Paşinyanla Qarabağ erməniləri arasında qarşıdurma: Bloger və QHT-lərə bu tapşırıq verildi
Bizi izləyin

Region

Paşinyanla Qarabağ erməniləri arasında qarşıdurma: Bloger və QHT-lərə bu tapşırıq verildi

Qarabağdan könüllü olaraq köçən ermənilər Ermənistan hökuməti üçün yeni ciddi problemə çevrilməkdədirlər. Ümumilikdə Ermənistan ermənilərinin Qarabağ ermənilərinə münasibəti yaxşı deyil. Mərkəzi hakimiyyət, Paşinyan hökuməti nə qədər gizlətməyə çalışsa da, bunu ört-basdır edə bilmir. Tərəflər faktiki olaraq bir-birilərini qəbul etmirlər. Bunun nəticəsidir ki, Qarabağ erməniləri Ermənistanda məskunlaşma, iş tapmaq problemləri ilə yanaşı, dələduzluqla da üzləşirlər.

Ermənistan hökumətinin sözçüsü Nazella Bağdasaryan açıqlamalarında Qarabağdan gedən ermənilərlə bağlı tez-tez müxtəlif rəqəmlər səsləndirərək, onların problemlərinin həll olunduğunu, yerləşdirilməsinin başa çatdığını, hər kəsin işlə təmin olunduğunu qeyd etsə də, real mənzərə tam başqadır.

Ermənistan rəqəmlərlə oynayır

Ermənistan hökuməti Qarabağdan köçən ermənilərə birdəfəlik yardım məqsədi ilə 100 min dram ayırdığını bildirib. Bu isə 220 ABŞ dolları deməkdir. Amma büdcədən bu məqsədlə 8 milyard dram ayrılıb. Bu da 80 min nəfərə yardım etmək üçün yetərlidir. Nazella Bağdasaryan isə 100 mindən çox erməninin Qarabağdan Ermənistana köçdüyünü car çəkir. Rəqəmlərin üst-üstə düşməməsi Ermənistan hökumətinin onlarla oynadığından xəbər verir. Bundan əlavə, Qarabağ ermənilərinə ayrılan məbləğ kirayə pulu üçün bəs etmir. Erməni işbazlar fürsətdən istifadə edərək daşınmaz əmlak bazarında qiymətləri 50-70 faiz artırıblar.

Paşinyan da separatçılara yiyə durmur

Qarabağdan köçən erməniləri işlə təmin etmək barədə baş nazir Nikol Paşinyan hər dəfə hökumətin iclasında fikirlər səsləndirsə də, hələlik ciddi nəticə yoxdur. Ermənistanın elm və təhsil nazirliyi Qarabağ ermənilərinin bəzilərini ucqarlara müəllim kimi göndərsə də, bu günə qədər ciddi şəkildə işlə təmin olunan yoxdur. Bundan əlavə, Qarabağın separatçı rejimində qondarma “hökumət”də təmsil olunanlara da heç bir iş təklif edilməyib. Birincisi, Ermənistanın bunu etmək üçün yetərli iqtisadi imkanları yoxdur. Müxalifət bunu həm də Paşinyanın ehtiyatlı davranması ilə izah edir. Qarabağı Azərbaycanın ərazisi kimi tanıyan Paşinyan, faktiki olaraq orada bir müddət fəaliyyət göstərmiş rejimin də qondarma olduğunu tanımış olub. İndi bu qurumun “məmurlar”ının Ermənistan hökumətində təmsil edilməsi Azərbaycanı qıcıqlandıra bilər. Bu, həm də faktiki olaraq, Ermənistanın separatizmi dəstəkləməsi kimi də anlaşıla bilər. Bu səbəbdən Paşinyan hökuməti ehtiyatlı davranır, pauzaya üstünlük verir. Ermənistan parlamentində üç çağırış deputat olduqdan sonra Qarabağ separatçılarına qoşulan, qondarma rejimdə Əsgəran meri “vəzifə”sini tutan Alyoşa Qabrielyan da Ermənistanda üzləşdikləri soyuq münasibətdən şikayətlənib. O, Ermənistanda özünü erməni kimi yox, əcnəbi kimi hiss etdiyini bildirib. Bu da Ermənistanda Qarabağ ermənilərinə göstərilən münasibətin hansı səviyyədə olduğunu göstərir.

Separatçılara qarşı cinayət işi açılır

Separatçıların problemləri bununla da bitmir. Onları Ermənistanda real siyasi təqib də gözləyir. Bunu təsdiq edən nümunələr var. Qarabağdan qaçan bəzi separatçılar haqqında artıq Ermənistanda cinayət işləri açılıb. Bununla bağlı mütəmadi xəbərlər yayılır. Məsələn, Azərbaycanda terrorçu kimi axtarışda olan separatçıların liderlərindən biri olan Vitali Balasanyan artıq Ermənistanın Milli Təhlükəsizlik Xidməti tərəfindən dindirilib. Qondarma qurumun keçmiş “təhlükəsizlik şurasının sədri” Samvel Babayana qarşı da iki maddə ilə cinayət işi açılıb. Görünən odur ki, Paşinyan Ermənistanda yeni Qarabağ müxalifəti və klanının yaranmasına imkan vermək istəmir. Vitali Balasanyan və Samvel Babayan kimi fiqurlar yaxın gələcəkdə təşkilatlanaraq Ermənistan müxalifətini gücləndirə və yeni müxalifət qanadı yarada bilərlər. Bu səbəbdən Paşinyan işini ehtiyatlı tutaraq, haqlarında cinayət işləri açmaqla onları təzyiq altında saxlamaq, obrazlı desək, “ilanın başını əzmək” istəyir. Yəqin ki, yaxın vaxtlarda xüsusilə də nəzarətdən çıxmaq, fərdi qaydada nəsə etmək fikrinə düşənlər haqqında da bu cür davranışların şahidi olacağıq. Onların da haqqında cinayət işi açılacaq və uzunmüddətli həbsə göndəriləcəklər. Hətta bəzi müxalifət nümayəndələri bu şəxslərin həbs olunduqdan sonra Azərbaycana ekstradisiya ediləcəyi təhlükəsinin olması barədə də hay-həşir salırlar.

Bəzi bloger və QHT-lərə tapşırıqlar verilib

KİV-lərdə yayılan xəbərə görə, Ermənistan hökuməti nəzarətində olan bəzi bloger və QHT-lərə separatçıları gözdən salmaq, bu barədə ictimai rəy formalaşdırmaq haqqında göstəriş verib. Siyahıya hazırda Bakıda məhkəmə prosesi keçirilən separatçı ermənilər də daxildir.
Ermənistana könüllü köçən Qarabağ erməniləri artıq digər ölkələrə də üz tutmağa başlayıblar. Nikol Paşinyan ötən həftə hökumətin iclasında onlardan 2500 nəfərin Rusiya və digər ölkələrə köçdüyünü etiraf edib. Təbii ki, real rəqəmlər daha başqadır. Nikolun əsl rəqəmləri gizlətməsinin səbəbi həm xaricdən alınan ianələrin azalmamasını təmin etmək, həm də yerli sakinlər arasında köç dalğasının yenidən sürətlənməsinin qarşısını almaqdır. ("Kaspi" qəzeti)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm