Naxçıvanda xizək mərkəzi tikilir
Bizi izləyin

Sosial

Naxçıvanda xizək mərkəzi tikilir

Şahbuz rayonunun Ağbulaq kəndi geniş turizm potensialına malikdir. Əlverişli təbii-coğrafi şəraiti burada turizmin bir çox növünün inkişafına imkan verir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 31 yanvar tarixli Sərəncamı ilə təsdiq edilən “2018-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında turizmin inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq Ağbulaqda kənd və dağ-xizək turizminin inkişafı üçün kompleks işlər görülür.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən Publika.az-a bildirilib ki, iyulun 17-də Ağbulaq kəndində Xizək Mərkəzinin təməlatma tədbiri olub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov mərkəzin layihəsinə baxıb.

Məlumat verilib ki, mərkəzdə ümumi uzunluğu 1500, eni isə 30 metr olan dağ-xizək enişi, kanat yolu, xizəksürmə məktəbi, əyləncə və uşaq parkları yaradılacaq, süni qaryaratma sistemləri qurulacaqdır. Mərkəzin əsas infrastrukturu kanat yoludur. Uzunluğu 952 metr olan kanatın başlanğıc və son dayanacaq yeri arasındakı hündürlük fərqi 267 metr olacaqdır. Kanat yolunda hər biri 4 yerlik olmaqla 58 oturacaq quraşdırılacaqdır ki, bu da saatda 1000-dən artıq insana xidmət etməyə imkan verəcəkdir. Əyləncə və uşaq parklarında, eləcə də başlanğıc sahədə 231 metrlik konveyr xətləri yaradılacaqdır. Mərkəzin lazım olan qar örtüyünü təmin etmək üçün 26 sabit və 2 hərəkətli süni qaryaratma sistemi qurulacaqdır. Həmçinin ərazidə turistlərin istirahəti üçün də şərait yaradılacaq, xidmət sahələri istifadəyə veriləcəkdir.

Tikinti işləri dağ-xizək mərkəzlərinin yaradılması sahəsində böyük iş təcrübəsi olan Fransanın “MND” şirkətinin layihəsi əsasında həyata keçiriləcək. Şirkətin mühəndisi Xavier Goya deyib ki, dağ xizəkçiliyinin inkişafı üçün təbii şərait mühüm amildir. Ərazinin relyefi və iqlim xüsusiyyətləri bunun üçün geniş imkanlar açır. Layihələndirmə işləri aparılarkən bu amil əsas götürülüb. Şirkət 35 ildir dünyanın bir çox ölkəsində dağ-xizək mərkəzlərinin yaradılması layihəsini həyata keçirir.

Sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov və Fransanın “MND” şirkətinin mühəndisi Xavier Goya beton qarışığını bünövrəyə tökərək mərkəzin təməlini qoyublar.

Ali Məclisin Sədri tikinti işləri aparılarkən keyfiyyət amilinin əsas götürülməsi və mühəndis-texniki tələblərə əməl edilməsi, təbiətə ziyan vurulmaması və yaşıllıqların qorunması barədə tapşırıqlar verib.

Həmin gün Ali Məclisin Sədri Ağbulaq kəndində turizmin inkişafı sahəsində həyata keçirilən digər tədbirlərlə də maraqlanıb.

Qeyd olunub ki, muxtar respublikanın kənd turizminin tətbiq olunduğu ilk yaşayış məntəqəsi olan Ağbulaqda bu məqsədlə kompleks işlər görülür. Bu ildən etibarən kənddəki bütün evlərin dam örtüyü dəyişdirilir, fasadlar yenilənir, yararsız tikililər sökülür, həyətlərdə abadlıq işləri aparılır və çəpərlənir, lazımi kommunal-məişət şəraiti yaradılır. Yaşayış məntəqəsindən kənarda isə yeni təsərrüfat binaları tikilir. Həyata keçirilən tədbirlər, zəngin təbii turizm ehtiyatları və müasir sosial infrastruktur Ağbulaqda kənd turizminə üstünlük verənlər üçün ideal şərait yaradır.

Ali Məclisin Sədri abadlaşan kənd evlərində olub, sakinlərlə görüşüb.

Ağbulaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Mətləb Məmmədov sakinlər adından minnətdarlıq edərək deyib ki, Ağbulaq kəndi müasir inkişaf dövrünü yaşayır. Kənddə aparılan kompleks quruculuq işləri və yaradılan şərait sakinlər tərəfindən razılıqla qarşılanır. Yaradılan şəraitin nəticəsidir ki, məskunlaşma xeyli artıb. Artıq Ağbulaq turizm kəndidir. Sakinlər öz evlərini turistlərə kirayə verməklə və onları gündəlik qida məhsulları ilə təmin etməklə yaxşı gəlir götürəcəklər. Bütün bunlar kənd əhalisinin rifahının daha da yaxşılaşmasına hesablanıb. Hər bir sakin də çalışır ki, bu işə öz töhfəsini versin.

Ali Məclisin Sədri kənddə aparılan abadlıq işlərinin davam etdirilməsi, yaradılan şəraitdən səmərəli istifadə olunması və payız aylarında iməciliklərin keçirilməsi ilə bağlı tapşırıqlar verib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm