Gürcüstanda "İran işi" böyüyür: Nazirdən AÇIQLAMA
Bizi izləyin

Region

Gürcüstanda "İran işi" böyüyür: Nazirdən AÇIQLAMA

Gürcüstanın İqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili “Vaxtdır!” hərəkatının lideri Elene Xoştariyanın İran aviaşirkətinin təyyarəsi ilə Gürcüstan üzərindən Rusiyaya hərbi texnikanın daşınması ilə bağlı iddialarına cavab verib.

Publika.az xəbər verir ki, nazir "İran işi" ilə bağlı səsləndirilən iddiaları dezinformasiya adlandırıb.

Onun sözlərinə görə, qeyd edilən avioşirkət sanksiyaya məruz qalmayıb və Gürcüstanın hava məkanından bütün qaydalara uyğun olaraq istifadə edib.

“Bu, dezinformasiya yaymaq üçün növbəti cəhddir. Təəssüflər olsun ki, biz tez-tez yoxlanılmamış, ölkənin maraqlarına xələl gətirməyə yönəlmiş məlumatlar eşidirik. Təbii ki, Gürcüstan beynəlxalq qaydalara tam əməl edir. Gürcüstanın hava məkanından istifadə edən şirkət həmçinin mütəmadi olaraq Avropa ölkələri istiqamətində də uçuşlar həyata keçirir. Sözügedən kompaniya sanksiyaya məruz qalan şirkətlər siyahısında deyil. Buna müvafiq olaraq bizim aviasiya agentliklərimiz və naviqasiya sistemimiz bütün qaydalara uyğun olaraq uçuşa icazə verib”,- deyə Levan Davitaşvili bildirib.

Məlumat üçün bildirək ki, “Vaxtdır!” hərəkatının lideri Elene Xoştariyanın sözlərinə görə, sentyabrın 4-də İran aerodromlarının birindən havaya qalxan təyyarə Gürcüstanın hava məkanını keçərək Moskvaya uçub.

Xoştariya bildirib ki, sözügedən təyyarənin aid olduğu “İran Air” ABŞ-ın sanksiyasına məruz qalan aviaşirkətlər siyahısındadır.

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm