Hollivudu fəth edən çilli, kürən gözəl - FOTOLAR
Bizi izləyin

Tabloid.az

Hollivudu fəth edən çilli, kürən gözəl - FOTOLAR

"Hollivudun tacsız şahzadəsi" adlandırılan Culiana Mur nəhayət bu il "tac"ına qovuşdu. Daha öncə 5 dəfə namizəd göstərildiyi "Oscar" mükafatını bu il almağı bacaran aktrisa karyerasının zirvəsinə yüksəldi.

55 yaşlı, kürən saçlı bu qadın əslində uzun illərdir ki, həm aktrisalıq bacarığı, həm də gözəlliyi ilə kinosevərlərin diqqət mərkəzindədir. Karyerasına başladığı zamandan bu yana onlarla filmə çəkilən və "Emmy" ,"Qızıl qlobus" da daxil olmaqla bir çox nüfuzlu mükafata layiq görülən Culiana Murun şəxsi həyatı da olduqca hərəkətli keçib.

Hakim atasının işi ilə əlaqədar 18 yaşına qədər 23 dəfə ev dəyişdirməyə məcbur olan aktrisa bu köçkün həyatının onun psixologiyasına təsir etdiyini deyib.

Aktrisa uzun müddət bir insana bağlı qala bilmədiyini etiraf edib. Bəlkə də Culiananın 3 dəfə ailə qurmasının səbəbi də bu olub.

Birinci dəfə 22 yaşında 1983-cü ildə Sundar Çakravarti ilə ailə quran aktrisa 1985-ci ildə boşanır.

1 il sonra aktyor və teatr rejissoru Con Quld Rubinə ərə gedir. Bu evlilik daha uzun çəksə də, cütlük 1993-cü ildə boşanmağa qərar verir. Məhkəmə prosesləri uzandığı üçün yalnız 1995-ci ildə rəsmi şəkildə boşana bilirlər.

Aktrisanın üçüncü və sonuncu evliliyi isə 1996-cı ildə, rejissor Bart Freyndlix ilə baş tutub. Culiana özündən 10 yaş kiçik olan Bartla "The Myth of Fingerprints" adlı filmin çəkiliş meydançasında tanış olub. Aktrisanın bu evlilikdən biri qızı, bir oğlu dünyaya gəlib.

Nyu-Yorkda karyerasına başlayarkən rejissorun ona "kürən saçlarına görə, bəzi rollarda oynaya bilməyəcəksən", dediyini xatırlayan Culiana buna baxmayaraq, qısa zaman ərzində elit təbəqə tərəfindən tanınıb və bacarıqlı aktrisa kimi qəbul edilib.

Ev təmizləməkdən zövq aldığını deyən Culiana Mur ev işlərini özünün gördüyünü və köməkçisinin olmadığını deyir. Əlindən hər iş gələn Culiannanın digər bir bacarığı isə uşaq yazarı olmasıdır. Digər Hollivud ulduzlarından fərqli olaraq oxuyub yazmağı çox sevdiyini bildirən ulduz öz uşaqlıq illərinindən bəhs etdiyi "Freckleface Strawberry" adlı silsilə uşaq kitabının yazarıdır. Ən sevdiyi yazıçılar isə Lora İnqlz Uaylder, Luiza Mey Olkott, Perl Back, Edit Uorton və Henri Ceymsdir.

Bu qadın sadəcə ağıllı və bacarıqlı deyil, həm də zövqlüdür. Yaşına baxmayaraq, qatıldığı hər dəvətdə bütün diqqəti üzərində toplaya bilir.

"Ən yaxşı aktrisa" nominasiyasında qalib gələrək "Oscar"ı qazanan Culiananın zövqlü stili gözümdən yayınmadı. Bu dəfə "Onların stili" layihəsində bu gözəl xanım haqqında oxuyacaqsınız.

Müasir və göz qamaşdırıcı tərzi ilə qırmızı xalının ən şıq qadınlarından biri olmağı bacaran Culiana Mur 2009-cu ildən bəri "Tom Ford" brendi ilə əməkdaşlıq edir. Demək olar ki, bütün dəvətlərə onun tərzini ən yaxşı şəkildə əks etdirdiyinə inandığı "Tom Ford"un libasları ilə gəlir.

Həmçinin, "Givenchy", "Alexander McQueen", "Christian Dior" brendlərini də çox bəyənən aktrisa yaxın dostu Karl Laqerfeldin imzasını daşıyan geyimlərdə də özünü rahat hiss edir.

Daha şıq və zərif görünmək üçün qara və ağ ziyafət libasları geyinsə də, Culiana rəngləri sevir. Xüsusilə də qırmızı, sarı və yaşıl onun sevimli rəngləridir.

Maksi donlar geyinməyi xoşlayan aktrisa adətən sinə dekoltesinə üstünlük verir. Tək rəngli, sadə, bəzən də zərif detallarla, xüsusilə də parıltılı muncuqlar, biserlərlə bəzədilmiş libaslar ona çox yaraşır.

Dar, belini vurğulayan, düzgün bədən quruluşunu ortaya çıxaran libaslar onun qarderobunda çoxluq təşkil edir. Qısa geyinmək istədikdə isə midi donlara müraciət edir.

Ən sevdiyi ayaqqabı brendləri "Charlotte Olympia", "Givenchy", "Gianvito Rossi" və təbii ki, bütün xanımların pərəstiş etdiyi "Cristian Loubutin"dir. Ayaq biləyindən bağlanan, zərif ayaqqabıları çox xoşlayır. Ayaqqabısı ilə geyimi arasında rəng uyğunluğuna diqqət edir.

Aktrisa aksessuar seçimlərində də özünəməxsus stilini əks etdirir. Belə ki, geyiminə uyğun olaraq müxtəlif rənglərdəki yarıqiymətli və qiymətli daşlarla bəzədilmiş zinət əşyaları ilə zərifliyini vurğulayır. Ən sevimli zinət əşyaları yaqut, zümrüd, brilyant daşlarla bəzədilənlərdir.

Həm yazar, həm də aktrisalıqla məşğul olan, bir tərəfdən iki uşağın qayğısına qalan və ev işlərini də görən Culiana Murun gündəlik həyatda olduqca şıq görünməsi hər kəsi təəccübləndirir. Şalvar kombinlərinə üstünlük verən aktrisa şıq ayaqqabıları, böyük və dəbli çantaları, günəş eynəyi ilə əsasən ofis stilinə uyğun geyinir. Küçə stilində rahatlıqla şıqlığın vəhdətdə olmasına diqqət edən 55 yaşlı aktrisa pərəstişkarlarını xəyal qırıqlığına uğratmaq istəmədiyi üçün çox nadir hallarda evdən makiyajsız çıxır.

Yaz-yay aylarında səndəl, həsir şlyapadan vaz keçə bilməyən Culiananın gündəlik həyatda pencək və ayaqqabıları "Isabel Marant" imzası daşıyır.

Aktrisa trendləri təqib etsə də, özünə yaraşan tərzdən vaz keçmir. Saçlarının rəngini çox xoşlayan Culiana macəra dalınca düşməyib və saç rəngini olduğu kimi saxlayıb. Culiana Murun saç kəsimi və düzümü də demək olar ki, dəyişmir. Çox vaxt açıq saxladığı saçlarını geyiminə uyğun olaraq bəzən toplayır, bəzən də xəfif dalğalar verir.

Culiana Murun makiyajı zərif və eyni zamanda da diqqətçəkicidir. O, çillərindən utanmayan, hətta çillərin qadına şirinlik qatdığını və onu daha gənc göstərdiyini düşünən qadınlardandır. Bədənindəki çilləri heç vaxt gizlətməsə də, qırmızı xalı üçün edilən peşəkar makiyaj üzündəki çilləri bəzən görünməz edir. Aktrisa kiçik gözlərini kirpiklərinə çəkdiyi tuşla ön plana çıxardır. Boz və qəhvəyi rəngli göz kölgələri çəkməyi xoşlayır. Çox vaxt parıltılı, sayrışan göz kölgələrinə üstünlük verir.

Dodaqlarını isə həmin gün geyindiyi libasına uyğun olaraq ya bej, ya da qırmızı çalarlarda dodaq boyası ilə rəngləndirir.

Jurnallardan birinə verdiyi müsahibədə gözəllik sirlərindən bəhs edən cazibədar aktrisa makiyajını təmizləmədən yuxuya gedə bilmədiyini bildirib:

"Yorğunluqdan ölsəm də, makiyajımı təmizləmədən yatmıram. Qış mövsümündə belə evdən çıxarkən mütləq günəşdən qoruyucu kremimi çəkirəm. Dərinin təmizliyi mənim üçün çox önəmlidir. Əvvəlcə maye təmizləyici ilə üzümü yuyuram, daha sonra krem təmizləyici ilə təkrar üzərindən keçirəm. Dərimin gözəlliyini qorumaq üçün "L’Oreal"ın "Age Perfect Cell Renew" adlı kremindən istifadə edirəm. Səhərlər isə ilk işim "Kiehl’s" markasının "Musk" ətirindən biləklərimə 1 damcı vurmaqdır. Yoxsa, o gün özümü gözəl hiss edə bilmərəm".

Cəsarət tələb edən səhnələrə çəkilən, açıq-saçıq fotosessiyalar etdirməkdən çəkinməyən və gözəlliyi ilə hər kəsi özünə heyran qoyan Culiana Mur bu günə kimi bir çox brendin siması olub. Onlardan ən yaddaqalan isə "Bulgary" markasıdır. Culiana marka üçün yarıçılpaq fotosessiya etdirmiş və bu addımı böyük səs-küyə səbəb olmuşdu.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm