Prezident İlham Əliyev Parisdə bir sıra görüşlər keçirib - YENİLƏNDİ
Bizi izləyin

Rəsmi xronika

Prezident İlham Əliyev Parisdə bir sıra görüşlər keçirib - YENİLƏNDİ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 19-da Parisdə "Airbus" şirkətinin Avrasiya üzrə vitse-prezidenti Silver Delonay ilə görüşüb.

Publika.az xəbər verir ki, görüşdə "Airbus" şirkəti ilə "Azərkosmos" Açıq Səhmdar Cəmiyyəti arasında əməkdaşlıq barədə fikir mübadiləsi aparıldı. "Azərsky" və "Spot 6" peyklərinin dünya bazarlarında uğurlu fəaliyyətindən məmnunluq bildirildi.

Azərbaycanın gələcəkdə "Airbus" şirkətindən yeni daha yüksək ayırdetmə peyklərini alması və peyklərlə bağlı texnologiyalar ətrafında müzakirələr aparıldı.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 19-da Parisdə "Total" şirkətinin sədri və baş icraçı direktoru Patrik Puyane ilə görüşüb.

Publika.az xəbər verir ki, görüşdə "Abşeron" qaz-kondensat yatağının işlənilməsi və inkişafı ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Xəzərin Azərbaycan sektorundakı "Ümid-Babək" təbii qaz yataqlarının işlənilməsində "Total" şirkətinin iştirak etməsi imkanları müzakirə olundu.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 19-da Parisdə Fransa Senatının sədri Jerar Larşe ilə görüşüb.

Publika.az xəbər verir ki, Senatın binasının qarşısında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident İlham Əliyevi Senatın sədri Jerar Larşe qarşıladı.

Dövlətimizin başçısı və Senatın sədri fəxri qarovul dəstəsinin qarşısından keçdilər.

Prezident İlham Əliyev və Senatın sədri Jerar Larşe birgə foto çəkdirdilər.

Jerar Larşe Azərbaycan Prezidenti İlham Əliyevi Fransa Senatında yenidən görməkdən məmnun olduğunu dedi. O, bu cür səfərlərin ölkələrimiz arasında ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsi baxımından əhəmiyyətini qeyd etdi.

Senatın sədri, həmçinin Fransa ilə Azərbaycan arasında iqtisadi, siyasi, təhsil, mədəniyyət sahələrində qarşılıqlı əməkdaşlıqdan danışdı, Bakıda Fransız Liseyinin, Azərbaycan-Fransız Universitetinin fəaliyyət göstərdiyini xüsusi qeyd etdi. Bildirdi ki, bu, ölkələrimiz arasında münasibətlərin yüksək səviyyəsindən xəbər verir.

Prezident İlham Əliyev Fransa Senatına növbəti dəfə gəlməkdən məmnunluğunu ifadə etdi. Qeyd etdi ki, bu gün Fransa ilə bütün səviyyələrdə aparılan dialoq Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edir. Dövlətimizin başçısı bildirdi ki, Azərbaycan Fransanı özünə çox yaxın tərəfdaş, dost ölkə hesab edir və Azərbaycan bundan sonra da Fransa ilə mövcud olan əməkdaşlığın daha da genişləndirilməsində maraqlıdır.

Görüşdə vurğulandı ki, Fransa ilə Azərbaycan arasında mövcud münasibətlər, burada aparılan müzakirələr Azərbaycan ilə Avropa İttifaqı arasında imzalanacaq Sazişə öz müsbət töhfəsini verəcək. Senatın sədri Avropa İttifaqı ilə Azərbaycan arasında hərtərəfli Sazişin yaxın zamanlarda imzalanacağına ümidvar olduğunu dedi. Vurğulandı ki, Fransa bu sənədin imzalanmasında çox maraqlıdır.

Görüşdə parlamentlərarası əlaqələrin çox yüksək səviyyədə olduğu qeyd edildi, bu əməkdaşlığın bundan sonra da inkişaf etdirilməsinin zəruriliyi vurğulandı. Fransa Senatında Fransa-Qafqaz Dostluq Qrupu çərçivəsində bir çox görüşlərin, qarşılıqlı səfərlərin keçirildiyi diqqətə çatdırıldı.

Görüşdə, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsi müzakirə olundu. Senatın sədri vurğuladı ki, Fransa Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunması istiqamətində fəaliyyətini davam etdirmək niyyətindədir.

Sonra Prezident İlham Əliyev Senatın qızıl kitabını imzaladı.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 19-da Parisdə "Naval" qrupunun sədri və baş direktoru Erve Giyu ilə görüşüb.

Publika.az xəbər verir ki, görüşdə Azərbaycan ilə Fransa arasında hərbi sənaye sahəsində əməkdaşlıq haqqında müzakirələr aparıldı.

"Naval" qrupunun sədri və baş direktoru Erve Giyu rəhbərlik etdiyi şirkətin fəaliyyəti barədə dövlətimizin başçısına məlumat verdi.

Prezident İlham Əliyev məlumata görə təşəkkürünü bildirdi.

Söhbət zamanı qeyd edildi ki, Azərbaycan ilə Fransa arasında hərbi-texniki sahədə əməkdaşlığın həyata keçirilməsi üçün yaxşı imkanlar var və hazırda Fransa tərəfi ilə konkret layihələr üzərində iş gedir.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iyulun 19-da Parisdə Fransa Beynəlxalq Əlaqələr İnstitutunun icraçı sədri Tyerri de Montbrial ilə görüşü olub.

Publika.az xəbər verir ki, Tyerri de Montbrial ümummilli lider Heydər Əliyev ilə Fransada və Azərbaycanda, Prezident İlham Əliyevlə Fransada keçirilən görüşləri məmnunluqla xatırladı.

Söhbət zamanı Fransa-Azərbaycan ikitərəfli münasibətləri, beynəlxalq və regional məsələlər, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ətrafında fikir mübadiləsi aparıldı.

***

Azərbaycan Prezidenti İlham Əliyev Fransaya səfərə gedib.

Publika.az-ın Azərtac-a istinadən verdiyi xəbərə görə, Fransa Respublikasının Prezidenti Emmanuel Makronun dəvəti ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iyulun 19-da Fransaya səfəri başlayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm