Paşinyan Azərbaycanın bu tələbi ilə razılaşıb: Ermənistanda hazırlıqlar başladı
Bizi izləyin

Cənubi Qafqaz

Paşinyan Azərbaycanın bu tələbi ilə razılaşıb: Ermənistanda hazırlıqlar başladı

Paşinyan Azərbaycanın bu tələbi ilə razılaşıb: Ermənistanda hazırlıqlar başladı

“Nikol Paşinyan Azərbaycanın Ermənistan Respublikasının Konstitusiyasının dəyişdirilməsi ilə bağlı tələbinə, xüsusən də Müstəqillik Bəyannaməsinə istinaddan imtina edilməsinə razılıq verib”.

Publika.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri məlumat yayıb.

“Bunu Vaşinqton Sazişinin birinci bəndi sübut edir. Rəsmi Bakı yalnız konstitusiya dəyişdirildikdən sonra sülh sazişinin yekun variantını imzalayacaq”, - nəşr qeyd edib.

“Hraparak” yazıb ki, Ermənistanın Konstitusiya İslahatı Şurası uzun fasilədən sonra həftələr öncə iclas keçirib: “Əldə etdiyimiz məlumata görə, bu şura tezliklə yeni konstitusiya yazmaq üçün aktiv iclaslar keçirəcək”.

8 avqust tarixində Vaşinqtonda Azərbaycan, ABŞ və Ermənistan liderləri arasında görüş zamanı iki ölkə arasında sülh sazişinin mətni paraflanıb. Prosesin sürətlə başa çatması üçün isə Ermənistan Konstitusiyası dəyişdirilməlidir.

Prezident İlham Əliyev görüşün ardından mediaya verdiyi müsahibədə prosesin yubadılmamalı olduğunu bildirib: “Şübhə etmirəm ki, Ermənistan konstitusiyası dəyişiləndə, - Ermənistan tərəfi özü bunu bildirir ki, belə dəyişikliklər edilməlidir, - Azərbaycana olan ərazi iddiası oradan çıxarılacaq. Əks təqdirdə, bu, birinci növbədə, Amerika Birləşmiş Ştatlarına hörmətsizlik olacaq. Çünki hər kəs bilir və bizim mövqeyimiz demək olar ki, bütün aparıcı beynəlxalq aktorlar tərəfindən, o cümlədən Amerika Birləşmiş Ştatlarından anlayışla qarşılanır. Çünki sülh sazişi imzalananda hər bir məsələ öz həllini tapmalıdır və bizə qarşı olan əsassız ərazi iddiası oradan çıxarılmalıdır”.

Qeyd edək ki, Ermənistan konstitusiyasında Qarabağın Ermənistana birləşdirilməsi ilə bağlı müddəanın da yer aldığı Müstəqillik Bəyannaməsinə istinad var. Ermənistanda bir neçə dəfə konstitusiya dəyişikliyi olsa da, Qarabağın Ermənistana birləşdirilməsi müddəasının yer aldığı Müstəqillik Bəyannamasinə istinad edilən maddələr dəyişdirilməyib.

Akqabay

Oxumağa davam et
Reklam
Reklam

Gündəm