Suriyada döyüşən azərbaycanlı silahlı dəstə tutuldu
Bizi izləyin

Qırmızı.az

Suriyada döyüşən azərbaycanlı silahlı dəstə tutuldu

Suriyada döyüşən azərbaycanlı silahlı dəstə zərərsizləşdirilib.

Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İctimai Əlaqələr Mərkəzindən Publika.az-a verilən məlumata görə, nazirlik tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələr və ya qruplar yaratma, eləcə də onların yaradılmasında və fəaliyyətində iştirak etmə, onları silahla, döyüş sursatı ilə, partlayıcı maddələrlə, hərbi texnika ilə, yaxud əsgəri ləvazimatla təchiz etmə və digər hüquqazidd əməllərin törədilməsində şübhəli bilinən Azərbaycan Respublikasının vətəndaşları - Mustafayev Elxan İsa oğlu, Rəsulov Bəhruz Aydın oğlu, Əzizov Kamran İltifat oğlu, Əlixanov Nadir Mahir oğlu, Şahbazi Bəxtiyar İmriz oğlu, Şahbazi Bəhruz Bəxtiyar oğlu, Məhəmmədzadə Sadiq Yadigar oğlu, Hacıyev Rahim Sədi oğlu, Sultani Vidadi Saleh oğlu və Aslanov Ramil Urfan oğlu tutulublar.

Faktlarla bağlı MTN İstintaq Baş İdarəsi tərəfindən AR Cinayət Məcəlləsinin 12.1, 279.1-ci (Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələr və ya qruplar yaratma, eləcə də onların yaradılmasında və fəaliyyətində iştirak etmə, onları silahla, döyüş sursatı ilə, partlayıcı maddələrlə, hərbi texnika ilə, yaxud əsgəri ləvazimatla təchiz etmə), 28, 283-1.3-cü və 283-1.3-cü (Azərbaycan Respublikası vətəndaşlarını və ya Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsləri dini məhzəbləri yaymaq, dini ayinlərin icrası adı altında, yaxud dini düşmənçilik zəminində Azərbaycan Respublikasının hüdudlarından kənarda aparılan silahlı münaqişələrə cəlb etmə, yaxud bu məqsədlə döyüş təlimləri keçmə, yaxud həmin məqsədlə fəaliyyət göstərən sabit qrup yaratma və ya belə qrupa rəhbərlik etmə, eləcə də həmin qruplarda, təlimlərdə və ya silahlı münaqişələrdə iştirak etmə, yaxud bu ağır cinayətlərə hazırlıq) maddələri ilə cinayət işləri başlanılıb.

Adları qeyd edilənlər təqsirləndirilən şəxs qismində cəlb olunaraq məhkəmənin qərarları ilə barələrində həbs qətimkan tədbiri seçilib.

Müəyyən edilib ki, Elxan Mustafayev, Bəhruz Rəsulov, Kamran Əzizov, Nadir Əlixanov, Bəxtiyar Şahbazi və onun 1985-ci il təvəllüdlü oğlu Bəhruz Şahbazi, həmçinin Sadiq Məhəmmədzadə, Vidadi Sultani və Ramil Aslanov 2014-cü ildə qeyri-qanuni yolla Suriya Ərəb Respublikasının ərazisinə gedərək, orada həmin ölkənin və Azərbaycan Respublikasının qanunvericilikləri ilə nəzərdə tutulmayan qanunsuz silahlı birləşmələrin tərkibində radikal dini və hərbi təlimlər keçib, müxtəlif növ odlu silahdan isitfadə qaydalarını öyrəniblər. Təlimlərdən sonra onlar Suriya Ərəb Respublikasının ərazisində həmin dövlətin və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələrin fəaliyyətlərində iştirak ediblər.

Cinayət işləri üzrə bütün halların araşdırılması, bu hüquqazidd əməllərin digər iştirakçılarının müəyyənləşdirilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm