Döyülən şagirdlər, saxta diplomlar, ilin ən yaxşı müəllimləri - 2014-ün təhsil yekunu
Bizi izləyin

Qırmızı.az

Döyülən şagirdlər, saxta diplomlar, ilin ən yaxşı müəllimləri - 2014-ün təhsil yekunu

150 bal toplayıb ali məktəbə daxil olanlar, maksimum nəticə göstərənlər, saxta diplomla işləyən müəllimlər, vəzifəsindən sui-istifadə edən müəllimlər, tələblərə cavab verməyən dərsliklər, işdən azad edilən direktor, rektorlar, internat müəssisəsində döyülən uşaqlar...

Yola saldığımız ilin təhsil mənzərəsini təxminən bu cür təsvir etmək olar. Əlbəttə, bu 365 gündə təhsildə baş vermiş yeniliklərin yalnız kiçik bir hissəsidir. Təfərrüata keçməzdən əvvəl qeyd edək ki, təhsil yükünü çiyinlərinə götürmüş Təhsil Nazirliyi və Tələbə Qəbulu üzrə Dövlət Komissiyası arasında soyuq müharibə sona çatıb. Qarşılıqlı ittihamlara son verən bu iki qurumun təhsilin inkişafı üçün yarışdıqları hiss olunur.

Amma problemlərin bir anda həll olunacağını gözləsək, reallıqdan uzaqlaşmış olarıq. Elə biz də təhsilin builki inkişaf və qüsurlarını heç bir şişirtmə, əlavələr etmədən çatdıracağıq.

Bu il Azərbaycan təhsili hansı hadisələrlə yadda qaldı?

İlin ilk maraqlı təhsil xəbəri Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının bazadakı tələbə sayındakı uyğunsuzluqla bağlı açıqlaması oldu.

Komissiyanın açıqlamasında qeyd olunur ki, 1992-2013-cü illər ərzində keçirilən qəbul imtahanları nəticəsində tələbə statusu qazanmış 807853 tələbə haqqında məlumat sistemə daxil edilib.Hazırda bazada 820957 şəxs haqqında məlumat mövcuddur. TQDK bu uyğunsuzluğunu xarici təhsil müəssisələrindən köçürmələrlə izah etdi.

Hazırda sistemə təhsil müəssisəsinin öz qəbulu statusunda 2891 nəfər, xarici təhsil müəssisəsindən köçürülmüş 5766 nəfər, əcnəbi və vətəndaşlığı olmayan 2840 nəfər və əlavə təhsil almaq statusu ilə qəbul olan 1607 nəfər haqqında məlumat daxil edilib.

Ən aşağı nəticə

Növbəti maraqlı xəbər yenə TQDK-dan gəldi. Xəbər 2013-cü ilin qəbul nəticələrinə aid olsa da, 2014-cü ilin önəmli təhsil xəbəri hesab edilir.

Çünki xəbərdə 9-cu və 11-ci siniflərin şagirdləri arasında nəinki minimal tədris proqramını mənimsəməyənlər, hətta oxumağı və yazmağı bacarmayanların da aşkar olunduğu qeyd edilirdi.

Belə şagirdlər 11-ci siniflər arasında 5 nəfər, 9-cu siniflər arasında isə 44 nəfər olub. 11-ci siniflər üzrə oxumağı və yazmağı bacarmayan şagirdlərin rayonlar (şəhərlər) üzrə sayı belədir: Şəmkir, Gədəbəy, Ağstafa, Goranboy və Kürdəmir rayonlarının hərəsində 1 nəfər.

9-cu siniflər üzrə isə oxumağı və yazmağı bacarmayan şagirdlərin sayı belədir: Sabirabad – 9 nəfər, Daşkəsən – 7 nəfər, Gədəbəy – 4 nəfər, Bərdə, Ağdaş, Salyan və Cəlilabad rayonlarının hərəsində 3 nəfər, Qobustan, Füzuli və Neftçala rayonlarının hərəsində 2 nəfər, Şəmkir, Tovuz, Göyçay, Kürdəmir, Ağdam və Beyləqan rayonlarının hərəsində 1 nəfər.

Builki buraxılış imtahanlarında da şagirdlərin göstərdiyi nəticə heç də ürəkaçan olmadı. Belə ki, bəzi rayonlarda şagridlərin 40-50%-i ana dili və riyaziyyatdan “2” qiyməti aldı. Bu da şagirdlərin məktəb proqramlarının çox az bir hissəsini mənimsəməsi təəssüratını yaratdı. TQDK apardığı araşdırma əsasında Azərbaycanda orta statistik məzun məktəb proqramının 50-76 faizini mənimsəmədiyi açıqlamasını verdi.

Bununla yanaşı, bəlli oldu ki, buraxılış imtahanlarında həm 9-cu sinif, həm də 11-ci sinif şagirdləri arasında ən yüksək nəticələri türk liseylərinin və Təhsil Nazirliyi tabeli və özəl liseylərin şagirdləri əldə ediblər.

Qəbul nəticələri

Bu il Azərbaycanın ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarında 92 min 643 abituriyent iştirak etdi. Onların 33 623 nəfəri ali təhsil müəssisələrinə qəbul olundu. Abituriyentlərdən 1727 nəfəri 600-baldan yuxarı nəticə göstərib.

Üç ixtisas qrupu üzrə keçid balı 150-yə endirilsə də, 700 bal nəticə göstərən abituriyentlərin sayı artdı. Bu il I qrup üzrə 5 nəfər, II qrupdan iki nəfər, IV qrupdan 2 nəfər 700 bal topladı.

Qəbulda yenilik

İllərdir müzakirə edilən bir yenilik məhz bu ildən tətbiq edildi. İlk dəfə jurnalist olmaq istəyənlər qabiliyyət imtahanı verdi. İmtahanda iştirak edən 126 abituriyentdən 51 nəfəri məqbul qiymət aldı.

Mətbuat Şurası da bu abituriyentlərin jurnalistikaya marağını artırmaq üçün onlara xüsusi təqaüd ayırdı. Təqaüd 500 bal həddini keçərək qabiliyyət imtahanında iştirakını təsdiqləmiş və sonrakı mərhələdə tələbə adını qazanmış ilk 10 abituriyentə verildi.

Müəllimlər xaric edildi

Qəbul və buraxılış imtahanlarında iştirak etmiş nəzarətçi müəllimlərin bir qisminə təşəkkürnamə verilsə də, bir çoxu bazadan kənarlaşdırıldı. Qəbul və buraxılış imtahanlarında nəzarətçi-müəllimlərin fəaliyyətlərinin qiymətləndirilməsinə dair araşdırmanın nəticələrinə əsasən, müxtəlif qayda pozuntularına, o cümlədən köçürmə hallarına yol verən 263 nəzarətçi bazadan xaric edilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfinin illik hesabatında paytaxt məktəblərində 45 saxta diplom aşkarlandığı müəyyən edildi. Bundan əlavə, 7 məktəb direktoru vəzifəsindən azad olundu. 32 məktəb direktoru intizam məsuliyyətinə cəlb edildi.

Müəllimlərin sınaq imtahanlarında Bakı məktəblərinin müəllimlərinin 96 faizi iştirak etdi. Müəllimlərin 14,4 faizi qiymətləndirilmədə zəif, 85,6 faizi qənaətbəxş nəticə göstərdi.

Dərsliklərdə səhvlər

2014-cü ildə il ilk dəfə olaraq Azərbaycanda maksimum adda və sayda - 271 adda 7,8 milyon ədəd dərslik çap olundu. Lakin heç də bütün dərsliklər tələblərə uyğun olmadı.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən aparılan monitorinqlər zamanı bütün dərsliklərdə xeyli ciddi qüsurlar aşkar edilib. Monitorinqlər dərsliklərin məzmun, dil və yazı üslubu, dizayn və bədii tərtibat, verilən tapşırıqların elmi-metodik uyğunluğu, müəllim üçün metodik vəsaitin məzmunun işlənməsi baxımından aparılıb. Ötən il V sinif dərslikləri çox ciddi yoxlanılmışdı. VI sinif dərsliklərinin “Riyaziyyat”dan başqa müəllifləri həmin müəlliflərdir. Monitorinq nəticəsində bəlli olub ki, həmin müəlliflər də ötən il olanlardan nəticə çıxarıblar və VI sinif dərslikləri V siniflərə nisbətən xeyli düzəlib.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən 2012-ci ildən aparılan monitorinqlər nəticəsində I-XI siniflər üzrə (Azərbaycan və rus bölmələri birlikdə) istifadədə olan 391 dərslik, 154 müəllim üçün metodik vəsait və 58 iş dəftərinin elmi-metodiki monitorinqi aparılıb. Yeni təhsil proqramları (kurikulum) əsasında hazırlanmış I-VI siniflər üzrə (Azərbaycan və rus bölmələri birlikdə) 135 dərslik, 151 müəllim üçün metodik vəsait, 58 iş dəftəri müzakirə edilib və 20 dərslik komplektinin istifadəsi məqsədəuyğun hesab edilməyib.

Müəllimlər and içdi

Bu il ikinci dəfə müəllimlərin işə qəbul imtahanı keçirildi. İş yerini dəyişmək üçün 1149 nəfər müəllim elektron ərizə verdi, onlardan 771 nəfəri yerdəyişmə üzrə müsabiqəyə buraxılıb, yekun nəticəyə əsasən 96 nəfər iş yerini dəyişmək hüququ qazandı.

Ayrılmış 2975 vakant yerə 17962 nəfər ərizə verdi. İlk dəfə olaraq müsahibə mərhələsində müəllimlərin kommunikativ qabiliyyətləri də qiymətləndirildi. Müsabiqənin nəticələrinə görə, 1304 nəfər işə qəbul olundu.

Bu il ilk dəfə dərsə deyən müəllimlər üçün Təhsil Nazirliyi tərəfindən yeni qərar qəbul edildi. Nazirliyin qərarına əsasən, bu ildən ilk dəfə müəllim işləyəcək 1500 müəllim ilk dərs günü and içdilər.

Rektorlar dəyişdi

Minlərlə müəllim ilk dəfə dərs keçməyin həyəcanını yaşasalar da, təhsilin müxtəlif sahələrində illərdir rəhbər vəzifədə çalışanlar üçün bu il uğurlu olmadı.

2006-cı ildən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsində çalışan Nailə Rzaquliyeva pensiya yaşının çatması ilə əlaqədar öz ərizəsinə əsasən tutduğu vəzifədən azad edildi. Bundan başqa, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Şəmsəddin Hacıyev vəzifəsindən azad edildi. Onun yerinə İqtisadiyyat və Sənaye Nazirliyində iqtisadiyyat təhlili şöbəsinin müdiri vəzifəsində çalışan Ədalət Muradov təyin edildi. Bakı Slavyan Universitetinin də rektoru Kamal Abdulla vəzifəsindən azad edildi. Onun yerinə universitetin prorektoru Asəf Hacıyev təyin edildi. Hər iki təyinatdan sonra ali təhsil müəssisələrində bir sıra yeniliklər tətbiq edildi. Bu il həm də Azərbaycan Müəllimlər İnstitutunun Gəncə, Sumqayıt, Mingəçevir və Salyan filialları bağlandı.

Üzüqara müəllimlər

Yola saldğımız təhsil ilində bir çox ali məktəblər kimi, müəllimlər arasında da yarıtmaz fəaliyyət göstərənlər oldu.

Azərbaycan Dillər Universitetində qanun pozuntusu aşkarlandı. Aparılan araşdırma nəticəsində, universitetin prorektoru E. Həmidzadə və universitetin daha 4 əməkdaşı haqqında cinayət işi başlanıldı.

Həmin şəxslər Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və ya israf etmə), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham edildilər.

Bakı Dövlət Universitetində (BDU) saat hesabı ilə müəllim işləyən Kamran Əsədov qəbul imtahanlarında lazımi bal toplamayaraq ikinci tura qalmış abituriyentlərin valideynlərini aldadaraq övladlarını ali məktəbə qəbul etdirəcəyi barədə söz verdi. Bunun qarşılığında isə valideynlərdən 3000 manat pul tələb edib. Əvvəlcə valideynlərdən 500 manat alan Kamran müəllim bu istəyi uğursuz nəticələndi.

Həmin abituriyentlər ikinci turda topladığı bal hesabına obyektiv meyarlarla ali təhsil müəssisəsinə qəbul olunmasına baxmayaraq, K.Əsədov guya qəbula kömək etdiyini təkid etməklə həmin şəxsdən 2 500 manat məbləğində pulu tələb edib alarkən əməliyyat tədbirləri zamanı cinayət başında yaxalanıb.

Şagird döyüldü

İlin ən sensasiyalı təhsil hadisəsi internat müəssisələri ilə bağlı oldu.

Əvvəlki tədris illərində də məktəbdə müəllimin şagirdi döyməsi faktları baş vermişdi. Lakin bu il baş verən hadisələr əvvəlkilərdən fərqli oldu. Bu dəfə hadisə internat müəssisələrində baş verdi.

İlk hadisə Suraxanı rayonunda yerləşən 7 saylı internat məktəbində 7 yaşlı uşağın dubinka ilə döyülməsi idi.7 yaşlı Mahirin döyülməsinə səbəb nadinc olması idi. Döyülmə faktı barədə Baş Prokurorluq tərəfindən araşdırma başlandı. Təhsil Nazirliyinin adıçəkilən internat müəssisəsinin bağlanması qərarından sonra işə xitam verildi.

Bu hadisənin şokundan çıxmamış Bilgəh qəsəbəsində yerləşən 11 saylı inteqrasiya təlimli internat məktəbində uşaqlardan birinin digərini yandırması xəbəri yayıldı. İnternat məktəbinin müəllimi Mülkücahan Əliyevanın mətbuata verdiyi məlumatda uşaqlardan birinin digəri yandırması, daha sonra onların ayaq yolunda soyuq su ilə çimizdirilməsi xəbərləri günlərlə müzakirə mövzusu oldu. Təhsil Nazirliyi hər iki xəbərlə bağlı araşdırma aparıb, məlumatları inkar etsə də, televiziya və saytların məktəbdə çəkiliş aparmasından sonra söz-söhbətlərə son qoyuldu. Məlumatı yayan M.Əliyeva isə işdən azad edildi.

Uğurlar

Əlbəttə, təhsil ili yalnız neqativ hadisələrlə yadda qalmadı. Balakən rayonundakı akademik Zərifə Əliyeva adına 3 nömrəli tam orta məktəbin ingilis dili müəllimi Məhəmməd Qarakişiyevin ABŞ-ın sabiq prezidenti Bill Klintonun fəxri rəhbəri olduğu "Varkey GEMS" Fondu tərəfindən təsis olunmuş "Dünya Müəllimi Mükafatı"nın qalibləri sırasında yer alması xeyli sevindirici xəbər oldu. Dünyanın ən yaxşı 50 müəllimindən biri M.Qarakişiyevin uğuru həm də, Azərbaycan təhsilinin uğuru hesab edilə bilər. Dünyanın ən yaxşı 50 müəllimindən biri olan həmyerlimiz, Azərbaycanda da “ilin ən yaxşı müəllimi”ndən biri oldu.

M.Qarakişiyevlə yanaşı 100 müəllim 2013/2014-cü tədris ilində keçirilmiş “Ən yaxşı müəllim” müsabiqəsində müvəffəqiyyət qazandıqlarına görə müəllimlər 5000 manat məbləğində birdəfəlik pul mükafatı ilə ükafatlandırıldı.

50 məktəb ilin “Ən yaxşı ümumtəhsil məktəbi” olduğuna görə, 10000 (on min) manat məbləğində birdəfəlik pul mükafatı ilə mükafatlandırıldı.

Yeni tədris ilində ali təhsil müəssisələrində ilk dəfə olaraq SABAH qrupları fəaliyyətə başladı. Ölkənin ali təhsil müəssisələrinin ixtisaslar üzrə seçilmiş 738 ən yaxşı tələbəsi tədrisini bu yeni qruplarda davam etdirəcək. Bu tələbələrin gələcəkdə ölkə idarəçiliyində mühüm vəzifələrdə yer tutması ümid edilir.

Büdcənin 8,1 faizi təhsilə ayrıldı

Bu il əldə etdiklərimizlə yanaşı istər qəbul qaydaları, istərsə də təhsilin digər sahələri ilə bağlı bir sıra yeni qərarlar qəbul edildi. Təhsilin inkişafına hesablanmış bu qərarların bu il yaşanan problemlərin böyük bir hissəsini aradan qaldırılacağı ümid edilir.

Bu istəklərin həyata keçirilməsi üçün gələn il dövlət büdcəsi xərclərinin 8,1 faizi təhsil sahəsinə yönəldiləcək.

2015-ci ilin dövlət və icmal büdcələrinin layihəsinə görə, növbəti ildə təhsil xərcləri üçün 1711,2 milyon manat vəsait ayrılacaq. Bu, 2014-cü illə müqayisədə 3,5 faiz, 2013-cü illə müqayisədə 19 faiz çoxdur.

Gülxar Şərif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm