Aprel döyüşlərinin ikinci ilinə həsr olunmuş tədbir keçirildi - FOTO
Bizi izləyin

Sosial

Aprel döyüşlərinin ikinci ilinə həsr olunmuş tədbir keçirildi - FOTO

Bu gün Azərbaycana çoxdan gözlənilən qələbə sevincini gətirərək şəhadətə qovuşan şəhidlərimizin, qazilərimizin iştirak etdiyi şanlı Aprel döyüşlərinin ikinici ilinə həsr olunmuş tədbir keçirilib.

Asan radionun direktoru Emin Musəvinin aparıcısı olduğu tədbir Aprel döyüşlərində şəhid olan əsgərlərimzin ruhunun bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.

Publika.az xəbər verir ki, Aprel şəhidlərinin 2-ci il dönümünə həsr olunan tədbir “Aprel 2016: Şəhid ailələrinə dəstək" İctimai Birliyinin və Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin təşkilati dəstəyi ilə həyata keçirilib.

“Aprel 2016: Şəhid ailələrinə dəstək" İctimai Birliyinin həmsədrləri Aidə Eyvazlı və Sevinc Alızadə öz çıxışlarında yeni yaratdıqları ictimai birliyin fəaliyyət məqsədləri və onun məramı haqqında məlumat verib.

A.Eyvazlı çıxışında bildirib ki, Vətən torpaqları uğrunda şəhid olan bütün Azərbaycan övladlarının tanıdılması, xatirələrinin əbədiləşməsi və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinə çalışmaq birliyin əsas məqsədidir.

“Bu müqəddəs işdə bizim xalqımıza, gənclərimizə dövlətimizin dəstəyinə böyük ehtiyac var. Vətənimizə Qalibiyyət gətirən həmin döyüşçülərin ailələri həmişə dövlətin dəstəyini hiss edirlər. Biz də dövlətimizə dəstək olmaq üçün bu birliyi yaratmışıq ki, qəhrəmanlarımız unudulmasın. Aprel döyüşlərində həlak olan, dövlətimizə baş ucalığı gətirən qəhrəmanlarımızın şücaəti heç vaxt unudulmamalıdır. Onların qəhrəmanlığı tarix kitabları və dərsliklərdə qeyd olunmalıdır. Dərdə boyun əymək olmaz, bütün şəhidlərimiz haqqa qovuşub. Bundan sonra əl-ələ verib ölkə prezidentinə dəstək olmalıyıq, çalışmalıyıq ki, öz əməlimizlə şəhidlərin adına layiq olan vətən quraq. Elə etməliyik ki, onların seçdikləri ömür yolu gənclərə nümunə olsun. Heç kimə sirr deyil ki, Azərbaycan illər boyu təzyiqlərə məruz qalıb. Kənar təsirlərə baxmayaraq, dünyada və siyasi arenada öz sözünü deyən, fikrini diktə edən ölkə ola bilmişik”.

2016-cı ilin “Aprel döyüşləri”ndə böyük hünər, rəşadət göstərərək, şəhidlik zirvəsinə yüksələn Raquf Orucovun həyat yoldaşı Sevinc Alızadə birliyin həmsədr üzvü kimi deyil, şəhid ailəsi kimi çıxış edəcəyini deyib:

“Aprel döyüşlərində həlak olan Vətən oğullarının hamısı ölməz qəhrəmanlardır. Onlar şəhid olsalar da, öz adlarını Azərbaycan xalqının qəhrəman oğulları kimi tarixə yazdılar. Bu hadisələrin ağrı-acısını çəkənlərdən biri də mənim ailəm olub, amma qürur duyuram ki, bu şərəfi yaşamaq bizə nəsib olub. Sözsüz ki, həyat yoldaşımı itirdikdən sonra çətin günlərimiz olub. Lakin qərara gəldim ki, onun həyatda yaşatdığı devizi davam etdirim. O, vətən üçün yaşayan insan idi, əsas amalı vətənini qorumaq idi. Bu eşq uğrunda da şəhid oldu. 26 il xidmətinin sonunda vətən torpağının azadlığı yolunda canını fəda etdi.

“Aprel 2016: Şəhid ailələrinə dəstək" İctimai Birliyinin qarşısında duran əsas missiyalardan biri də odur ki, onların ideyalarını yaşadaq və yeni nəsilə ötürək. İtirdiyimiz igidləri tanıdaq, yaşadaq və təbliğ edək ki, cəsur qəhrəmanlarımız yetişsin”.

Tədbirin gedişatında Natiq Şirinovun “Natiq Ritm Qrupu” səhnəyə gələrək qəhrəmanlığı vəsf edən və ruh yüksəkliyi yaradan musiqilər ifa edib.

Daha sonra Ombudsman Elmira Süleymanova 2016-cı ildə şəhid olan Vətən oğulları və aprel döyüşlərinin mahiyyəti haqqında çıxış edib. O, Yeni yaradılan ictimai birliyin qarşısında duran məsələlərin Vətən üçün, ictimaiyyət üçün nə dərəcədə gərəkli olduğunu vurğulayıb:

“200 ildən çoxdur ki, torpaq uğrunda qurbanlar veririk. Qarabağ müharibəsi isə 30 ildən çoxdur ki, davam edir və biz bu ağrını yaşayırıq. Lakin aprel döyüşləri bizə çoxdan gözlənilən qələbə sevincini yaşatdı. Bizə bu sevinci yaşadan şəhidlərimizi heç zaman yaddan çıxartmamalıyıq, onların xatirəsini uca tutmalıyıq. Bu hadisələr onu göstərdi ki, biz bütün Azərbaycan torpaqlarını geri qaytarmağa qadirik”.

Tünzalə Ağayeva müəllifi olduğu “Şəhidim” mahnısının videoçarxı yayımlandıqdan sonra bildirib ki, bu mahnıda Vətən igidləri haqqında danışmağa və hisslərini ifadə etməyə çalışıb:

“Aprel 2016: Şəhid ailələrinə dəstək" İctimai Birliyinə öz vacib missiyasında uğurlar arzu edirəm. Bizə bu baş ucalığını yaşadan şəhidlərimizin əziz xatirələri daim qəlbimizdə və düşüncələrimizdədir.

Üzümü tuturam, bu tədbirdə iştirak edən ASAN könüllülərə və təşəkkür edirəm. Çünki hər şey könüldən başlayır, könül sevməsə və istəməsə, qəhrəmanlıqdan söhbət gedə bilməz. Və mən də belə əsəri yarada bilməzdim. Sadəcə vətəni sevmək lazımdır, sözdə və bu tribunada yox, həyatda, səhər açılandan yuxuya gedənə qədər, bəlkə yuxuda da. Vətən sevgisini sözlə ifadə etmək mümkün deyil.

İnsanı insan edən onun könlüdür, Allah insanı yaradır, onun içini doldurmaq isə insanın özündən asılıdır. Qəlbimizi vətən sevgisi ilə dolduraq, ulu babalarımız və nənələrimiz də 200 illik tariximiz boyu öz torpağı uğrunda canlarından keçməyə hazır olub. Onların verdiyi fədakarlıq əbəs yerə olmayıb.

Hər kəs öz həyat tərzində və peşəsində vətənə necə faydalı olmağa çalışsa, o ölkə abad və xoşbəxt olar. İnşallah Xocalıya və Şuşaya qədər gedib üç rəngli bayraqlarımızı orada ucaldacayıq. Qalibiyyət ümidi bizdə bir an da olsun, sönmür.

“Şəhidim” mahnısında qəhrəman Mübariz İbrahimov və onun simasında bütün şəhidlərimizi əks etdirmək çox çətindir. Mahnıda və şeirdə xalqın adından ağrı-acısını, eləcə də qalibiyyət sevincini paylaşmaq asan iş deyil. Allahdan böyük lütf idi ki, bu işin öhdəsindən gəldim, mahnı uğurlu alındı. Haqq sözlərimizi və duyğularımızı çatdırmaq üçün musiqi güclü vasitədir. Bir sənət adamı kimi istəmişəm ki, “Şəhidim” əsəri insanlarda ruh yüksəkliyi yaratsın, ən əsası şəhidlərimizin qanı yerdə qalmasın və ruhları daim yaşasın”.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ülvi Mehdiyev öz çıxışında bildirib ki, ASAN Dövlət Agentliyi Azərbaycanın torpaqlarının müdafiəsi uğrunda həlak olan hər bir şəhid ailəsinə qayğı göstərir. Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ülvi Mehdiyev vətənpərvərlik hissinin yüksəldilməsi istiqamətində ASAN Könüllülərinin daimi fəaliyyətini və təşkil olunan layihələri qeyd edib. Bildirib ki, şanlı aprel döyüşləri Azərbaycan əsgərinin qəhrəmanlığını və tarixi qələbəni təcəssüm etdirir.

Azərbaycanın tanınmış hərbi diktoru, hərbi vətənpərvərlik mahnılarının ifaçısı, "Vətənpərvərliyin Təbliğinə Dəstək" İctimai Birliyinin sədri Şəmistan Əlizamanlı “Cənab leytenant” mahnısını ifa etməzdən əvvəl aprel döyüşləri ilə bağlı fikirlərini bölüşüb:

“Aprel döyüşlərində ehtiyatda olan bir qrup zabitlə döyüş bölgəsinə getdik, əsgərlərimizlə görüşdük, döyüşə girmək üçün onlarda milli mübarizə ruhu yüksəlmişdi və düşmənə ağır zərbələr endirirdilər. Bu da onun sübutudur ki, Ali baş komandan əmr verərsə, bir neçə gün içində ordumuz işğal olunmuş torpaqlarımızı azad etməyə hazırdı və buna qadirdir. “Cənab leytenant” mahnısı ilə onların ruhunu salamlayıram”.

Tədbirdə iştirak edən millət vəkili Qənirə Paşayeva vurğulayıb ki, “Aprel 2016: Şəhid ailələrinə dəstək İctimai Birliyi" Azərbaycan prezidenti İlham Əliyevin “Vətən qəhrəmanlarının qəhrəmanlığı unudulmamalıdır, onların adı daima yaşamalıdır” sözlərini yerinə yetirəcək təşkilatdır:

"Bu təşkilat həm də şəhid ailələrinin yanında olacaq, onların övladlarının ataları, dayıları, əmiləri ilə fəxr etməsinə xidmət edən bir ocaq olacaq".

Tədbirdə həmçinin şəhid ailələri adından Zeynəb Bayramova, aprel qazisi polkovnik-leytenant Elşən Qarayev çıxış edib.

Tədbirin sonunda aprel şəhidinin hər birinin ayrı-ayrı portretlərinin əks olunduğu geyimlərdə könüllülər tamaşaçılar arasından çıxaraq, səhnəyə gəlib. Onların hər biri qəhrəmanlarımızın ölməzlik mücəssiməsini təmsil edib.

Eyni zamanda tədbirdə Aprel döyüşlərində həlak olan şəhidlərimizin həyatından bəhs edən, müəllifi Aida Eyvazlı Göytürk olan “Qalibiyyət: şəhidlər və şəhidlər” kitabının 2-ci cildinin təqdimatı baş tutub. Bu kitabda Azərbaycanın şanlı döyüş tarixləri, qəhrəmanları, eləcə də aprel şəhidlərinin hər biri haqqında maraqlı xatirələr yer alıb.

Aytən

Foto: Elnur Muxtarlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm