Azərbaycandan Suriyaya yardım konvoyu yola düşdü
Bizi izləyin

Sosial

Azərbaycandan Suriyaya yardım konvoyu yola düşdü

Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq göstərişinə uyğun olaraq Suriyada humanitar böhrandan əziyyət çəkən insanlara yardım məqsədilə yardım konvoyu yola düşüb.

Publika.az xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə jurnalistlərə açıqlamasında deyib.

XİN rəsmisi bildirib ki, yardım 200 ton qida və ərzaq məhsullarını əhatə edir.

Yardımın Suriyanın İdlib şəhərində ehtiyacı olan insanlara paylanması nəzərdə tutulub.

Ayxan Hacızadə yardımın qarşıdakı zamanda da davam edəcəyini diqqətə çatdırıb.

Xatırladaq ki, Azərbaycan xarici işlər nazirinin müavini Yalçın Rəfiyevin rəhbərlik etdiyi nümayəndə heyəti Suriyayada səfərdədir.

Səfər çərçivəsində 29 dekabr tarixində nazir müavini Yalçın Rəfiyev ilə Suriyanın keçid hökumətinin xarici işlər naziri Əssad Həsən Əş-Şibani arasında görüş keçirilib.

Görüş zamanı Azərbaycan tərəfi Suriya dövlətinin istiqrarı və xalqın rifahı üçün yeni mərhələnin başlaması, habelə xalqın nümayəndələrinin hakimiyyətə gəlməsi münasibətilə Azərbaycan rəhbərliyinin təbriklərini çatdırıb.

Tərəflər Azərbaycan və Suriya arasında uzun müddətdir mövcud olmayan münasibətlərdə əməkdaşlıq və dostluğun hədəfləndiyi yeni səhifənin açılmasında həmfikir olduqlarını qeyd ediblər.

Bu baxımdan, ən qısa zamanda Dəməşqdə Azərbaycan səfirliyinin 12 il sonra yenidən fəaliyyətə başlamasının planlaşdırıldığı qarşı tərəfin diqqətinə çatdırılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm