Tabloid.az
Azərbaycanlı rejissor: “Canavar aktrisanın saçlarını çeynəməyə başladı” – FOTOLAR
Azərbaycanlı rejissorun ekranlaşdırdığı “Nabat” filminin uğuru durmadan artır. Film, demək olar ki, dünyanın əksər nüfuzlu kinofestivallarında iştirak edib, Azərbaycana mükafatlar gətirib.
Filmin rejissoru Elçin Musaoğlu jurnalistlərlə görüşüb, filmin uğurları barədə danışdı. Mətbuat konfransından öncə rejissor Publika.az-a müsahibə də verdi.
Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə 2014-ci ildə C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında istehsal olunan “Nabat” filminin quruluşçu rejissoru Elçin Musaoğlu, ssenari müəllifləri Elxan Nəbiyev və Elçin Musaoğlu, quruluşçu operatoru Əbdülrəhim Bəşərat, quruluşçu rəssamı Şahin Həsənli, prodüseri Müşfiq Hətəmovdur. Ekran əsərində baş rolları Fatimə Motamed Arya, Vidadi Əliyev, Sabir Məmmədov, Fərhad İsrafilov və digərləri canlandırıblar.
- Çox maraqlıdır ki, bir rejissor olaraq səsiniz Azərbaycandan daha çox, xarici ölkələrdən eşidilir. Niyə?
- Həmişə fikirləşirəm ki, bu ölkəyə gərək kənardan baxasan. Bəzən biz bir-birimizi görmürük. Hərdən bu, mənə çox maraqlı gəlir ki, niyə axı biz bir-birimizi görmürük. Bəlkə, bir-birimizi sevmirik, ona görə? Niyə axı özümüzü sevmirik? Hər dəfə kiməsə bənzəməyə çalışırıq. Bir az türkə, bir az rusa, indi də amerikalıya… Məni dəhşətə gətirən budur. Orada heç kim məni Elçin kimi tanımır e, hamı azərbaycanlı kimi tanıyır. Film bu ölkəni təmsil edir. Bir xatirə yadıma düşdü. Gənc vaxtlarımda bir dəfə xaricə getmək istədim. Atam mənə qayıtdı ki, xaricdə səni heç kim Elçin kimi tanımayacaq. Sən orada artıq Azərbaycanın təmsilçisi kimi tanınacaqsan. Bu söz mənim çox xoşuma gəldi və bu gün də yaddaşımdan çıxmır.
- Hər dəfə kinomuzdan söz düşəndə deyirlər ki, biz elə öz qazanımızda bişirik, yəni, dünyaya çıxa bilmirik. Məncə, Siz öz filmlərinizlə bu fikri darmadağın edə bildiniz …
- Əslində, mənim beş il bundan öncə çəkdiyim “40-cı qapı” filmim 46 nüfuzlu kinofestivalda iştirak etdi. Dünya sinemasını istiqamətləndirən üç festival var: bunlardan biri Kann, digərləri isə Venesiya və Berlindir. Karlovı-Varı Festivalı da nüfuzlu E kateqoriyalı festivaldır ki, “40-cı qapı” həmin festivalda iştirak etdi. Film 11 mükafat aldı.
- Mənə çox maraqlıdır, əcnəbi izləyici Azərbaycan filmi ilə bağlı hansı təəssürata malikdir?
- Biz Yaponiyada olanda Azərbaycanın həmin ölkədəki səfiri Gursel müəllim gözəl bir fikir səsləndirdi. Dedi ki, bizim üç ildə görə bilmədiyimiz işləri siz bir həftədə gördünüz. Sonra da qayıtdı ki, bilirsinizmi, gün ərzində nə qədər insan Azərbaycanla maraqlanır?.. Filmi izləyəndən sonra isə altmış yaşlı bir yapon rejissoru mənə yaxınlaşdı və dedi: “Mən bilmirəm, “Nabat”dan sonra necə film çəkə biləcəm. Mən ona məəttəl qalırdım ki, yəni film əcnəbiləri bu qədərmi təsirləndirə bilib.
Biz Almaniyada olanda hər yerdə ancaq “Nabat” adını eşidirdim. Bir həftə ərzində film yeddi dəfə nümayiş olundu. Hər kəs bu filmdən danışırdı.
- Nüfuzlu festivallarda təmsil olunan münsiflər heyəti bəzən bilə-bilə hansısa ölkənin filmini pisləyir, gözdən salır. Bu mənada, problemlər yaşamamısınız ki?
- Təbii ki, siyasi məqamlar, ölkənin nüfuzu, tanınması böyük rol oynayır. Məsələn, Almaniyada jüriyə heç bir təsir qüvvəsini hiss etmədik.
- Deyirlər ki, dünya kino bazarına çıxmaq üçün milliliklə bərabər, bəşəri hissləri də göstərmək lazımdır. Bu balansı necə tənzimləyirsiniz?
- Anadan danışırıqsa, bu, özü elə bəşəridir. Nabat – anadır və o həm də bütün dünyanın anasıdır. Müharibə gedən bütün ölkələrdə ana bu problemləri onsuz da yaşayır.
- Vaxtilə Azərbaycan kinosunda olan ənənəni bu gün Siz də davam etdirirsiniz – filmlərinizə başqa ölkələrdən aktyor, aktrisa dəvət edirsiniz. Bu, nəylə bağlıdır – yerli aktyorlarımıza inamınız yoxdur, yoxsa?..
- Bizdə gözəl aktrisalar var, amma formada deyillər. Bu, idman kimi bir şeydir. Gərək hər gün bu işlə məşğul olasan. Kitab oxumaq kimi bir şeydir. Məsələn, mən hər gün mütləq kitab oxuyuram. Söhbət yalnız fiziki formadan getmir, həm də mənəvi formadan gedir. Aktyor, aktrisa fiziki və mənəvi formasını saxlamağı bacarmalıdır. Başa düşürəm, bizdə çox buna riayət etmək çətindir. Məsələn, baxırsan aktyorlar öz paltarları ilə seriala çəkilirlər. Bu, ağrıdıcı məqamdır.
- Yəni “xala xətrin qalmasın” deyə öz aktrisalarımıza müraciət edə də bilərdiniz, amma bunu etmədiniz?
- Yox, bir neçəsinə müraciət etdim. Bəziləri xəstə olduqlarını dedilər, bəziləri də məni qane etmədi. Məcbur qalıb Tacikistanda, Özbəkistanda, hətta Türkiyədə də aktrisa axtarışına çıxdım. Məlahət Abbasova mənim yaxın dostumdur, onun köməyi ilə Türkiyənin ən tanınmış aktrisalarını bir yerə yığdıq. Bəziləri dedilər ki, hətta pulsuz da çəkilərik, çünki onlar ssenarini oxuyandan sonra filmdə oynamaq istəyirdilər. Amma bəziləri dedilər ki, digər sinemalarla da müqaviləmiz var. Buna görə müxtəlif vaxtlarda Azərbaycanda olmaya bilərlər. Mən razılaşmadım. Dedim ki, mənim aktrisam hər zaman yanımda olmalıdır. Çünki mən istədiyim zaman onu çəkə bilərəm. Axırda qismət elə gətirdi ki, aktrisanı İranda axtarmalı olduq. Çox hazırlıqlı bir aktrisa idi. Hətta dili səlis öyrənmək üçün özünə üç-dörd ay müəllim də tutmuşdu. Baxmayaraq ki, türk ləhcəsində gözəl danışırdı. Təsəvvür edin Şövkət xanım Ələkbərovanın mahnılarını elə gözəl oxuyurdu ki, hamımız valeh olurduq. Hətta mən yanımdakılara deyirdim ki, utanın, görün bir əcnəbi xanım bizim milli musiqiləri necə gözəl bilir. O, bizimlə Təbriz ləhcəsində danışırdı.
- Çəkiliş zamanı əcnəbi aktrisa ilə problemlər, fikir ayrılığı yaşanmadı ki?
- Qətiyyən. Əksinə, o aktrisa ilə çəkiliş etmək mənə çox rahat oldu. Hətta film boyu möcüzələrlə də qarşılaşdıq. İsmayıllının, az qala, il boyu qardan xali olmayan Basqal kəndində oktyabrda qar yağmadı. Bizə də bu lazım idi. Çox maraqlı anlar yaşandı.
- Filmdə canavar da “rol alıb”. Onu haradan gətirmişdiniz?
- Qazaxıstandan. Mən canavarın dalınca sahibinin evinədək getdim. Həyətdə oturub çay içirdik, bir onda gördüm ki, canavar vəhşicəsinə hərəkətlər edərək həyəti dolanır. Sahibi bildirdi ki, o, hələ 3-4 saat sənin iyini götürəcək, ondan sonra sənə yaxınlaşacaq. Amma onu da dedi ki, mən öz əlimlə ona yemək də verməliyəm. Həmin vaxtda da əlim sarıqlı idi, nəsə yaralanmışdı. Fikirləşdim ki, elə bu əlimi canavara yedizdirim. (gülür) Həmin əlimlə canavara toyuq başı verdim. Canavar əlimdən şikarı necə qapıb getdisə, xəbərim olmadı. Biz onu çəkiliş meydançasına - kəndə gətirdik.
- Çəkiliş zamanı təhlükəsizlik tədbirləri görüldümü? Hər halda, söhbət vəhşi canavardan gedir…
- Təbii ki, tədbirlər görüldü. Canavarın bizimlə qaldığı iki həftədən artıq vaxt müddətində kənd camaatı da çox ehtiyatla davrandı.
- Filmdə Nabatın canavarla qarşılaşması səhnəsi var. Bu səhnənin çəkilməsi üçün, daha doğrusu, canavarla aktrisanın doğmalaşması üçün nə qədər vaxt və enerji sərf olundu?
- Canavar kəndə gətiriləndə aktrisa kənardan mahnı oxuya-oxuya ona yaxınlaşdı. Mən dəhşətə gəldim, çünki hələ canavar ona öyrəşməmişdi, belə desəm, iyini almamışdı. Mən aktrisanı ehtiyatlı olmağa çağırdım, qışqırdım ki, neynirsiniz? Amma o, məhəl qoymadı. Canavara yaxınlaşdı və onu əzizləməyə başladı. Energetika deyilən bir şey də var axı. Canavarla aktrisa bir-birlərinə sarılmışdı. Amma bir qədər keçəndən sonra canavar aktrisanın arxadan saçlarını çeynəməyə başladı. Çox qorxduq, həyəcanlı anlar yaşandı. Amma canavarın sahibi dedi ki, qorxmayın, dişi canavarlar qadınların saçlarını oynatmağı xoşlayırlar. Evdə də o beləymiş.
- Azərbaycan filmləri, sizcə, dünya kino bazarına nə vaxt daxil ola biləcək? Nə vaxt bizim filmlər də Avropada satılacaq və gəlir əldə edə biləcəyik?
- Bizim film artıq satılır. Artıq İsveçrədə müqavilə bağlanır və film onlara satılıb.
- Neçəyə?
- Bunu deyə bilməyəcəyəm.
- Bəzən deyirlər ki, dünya kinosuna çıxmaq üçün büdcə çox önəmlidir. Çünki Avropa filmlərinin büdcəsi məlumdur, bir filmə milyonlar xərclənir. Bizdə isə filmlərimizin büdcəsi çox cüzidir…
- Büdcə heç də önəm daşımır. Dünya kino bazarına çıxmaq üçün əsas olan ideyadır. Mən orada bunun şahidi oldum.
Cəvahir Səlimqızı
-
Rəsmi xronika21:25
Prezidentdən Yeni illə bağlı paylaşım - FOTO
-
Magazin220:44
Məşhur illüziyaçı vəfat etdi
-
Ekopublika.az19:10
Azərbaycanda helikopterlər satışa çıxarılır - QİYMƏT
-
Nida Xəbər 18:50
Milli qəhrəmanlardan kimlər sağdır? - Siyahı
-
Kriminal18:40
Azərin şikayəti rədd edildi, Zəhra ev dustaqlığına buraxıldı - Tiktokçulardan xəbər var
-
Sosial16:58
TƏBİB-dən təyyarə qəzasında xəsarət alanlarla bağlı məlumat
-
Cənubi Qafqaz16:10
Ermənistanın keçmiş müdafiə naziri Rusiyada saxlanıldı
-
İKT14:40
Bu proqramları telefonunuzdan dərhal silin: Kredit kartı məlumatlarını oğurlayırlar - SİYAHI