Tbilisidə etiraz aksiyasına canlı zəncirlə yekun vuruldu - YENİLƏNDİ
Bizi izləyin

Cənubi Qafqaz

Tbilisidə etiraz aksiyasına canlı zəncirlə yekun vuruldu - YENİLƏNDİ

Tbilisidə Gürcüstan parlamentinin binası qarşısında keçirilən etiraz aksiyası başa çatıb.

Etirazçılar parlamentin binası ətrafında canlı zəncir yaradaraq, Gürcüstanın dövlət himnini ifa ediblər.

Aksiyaçılar hakim Gürcü Arzusu Partiyasının sədri Bidzina İvanişviliyə məxsus biznes mərkəzə yürüş etməkdən imtina ediblər.

Aksiyanın bu gün saat 19:00-da bərpa olunacağı elan olunub.

***

00:20

Tbilisi şəhərində etiraz aksiyası davam edir.

Parlamentin binası qarşısına daxili işlər naziri Giorgi Qaxarianın büstü gətirilib.

Büstdə nazirin gözü qırmızı sarğı ilə bağlanıb. Qırmızı sarğı etiraz aksiyalarının simvoluna çevrilib. Belə ki, iyunun 20-də Tbilisidə etiraz aksiyasının dağıdılması nəticəsində iki etirazçı gözünü itirib.

G.Qaxrianın gipsdən olan büstünü ictimai fəallar hazırlayıb. Büst ilk dəfə bu ilin mayında parlamentin binası qarşısında qoyulub. Büstdə quraşdırılmış qırmızı düymə basılanda “Üzr istəyirəm” ifadəsi səslənir. Bu cür aksiyanın məqsədi 2018-ci ilin mayında Tbilisinin gecə klublarında polis reydlərinin ildönümünü xatırlatmaq olub.

Etirazçılar aksiyanı saat 00:00-da hakim Gürcü Arzusu Partiyasının sədri Bidzina İvanişviliyə məxsus biznes mərkəzə qədər yürüşlə davam etdirəcəklər.

***

24 iyun 21:32

Gürcüstanın paytaxtı Tbilisidə müxalifətin kütləvi etiraz aksiyası iyunun 24-də yenidən başlayıb.

Publika.az xəbər verir ki, bu gün günorta saatlarında Birinci Respublika Meydanından başlayan yürüş-mitinq Daxili İşlər Nazirliyinin binası qarşısında başa çatıb.

Müxalifət liderləri tələbləri tam yerinə yetirilənədək etiraz aksiyasını davam etdirəcəklərini bildiriblər. Aksiya parlamentin binası qarşısında saat 19:00-da yenidən başlayıb. Mitinqdə yüzlərlə insan iştirak edib.

Təşkilatçıların sözlərinə görə, bu gün də Daxili İşlər naziri Qeorqi Qaxariyanın istefası, iyunun 20-də keçirilmiş aksiyada saxlanılan 300-dən çox insanın azadlığa buraxılması tələb olunacaq.

Təşkilatçılar iğtişaş və qarşıdurmaya bacardıqca yol verməyəcəklərini bildirirlər.

Qeyd edək ki, etiraz aksiyası iyunun 20-də Tbilisidə keçirilən Pravoslav Parlament Assambleyasının iclasında Rusiyadan olan deputatların iştirakına etiraz olaraq başlayıb. Həmin gün gecə polislə aksiya iştirakçıları arasında qarşıdurma yaranıb. Nümayişçilər parlamentin binasını ələ keçirməyə cəhd ediblər. Polis gözyaşardıcı qazdan, rezin güllələrdən və su şırnağından istifadə edərək mitinqi dağıdıb. Qarşıdurma zamanı 80-ni polis, 31-i jurnalist olmaqla, ümumilikdə 240 nəfər yaralanıb, 300-dən çox nümayişçi polis tərəfindən saxlanılıb.

Baş verən hadisələrə görə artıq parlamentin sədri İrakli Kobaxidze istefa verib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm