Qırmızı.az
Ordumuzun snayper qadınları danışdı: “Hədəfi nişan alarkən gözümdə düşməni canlandırıram...” - MÜSAHİBƏ/FOTOLAR
Ordudan, xidmətdən danışarkən ilk öncə hərbi geyimli kişiləri nəzərimizə gətiririk və insanın gözü önündə əlində silah, əynində forma olan kişilər, barıt qoxulu səngərlər, döyüşlər canlanır. Lakin müasir dövrümüzdə dünyanın istənilən güc strukturlarında qadınlara rast gəlinir. Ölkəmizdə də bu təcrübə geniş yer alıb. Son dövrlərdə Silahlı Qüvvələrimizin bütün sahələrində qadın hərbi qulluqçuların sayı durmadan artmaqdadır. Müsahiblərimiz zərif cinsin nümayəndələri olmalarına baxmayaraq bu peşəni seçməyi özlərinə borc bilənlərdir.
Publika.az müdafiə Nazirliyinin saytına istinadən müsahibəni təqdim edir.
“Hər sərrast atıcı snayper deyil, amma hər snayper sərrast
atıcı olmalıdır”
Vüsalə Həsən qızı Məmmədova - 1990-cı ildə Bakı şəhərində
anadan olub. Orta təhsillidir. Ailəlidir. 1 övladı var. 2014-cü
ildən hərbi xidmətdədir.
- Vüsalə xanım hansı səbəbdən hərbçi olmaq
qərarına gəldiniz?
- Torpaqlarımızın işğalda olması hər bir azərbaycanlı kimi mənim də
sızlayan yaramdır. Həmçinin uşaqlıqdan hərbi formaya marağım olub,
əsgər olmaq arzusunda olmuşam. Lakin uzun illər bu arzuma çata
bilmirdim. Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin
orduya göstərdiyi diqqət və qayğı, Müdafiə naziri general-polkovnik
Zakir Həsənovun orduda apardığı uğurlu islahatların bütün sahələrdə
səmərəli nəticə verdiyinin və hər kəsin ürəyincə olduğunun
şahidiyəm. Uğurlu islahatlardan biri də qadınların orduya cəlb
olunmasıdır. Buna görə ölkə başçısına və Müdafiə Nazirliyinin
rəhbərliyinə minnətdarlığımı bildirirəm.
- Ordu sıralarına daxil olmaqda məqsədiniz nə
idi?
- Həyatım boyu məqsədlərimə çatmaq üçün mübarizə aparmışam. Çətin
də olsa nail ola bilmişəm. Forma geyinmək, əlimdə silah Vətənimə
xidmət etmək başlıca məqsədlərimdən biri olub. Məqsədimin birinci
mərhələsini uğurla başa vurmuşdum. Artıq hərbi xidmətdəydim. İkinci
məqsədim isə snayper olmaq idi. İlkin ixtisasım operator olsa da,
snayper olmaq istəyirdim. Yuxarı komandanlığa müraciət etdim və
snayper hazırlığı kursuna göndərildim. Növbəti məqsədim isə cəbhə
bölgəsinə yollanmaq düşmən ilə üz-üzə dayanıb xidmət etməkdir. Ön
xətdə xidmət etməyin çətin olduğunu düşünmürəm. Əldə silah hər an
düşməni məhv etmək ehtimalı mənə stimul verir. Bilirəm ki,
silahımla hədəfi düzgün seçərək düşməni məhv edəcəyim günlər
yaxındadır.
- Neçə müddətdir snayper hazırlığı keçirsiniz, bu dövrdə
hansı nailiyyətləriniz olub?
- Artıq xeyli müddətdir snayper hazırlığı kursundayam. OSV-96
təcrübəli snayper tüfəngi yüngül zirehli texnikalara qarşı tətbiq
olunur. Silahımdan məharətlə istifadə etməyi bacarıram. Hazırlıq
dövründə təlimlərdə iştirak edib təyin olunan hədəfə dəqiq atəş
açmaqla “əla” qiymət almışam. Həmçinin Azərbaycan-Türkiyə Silahlı
Qüvvələrinin may ayında keçirilən birgə taktiki təlimlərində
iştirak etmişəm.
- Snayper olmaq həvəsi sizdə necə yaranıb?
- "Qadın snayper" müasir dünyada elə də nadir anlayış
deyil. Hələ Böyük Vətən müharibəsi zamanı qadın snayperlərin adları
bütün dünyaya məlum olub. Onlar arasında həmyerlimiz – ilk
azərbaycanlı qadın snayper, Ziba Qəniyeva da vardır. O 129 düşmən
əsgərini məhv edib.
Həmçinin snayper üçün lazım olan keyfiyyətlərin məndə də yetərincə
olduğunu bilirəm.
- Snayper üçün hansı keyfiyyətlərə malik olmaq
lazımdır?
- Snayperin əsas keyfiyyətləri hədsiz səbr, ustalıqla maskalanaraq
gözə görünməmək qabiliyyəti və hadisələri intiusiyanın köməyi ilə
öncədən təxmin etmək bacarığıdır. İntuisiya isə qadınlarda
güclüdür. Snayper üçün sadəcə atəş açmaq azdır. Gizlənməyi,
saatlarla hərəkətsiz qalmağı bacarmalısan. Snayper duelində birinci
tərpənən ölümə məhkumdur.
- Ailəniz seçdiyiniz çətin və şərəfli yolda
sizi dəstəkləyir?
- Yolumun məsuliyyətli olduğunun fərqindədirlər və ən böyük dayağım
ailəmdir. Hər gün xidmətimlə, atışların necə keçməsi ilə
maraqlanır, uğur və nailiyyətlərimə mənimlə birgə sevinirlər.
Onu da qeyd edim ki, əmim düşmən gülləsindən şəhid olub. Deyirlər
ki, geyindiyimiz forma şəhidlərimizin kəfənidir. Mənim kimi ürəyi
Vətən eşqi ilə döyünən hər bir azərbaycanlının bir arzusu, bir
məqsədi var. Şəhidlərimizin qisasını almaq, torpaqlarımızı azad
etmək.
- Orduda xidmət etmək istəyən qadınlara nə
demək istərdiniz?
- Onu deyə bilərəm ki, torpaqlarımız işğal altındadır. Bu torpaqlar
hər bir Azərbaycan vətəndaşınındır. Əli silah tuta bilən hər bir
insan, canlı qüvvə, düşmən qarşısında maneə olmalıdır. Xidmət etmək
kənardan göründüyü kimi çətin deyil. Ürəyində Vətən eşqi olan hər
bir azərbaycanlı bu şərəfli yolda hərbçilərin yanında
olmalıdır.
"Hədəfi nişan alarkən gözümdə düşməni canlandırıram..."
Könül Şakir qızı Məmmədli - 1982-ci ildə Sumqayıtda anadan
olub. Ali təhsillidir. 2014-cü ildən hərbi
xidmətdədir.
- Könül xanım, deyirlər hərb sənəti
məsuliyyətlidir. Məsuliyyətli yola qədəm qoymanızın səbəbi
nədir?
- Sumqayıtda dünyaya göz açsam da, uşaqlığım cəbhə bölgəsindəki
Qazax rayonunda keçib və daim atəş səsləri eşitmişəm. Uşaq olsam da
qorxmurdum. Böyüyəndə “hərbçi olacam” deyirdim. Lakin ailəm
müəllimə olmamı istəyirdi. Atamın arzusu ilə Azərbaycan Dillər
Universitetinə qəbul oldum. Universiteti bitirdikdən sonra müəllimə
kimi çalışmağa başladım. Sumqayıtda, Gədəbəyin ucqar dağ
kəndlərində və Qobustanda ingilis dili dərslərini tədris
etmişəm.
Amma həmişə forma geyinmək istəyində olmuşam. Kimdəsə
forma görəndə ürəyim dağa dönürdü, lakin hərbçi ola bilmədiyim üçün
üzülürdüm. Son illər ordu sıralarında qadınların xidmətə
başlamasına şərait yaradıldı. Müdafiə naziri general-polkovnik
Zakir Həsənovun yaratdığı bu imkandan mənim kimi xidmət etmək
istəyən xeyli insan yararlandı.
- Bildiyimiz kimi siz snayper kimi xidmət
edirsiz. Bu sahə diqqət və məsuliyyət tələb edir. Qadın kimi bu
sizi qorxutmur?
- Səbr, dözüm və adaptasiya bacarığı – bütün bu göstəricilərə görə
qadınlar daha üstündür. Yüksək özünümüdafiə instinktinə görə
qadında pusquda qalmaq daha yaxşı alınır. Heç kim üçün sirr deyil
ki, biz qadınların həddən artıq güclü müşahidə etmə bacarığı da
var.
Müddətdən artıq həqiqi hərbi xidmət etmək istədyimi bildirdiyim
zaman bir neçə ixtisas təklif olundu. Ali təhsilli olduğum, iki
xarici dil bildiyim üçün Silahlı Qüvvələrin Təlim və Tədris
Mərkəzində müəllimə kimi fəaliyyət göstərməyimi tövsiyə etdilər.
Lakin snayper olmaq istədiyimi bildirdim və xidmətə başladım. Bu
yolu seçərkən çətinliyi də, məsuliyyəti də göz önünə almışam. Heç
bir qorxum yoxdur.
- Hansı təlimlərdə iştirak etmisiniz? Snayper
kimi hansı uğurlarınız var?
- Qeyd edim ki, mənə SVD snayper tüfəngi təhkim olunub. Bu silah
peyda olan, hərəkət edən, gizlənmiş tək hədəfləri məhv etmək üçün
hazırlanıb. Tüfəngdən atəş açmaq üçün adi, trasser,
zirehdeşən-yandırıcı və snayper güllələrindən istifadə olunur. Atəş
tək-tək açılır. Silahımın taktiki-texniki xüsusiyyətlərinə yaxşı
bələdəm. Keçirilən bir sıra təlimlərdə iştirak etmişəm. Təlimlər
zamanı “əla” qiymət almışam. Hədəfi nişan alarkən gözümdə düşməni
canlandırıram.
- Bu yolda ən böyük dəstəkçiniz
kimdir?
- Ən böyük dayağım atamdır. Bəli, mən atamın qarşısına çıxıb hərbçi
olmaq arzusunda olduğumu dedim. İllər əvvəl hərbçi olmaq arzuma
maneə olsa da, bu dəfə istəyimi və qəti qərarımı görüb mənə dəstək
verdi.
- Bugünkü atışlardan nə deyə
bilərsiniz?
- Bizim üçün çox önəmli gün idi. Atışlardan sonra Müdafiə naziri
general-polkovnik Zakir Həsənov bizi cəsarətli qəhrəmanlar kimi
qiymətləndirdi. Biz də öz növbəmizdə xahiş etdik ki, cəbhə
bölgəsinə göndərilək. Ön xətdə xidmət edərək həm döyüşçü
yoldaşlarımıza dəstək olarıq, həm də təcrübəmizi artırarıq.
- Ordu sıralarında xidmət edən döyüşçü
yoldaşlarınıza nə deyə bilərsiniz?
- Qeyd edim ki, respublikamızda istənilən sahədə inkişaf var. Lakin
Silahlı Qüvvələrə göstərilən diqqət və qayğının daha çox olduğu
diqqət mərkəzindədir. Bu hər bir döyüşçümüzə düşmən üzərində qələbə
qazanmaq üçün əlavə stimul verir. Biz gənclər çox şanslıyıq ki,
müasir və müstəqil ordumuzun sralarında xidmət edirik. Ümummilli
liderimiz və müasir ordumuzun qurucusu Heydər Əliyevin bir zamanlar
qeyd etdiyi kimi, "Bu günümzün gəncləri özlərini xoşbəxt sanmalıdır
ki, onlara doğma Vətənimizin ordusunda xidmət etmək nəsib
olub".
Hər birimiz yaxşı başa düşürük ki, qarşımızda dayanan ən mühüm vəzifə düşmən tərəfindən işğal edilmiş torpaqlarımızı son qarışına kimi düşməndən azad etməkdir. Müqəddəs vəzifəmizi unutmamalıyıq...
-
Magazin205:15
Madonna Braziliyanı "SİLKƏLƏDİ" - Çimərlikdə və şəhər küçələrində izdiham yaşandı
-
Səhiyyə04:14
Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? - VİDEO
-
İdman03:43
“Bayer Leverkuzen” 59 ilik rekordu TƏKRARLADI
-
Magazin101:41
Hüsniyə Məhərrəmli: "Atam, mən Masazırdan təzə çıxmışam" - VİDEO
-
Hadisə00:45
Bakıda DƏHŞƏT: toydan sonra iki nəfər faciəvi şəkildə ÖLDÜ - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: romantik qarşılaşma ola bilər
-
Magazin15 May 23:48
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”
-
Sosial5 May 23:12
Yol polisindən gələn zəng onları dəhşətə gətirdi: "Maşın vurub öldürdü" - VİDEO