Sosial
İsgəndərin dövründən bu günə: Azərbaycanda yaşayan qədim xalqın tarixindən maraqlı faktlar - FOTOLAR
“Ethnoglobus.az” saytı “Azərbaycanın multikultural mühitində udilər və Alban kilsəsi” (Udi and Albanian church in multicultural environment of Azerbaijan) başlıqlı məqalə dərc edib.
Publika.az xəbər verir ki, məqalə Azərbaycan Alban-Udi Xristian İcmasının sədri, Bakı Dövlət Universitetinin Mineralogiya, Kristalloqrafiya və Geokimya kafedrasının böyük elmi işçisi Robert Mobili tərəfindən yazılıb.
Məqaləyə əsasən, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra kilsələrarası münasibətlərin daha da möhkəmləndirilməsi, milli və mənəvi dəyərlərin təbliği, tarixən formalaşmış tolerantlıq mühitinin, millətlərarası və dinlərarası dialoqun daha da inkişaf etdirilməsi üçün əlverişli şərait yaradılıb. Buna görə də bu gün Azərbaycan mədəniyyətlərarası məkanın, konfessiyalararası diskursun və dinlərarası dialoqun mərkəzinə çevrilib.

(Udi kilsəsinin həyətində iftar)
Bildirilib ki, həm titul etnik qrupu, həm də 20-dən çox yerli milli azlığı özündə birləşdirən Azərbaycanın vahid çoxmillətli xalqının tərkib hissələrindən biri də udilər, yəni Alban-Udi xristian icmasıdır. Udilər Azərbaycanın avtoxton xalqıdır, Qafqazın ən qədim yerli etnik qruplarından biridir və müasir Azərbaycan xalqının əcdadları sırasına daxildir. Vurğulanıb ki, onlar siyasi, dini və konfessional intriqalara, eləcə də böyük dövlətlər və ya daha güclü qonşular arasındakı rəqabətlərə məruz qalsalar da, hətta öz kilsələrindən məhrum edildikləri halda belə öz milli kimliklərini, dilini, dini inanclarını və mədəni ənənələrini qoruyub saxlamağı bacarıblar.
Müəllifə görə, onların adına qədim mənbələrdə Makedoniyalı İsgəndərlə farslar arasında baş vermiş Qavqamela döyüşünün iştirakçıları sırasında rast gəlinir. Həmçinin, Herodot, Strabon, Ptolemey və digər müəlliflərin əsərlərində udilər haqqında məlumatlar var. Onlar barədə ən geniş məlumat isə Musa Kalankatuklunun “Albanların tarixi” əsərində əksini tapıb.

(Müqəddəs Yelisey Kilsəsinin (Nic) həyətində)
Yazıda 1859-cu ildə Qafqaza səyahəti zamanı etnik mənsubiyyətinə görə udi olan Q. Bejanovla görüşən Aleksandr Dümanın qeydlərinə yer verilib. “Udilərin mənşəyi məlum deyil, onların heç kimin başa düşmədiyi dili heç bir başqa dilə bənzəmir. Onlar özlərini əhatə edən qaranlığın içində itib-batırlar”, - deyə o qeyd edib.
Məqaləyə əsasən, udilərin adına fransız alimi Eduard Düralyenin əsərlərində, ingilis səyyahlarının gündəliklərində, Arutinovun antropoloji tədqiqatlarında, eləcə də A. Yanovskinin qədim Qafqaz Albaniyasına dair təsvirlərində də rast gəlinir.
Müəllif yazıb ki, XIX əsrin son rübünə aid udi əhalisi haqqında məlumatlar Rusiya imperiyasında onların sayının 10-12 min nəfər olduğunu göstərir. Hazırda dünyada udilərin ümumi sayının 10 mindən çox olduğu bildirilir. Onların təxminən 5 mini Azərbaycanda yaşayır. Müəllif qeydlərinə əsasən, ölkəmizdə udilərin əsas yaşayış məskəni Qəbələ rayonunun Nic kəndidir. Onlar Nic kəndinin 7500 nəfərlik əhalisinin yarısını təşkil edirlər. Bununla yanaşı, Oğuzda və Bakıda da udi ailələri mövcuddur. Udilər Rusiyanın cənub bölgələrində, Qazaxıstanda, Gürcüstanda, Ukraynada və Belarus Respublikasında da yaşayırlar. Fransa, İngiltərə, İtaliya, Latviya və ABŞ-ın cənubunda da bir neçə udi ailəsi aşkar edilib.

(Müqəddəs Yelisey (“Çotari”) kilsəsinin açılışı və təqdis olunması, 2006-cı il)
Məqaləyə görə, Qəbələnin Nic kəndi udilərin kompakt yaşadığı əsas məkan olmaqla yanaşı, Azərbaycanda dini və mədəni birgəyaşayışın diqqətçəkən nümunələrindən biridir. Kənddə üç kilsə və iki məscid yerləşir. Burada müxtəlif dini icmaların nümayəndələri əsrlərdir mehriban şəraitdə yaşayırlar. Mobili vurğulayıb ki, udilərin Pasxa və Milad bayramlarında digər dinlərin nümayəndələrinin də bir araya gəlməsi, Novruzun birlikdə qeyd olunması qarşılıqlı hörmət və tolerantlıq ənənələrinin göstəricisidir. Kənd sakinləri qonaqpərvərlik, xalq mərasimləri və qədim inanclarını da qoruyub saxlayıblar.
Yazıda Nicdə görülən işlərə də diqqət çəkilib. Bildirilib ki, kənddə 2018-ci ilin avqustunda “Udi ocağı” Tarixi-Etnoqrafik Parkı və Muzeyi yaradılıb. Burada udilərin məişəti, memarlığı, təsərrüfat həyatı və ənənələri nümayiş etdirilir. Muzeyin ekspozisiyasına XVII əsrin sonlarına aid Qənqalovlar ailəsinin evi, məişət əşyaları və ənənəvi təsərrüfat nümunələri daxildir.
Robert Mobili Prezident İlham Əliyevin 2005 və 2011-ci illərdə Nic kəndinə səfərlərini xüsusilə qeyd edib. O, dövlət başçısının, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, müxtəlif nazirliklərin, qeyri-hökumət təşkilatlarının və vətəndaşların icmanın dini-mədəni irsinin qorunmasına göstərdiyi dəstəyi yüksək qiymətləndirib.

(Nic kəndi. Müqəddəs Yelisey (“Çotari”) kilsəsi)
Vurğulanıb ki, kəndin tarixi-dini abidələrinin qorunması istiqamətində də mühüm işlər görülüb. Müqəddəs Yelisey Alban-Udi kilsəsi - “Çotari” 2006-cı ildə bərpa edilib. Həmçinin Heydər Əliyev Fondunun təşəbbüsü ilə Müqəddəs Məryəm Ana kilsəsinin bərpası həyata keçirilib. Sovet dövründə anbar kimi istifadə edilən və zamanla yararsız vəziyyətə düşən kilsə yenidən qurularaq Alban-Udi xristian icmasının istifadəsinə verilib.
Müəllif onu da vurğulayıb ki, udilərin mədəni irsinin qorunması təhsil də mühüm yer tutur. Nic kəndində fəaliyyət göstərən 2 nömrəli tam orta məktəb 2012-ci ildə Heydər Əliyev Fondunun dəstəyi ilə təmir edilib. Burada udi şagirdlər rus dilində təhsil alır, beşinci sinfə qədər doğma dillərini də öyrənirlər.

(Bərpadan sonra Müqəddəs Məryəm Ana kilsəsinin görünüşü, 11 iyul 2020-ci il)
Mobilliyə görə, bu gün Alban-Udi xristian icmasının əsas məqsədlərindən biri xalqın tarixini, dilini və mədəni irsini araşdırmaq, qorumaq və gələcək nəsillərə çatdırmaqdır. Udilər əsrlər boyu müxtəlif imperiyaların hakimiyyəti altında yaşasalar da, öz etnik kimliklərini qoruyub saxlayıblar.
Müəllif son olaraq qeyd edib ki, udilərin tarixi Azərbaycan xalqının çoxəsrlik etnik və mədəni müxtəlifliyinin mühüm tərkib hissəsidir.
Müəllif: Roza Şəfiyeva
-
Nida Xəbər 13:30Əli Əsədov qərar imzaladı
-
Nida Xəbər 12:27Bu şəxslər hərbi çağırışdan azad ediləcək
-
İdman12:18Dünyanın ən seksual voleybolçusu pərəstişkarlarını bu FOTOLARLA valeh etdi
-
Region11:00Paşinyanın "qızıl nömrə" biznesi: Növbə olacağı gözlənilir
-
Nida Xəbər 10:30Leysan Məmmədov vəzifəsindən azad edildi
-
Ekologiya09:24Günəşdə nəhəng şüa aşkarlandı: Yer üçün təhlükə var?
-
Nida Xəbər 09:00Ombudsman vəzifəsinə bu şəxslərin namizədliyi irəli sürülüb - ADLAR
-
Sağlamlıq08:00Dəri problemlərinin gizli səbəbi aşkarlandı











.jpg)





_(1).jpg)

















.jpg)
.jpg)
