İndiki vəziyyətdə məscidlərin bağlı qalması daha məqsədəuyğundur - İlahiyyatçı
Bizi izləyin

Sosial

İndiki vəziyyətdə məscidlərin bağlı qalması daha məqsədəuyğundur - İlahiyyatçı

Azərbaycan İlahiyyat İnstitutunun Tədris işləri üzrə prorektoru, ilahiyyat üzrə fəlsəfə doktoru, dosent Mübariz Camalov karantin rejiminin yumşaldılmasına baxmayaraq, epidemioloji vəziyyətlə əlaqədar toylar, yas mərasimləri, eləcə də məscidlərin dini ayinlərə bağlı qalmasına münasibət bildirib.

Publika.az xəbər verir ki, ilahiyyatçı bunun tibbi məsələ olduğunu desə də, pandemiya vəziyyətində insanların toplaşmasının dini baxımdan da düzgün olmadığını qeyd edib:

“Peyğəmbərimiz o dövrdə olan pandemiyalarla bağlı “Bir yerdə pandemiya varsa, ora getməyin” deyərək insanlara müraciətlər ünvanlayıb. İnsanların sağlamlığı və səhhətinin qorunması baxımdan bunun vacib olduğunu bildirib.

Əgər səlahiyyətli şəxslər - istər həkimlər, istərsə də siyasi xadimlər məscidlərin bağlı qalmasını uyğun hesab edirlərsə, qaydalara riayət etmək şərtdir. Artıq hamımız gördük ki, bu, nə qədər ciddi bir pandemiyadır. COVID-19-un yayılması nəticəsində dünya demək olar ki, dayandı. İqtisadiyyat, turizm və istehsal sahələrində, o cümlədən uçuşlarda durğunluq yarandı, minlərlə insan virusun qurbanı oldu.

Məscidlər insanların ən sıx toplaşdığı yerlərdən biridir. Odur ki, pandemiyanın yayılmasının qarşısının alınması üçün indiki vəziyyətdə məscidlərin bağlı qalması daha məqsədəuyğundur”.

Ekspertin fikrincə, pandemiya zəifləməyənə qədər yas mərasimlərinin kütləvi şəkildə keçirilməsi də doğru addım deyil:

“Toy, nişan, xüsusilə yas mərasimləri xalqımızın əhəmiyyət verdiyi adət-ənənələrdən biridir. İnsanlar vəfat etmiş yaxınlarını layiqli şəkildə yola salmağı özlərinə borc bilir. Ancaq unutmamalıyıq ki, məscidlərdə olduğu kimi, bu mərasimlərdə də insan sıxlığı yaranır ki, bu da virusun yayılma ehtimalını artırır.

Sərtləşdirilmiş karantin şərtlərinin yumşaldılması o demək deyil ki, yas mərasimlərinin keçirilməsinə icazə verilə bilər. İnsanların ehtiyaclarının qarşılanması və iş yerlərinin açılmasına imkan yaratmaq baxımından əhəmiyyətlidir. Hesab edirəm ki, bu kimi mərasimlərin hələlik təxirə salınması daha doğrudur”.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm