Cəbrayıl sakini: "Gecə sevincimdən 5 şeir yazmışam"
Bizi izləyin

Sosial

Cəbrayıl sakini: "Gecə sevincimdən 5 şeir yazmışam"

Sevincimdən gecəni də yata bilmədim. Bu gecə beş şeir də yazmışam.

Publika.az xəbər verir ki, bunları Cəbrayıl şəhərinə qayıdan keçmiş məcburi köçkün Elmira Aslanxanlı Turan deyib.

O, yurda qayıdış hissini ifadə etməkdə çətinlik çəkib:

“Cəbrayıla qayıdış sevincimi ifadə edə bilmirəm. Ürəyimdə sanki alov, qığılcım var. İşğaldan azad edilən rayon və kəndlərimizi qarış-qarış gəzmişəm”.

“Cəbrayılı tərk edəndə 38 yaşım vardı. Ömrümün ən enerjili, coşqun vaxtları idi. Mən 4-cü sinifdə oxuyandan şeirlər yazıram. Belə bir insanın yurdunu məcburən tərk etməsi ona necə təsir edə bilər?”, - Cəbrayıl sakini deyib.

Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, yenidən qurulan Cəbrayıl şəhərinə, respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı bu gün Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb. Bu mərhələdə Cəbrayıl şəhərinə 39 ailə - 165 nəfər köçürülüb. Doğma yurda qayıdan Cəbrayıl sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

Hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 30 mindən çox insan yaşayır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm