Hətta xasiyyəti belə dəyişən ay - Daim içki içən şəxs Ramazanda oruc tutarsa...
Bizi izləyin

Sosial

Hətta xasiyyəti belə dəyişən ay - Daim içki içən şəxs Ramazanda oruc tutarsa...

Ramazan ayının gəlişi insanları daha çox dinə bağlayır. Sanki insanlar bu ay vasitəsilə günahlarından qurtulmağa, Allaha daha yaxın olmağa çalışırlar. Hətta, dinlə sıx əlaqəsi olmayanlar da bu ayda oruc tutur, Allahdan bağışlanma diləyirlər.

Uzun bir keçmişi olmasına baxmayaraq bugünkü günə qədər bu ayla bağlı insanlara qaranlıq qalan, onlar arasında mübahisə yaradan bir çox suallar meydana gəlir.

Tanınmış ilahiyyatçı Fazil Əhmədli Publika.az-a verdiyi müsahibədə insanları düşündürən bu sualların bir qisminə aydınlıq gətirib:

-Ramazan ayını bu qədər xüsusi və müqəddəs edən nədir?

Əvvəlcə onu deyək ki, Ramazan ayının ərəbcədən tərcüməsi “yandıran” deməkdir. Yəni günahları yandıran.

Hədislərə və tarixi kitablara əsasən deyə bilərik ki, İlahi tərəfindən bizə gəlib çatan bütün kitablar mübarək Ramazan ayında nazil olub. İstər Tövrat, istər İncil, istərsə də Quran. Son kitab olaraq Quranın məhz bu ayda nazil olması aya xüsusi bir önəm vermişdir. Qurani-Kərimdə İslam aylarından yalnız Ramazan ayının adı çəkilir. Bu özü də bu ayın böyük bir fəzilətə malik olmasından xəbər verir. Bu ayın ən böyük özəlliyi ondan ibarətdir ki, digər aylarda Allah günahlardan çəkinməyi vacib buyurmuşdur, ancaq Ramazan ayında halallardan da çəkinməyi vacib buyurub. Yəni günün müəyyən vaxtlarında gün çıxandan gün batana qədər başqa aylarda halal olan şeylər də, insana bu ayda haram buyurulub. İslam maarifinə görə, bəzi hərəkətlər var ki, insan o hərəkətləri təkrarlayan zaman aludəçi olur. Adətlər çox təkrarlananda atıq xasiyyətə çevrilir. Xasiyyətə çevrilmiş bir hərəkəti tərgitmək çox çətindir. Ramazan yeganə aydır ki, bu ayın aurası hətta xasiyyəti belə dəyişir.

-Orucun mənəvi faydaları nələrdir?

-Ramazan ayı insanlar üçün mənəvi qida sayılır. Yəni hər insan bu ayı fərqli formada qarşılayır. Məsələn, evimizə gələn qonağı soyuq bir şəkildə qarşılasaq qalan vaxt ərzində ona nə qədər hörmət göstərsək, səmimi olsaq da, ilk qarşılama onun bizimlə məsafə saxlamağına səbəb olacaq. Ramazan ayından o insanlar mənəvi qida ala bilir ki, onlar bu ilk qarşılanmaya diqqət ayırırlar.

Bu o deməkdir ki, onlar bu ayın hər dəqiqəsinə, saatına dəyər verir. Ramazan bir obyektdir. Bəziləri onun yanından elə belə ötüb keçər, adi günlər kimi ona baxar, bəziləri isə onun hər saniyəsində istifadə edər. Peyğəmbərimiz bir gün Cümə xütbəsində buyurdu ki, qarşıda sizi rəhmətlə dolu bir ay gözləyir. Onun hər saatları, hər dəqiqələri rəhmətdir. Peyğəmbər buyurdu ki, hər kim bu ayda oruc tutsa, həmin şəxsin yuxusu ibadətdir. Bu ayda bütün keçmiş günahlar bağışlanar.

-Namaz qılmayan insan oruc tuta bilərmi?

İslam şəriətinə görə, oruc ayrıca vacibatdır, namaz ayrı vacibatdır. Bütün vaxtlarda oruc tutan şəxs orucluq borcunu yerinə yetirmiş olur. Artıq o, bu barədə sorğulu olmayacaq. Əlbəttə namaz qılsaydı, daha yaxşı olardı. Amma bu o anlama gəlir ki, bir insan namaz qılmasa da, oruc ona vacibdir, yəni ayrıca vacibatdır və orucu qəbuldur.

-Kimlərin orucu qəbul olur? Məsələn, adam var ki, 11 ay içki içir, dinlə məşğul olmur, ancaq Ramazan ayında oruc tutur. Bu nə dərəcədə düzgündür?

-Deyək ki, bir nəfər 11 ay içki içir və yaxud hər hansı bir günah işlər görür və Ramazan ayından bu pis əməllərdən uzaq durur. Bu özü də dinə qarşı böyük hörmətdir. Həzrəti peyğəmbərimizdən soruşublar ki, “bu ayda bizə ən çox məsləhətin nədir?” Peyğəmbər cavab verib ki, haramdan çəkinmək. Ümumiyyətlə, insan birinci növbədə haramdan çəkinməlidir ki, onun namazı da, ibadəti də ona yaraşmış olsun. Əgər insan Ramazan ayında bu günahlardan çəkinir, bu ayın hörmətinə oruc tutursa, bu böyük bir işdir.

-Bildiyimiz kimi, İslamın vacib şərtləri var. Bunların bir neçəsini əməl edib, qalanına əməl etməmək nə dərəcədə düzgündür?

-Müsəlman olan hər kəs İslamın bütün şərtlərini yerinə yetirməlidir. Əgər insan bu vacibatdan bir neçəsini yerinə yetirir və qalanına müəyyən səbəblər üzündən əməl edə bilmirsə, bu, ən azından bağışlanandır. Yəni bu insan bilir ki, bu şərtləri də etməlidir və nə vaxtsa edəcək. Ancaq “bunun bir neçəsini etdim bəsimdir” deməsi düzgün deyil. Daha yaxşı olar ki, insan dürüst olsun. Desin ki, mən İslamın bu şərtlərini yerinə yetirəm, qalanını bacarmıram.

Gülnar Süleymanova

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi” istiqaməti üzrə hazırlanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm