Muxtariyyətdə bıçaq davası – BİR CİNAYƏTİN TARİXÇƏSİ
Bizi izləyin

Qırmızı.az

Muxtariyyətdə bıçaq davası – BİR CİNAYƏTİN TARİXÇƏSİ

Məhkəmə onun cəzasından 6 ay çıxıb və barəsində qəti olaraq 4 il müddətinə həbs cəzası saxlayıb.

Şəmkir şəhər sakini, 1985-ci il təvəllüdlü Əkbər Sadıqov tanışı Ceyhun İbrahimovu öldürməyə cəhd edib. Publika.Az-ın araşdırmasına görə, hadisə 26 iyun 2013-cü il tarixdə gecə saatlarında baş verib.

Ə. Sadıqov gecə saat 01:30-da işlətdiyi Şəmkir rayonu Dəllər qəsəbəsi yaxınlığında yerləşən "Akasiya" kafesini bağlayıb və evinə getmək istəyib. Bu zaman Şəmkir rayonu Muxtariyyət kəndində yeməkxana işlədən Ceyhun İbrahimov ora gəlib. Ceyhun iki ay əvvəl Gürcüstan Respublikasının istehsalı olan limonadlar üçün ona verdiyi əlli manat pulunu, yaxud limonadlarını geri verməsini tələb edib.

Buna görə də onların arasında mübahisə yaranıb. Mübahisə zamanı Ceyhun İbrahimov başı ilə Əkbər Sadıqovun sinəsindən vuraraq ona xəsarət yetirib. Əkbər də onu vurub. Ceyhunun yenidən onu vurması Əkbəri hövsələdən çıxarıb. Əkbər özündə olan bıçaqla Ceyhun İbrahimovun qarın nahiyyəsindən bir dəfə vurub. Ceyhun vaxtında xəstəxanaya aparıldığı üçün onun həyatını xilas etmək mümkün olub.

Bu əməli ilə Ə. Sadıqov Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham edilib və cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işinə hakim Faiq Mahmudovun sədrliyi ilə baxılıb.

"Limonadları ona sata biləcəyimi dedim"

Ə. Sadıqov ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, deyib ki, dostu Vüqar Kərimovla birlikdə Şəmkir rayonu Dəllər qəsəbəsi yaxınlığında yerləşən "Akasiya" kafesini icarəyə götürüb.

Onun sözlərinə görə, Ceyhun İbrahimovu təxminən hadisədən 2 ay əvvəl tanıyıb: "Ceyhunla ədavəti olmayıb. Ceyhun da Muxtariyyat kəndində kafe işlədir. Hadisədən təxminən 2 ay əvvəl bazara ərzaq və içki almağa getmişdim. Mağazaların birindən spirtli içkilər və meyvə şirələri alan zamanı Ceyhunla orada tanış oldum. Ceyhunda da öz işlətdiyi kafe üçün ərzaq və içkilər almaq məqsədilə gəlmişdi. Söhbət zamanı Ceyhun kafenin içkilərini bazardan almağın sərf etmədiyini, baha başa gəldiyini, əsasən də limonadların baha qiymətə olduğunu dedi. Mən də Ceyhunun dediklərini təsdiqlədim. Özüm limonadları bazardan yox, Gürcüstandan aldığımı və daha sərfəli olduğunu bildirdim. Ceyhun da həmin limonadlardan almaq istədiyini dedi və məndən limonad təşkil etməyi xahiş etdi. Həmin limonadlardan kafedə 50 ədəd olduğunu, əgər istəsə limonadları ona sata biləcəyimi dedim. Ceyhun mənimlə razılaşdı və axşam saatlarında limonadları kafedən götürəcəyini bildirdi".

"Pulunu qaytarmağı fikirləşmişdim"

Təqsirləndirilən şəxsin sözlərinə görə, həmin gün saat 19.00-da Ceyhun onun işlədiyi kafeyə gəlib: "Əvvəlcədən razılaşdığım kimi Ceyhuna 50 ədəd Gürcüstan istehsalı olan limonad verdim. Bunun müqabilində ondan 25 manat aldım. Ceyhun əlavə olaraq 100 ədəd limonad lazım olduğun bildirdi. Sonra Ceyhun əlavə olaraq 50 manat verdi. 5-10 günə limonadları götürəcəyini dedi. İşlətdiyim kafe Bakı-Qazax

magistral yolunun kənarında yerləşdiyi üçün oraya tez-tez Gürcüstan Respublikasından yük maşınları gəlir və sürücülərindən limonadları alır. Fikirləşmişdim ki, yük maşını gəlsə, həmin sürücülərdən limonad alıb Ceyhuna verərəm. Ceyhun getdiyi gündən etibarən kafeyə Gürcüstandan müştərilər gəlmədi. Ceyhunla aramızda olan söhbətdən təxminən 15 gün keçdi. 15 gündən sonra Ceyhun limonadları götürmək üçün kafeyə gəldi. Ceyhuna vəziyyəti danışdım. 10-15 gün səbr etməsini, limonadları təşkil edəcəyimi bildirdim. Lakin yenə də limonadları əldə edə bilmədim. Ceyhun gələndə pulunu özünə qaytarmağı fikirləşmişdim".

"Mənə söz verdiyin limonadları ver, ya da pulumu geri qaytar", - dedi

Ə. Sadıqov deyib ki, iyunun 26-da, saat 01.00-da kafedə olan müştəriləri yola salıb. Onun sözlərinə görə, daha sonra kafeni bağlayıb: "Evə getmək istəyərkən Ceyhun kafeyə gəldi. O, maşını kafenin qarşısında saxladı. Ceyhun maşından düşdü və mənimlə salamlaşdı. O, sonra "nəyə görə məni aldadırsan, ya mənə söz verdiyin limonadları ver, ya da pulumu geri qaytar", - dedi. Ceyhuna onu aldatmadığımı, sadəcə limonadları əldə edə bilmədiyimi, artıq gec olduğu üçün kafeni bağladığımı, eyni zamanda həmin gün alveri yaxşı olmadığını bildirdim. Ona səhəri gün gələrsən pulunu verəcəyimi dedim. Həmin vaxt Ceyhun "yalançının.., sənin alverin olmayıbsa, elə etmə ki sənin başına oyun açım, mənim pulumu qaytar" deyərək nalayiq söyüşlər söydü. Mən isə Ceyhunun üstünə gedərək onun yaxasından tutdum və söyüş söyməməsini bildirdim. Birdən Ceyhun başı ilə sinəmdən vurduş Zərbənin təsirindən yerə yıxıldım. Yerdən qalxanda yumruqla Ceyhunun sifətindən bir dəfə vurdum. Ceyhun yenidən məni söyərək üstümə gəldi. Bu zaman Ceyhunun "var-yox" söyüşü söyməsi və həmçinin vurması mənə pis təsir etmişdi. Cibimdəki bıçağı çıxarıb Ceyhunun üstünə getdim. Bıçağı onun qarın nahiyəsindən bir dəfə vurdum. Ceyhun arxaya çəkilərək yerə yıxıldı.

O, sonra ayağa qalxaraq heç nə demədən gəldiyi maşına oturaraq getmək istədi. Dərhal Ceyhunun arxası ilə getdim. Onun qolundan tutaraq xəsarət alıb-almadığını öyrənmək istədim. Xəstəxanaya aparmaq üçün Ceyhundan dayanmağı tələb etsəm də, o, dayanmadı. Ceyhun maşına əyləşərək getdi. Ceyhunun ciddi xəsarət aldığını bilmədiyim üçün evə getdim. Mübahisəmiz zamanı Ceyhundan başqa heç kim olmayıb. Hadisə zamanı Ceyhuna xəsarət yetirdiyim bıçağı könüllü olaraq istintaqa təqdim etmişəm. Hadisədən sonra Ceyhunla barışmışam, onun sağalması üçün lazım olan tibbi xərcləri ödəmişəm. Bütün bunlara baxmayaraq Ceyhuna bıçaq zərbəsi vurduğum üçün səmimi peşimanam".

Zərərçəkmiş Ceyhun İbrahimov da təqsirləndirilən şəxsin ifadəsinə uyğun danışıb. Məhkəmənin hökmü ilə Əkbər Sadıqov 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən təqsirləndirilən şəxs apelyasiya şikayəti verib. O, barəsində daha yüngül cəzanın təyin edilməsini xahiş edib. Onun şikayətinə Gəncə Apelyasiya Məhkəməsində baxılıb. Hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara görə, təqsirləndirilən şəxsin şikayəti qismən təmin edilib. Məhkəmə onun cəzasından 6 ay çıxıb və barəsində qəti olaraq 4 il müddətinə həbs cəzası saxlayıb.

Hacı Zeynalov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm