I Avropa Oyunlarına qədər bu yollar istifadəyə veriləcək
Bizi izləyin

Qırmızı.az

I Avropa Oyunlarına qədər bu yollar istifadəyə veriləcək

“I Avropa Oyunlarıyla bağlı tədbirlər planı çərçivəsində artıq bir sıra layihələr başa çatdırılıb. Bunların sırasında Ziya Bünyadov prospektinin yenidən qurulması, Tbilisi prospektinin təmiri, Zığ dairəsi – Heydər Əliyev adına Hava Limanı avtomobil yolundan Qala stansiyasına gedən avtomobil yolunun tikintisi, Zabrat – Maştağa – Buzovna avtomobil yolunun I texniki dərəcəyə uyğun yenidən qurulması, Qələbə meydanında, Heydər Əliyev prospektində, “Şəfa” stadionunun qarşısında, Ziya Bünyadov prospektində müxtəlif səviyyəli yol qovşaqlarını, Sərdar Səfərov küçəsində, Babək prospekti ilə K. Əfkari küçəsinin kəsişməsində yeraltı piyada keçidlərinin tikintisini göstərmək olar”.

Bu barədə Publika.az-a Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib. Onun sözlərinə görə, hazırda Böyük Şor dairəsi ərazisində yeni avtomobil yollarının, yol ötürücülərinin, tunellərin, piyada keçidlərinin tikintisi, su oyunlarının keçiriləcəyi arenaya, Stend Atıcılığı İdman Kompleksinə yeni avtomobil yolunun çəkilməsi, həmin istiqamətdən dairəvi yola çıxışın təmin edilməsi üzrə və digər ərazilərdə işlər intensiv şəkildə davam etdirilir. Oyunların keçirilməsi ilə əlaqəli işlərin mart ayının sonuna kimi başa çatdırılması nəzərdə tutulub.

Qeyd edək ki, ilk Avropa Oyunlarının keçirilməsi ilə əlaqədar Nəqliyyat Nazirliyinin 8 iyul 2013-cü il tarixli əmri ilə nəqliyyat-yol kompleksi üzrə tədbirlər planı təsdiq edilib. Tədbirlər Planına əsasən paytaxt ərazisində bir çox layihələrin icrasına start verilmişdir. Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin əsas hədəfi ilk Avropa Oyunlarına ev sahibliyi edəcək paytaxt Bakı şəhərində nəzərdə tutulan marşrutlar üzrə yol şəbəkəsini daha da yaxşılaşdırmaq, nəqliyyatın fasiləsiz və maneəsiz hərəkətini təmin etməkdir.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm