• USD 1,7000 0,00% EUR 1,8883 0,00%
    • GBP 2,2364 0,00% RUB 0,0267 0,00%

Hasilatda şəffaflıq müzakirə edildi – FOTOLAR

Hasilatda şəffaflıq müzakirə edildi – FOTOLAR

“Jurnalist Təşəbbüslərinin Təşviqi” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Hasilat Sənayesində Şəffaflığın artırılmasında sosial şəbəkələrin rolunun təşviq edilməsi” layihəsi çərçivəsində 26 iyul 2018-ci il tarixində “Cümhuriyyət” qəzeti və “Cebhe.info” saytının redaksiyasında növbəti ictimai müzakirəsini keçirib.

Layihə barədə məlumat verən “Jurnalist Təşəbbüslərinin Təşviqi” İctimai Birliyinin sədri Ruslan Xəlilov bildirib ki, “Hasilat Sənayesində Şəffaflığın artırılmasında sosial şəbəkələrin rolunun təşviq edilməsi” layihəsi 4 ay davam edəcək. Layihə çərçivəsində hasilat sənayesi üzrə araşdırma yazılar, müsahibələr hazırlanacaq. Azərbaycan dövlətinin hasilat sənayesndə şəffaflıq sahəsində gördüyü işlər tədqiq olunacaq və ictimaiyyətə çatdırılacaq.

Hazırlanacaq yazılar bir neçə elektron informasiya resursunda dərc ediləcək və sosil şəbəkələrdə paylaşılacaq. Həmçinin Feysbuk və İnstaqram sosial şəbəkəsində HSŞ-la bağlı səhifələr yaradılacaq. Səhifələr moderator tərəfindən idarə olunacaq. Media nümayəndələrinin iştirakı ilə Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiyanın üzvlərilə görüşlər təşkil ediləcək. Mövzu ilə bağlı İnternet televiziyasında debatlar təşkil ediləcək. Layihə müddətində ictimai müzakirələr keçiriləcək. Yekunda isə təkliflər hazırlanacaq və mətbu orqanlarda nəşr olunacaqdır.

R.Xəlilov bildirib ki, "Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü" ideyasını ilk dəfə 2002-ci ildə Yohannesburqda keçirilən Dayanıqlı İnkişaf üzrə sammitdə Böyük Britaniyanın keçmiş baş naziri Toni Bleyer irəli sürüb. Bu təşəbbüsün məqsədi mədən sənayesindən gələn gəlirlərin dayanıqlı inkişafa və yoxsulluğun aradan qaldırılmasına yönəltməkdir. Azərbaycan Birləşmiş Millətlər Təşkilatının “Dövlət Xidmətləri Mükafatı”na və “2009-cu il üzrə Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsü Mükafatı”na layiq görülüb.

Bütün bunlara baxmayaraq, təəssüf ki, Azərbaycana qarşı qərəzli münasibət hasilat sənayesi üzrə beynəlxalq təşkilatlarda da özünü göstərib. Bütün bunlara görə, Azərbaycan Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü Koalisiyasının üzvlüyündən imtina edərək prezidentin 05 aprel 2017-ci il tarixli fərmanı əsasında özünün Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiyasını təsis edib.

“İctimai İştirakçılığın Dəstəklənməsi” İctimai Birliyinin sədri Şaban Nəsirov bildirib ki, neft, qaz və mədən sənayesində fəaliyyət göstərən şirkətlərin dövlətə ödənişləri, dövlət büdcəsinə şirkətlərdən daxilolmalar, hasilat sənayesi ilə bağlı digər aidiyyatı məlumatların açıqlanması əsas prinsiplərdəndir: “Azərbaycan Respublikası Prezidentinin hasilat sənayesində şəffaflığın və hesabatlılığın artırılması ilə bağlı əlavə tədbirlər haqqında Fərmana əsasən ölkənin hasilat sənayesində şəffaflıq və hesabatlılıq standartlarının tətbiqi beynəlxalq prinsiplər əsasında davam etdirilir. Təbii ehtiyatlardan əldə olunan gəlirlərdən qənaətli istifadə yoxsulluğun azaldılmasına və davamlı iqtisadi inkişafa təkanverən mühüm vasitə olması da prinsiplər çərçivəsindədir. Beynəlxalq prinsiplərə görə, şəffаflığın artırılmasına müvafiq müqavilə və qаnunlаrа əməl etməklə nail olunmalıdır”.

İnsan Hüquqları və Maarifçilik İctimai Birliyinin sədr müavini Vilayət Muxtarov hasilat sənayesi üzrə fəaliyyət göstərən şirkətlərin mediaya qapalı olmasından şikayətlənib: “Bu şirkətlər fəaliyyətləri barədə mətbuata çox az məlumat verirlər, jurnalistlərlə əməkdaşlıq etmirlər. Qeyri-neft sektorundakı bir çox şirkətlərdən fərqli olaraq neft şirkətləri piar işlərini yaxşı qurmurlar. Bu isə onların fəaliyyəti barədə ictimaiyyətdə müəyyən söz-söhbətlərin yaranmasına səbəb olur”.

O bildirib ki, QHT-lər, mətbuat neft şirkətlərinə qarşı daha tələbkar olmalı və onları hesabatlılığa məcbur etməlidirlər.

Jurnalist Müşviq Abdulla hasilat sənayesində şəffaflığın təmin edilməsində sosial şəbəkələrin rolu haqqında danışıb. Onun sözlərinə görə, hazırda Azərbaycanda şəffaflıq, gəlirlərin ədalətli bölüşdürülməsi və onlardan səmərəli istifadə sosial medianın diqqət mərkəzindədir: “Şəffaflığın təmin edilməsi üçün ictimai nəzarət olduqca vacibdir. Mətbuatdan fərqli olaraq sosial şəbəkələr daha azaddır. Hər kəs bildiyi məlumatı, rastlaşdığı neqativ halları sosial şəbəkələrdə paylaşır, müzakirə edir. Bu mənada hasilat sənaseyində şəffaflığın təmin edilməsi üçün sosial şəbəkələrim imkanlarından yararlanmaq lazımdır”.

“İnsan Haqları – 2003” İctimai Birliyinin təmsilçisi Rüfət Şıxıyev hasilat sənayesindəki şəffaflıq problemlərindən, şirkətlərin hesabat verməyə həvəsli olmamasından söz açıb.

Tədbir müzakirələrlə davam etdirilib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR