Sağlamlıq
Ölümə aparan milli yeməklərimiz: xəngəl, xaş, piti…
Dəyişən ekoloji mühit, oturaq həyat tərzi, insan fəaliyyətinin bir çox sahələrində fiziki əməyin texnika ilə əvəz olunması, aktivliyin azalması, eləcə də bir çox ərzaq məhsullarının keyfiyyətinin sual altında olması milli mətbəximizin bəzəyi olan bir çox yeməkləri insan səhhəti üçün zərərli hala salıb.
Hətta bəzən xəngəl, xaş, piti kimi ağır yağlı və xəmir
xörəklərini yeyib, səhhəti ağırlaşanlar, dünyasını dəyişənlər də
olur. Bəzi insanlar bu faktlardan çıxış edərək, milli
yeməklərimizin insan orqanizmi üçün zərərli olduğunu desələr də,
ekspertlər bunun əksini deyir. Həkim-dietoloqlar bunun səbəbini
yeməklərdə deyil, insanların passiv həyat tərzində görürlər.
Bəs görəsən hansı yeməklər səhhətimizə mənfi təsir edə bilər?
Yüksək dərəcədə yağlı olan xaş, piti, xəmir xörəkləri olan xəngəl,
düşbərə və sair dadlı-ləzzətli olsalar da, bəzən insana pis təsir
edə bilər. Ekspertlər isə bildirirlər ki, bunun səbəbi yeməkdə yox,
insandadır.
Tibb elmləri doktoru Adil Qeybullanın dediyinə görə, əgər yeməyin
hər hansı toksiki təsiri yoxdursa, o yemək zərərli ola bilməz:
"Sadəcə olaraq, xolestrolu yüksək olan şəxslərdə, qan təzyiqi
tez-tez dəyişən adamlarda, şəkərli diabeti olan şəxslərdə həddindən
artıq və yüksək xolestrollu qida qəbulu təzyiqi artıra bilər. Bu da
beyinə qan sızmasına, insulta və sairin yaranmasına gətirib çıxara
bilər. Əgər bəzi qidalardan insan səhhətinə zərər dəyirsə, bunun
səbəbini orqanizmin özündə axtarmaq lazımdır. Ümumiyyətlə,
insanlarda qidalanma mədəniyyəti olmalıdır. Qida az qəbul
olunmalıdır, axşam saatlarında qida qəbulunu kəskin şəkildə
azaltmaq lazımdır. Yağlı qidalardan imtina olunmalıdır, çox
hərəkətli olmaq, bədənin aktivliyini qorumaq lazımdır. Bütün bunlar
o səbəbdən yaranır ki, biz həddindən artıq kalorili qidalar qəbul
edirik. Ancaq həmin kalorini sərf etmək üçün hərəkətlilik yetərincə
olmur. Bu da həmin maddələrin orqanizmdə toplanmasına gətirib
çıxarır".
Ekspertin sözlərinə görə, oturaq iş rejmində çalışan, hərəkətsiz və
çəkisi həddindən artıq olan insanlar üçün bəzi çox yağlı və
kalorili milli yeməklərin qəbulu ziyanlıdır: "Əgər insanlar gün
ərzində oturaq vəziyyətdə olurlarsa, axşamlar gəzməyə
çıxmalıdırlar. Hipodinamiya bütün xəstəliklərin əsasında dayanır.
Yəni, bu orqanizmdə bir durğunluq yaradır və qarın, bağırsaqlar,
həzm sistemi normal işləmir, qan dövranı normal tənzimlənmir, venoz
qan dövranı sistemi normal işləmir. Bu səbəbdən də bədənə daxil
olan kalori sərf olunmur. Bu da çəki artımına gətirib çıxarır və
bütün xəstəliklərin əsasında dayanır".
Azərbaycan Milli Kulinariya Mərkəzinin (AMKM) baş direktoru Tahir
Əmiraslanov da vurğuladı ki, milli mətbəximizin heç bir yeməyi
ziyanlı deyil: "Belə bir deyim var ki, "Artıq içiləndə dərd verir,
su da..." Yəni ən ziyansız bir qida olan suyu da çox içəndə ziyan
verə bilər. Yeməyi norma daxilində yeyəndə o xeyirli olur. Təbii
ki, insan xəstədirsə, ona müəyyən yeməkləri olmaz. Hər xəstənin öz
yeməyi var. Normal qidalanma normal adam üçündür. Milli
yeməklərimiz çox sağlamdır. Tərkibindəki bütün elementlər
bir-birinə uyğun gəlir. Əgər yeməyi yaxşı bişirmirlərsə, çiy
şəkildə yeyirlərsə, təkibinə düzgün ədviyyatlar vurmurlarsa,
israfçılıq edirlərsə, o zaman ziyan edə bilər.
Əgər insan bir qoyunu bütöv yeyirsə, o təbii ki, ziyanlı olacaq.
Koroğlu deyil ki... Və ya bir sini paxlavanı birdəfəyə yeyən adamın
təzyiqi, şəkəri əlbəttə ki, qalxacaq. Ancaq milli yeməklərimizin
zərərli olması, tərkibinin yaxşı olmaması haqqında fikirlər doğru
deyil. Bunu adını mütəxəssis qoyan yalançı dietoloqlar ortaya
atırlar".
Baş kulinar yeməklərin insan səhhətində yaratdığı problemlərin
səbəbini passiv həyat tərzində və qida normalarına əməl
edilməməsində gördüyünü bildirdi: "Deyirlər ki, səhər tezdən xaş
yemək ziyandır. Əvvəllər xaş yeyən insanlar gedib yer şumlayıb,
əkin əkirdilər, fiziki işlə məşğul olurdular. Əgər insan
idmançıdırsa, fəhlədirsə, futbolçudursa səhər tezdən ürəyi istədiyi
qədər xaş yeyə bilər. Ancaq əgər xaşı yeyib gedib kabinetdə
oturacaqsınızsa, təbii ki, ağırlaşacaqsınız, vəziyyətiniz pis
olacaq. Bu, normal bir haldır. Hansı işdə çalışırsınızsa, gün
ərzində nə qədər enerji sərf edirsinizsə o qədər yemək yeyin.
Burada yeməyin nə günahı var? Əgər sən gündə bir qoyunun ətini
yeyirsənsə, günah qoyundadırmı? Çox zaman Azərbaycan kişiləri milli
yeməkləri spirtli içki ilə birlikdə qəbul edirlər. Bu zaman içki
doymaq hissini öldürür və insan daha çox yeyir. Əgər yeməkdə bir
litr araq içən adam ölürsə, bunun günahı həmin yeməkdə deyil,
içkidədir. Bizim yeməklərimiz kalorilidir. Ancaq kalori bütün
yeməklərdə var. Bir kiloqram qoyun ətində olan kalori 1 kiloqram
şəkərdə olduğundan daha azdır".
Tahir Əmiraslanovun sözlərinə görə, milli mətbəximizə məxsus
yeməklərin tərkibindəki bütün elementlər bir-birini tamamlayır və
qidanın orqanizmdən daha tez sorulmasını təmin edir: "Məsələn, düyü
ifrat dərəcədə təmizlənir və demək olar ki, plovun tərkibində heç
bir vitamin qalmır. Onun faydalı olması üçün tərkibində
betta-karotin maddə olan meyvələr, məsələn yerkökü əlavə edirik.
Ancaq əgər yeməkdə yağ yoxdursa, həmin karotin maddəsi bədənə
sorulmur, çünki yağda həll olan vitamindir. Ona görə də, mütləq
plovun üstünə kərə yağı gəzdiririk. Məsələn, plovun dibinə qazmaq
edirik, ona da yumurta vururuq. Yumurtanın tərkibində xolin maddəsi
var. Beyin bu maddədən ibarətdir. Əgər marqanis maddəsi yoxdursa,
xolin həll olunmur. Marqanis da düyünün tərkibində var. Deməli,
plovdakı bütün detallar bir-birini tamamlayır.
Dədə-babalarımız bu yeməklərlə qidalanıblar və uzun illər
yaşayıblar. Sadəcə, o yalançı dietoloqlar milli yeməklərimizi
gözdən salırlar. Məsələn, qoyun əti çox gözəl, dadlı, faydalı
ətdir, ancaq qara ciyəri xəstə olan adam üçün yox... Xəstənin,
xəstə yeməyi var. Məsələn, şəkərli diabet xəstələrinə qoyun əti,
quyruq yemək olmaz. Əgər ona pis təsir edirsə, bu, o demək deyil
ki, qoyun quyruğu pis qidadır.
Heyvan kəsiləndə onun quyruğunun bir tikəsini isti-isti udmaq
xeyirdir. Ancaq artıq soyusa, bunu çiy yemək ziyandır. Heyvanın
qara ciyərinin bir tikəsini heyvan kəsilən kimi isti-isti udmaq
xeyirdir. Ancaq soyuduqdan sonra çiy yemək ziyandır. Sadəcə,
bunları bilmək və doğru şəkildə etmək lazımdır. İnsanlara yanlış
məlumat verməklə onların düşüncəsini korlayırlar".
(musavat.com)
-
Hadisə16:39
Prospektdə piyadanın səbəb olduğu dəhşətli qəzanın görüntüləri - VİDEO
-
Kriminal14:36
Saatlıda 19 yaşlı oğlan xalasının qızına təcavüz etdi: anası isə... - Şok təfərrüat
-
Sosial13:48
Əhaliyə xəbərdarlıq: noyabrın 8-i axşamdan...
-
İdman13:04
Çempionlar Liqasının kraliçası: Görün nə qədər pərəstişkarı var - FOTOLAR
-
Rəsmi xronika12:10
İlham Əliyev bu yolun açılışını etdi - YENİLƏNDİ
-
Rəsmi xronika11:26
Prezident yeni yolda maşın sürdü - FOTO
-
ABŞ10:42
Yeni prezident, köhnə hesab: ABŞ-ın dövlət borcu görün nə qədər oldu
-
MDB09:48
Rusiya türkləri deportasiya edir: Əvəzində bu ölkədən işçilər cəlb edəcək