Sosial
Fitrə zəkatının məbləği qalmaqal yaratdı: 10, yoxsa 3 manat?
Aprelin 10-da Azərbaycanda Ramazan bayramının namazı qılınacaq. Bayram namazına qədər isə - öncəki gün və ya öncəki axşam evlərdən fitrə zəkatı çıxarılacaq, ehtiyacı olanlara yardım ediləcək.
İlahiyyatçılar deyirlər ki, oruc tutan və ya tuta bilməyən hər kəs üçün fitrə zəkatı vacibdir. İslam şəriətinə görə, istər varlı olsun, istər yoxsul, istər sağlam olsun, istər xəstə - fitrə zəkatını çıxarmaq hamı üçün savabdır.
Fitrə zəkatı bayramı namazına qədər çıxarılmalıdır, çünki ondan sonra verilən zəkat adi sədəqə sayılır.
Publika.az Yenisabah.az-a istinadən xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsi (QMİ) fitrə zəkatının pulla hesablanmış məbləği barədə açıqlama yayıb. QMİ tövsiyə edib ki, fitrə zəkatını pulla hesablayarkən adambaşına 10 manatdan götürmək məqsədəuyğundur.
“İmkanı olanlar bu məbləğdən daha çox hesablaya bilərlər. Maddi durumunu normallaşdırmış, borcları olmayan, ailəsini dolandıra bilən insanlar mütləq fitrə zəkatı çıxarmalıdır”, - deyə idarə rəsmisi bildirib.
Sosial şəbəkələrdə isə Qafqaz Müsəlmanları İdarəsinin açıqlanması tənqidlərə tuş gəlib.
İnsanlar fitrə zəkatının adambaşına 10 manatdan hesablanmasını çox hesab edirlər. Bu onunla əsaslandırılır ki, hazırda buğdanın 1 kq-ı 80 qəpik - 1 manatdırsa, ya da düyünün 1 kq-ı 3.50 - 6 manatdırsa, QMİ niyə fitrə zəkatının minimum məbləğini 10 manatdan hesablayır?
Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü, İlahiyyat İnstitutunun sabiq rektoru Ceyhun Məmmədov özünün facebook hesabında məsələyə münasibət bildirib.
“Ramazanda xas əməllərdən biri də fitrə zəkatıdır. Dinimizə görə, hər bir müsəlman şəxs fitrə zəkatını verməlidir”, - deyən ilahiyyatçı deputat məbləğə də toxunub.
“Fitrə zəkatının pulla hesablanmış məbləğinə gəldikdə isə imkandan asılı olaraq bu məbləğ adambaşına 3-15 manat arası dəyişə bilər. Bu, bilavasitə fitrə zəkatı verilən ərzağın dəyərindən asılıdır. Əgər siz fitrə zəkatını buğdanın qiyməti ilə hesablasanız, məbləğ daha aşağı, xurma və ya düyü ilə hesablasanız yuxarı olacaq. Çünki hər üç ərzaq növü arasında qiymət fərqi var”.
“Fitrə zəkatı ərzaqla verilməlidir, yoxsa ərzağın dəyərində pul da verilə bilər” məsələsinə gəldikdə, C.Məmmədov deyib ki, bəzi islam alimləri fitrə zəkatının mütləq ərzaqla verilməsinin vacibliyini vurğulayırlar. Müasir dövrün ehtiyaclarını nəzərə alaraq bir sıra islam alimləri isə ərzaq dəyərində pulun verilməsinin mümkünlüyünü bildirirlər.
“Hesab edirəm günümüzün reallıqları nəzər alınaraq fitrə zəkatı pulla da verilə bilər. Fitrə zəkatı verilən insanın nəyə ehtiyacının daha çox olduğunu bildiyimiz halda isə buna uyğun pulla istədiyimiz ərzağı və ya başqa əşyanı ala bilərik”.
İmkanı olan hər bir şəxsin fitrə zəkatını verməsinin vacib buyurulduğunu vurğulayan ilahiyyatçı deputat deyib ki, onu mütləq imkansız insanlara vermək lazımdır:
“Fitrə zəkatının vaxtına gəldikdə Ramazanın sonuncu gününə, ən geci bayram namazına kimi fitrə zəkatı verilməlidir.
Allah bütün oruc və duaları qəbul etsin, dövlətimizi, xalqımızı, Prezidentimizi, birlik və həmrəyliyimizi qorusun, bütün şəhidlərimizə rəhmət eləsin, yaralı qazilərimizə şəfa versin!”.
Xatırladaq ki, bu il Orucluq martın 11-də başlayıb. Aprelin 10-u və 11-i Azərbaycanda Fitr bayramıdır.
-
Magazin209:48
Məşhur reper güllələndi: qatil hadisəni lentə aldı - ANBAAN VİDEO
-
Magazin109:00
Əməkdar artistin nəvəsi ilə MARAQLI VİDEOSU
-
ABŞ08:12
1 dollara satılan Panama kanalı - Tramp onu GERİ QAYTARACAQ
-
Magazin105:45
Bu da Röya Ayxanın "Qızı" - VİDEO
-
Magazin201:41
Məşhur müğənnidən büstqaltersiz dərin dekolteli FOTOLAR
-
Hadisə00:30
Azərbaycanda toy evində KÜTLƏVİ DAVA - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Bu səhvi etsəniz, sevgilinizlə münasibətiniz çətinləşəcək
-
Magazin221 Dekabr 23:12
İş adamı Dubayda görün kiminlə ailə qurdu - FOTO