Dünya bu günü gözləyir - İranın taleyi HƏLL OLUNACAQ
Bizi izləyin

Region

Dünya bu günü gözləyir - İranın taleyi HƏLL OLUNACAQ

İranın nüvə proqramı üzrə razılaşmanın iştirakçıları iyulun 6-da Vyanada görüşəcəklər.

Publika.az xəbər verir ki, bu haqda görüşün təşkili ilə tanış diplomatik mənbəyə istinadən “Kyodo” agentliyi bildirib.

KİV-in məlumatına görə, görüşdə Rusiya, Çin, Fransa, Böyük Britaniya və Almaniya, həmçinin, Avropa İttifaqının təhlükəsizlik və xarici siyasət məsələləri üzrə ali komissarı Federika Moqerini və İranın Xarici İşlər Nazirliyinin başçısı Məhəmməd Cavad Zərif iştirak edəcək. Görüşə nüvə sazişinin iştirakçılarından olan ABŞ-ın nümayəndələri qatılmayacaq.

Xatırladaq ki, 2015-ci ildə İran və beynəlxalq vasitəçilər (Rusiya, ABŞ, Böyük Britaniya, Çin, Fransa və Almaniya) İranın nüvə probleminin nizama salınması haqqında sənədi imzalayıblar. İştirakçılar Birgə hərtərəfli İş Planı qəbul edib. Sənədin icrası İrana qarşı tətbiq edilən iqtisadi və maliyyə sanksiyalarının ləğvini nəzərdə tuturdu.

ABŞ prezidenti Donald Tramp isə sazişi dəfələrlə tənqid edib və “ABŞ tarixinin ən pis razılaşması” adlandırıb. Bu ayın 8-də isə Tramp ABŞ-ın razılaşmadan çıxışını elan edib və İrana qarşı sanksiyaların bərpasına dərhal başlamaq barədə göstəriş verib. İranın energetika, neft-kimya və maliyyə kimi kritik əhəmiyyətli sahələrin sanksiyaların altına düşəcəyi bildirilir.

Bərpa edilmiş sanksiyalara İranla ticarət aparan başqa ölkələr də məruz qalacaq.

Razılaşmanın digər iştirakçıları Trampın qərarını ittiham edərək təhlükəli nəticələrin ola biləcəyini bildiriblər.

Federika Moqerini bildirib ki, Avropa üçlüyü - Fransa, Almaniya, Böyük Britaniya ABŞ-ın nüvə sazişi üzrə razılaşmadan çıxışına cavab olaraq İranla iqtisadi əlaqələrin möhkəmləndirilməsi proqramını hazırlamaq barədə razılaşıblar. Söhbət ilk növbədə, neft, neft və qaz məhsulları ilə ticarətin davam etdirilməsi, effektiv bank sazişləri, aviasiya, dəniz və yerüstü nəqliyyat növləri sahəsində İranla əlaqələrin davamı və ixracat kreditlərinin verilməsindən gedir. Praktik qərarların ən yaxın həftələr ərzində qəbulu planlaşdırılır.

Öz növbəsində, Böyük Britaniya, Almaniya və Fransa sazişin bütün iştirakçılarını onu tamamilə yerinə yetirməyə davam etməyə çağırıblar. İran prezidenti Həsən Ruhani bildirib ki, Tehran nüvə proqramı üzrə Birgə hərtərəfli İş Planından imtina etməyəcək və öz öhdəliklərinə riayət etməyə davam edəcək.

Ötən həftə isə İranın Xarici İşlər Nazirliyinin başçısının müavini Abbas Arakçi bildirib ki, Tehran ən yaxın həftələrdə nüvə proqramı üzrə Birgə hərtərəfli İş Planından çıxa bilər.

“İranın gözləməsi sona yaxınlaşdı və tamamilə ehtimal ki, İran ən yaxın həftələrdə nüvə proqramı üzrə Birgə hərtərəfli İş Planını tərk edəcək. Mən deyə bilmərəm ki, Avropa ilə danışıqların davam etdirilməsinin perspektivi aydındır və bu danışıqlar bizi sazişdə saxlaya bilər. Biz hamımız hələ gözləyirik və ümid edirik ki, Avropanın təklifi İranın sazişdən çıxmaması üçün münasib olacaq”, - o əlavə edib.

Abbas Arakçinin sözlərinə görə, Avropa iranlıları Birgə hərtərəfli İş Planına sadiq olduğuna inandırmaq üçün işləməlidir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm