsinə elmi
işlərimiz haqqında məlumat veriləcək. Şərqşünaslıq İnstitutu
tərəfindən mərkəzin işi bu məlumatlar əsasında
qiymətləndiriləcək.
Görülən işin sanbalı yüksək olduqda elmi mərkəzin də nüfuzu
yüksələcək. Qarşıdakı məqsədlərə düzgün istiqamətlə, doğru elmi
baxışla getsək, Oksfordda nüfuz qazansaq, bu, Azərbaycan elmi və
mədəniyyətinə tutarlı töhfə ola bilər. Odur ki, Oksford
Universitetində yaradılan Nizami Gəncəvi adına Azərbaycan və
Qafqazşünaslıq elmi mərkəzi misilsiz dəyərə malik, gələcək nəsillər
üçün tarixi bir başlanğıc açan layihədir.
Onu da qeyd etmək istərdim ki, Oksfordda dünyanın ən böyük
nəşriyyatı yerləşir və burada hər gün 16 kitab çapdan çıxır.
Çoxşaxəli fəaliyyətimizin istiqamətlərindən biri də odur ki,
mərkəzimiz vasitəsilə Azərbaycan elmi fikrinə, düşüncəsinə aid olan
elmi-nəzəri əsərlər Oksfordun nəşriyyatında çap olunaraq işıq üzü
görsün.
Bizdə bir gözəl məsəl var: “Zər qədrini, zərgər bilər”. Bu elmi
mərkəz bir zərdir və bu zərin qədrini həqiqi, əsl elm fədailəri
biləcəklər. Mərkəzin mühüm cəhətlərindən biri də odur ki, biz bir
yol açırıq, başlanğıcda biz varıq və bu, keçici xarakter daşımır.
Bu, perspektivli layihədir, davamçıları gənc alimlərimiz,
aspirantlarımız olmalıdır. Mərkəzin adından da aydın olur ki,
qafqazşünaslıq dedikdə ədəbiyyatşünaslıq, şərqşünaslıqdan başqa biz
bir çox ixtisaslar – tarix, arxeologiya, diyarşünaslıq üzrə
araşdırmalar, tədqiqatlar aparmağı nəzərdə tutmuşuq. Universitetlə
bağlı olan hər kəsin üzərinə böyük bir missiya düşür. Qoy bu yolda
bizə həmişə uğur nəsib olsun.
Müsahibənin sonunda professor Nərgiz Paşayeva qarşıdan gələn yeni
ildə Oksford Universiteti şərqşünaslıq fakültəsinin heyətinə və
mərkəzin işçi qrupuna uğurlar arzuladı. Oksford Universitetinin
“Dominus illuminatio mea” (Tanrı, yolumu işıqlandır) devizini
xatırladan N.Paşayeva layihənin 5 illik təqvim planının uğurlu
olmasını dilədi: “Bu, əbədi və əzəli dəyərlərə bağlı bir devizdir.
Bu, maddiyatdan kənar, mənəviyyata bağlı devizdir. Bu deviz altında
Oksford Universiteti ilə birgə çalışmaq, mühüm və yenilməz işlərə
imza atmaq, xidmət etmək böyük şərəfdir”.
-
Magazin209:48
Məşhur reper güllələndi: qatil hadisəni lentə aldı - ANBAAN VİDEO
-
Magazin109:00
Əməkdar artistin nəvəsi ilə MARAQLI VİDEOSU
-
ABŞ08:12
1 dollara satılan Panama kanalı - Tramp onu GERİ QAYTARACAQ
-
Magazin105:45
Bu da Röya Ayxanın "Qızı" - VİDEO
-
Magazin201:41
Məşhur müğənnidən büstqaltersiz dərin dekolteli FOTOLAR
-
Hadisə00:30
Azərbaycanda toy evində KÜTLƏVİ DAVA - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Bu səhvi etsəniz, sevgilinizlə münasibətiniz çətinləşəcək
-
Magazin221 Dekabr 23:12
İş adamı Dubayda görün kiminlə ailə qurdu - FOTO