TƏBİB-dən təyyarə qəzasında xəsarət alanlarla bağlı məlumat
Bizi izləyin

Sosial

TƏBİB-dən təyyarə qəzasında xəsarət alanlarla bağlı məlumat

Azərbaycan təyyarəsinin Qazaxıstanın Aktau şəhərində qəzaya uğraması nəticəsində xəsarət alanlardan doqquzu ambulator müalicə üçün evə yazılıb.

Bu barədə Publika.az-a TƏBİB-dən bildirilib.

Məlumata görə, xəsarət alan şəxslərdən beşinin müalicəsi TƏBİB-in tabeliyindəki Yeni Klinikada davam etdirilir.

"Stasionar müalicə alan xəstələrdən 9 nəfər bu gün kafi vəziyyətdə ambulator müalicə üçün evə yazılıb. Reanimasiya şöbəsində müalicə alan və əvvəllər vəziyyəti ağır stabil olaraq qiymətləndirilən pasiyent stasionar şöbəyə köçürülüb. Hazırda vəziyyəti orta ağırdır.

Müalicəsi davam etdirilən digər şəxslərin vəziyyətləri isə qənaətbəxş olaraq qiymətləndirilir. Hər birinin sağlamlıq durumu həkimlərin nəzarətindədir", - məlumatda qeyd olunub.

Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.

Hər iki pilot da daxil olmaqla 3 ekipaj üzvü həlak olub, iki ekipaj üzvü isə sağ qalıb.

Dekabrın 26-da Azərbaycana 14 yaralı və 4 nəfərin meyiti gətirilib. Dekabrın 29-da isə 3-ü ekipaj üzvü olmaqla 24 nəfərin nəşi ölkəyə gətirilib.

Hadisədən sonra Prezident İlham Əliyevin tapşırığı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədovun rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb.

Eyni zamanda Prezident İlham Əliyev dekabrın 26-sının Azərbaycanda matəm günü elan olunması barədə sərəncam imzalayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm