Obrayen təkliflə gəlir: Bakının əsas tələbi nədir?
Bizi izləyin

Sosial

Obrayen təkliflə gəlir: Bakının əsas tələbi nədir?

Ceyms Obrayenin Bakıya səfəri ABŞ-ın Orta dəhliz üzərindəki planlarının icrası ilə bağlıdır. Vaşinqton ABŞ-da prezident seçkilərindən öncə Bakı və İrəvan arasında sülh sazişinə nail olmaq və Avropadan Mərkəzi Asiyaya uzanan corğafiyada dəhlizi nəzarətə götürmək istəyir.

Publika.az xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında “Teleqraf” Media Qrupunun rəhbəri, politoloq Aynur Camal deyib.

A.Camal ABŞ-ın əsas planının Çinlə strategiya mübarizə olduğunu vurğulayıb:

“Orta dəhliz Çin “Bir kəmər bir yol” layihəsinin tərkib hissəsidir. Zəngəzur dəhlizi də bu layihədə açar nöqtələrdəndir. Əgər Çinin nəzərdə tutduğu layihə həyata keçərsə, bu, ABŞ-ın qlobal gücünə təsir edəcək, ən azı qlobal səviyyədə alternativ güc kimi Pekini önə çıxaracaq. ABŞ Çinin qarşısını almaq üçün Orta dəhlizə nəzarəti ələ almaq niyyətindədir. Buna görə Mərkəzi Asiyadan başlayaraq, Avropaya uzanan coğrafiyada Çinin və Rusiyanın iştirakı olmadan dəhliz açmaq istəyir. Obrayen da bunu açıq şəkildə dilə gətirib. Azərbaycan və Ermənistan arasında qısa müddətdə sülh sazişinin imzalanması ABŞ-a buna görə lazımdır”.

Politoloq qeyd edib ki, ABŞ-ın planında əsas problemli məqam Zəngəzur dəhlizi ilə bağlı yanaşmadır:

“ABŞ Azərbaycandan Naxçıvana gedən yolun dəhliz məntiqi ilə açılmasını qəbul etmir. Belə görünür ki, Vaşinqtonun planında Ermənistanın “sülh qovşağı” layihəsi ön plandadır. Yəni Azərbaycan və Ermənistan arasında sülh sazişi imzalanır, kommunikasiya yol məntiqi ilə açılır və Naxçıvana gedən yol İrəvanın nəzarətində olur. Bu, Azərbaycanın maraqlarına cavab vermir. Qərb əvvəlcə Zəngəzur dəhlizini Rusiyanın burada iştirakına görə qəbul etmədiyini deyirdi, rəsmi Bakı çıxış yolu kimi “Kalininqrad modeli”ni təklif etdi: Naxçıvana gedən yolda “Azərbaycandan Azərbaycana” prinsipi tətbiq edilir, yəni Azərbaycanın yüksləri və azərbaycanlı sərnişinlər gömrük yoxlanışına məruz qalmır, bu yoldan istifadə edən üçüncü ölkələrə gömrük yoxlanışı tətbiq edilir. Bu təklif AB tərəfindən müsbət qarşılanıb, lakin Ermənistan qəbul etmir. İrəvanda ABŞ-ın Azərbaycanı razı salacağına ümid edirlər. Obrayen iyunun 10-da İrəvana üç gün davam edən səfəri zamanı bu planı müzakirə etdi, indi də Bakıya eyni məqsədlə gəlir”.

A.Camalqızının fikrincə, Azərbaycan bu planla razılaşmayacaq:

“Bakının Naxçıvana maneəsiz keçid təklifi qəbul edilməlidir, yalnız bu halda ABŞ-ın istədiyi plan həyata vəsiqə qazana bilər, əks təqdirdə, Azərbaycan heç nə almadan Ermənistanın xeyrinə olacaq sülh sazişini qəbul eyməcək”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm