"Dini mərasimlər siyasi çağırışlara, ekstrimist hərəkətlərə zəmin yaratmamalıdır" - PA rəsmisi
Bizi izləyin

Sosial

"Dini mərasimlər siyasi çağırışlara, ekstrimist hərəkətlərə zəmin yaratmamalıdır" - PA rəsmisi

"Azərbaycanda dini mərasimlər ictimai qaydalar və 4 prinsip üzrə aparılmalıdır".

Bunu Publika.az-a Azərbaycan Respublikası Prezidenti Adminstrasiyası Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin aparıcı məsləhətçisi Anar Əlizadə deyib.

O bildirib ki, bu gün bölgələrdə dini mərasimlərin normalar və qaydalar çərçivəsində aparılmasında QMİ-nin gördüyü tədbirlər önəmli nəticələr verib: "Cəmiyyətdə bütün dinlərə tolerant yanaşılır. Yalnız ölkə daxilində keçirilən dini mərasimlər, rituallar müəyyən çərçivəyə salınmalı və dünya ölkələrində olduğu kimi tənzimlənməlidir. Əks təqdirdə, kənara çıxmalar yanlış istiqamətlərə yol aça bilər. Məhz bunların qarşısının alınması üçün yaxşı olar ki, dini mərasimlər 4 prinsip üzrə aparılsın: birinci prinsipə görə, dini mərasim ictimai asayişi pozmamalı, eləcə də heç kim bu mərasimlərdə iştiraka məcbur edilməməlidir. Bu, Azərbaycan Respublikasının Konstitusiyasının 48-ci maddəsi ilə tənzimlənir.

İkinci prinsipə görə, bu mərasimlər dini normalara, xalqın adət ənənələrinə uyğun aparılmalı və mümkün qədər buyrulanlara riayət edilməlidir.

Üçüncü prinsipə görə, əsasən dini mərasimlər siyasi çağırışlara, ekstrimist hərəkətlərə zəmin yaratmamalıdır. Radikalizmə şərait yaratmaq olmaz. Dini mərasimlər dini siyasiləşdirmək üçün alətə çevrilməməlidir.

Dördüncü prinsipə görə, israfçılığa və mövhumata qarşı mümkün qədər mübarizə aparmaq və buna yol verməmək".

PA rəsmisi onu da əlavə edib ki, dini mərasimlər psixoloji təsir gücünə malikdir: "Dini mərasimlər qrup halında kütləvi şəkildə icra olunur. Dini mərasimlər kütlələr üzərində böyük psixoloji təsir qüvvəsinə malikdir. Dini mərasimlər zamanı insanların sosial statusu unudulur, hər təbəqədən insanlar bir-birinə yaxınlaşır. Çünki dini mərasimlər ictimai həyatın ayrılmaz tərkib hissəsini təşkil edir. Etiqadi mənsubiyyətindən asılı olmayaraq dini ayinlərin, mərasimlərin icrasında hər kəs üçün azad və bərabər şərait yaradılıb. Yəni, ölkədə dini etiqad azadlığı tam təmin olunub. Amma bu o demək deyil ki, dini mərasimlərin keçirilməsi zamanı hüquqi qaydalara, ictimai normalara riayət edilməməlidir. Dini mərasimləri yerinə yetirərkən ifrat hərəkətlər, neqativ sosial təzahürlər, mənfi hallar inzibati yollarla deyil, daha çox müntəzəm maarifləndirmə tədbirlərinin həyata keçirilməsi ilə aradan qaldırılmalıdır".

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm