Qanuna məhəl qoymayan restoranlar: “Təbrik”, “Nağıl Bağ” - Nazirlik hərəkətə keçdi - VİDEO
Bizi izləyin

Sosial

Qanuna məhəl qoymayan restoranlar: “Təbrik”, “Nağıl Bağ” - Nazirlik hərəkətə keçdi - VİDEO

Bakıda əhalinin sayı gündən-günə artır. Əhali artdıqca, restoranların, kafelərin sayın da artır. İnsanlara xidmət baxımından bunun üstün cəhətləri olsa da, təəssüf ki, kababxanaların tüstüsü atmosferin, ətraf mühitin çirklənməsinə, insanların zəhərli hava qəbul etməsinə səbəb olur.

Ötən gün Publika.az-ın əməkdaşının iki fərqli ərazidə lentə aldığı videoda restoranlar tərəfindən ətrafın nə qədər tüstüyə məruz qaldığı aşkar görünür.

Təqdim etdiyimiz videoda söhbət paytaxtın məşhur restoranlardan sayılan “Nağıl Bağ” şadlıq sarayından gedir.

Restoranın bacasından çıxan tüstü, qoxu yaxınlarda yaşayan insanlarda narahatlıq yaradır.

Növbəti videoda isə Xətai rayonu ərazisində yerləşən “Təbrik” şadlıq sarayından havaya qalxan qatı tüstünün ekologiyanı necə çirkləndirdiyinin şahidi oluruq.

Məlum olduğu kimi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi dəfələrlə havanın çirklənməsinə səbəb olan restoran və kafe sahiblərinə ciddi xəbərdarlıq edib. Obyektlərdən çıxan tüstünün zərərsizləşdirilməsi üçün xüsusi avdanlıqların quraşdırılması ilə bağlı tapşırıq verib. Bu qaydalara əməl etməyən şadlıq sarayları, restoranlar və kafelər cərimələnib. Lakin görünən nəticə odur ki, sahibkarlar nə bu xəbərdarlığa məhəl qoyur, nə də cərimədən qorxur.

Maraqlıdır, eklogiyanı çirkləndirən, havaya tüstü yayan şadlıq saraylarının sahibləri nazirliyin bu xəbərdarlığına niyə əməl etmir? Qurumun zəruri bildiyi xüsusi avadanlıqlardan niyə istifadə edilmir?

Mövzu ilə bağlı saytımıza danışan Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəis müavini Xaliq Mirzəyev bildirdi ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidməti və Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi ilə birgə mütəmadi olaraq ölkə ərazisində fəaliyyət göstərən ictimai iaşə obyektlərində və şadlıq saraylarında atmosfer havasının mühafizəsi ilə bağlı monitorinq və ölçmə işləri aparır:

“Cari ilin son bir ayında Bakı, Sumqayıt və Gəncə şəhərlərində fəaliyyət göstərən 90 ictimai iaşə obyektində və şadlıq sarayında atmosfer havasının mühafizəsi ilə bağlı monitorinq və ölçmə işləri aparmışdır. Monitorinqlər nəticəsində 55 ictimai-iaşə obyektində və şadlıq sarayında atmosfer havasına atılan qazların miqdarının yol verilən həddən artıq olduğu aşkar edilmişdir. Aşkar edilmiş faktlarla bağlı akt tərtib edilmiş, 37 icrası məcburi olan müddətli “Məcburi göstəriş” verilmiş, 51 inzibati xəta haqqında protokol tərtib edilərək ictimai iaşə obyektlərinin və şadlıq saraylarının səlahiyyətli nümayəndələri barəsində cərimələr tətbiq edilmişdir.

Müraciətinizdə qeyd etdiyiniz “Nağıl Bağ” və “ Təbrik “ şadlıq saraylarında 13 iyun 2024-cü il tarixdə reyd keçirilmişdir.

13 iyun 2024 cü ildə “Təbrik” şadlıq sarayında fəaliyyət göstərdiyi vaxtda müvafiq qaydada Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin əməkdaşları ilə birgə monitorinq və ölçmələr aparılmış və şadlıq sarayında ətrafa mühitə atılan qazların miqdarı 4.7mq/m3 (norma-5 mq/m3) təşkil edərək ətraf mühit üçün yol verilən hədd daxilində olduğu müəyyən edilmiş və monitorinq aktlaşdırılmışdır.

13 iyun 2024 cü ildə "Nağıl Bağ" şadlıq sarayına monitorinq və ölçmələr üçün baxış keçirilmiş, həmin gün şadlıq sarayı fəaliyyət göstərmədiyinə görə ölçmə işləri aparılmamışdır. Növbəti günlərdə sözügedən şadlıq sarayı fəaliyyət göstərən zaman ölçmə işləri aparılacaqdır”.

Gülnar Süleymanova

Oxumağa davam et
Reklam
Reklam

Gündəm