Yumşalma zamanı yoluxmaların artması mümkündür - Şahmar Mövsümov
Bizi izləyin

Səhiyyə

Yumşalma zamanı yoluxmaların artması mümkündür - Şahmar Mövsümov

Karantin rejiminin yumşaldılması mərhələli şəkildə həyata keçirilir. Bu yumşalmalar dünya təcrübəsinə uyğundur.

Publika.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib: "Mərhələli şəkildə yumşalmalar riskləri azaldır. Məhz bu səbəbdən addım-addım açılmalara gedəcəyik. Bəli, yumşalmalar zamanı yoluxmaların artması mümkündür. Bizim ən vacib qarşımızda duran məsələ virusun yoluxma sürətinin azaldılmasıdır".

Şahmar Mövsümov bildirib ki, bu gün əsas qayda karantin rejiminin ən sadə tələblərinə riayət etməkdir: "Bu ən vacib məsələdir və hər birimizdən asılıdır. Digər istiqamət isə həmin tələblərə nəzarətin həyata keçirilməsidir. Bunun yükü dövlətin üzərinə düşür və çox ciddi addımlar atılacaq. Bu gün Baş Nazir tərəfindən bununla bağlı iclas keçiriləcək. Başqa diqqət yetirilən məqam isə yoluxmaların erkən aşkarlanması və vaxtında təcrid olunmasıdır. Bu üç istiqamətdən ən önəmlisi və ən çox sürətə təsir edən amil birincidir. Hər birimiz qaydalara riayət etsək, virusun yayılma sürəti azalacaq. Əks halda yenidən bağlanmalara getməli olacağıq".

O qeyd edib ki, təəssüf ki, əksər insanlar bu bağlanmaları başqa istiqamətə yönəldir: "Bəziləri virusun olmadığını, başqa ölkələrdə karantin rejiminin tətbiq olunmadığını deyir. Heç yerdə virusa qalib gəlinməyib. Virus bizimlədir, aramızdadır. Biz karantin rejimi nəticəsində böyük əziyyətlə yoluxmaların azalmasına nail olmuşuq. Ölkə başçısının da qeyd etdiyi kimi, əziyyətlə əldə etdiyimiz bu əziyyəti itirməyək".

Aysel

Oxumağa davam et
Reklam
Reklam

Gündəm