Elm və təhsil
Bütün Azərbaycan bu ailədən danışır: Ana və üç qızı... - FOTO
Təhsilverənlərin peşəkarlıq səviyyələrinin və peşə yararlılıqlarının yoxlanılması məqsədilə aparılan sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsinin ilk gününə cəlb olunan riyaziyyat fənn müəllimləri yüksək nəticələrlə fərqləniblər.
Cəlilabad rayonundan olan bir ailənin dörd üzvü - ana və üç qızının yüksək bal toplaması “riyaziyyat müəllimləri” kimi tanınan ailənin sorağını bütün respublikaya yayıb. Asya Yusifova və qızları Mehriban Şikarlı, Günel Şikarlı və Aygün Şikarlı sertifikatlaşdırma imtahanında ixtisas fənnindən -riyaziyyatdan 50 bal (+metodika) toplamalarını peşələrinə olan sevgi ilə bərabər, şagirdləri qarşısında məsuliyyət kimi dəyərləndirirlər.
Serifikatlaşdırma imtahanının əhəmiyyəti, tədrisdəki rolu və cəmiyyətdə bu prosesə birmənalı olmayan münasibətlərə aydınlıq gətirmək üçün onlarla əlaqə saxladıq.
Çalışın, sayılıb-seçilən müəllim olun...
Cəlilabad rayon Nizami adına şəhər 1 saylı məktəb-liseyin 62 yaşlı müəllimi Asya Yusifova (58 bal) sertifikatlaşdırma imtahanında könüllü iştirak edib: “Sosial platformalarda “sertifikatlaşdırma imtahanı müəllimlər üçün bir tələdir” yazırdılar. Mən həmişə bunun əleyhinə olmuşam”, - deyə bildirən Asya xanım bu imtahanı müəllimlərin peşəkarlıqlarının artırılmasından ötrü vacib hesab edir: “Qızlarım işə qəbul olan vaxtı MİQ imtahanı yox idi. Onların dərs saatı az olurdu. Bir növ işlərinə qiymət verilmirdi. MİQ imtahanı başlayandan sonra qızım Aygün imtahan verdi və bu, onu fərqləndirdi. Biz şəffaflığa görə sevindik. Əvvəlcə diaqnostik qiymətləndirmə oldu. Qızlarım yüksək bal topladı və dərs saatları artdı. Bu, artıq işə və savada qiymət verilməsi baxımından bizim üçün kifayət idi. Sertifikasiya imtahanına da həvəslə hazırlaşdıq. Məsələnin digər tərəfi - əmək haqqına 35 faiz artımın olması bizdə bir az da stimul yaratdı. İllərlə sinif otaqlarında dərs keçən müəllim kimi sevinirik ki, imtahan nəticələrimiz də yaxşı oldu”. A.Yusifova imtahana könüllü qatılmasını belə izah edir: “Mənim valideynlərim də müəllim olub. Atam həmişə deyərdi ki, yaşından asılı olmayaraq müəllim işləyirsinizsə, çalışın işinizin peşəkarı olun”. A.Yusifova sertifikatlaşdırmadan keçə bilməyən müəllimlərin təcrübəsini uğursuz saymır: “Ola bilsin ki, həyəcan keçiriblər. Çünki işi itirmək qorxusu vardı. Bundan əvvəl ibtidai sinif müəllimlərinin işlərini itirməsi onlarda psixoloji durum yaradıb və bu, onlara emosional təsir edib”.
A.Yusifova özünün və ailə üzvlərinin test imtahanında fərqlənməsini özləri üçün mənəvi üstünlük sayır: “Övladlarım MİQ imtahanından sonra bir daha öz sözlərini dedilər. Aldığımız təbriklər valideyn və müəllim olaraq mənim üçün çox qürurvericidir”.
“60 sualı bir saat ərzində bitirmişdim”
Mehriban Şikarlı (58 bal) 18 ildir Cəlilabad rayon Nizami adına şəhər 1 saylı məktəb-liseydə riyaziyyat müəllimi kimi çalışır. Hesab edir ki, serifikatlaşdırma müəllimin fəaliyyətinə yalnız stimuldur: “Artıq 18 ildir işləyirəm. Dərs bölgüsü müəyyən qaydaya görə aparılırdı. Bu sistemdə müəllimi həvəsləndirən hansısa bir amil yox idi. Diaqnostik qiymətləndirmə keçiriləndən sonra məktəb üzrə 60 mümkün baldan 54 bal topladım. Yaxşı nəticədən sonra həm müəllimin dərs saatı artır, həm də uşaqlar içərisində nüfuzu qalxır. Həm də daha həvəslə işləyirik. Dərs kitabı çərçivəsindən çıxırıq, daha çox öyrənmək istəyirik”. M.Şikarlı deyir ki, metodika istisna olmaqla imtahana xüsusi hazırlaşmayıb: “Hesab edirəm ki, suallar üçün xüsusi hazırlığa ehtiyac yoxdur. Mən 60 sualı bir saat ərzində bitirmişdim. İki sual üzərində tərəddüdlərim və ya həyəcanım olmasaydı, əslində 60 bal toplaya bilərdim. Riyaziyyatdan - ixtisasdan 50 bal toplamışam. Müəllimlərin “çətindir” fikirlərinə rəğmən, deyə bilərəm ki, bizi çətinliyə salan hər hansı nüans yox idi”. M.Şikarova sertifikatlaşdırma ilə bağlı yayılan birmənalı olmayan fikirlərə də münasibətini bildirir: “Müəllimlər arasında “müəllimləri işdən çıxarmaq üçün sertifikatlaşdırma keçirirlər” kimi düzgün olmayan fikirlər formalaşıb. Amma imtahan prosesində müəllimlər üçün hər hansı bir tor qurulmamışdı ki, onlar çaşsın. Fikrimcə, ixtisasını yaxşı bilən bütün müəllimlər o sualları cavablandıra bilərlər. Ola bilsin, hansısa müəllim emosiyalarını cilovlaya bilmir, daha çox həyəcan keçirir, yalnız onda problem meydana çıxar...” M.Şikarlının fikrincə, sertifikatlaşdırmanın nəticəsinə uyğun olaraq əmək haqqında 35 faiz artımın olması da müəllimlər üçün önəmlidir.
“Müəllimin balı yüksəkdirsə...”
Cəlilabad rayon Nizami adına şəhər 1 saylı məktəb-liseydə çalışan Günel Şikarlı (59 bal) hesab edir ki, sertifikatlaşdırma ilk növbədə müəllimlərdə özünə inam hissi yaradır: “16 illik iş stajım var. Dəfələrlə MİQ imtahanında iştirak etmişəm. Amma bu situasiya başqadır: 59 balı görəndə müəllimdə yaranan inam və özgüvən hissi çox fərqlidir. Bu, mənəvi hissdir. Eyni zamanda, 35 faiz əmək haqqının artırılması da maddi baxımdan böyük dəstəkdir. Sertifikatlaşdırmadan keçmək müəllimin şagirdlər, valideynlər və həmkarları arasında, o cümlədən cəmiyyətdə nüfuzunu yüksəldir. Hazırda cəmiyyətdə “müəllimin balı yüksəkdirsə, demək keçdiyi dərs də effektlidir” fikri mövcuddur”.
Maddi və mənəvi dəstək
Cəlilabad rayon 9 saylı orta məktəbdə 7 ildir riyaziyyat fənnini tədris edən Aygün Şikarlı (53 bal) hesab edir ki, sinfə daxil olan, fənnini tədris etməyi bacaran hər bir müəllim verilən sualların öhdəsindən gələ bilər: “Suallar 5-11-ci siniflər riyaziyyat kursunu əhatə edir - asan və orta tərtibatlı idi. Fikrimcə, ixtisasını yaxşı bilən müəllim bu sualları cavablandırmağı bacarmalıdır”. A.Şikarlı hesab edir ki, sertifiaktlaşdırma müəllimin inkişafı üçün müsbət addımdır: “Sertifikatlaşdırmadan yüksək bal toplayanda sinfə daha özgüvənli şəkildə daxil oluruq. Bu, bizi stimullaşdırır. Həmçinin daim öz üzərimizdə işləmək lazım olduğunu diktə edir”. ("Kaspi" qəzeti)
-
Qoroskop01:05
Günün qoroskopu: Yeni il məqsədlərinizə aydın və realistik yanaşın!
-
Nida Xəbər 00:25
Təyyarə ilə bağlı araşdırmanın nəticəsi nə vaxt açıqlanacaq?
-
İdman30 Dekabr 22:49
Makqreqor bloger ilə boks döyüşü keçirəcək: Fantastik məbləğ qazanacaq
-
Kriminal30 Dekabr 22:34
Vəzifəli şəxs Bakı aeroportunda külli miqdarda qızılla tutuldu
-
Sosial30 Dekabr 22:19
Qəzada yaralanan üç nəfər Bakıya gətirildi - Yeniləndi
-
Cənubi Qafqaz30 Dekabr 22:04
Paşinyandan nazirləri qəzəbləndirən qərar: yalnız bir maşın olacaq
-
Rəsmi xronika30 Dekabr 21:25
Prezidentdən Yeni illə bağlı paylaşım - FOTO
-
Magazin230 Dekabr 20:44
Məşhur illüziyaçı vəfat etdi