Qırmızı.az
“Kley” iyləyənlər, dilənənlər, maşın silənlər – Gələcəyi oğurlanmış uşaqlar
-Dayı, siz kimi sevirsiz onun canı, kömək edin mənə. (Əlini açıb, pul istəyir)
-Pul verəcəm, amma de görüm, bu soyuqda küçədə nə gəzirsən? Atan, anan narahat olar səninçün.
-Nə atam, nə anam var. İnternatdan qaçmışam.
-Niyə qaçmısan? Bu soyuqda küçədə qalıb, xəstələnərsən axı.
-Onsuz da, ora da soyuq idi. Xoşum gəlmir ordan. Küçə daha yaxşıdı, sərbəst olursan.
-Bəs gecə harada qalırsan?
(Əli ilə divarın dibini göstərir) “Orda, küçədə” deyir və qaçaraq gözdən itir.
Bu soyuqda, yağışlı havada küçədə qalmağı kim istəyər? İnternat nə qədər soyuq olsa da, uşaq oradan çıxıb küçədə qalmağı nə üçün istəsin?
Bu dialoqdan ilk ağla gələn bu suallardır. Hər gün küçələrdə dilənən onlarla uşağa rast gəlirik. Sevdiklərimizin, yanımızdakıların gözünə, qaşına tərif deyib, pul istəyirlər. Kimi sadəcə pul verib keçir, kimi də onların dərdini dinləyir.
Çətinliklərdən, həyatın çirkinliklərindən uzaq bu uşaqların həyatı hər an təhlükədədir. İlk növbədə toksikomana çevrilən həmin uşaqları küçədə əllərində sellofanla gəzərkən də görmək olar. Daha sonrakı mərhələdə onların narkoman, içki alüdəçisi olması ehtimalı yüksək olur.
Aylarla eyni küçədə, metro çıxışında insanlardan pul dilənən uşaqları polis əməkdaşlarının görməməsi mümkün deyil. Amma problemə çarə tapılmır.
Bir ayda 18 küçə uşağı aşkarlanıb
Yasamal Rayon Polis İdarəsinin Yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili bölməsinin rəisi Mais Nuriyev Publika.az-a uşaqların küçədə dilənməsi halları ilə tez-tez qarşılaşdıqlarını deyir. Aşkarlanan uşaqlar uşaq evlərinə, ya da ailələrinə qaytarılır:
“Küçədə dilənçilik edən uşaqların əksəriyyəti roman (qaraçı) uşaqlarıdır. Lakin ailədən, internat və sığınacaqlardan qaçanlar da az deyil. Bu ay ərzində təxminən 18 belə fakt aşkarlanıb. Onların yaşadıqları ünvan üzrə icra hakimiyyətləri ilə əlaqə saxlayırıq. Bu uşaqların çoxu bölgələrdən, xüsusən Yevlax rayonundan gələnlərdir. İcra hakimiyyətləri bu uşaqları ailələrinə, uşaq evlərinə təhvil verilir. Uşaqlar internatdan qaçanda onların rəhbərliyi tərəfindən bizə məlumat verilir. Uşaq bizim rayon ərazisində olarsa, onu tapıb təhvil veririk. Ötən il bizə internatlardan iki belə müraciət olmuşdu. Biz də ilk növbədə uşağın qaçma səbəbini öyrənirik və uşaqları tapıb internata təhvil veririk. Ötən il Pirşağıda yerləşən internatdan bir uşağın qaçması ilə bağlı idarəmizə müraciət olmuşdu. Araşdırma zamanı uşağın müəllim tərəfindən incidilməsini aşkarlamışdıq. Bu barədə Təhsil Nazirliyinə yazılı müraciət etdik. Çünki müəssisə barədə deyilənlərin həqiqiliyini araşdırmaq və günahı olanın cəzalandırmaq Təhsil Nazirliyinin səlahiyyətindədir”.
Məsələ ilə bağlı Təhsil Nazirliyinə sorğu ilə müraciət etdik. Təhsil Nazirliyindən Publika.az-ın sorğusuna verilən cavabda bildirilir ki, internat evləri Bakı şəhəri üzrə Bakı Şəhər İcra Hakimiyyətinin, Gəncə şəhəri üzrə Gəncə Şəhər İcra Hakimiyyətinin tabeliyindədir. Uşaqların internatdan qaçmasına gəlincə, Təhsil Nazirliyindən bildirilib ki, nazirlik sistemində fəaliyyət göstərən internat məktəblərində bu günədək belə faktlar aşkarlanmayıb.
“İnternat məktəblərinin şagirdləri hər şənbə-bazar valideynləri və ya onları əvəz edən şəxslər tərəfindən evə aparılır. 2014-cü ildə ümumilikdə ölkə üzrə fəaliyyət göstərən 42 dövlət uşaq müəssisələrində 9903 nəfər şagird təlim-tərbiyə, təhsil alır. Müəssisədə gecələyən uşaqların sayı isə 2008-ci ildə 4055 nəfər olduğu halda, 2014-cü ildə 3548 nəfərə enib. Gecələyən uşaqlardan 242 nəfəri tam kimsəsiz, 80 nəfəri isə sağlamlıq imkanları məhdud uşaqlardır”.
Qeyd edim ki, ötən ilin son aylarında internat müəssisələrində uşaqların döyülməsi ilə bağlı ard-arda bir neçə xəbər yayıldı. Təhsil Nazirliyi bu faktları nəzərə alaraq jurnalistlərlə həmin məktəblərin müəllim və şagirdlərinin görüşünü təşkil etdi. Əlbəttə, həmin görüşdə neqativ məqamların aşkarlanması mümkünsüz idi. Çünki bu görüş əvvəldən planlaşdırılmışdı.
Polis tərəfindən tapılan küçə uşaqlarının ailələrə verilməsi, internatlara qaytarılması ilə icra hakimiyyətləri yanında müvafiq şöbələr məşğul olur. Uşaqların yenidən küçəyə düşməsi, evdən qaçması isə polis və həmin qurumların necə fəaliyyət göstərməsini sübut edir.
Bakı Şəhər İcra Hakimiyyəti başçısı yanında Yetkinlik yaşına çatmayanların işi və hüquqlarını müdafiəsi üzrə komissiyadan Publika.az-a verilən məlumatda bildirilir ki, ötən il ərzində 71 küçə uşağı dövlət müəssisələrinə, 2 nəfər “SOS Uşaq Kəndləri”nə, 1 nəfər nevroloji problemləri olduğuna görə xəstəxanaya yerləşdirilib.
“Küçədə polis tərəfindən tapılan uşaqlar barədə bizə məlumat verilir. Onlar sığınacaqlara yerləşdirilir. Həmin uşaq barədə araşdırma aparılır, ailəsi tapılarsa, onlara təhvil verilir. Əks halda, internata yerləşdirilir. İnternatdan qaçan uşaqlar barədə də araşdırma aparıb, qaçma səbəbi müəyyən edilir. Psixoloq həmin uşaqlarla danışıq aparır. Uşaqlar ailəyə və ya internata veriləndən sonra Komissiya əməkdaşları tərəfindən onlarla əlaqə saxlayırıq. Valideynləri olan uşaqların küçəyə qaçması ailə nəzarətsizliyi ilə əlaqəlidir. İnternatdan qaçma səbəblərinə gəldikdə, burada birmənalı söz demək mümkün deyil. Çünki internatlarda hər şeyin mükəmməl olduğunu deyə bilmərik, lakin bəzən uşaqlar adi məsələni çox şişirdə bilirlər. Lakin istənilən halda həmin uşaq diqqətdə saxlanılır. Uşaqların sonra yenidən qaçması isə xarakterlə, qanla bağlıdır. Onu necə saxlasan da, qaçacaq”.
Əgər polislər bu uşaqları görürsə, nə üçün onlar hələ də küçələrdədir?
Uşaq Hüquqları üzrə QHT Alyansının Milli Əlaqələndiricisi Nabil Seyidov uşaqların evdən, internatdan qaçma səbəblərinin müxtəlif olduğunu bildirib:
“Burada səbəb uşağın özü, həmçinin internatda ona yaradılan şərait, münasibət, kobud rəftar, zorakılıq halları ilə bağlı ola bilər. İndi internatların qida ilə təminatında problemlər yoxdur. Sadəcə uşaq əlavə nəsə almaq istəyirsə, bu zaman internatdan qaça bilər. Bunun üçün dilənə, nəsə sata bilər. Əvvəllər internatlardan uşaqları küçədə dilənməyə məcbur edirdilər. Son illər sonuncu səbəbdən dilənən uşaqlarla qarşılaşmırıq. Çünki internatlarda vəziyyət düzəlib, diqqət daha da artırılıb. Həm də nəzərə almalıyıq ki, internat evləri qapalı müəssisədir. Uşaqlar isə qapalı yerləri sevmirlər. Sadəcə bu səbəbdən də qaçanlar var. Bu, normaldır, çünki onlar ətrafı tanımaq istəyirlər. Lakin nəticədə onlar üçün təhlükəli məqamlar yarana bilər”.
N.Seyidov onu da vurğuladı ki, uşağın internat müəssisəsindən qaçması faktı ilə bağlı mütləq hüquq mühafizə orqanlarına məlumat verilməlidir. Həmin andan uşağın axtarışına başlanılır. Onların geri qaytarılması çətin olmur.
“Uşaqların internatdan qaçması faktına son illər rast gəlinməsə də, bu, inkar olunmur. Küçə uşaqlarının əksəriyyəti şəhərdə işləmək üçün gələnlərdir. Amma səbəbin nə olmasından asılı olmayaraq, əsas məqsəd uşaqların internata qaytarılmasıdır. Problemi kökündən həll etmək üçün internat müəssisələri ləğv edilməlidir. Əks halda, bu cür problemlər yaşanmaqda davam edəcək. İnternatın ləğv edilməsi üçün, alternativ variantlar, himayədar ailələr tapılmalıdır”.
N.Seyidov məsələdə hüquq mühafizə orqanların roluna da toxundu. Onun sözlərinə görə, hüquq mühafizə orqanlarının əsas işi uşaqları tapıb, ailə və ya internata təhvil verməkdir. Əlbəttə, iş bununla bitmir.
“Lakin problemin kökü həll edilmədən hər dəfə uşağı tapıb verməyin əhəmiyyəti olmur. Yəni problem ailə ilə bağlıdırsa, o istiqamətdə iş aparılmalıdır. Yaxud uşaq internatdan qaçıbsa, oradakı problem aradan qaldırılmalıdır. Bunu həll etmək isə ailənin, icra hakimiyyətinin, internat rəhbərliyinin üzərindədir. Əks halda, hüquq mühafizə orqanlarının işi səmərəsiz olur. Bizdə belə bir fikir yaranıb ki, hər kəs öz işini qismən görür. Lakin hər bir uşaq icra hakimiyyətləri tabeliyində yetkinlik yaşına çatmayanların işi üzrə komissiyaların məsuliyyətindədir. Ən azı ildə bir dəfə həmin uşaqla görüşüb, problemi ilə maraqlanmalıdır. Komissiya və hüquq mühafizə orqanları bir ay sonra internata getməli, uşağın vəziyyəti ilə maraqlanmalıdır, xüsusən də, uşaq zorakılıq faktına görə, internatdan qaçmış olarsa. Uşağı internata verməklə iş bitmir. Bu hal təkrarən baş verirsə, komissiya müvafiq tədbir görməlidir. Hüquq mühafizə orqanları da daim həmin uşaqlarla əlaqə saxlamalıdır. Uşaq xuliqan olduğuna görə, ev və ya internatdan qaçırsa, polis mütəmadi onunla maraqlanıb, söhbət etməli və daim nəzarətdə saxlamalıdır”.
Problemi desələr, təzyiqlər artacaq
Azərbaycan Uşaq Birliyinin sədri Kəmalə Ağazadə hesab edir ki, küçədəki uşaqların əksəriyyətinin valideyni olur. Onlar adətən azadlıq, sərbəst həyat üçün, ya da evdəki problemlərdən qaçırlar.
“Uşaqlar evdəki məhdudiyyət, qadağalardan qaça bilirlər. Küçədə isə onları heç kim idarə etmir, daha sərbəst olurlar. Küçədəki uşaqların 90-95%-i uğursuz ailələrin övladlarıdır. Onlar problemlərindən istifadə edib, insanların mərhəmətlərindən yararlanıb dilənirlər. Lakin onları hansı təhlükənin gözlədiyindən xəbərsiz olurlar”.
K.Ağazadə hesab edir ki, uşaqların internat evlərindən qaçmasının başlıca səbəbi onların evi, ailəsi üçün darıxmalarıdır. Müsahibim uşaqların internatdakı zorakılıqdan qaçmasını istisna etmir:
“İnternat evlərində bütün uşaqlara qarşı münasibət eyni olur. Bütün uşaqlar demək olar ki, eyni paltar geyinir, eyni saatda yatmalı olur. Bu eynilik uşaqlara xoş gəlmir, onlar fərdi yanaşılma istəyirlər. Diqqətsizlik, zorakılıq halları uşaqların internatdan qaçma səbəblərindəndir.. Baxmayaraq ki, ailələrdə də valideynlər tərəfindən zorakılıq olur. Lakin bunun yad biri, tərbiyəçi tərəfindən edilməsini qəbul edə bilmirlər”.
K.Ağazadə hesab edir ki, internatlar qapalı qurum olduqlarından bu problemlər hər zaman olacaq:
“Həmin müəssisədə yaşayan uşaqlar da üzləşdikləri problemləri etiraf etməkdən çəkinir. Yalnız oradan çıxandan sonra yaşadıqları problemləri dilə gətirirlər. Bunun da səbəbi internatdan asılı olmalarıdır. Çünki problemi dilə gətirdikləri halda, onlara qarşı təzyiqlərin olacağını bilirlər. Belə hallar olmasın deyə bu sahədə təcrübəsi olan QHT-lərin internat evləri ilə əməkdaşlığına imkan yaratmaq lazımdır”.
Gülxar
-
Sosial19:24
İki yaşayış məntəqəsi QASIZ QALACAQ
-
Nəqliyyat19:12
Yüksək vəzifədən azad edilən Zaur Hüseynovdan İLK AÇIQLAMA
-
Avropa17:20
Fitso Putinlə görüşə gedir, vəziyyət çətinləşir - Aİ necə reaksiya verəcək?
-
Kriminal16:40
Bakıda evakuator sürücüsündən şok əməl: 15 yaşlı qızı hotelə apardı, 6 gün ərzində...
-
Region16:00
Başı özünə qarışan Makrondan Paşinyan əl çəkmir: Yenə dəvət etdi
-
Dünya15:25
Liviyanın "Əsəd"i hərəkətə keçdi: Rusiya bu şəhərə qoşun göndərir
-
Dünya13:40
Trüdo baş nazir kreslosunu itirir - Görün nə ilə hədələyirlər
-
Sosial13:35
Polkovnik-leytenantın qızı Türkiyədə vəfat etdi