Cazibədarlıqla məsumluğu birləşdirən zövqlü ulduzlar - Fotolar
Bizi izləyin

Tabloid.az

Cazibədarlıqla məsumluğu birləşdirən zövqlü ulduzlar - Fotolar

Çox sözə nə hacət, gəlin birlikdə 2014-ə yenidən nəzər salaq

Bu günə kimi tabloid.az-ın “Onların stili” layihəsində ən dəbli və cazibədar dünya ulduzlarının stilləri ilə sizi tanış etməyə çalışmışam. 2014-cü ilin son günlərini yaşadığımız bu dəqiqələrdə geyimi, stili və gözəlliyi ilə ilin ən çox diqqət çəkən və müzakirələrə səbəb olan gözəllərindən yazmağa qərar verdim.

Çox sözə nə hacət, gəlin birlikdə 2014-ə yenidən nəzər salaq.

Məncə, ilin dəb yekununda təqdim edəcəyim ulduzlar sizi təəccübləndirməyəcəklər. Çünki dediyim kimi, onlar il ərzində cəsarətli seçimləri ilə kifayət qədər danışılıblar. Məqsədim həm gözünüzü, həm dəb zövqünüzü oxşamaqdır. Odur ki, dəbli hesab etdiyim dünya ulduzlarının ən çox səs-küy salan libaslarını toplamışam.

Rihanna

Mənim fikrimcə, şıqlığıyla sözün əsl mənasında bu ilə damğa vuran ulduz Rihanna oldu. Ririnin bütün geyimləri dəb mütəxəssisləri tərəfindən bəyənildi. Nə geyinməsindən asılı olmayaraq, öz stilinə uyğunlaşdıran və detallarla tərzini zənginləşdirən gözəl müğənni xanımlara zərif, eyni zamanda da cəsur olmaq haqda dərs keçdi.

Barbadoslu gözəlçənin ən çox söz-söhbətə səbəb olan stili elə “stil ikonası” adına layiq görüldüyü gecəyə gələrkən etdiyi seçim oldu. Amerika Moda Dizaynerləri Dərnəyinin təşkil etdiyi mükafat gecəsinə Adam Selman imzalı, svarovski daşlarla bəzədilmiş şəffaf libasla gələn Riri bütün dünyada aylarla müzakirə olundu. Gənc müğənni şəffaf geyimi ilə ideal bədən quruluşunu nümayiş etdirdi. Ancaq pop-ulduzun bu qədər çox müzakirə edilməsinin səbəbi açıq-saçıqlığı deyildi. Belə erotik bir geyimdə belə olduqca zərif və məsum görünməsi həm kişilərin, həm də qadınların ağlını başından aldı.

Gözəl ulduzun Nyu-Yorkda təşkil edilən “Met Gala”da geyindiyi "Stella McCartney" imzalı libası Rihannanın stil ikonası olduğunu bir daha sübut etdi. Ağ rəngli, həm göbək, həm də kürək dekolteli geyimdə qu quşunu xatırladan Riri hamının gözünü qamaşdırdı. Dağınıq toppuzu, ideal makiyajı və sadə zinət əşyaları ilə stilini ən yaxşı şəkildə tamamlayan cazibədar müğənni modasevərlərin gözünü oxşadı.

QİÇS (Qazanılmış İmmun Çatışmazlığı Sindromu) Araşdırma Mərkəzi (AMFAR) tərəfindən təşkil edilən xeyriyyə tədbirində də Rihanna geyimi ilə gündəmə gəldi.

Riri “Tom Ford”un qeyri-adi detalları ilə diqqətçəkən ağ rəngli, sinə dekolteli libası ilə seksual obraza bürünmüşdü. Cazibədar ulduz iddialı ayaqqabı modeli, saç və makiyajı ilə geyimini tamamlamışdı.

Sinəsində bənövşəyi rəngli çiçək detalı olan şıq libasını narıncı rəngli dodaq boyası ilə daha da qabardan Riri hər tərzdə öz sözünü deməyi çox yaxşı bacarır.

Onu da qeyd edim ki, Rihanna AMFAR-ın gecəsində təkcə cəsarətli dekoltesi və seksuallığı ilə deyil, həm də xeyriyyəçiliyi ilə diqqət mərkəzində idi. Ulduz həmin gecə 35 min dollara sırğa, 100 min dollara fotoşəkil alaraq QİÇS xəstələri üçün toplanan vəsaitə ümumilikdə 135 min dollar əlavə edib.

Seksual gözəlçənin hər geyimi ilə diqqət mərkəzində olmağı bacardığını əbəs yerə demirəm. Moda aləminin ən önəmli tədbirlərindən biri olan İngilis Moda Mükafatları gecəsinə qatılan Rihanna yalnız pencək geyinərək yenə diqqət çəkməyi bacardı. Bu dəfə də “Stella McCartney” markasına güvənən ulduz istədiyi nəticəni asanlıqla əldə etdi. “Stella McCartney”in pencəyi ilə bantlı stilettoları və dəbdəbəli boyunbağısını kombinə edən Riri makiyajı ilə geyiminin erotikliyini tarazlamışdı. Belə ki, təkcə pencəklə olduqca erotik təsir bağışlayan ulduz üzünü məsum göstərən sadə, amma eyni zamanda da möhtəşəm makiyajı və sadə saç stili ilə dəvətdəki hər kəsi ovsunladı. Seksuallıqla məsumluğu özündə cəmləşdirə bilən 25 yaşlı pop ikona bəlkə də bu balansı qoruya bildiyi üçün hamımızı valeh edir.

Rihanna deyəsən, dünyanın ən şıq və zərif qadını olmağa and içib.

Bu il ilk dəfə Beverli Hillzdə müğənninin özünün təşkilatçılığı ilə “Diamond Ball” adlı xeyriyyə tədbiri keçirildi. Ulduzu dəstəkləmək üçün gecəyə gələn Kim Kardaşyan, Salma Xayek və bir çox başqa məşhurlar təəssüf ki, Ririnin gözəlliyinin kölgəsində qaldılar.

Rihannanın şərab rəngli, şahzadələrə layiq geyimi və bahalı zinət əşyaları yenə səs-küyə səbəb oldu. Məşhur moda evi “Zac Posen”nin zərif və iddialı libasını ən yaxşı şəkildə daşıyan Riri o gecə nağıllardan çıxmış şahzadələrə oxşayırdı. Ririnin sinəsini bəzəyən yaqut qaşlı kolye və əllərinə cazibədarlıq bəxs edən üzük isə möhtəşəm idi. Gözəl ulduzun makiyajı isə həm geyiminə, həm də ilin dəb tendensiyalarına uyğun idi. Zoğalı rəngli dodaq boyası Rihananın iri dodaqlarında mükəmməl görünürdü.

Cennifer Lopez

Dəvətlərdə diqqət mərkəzində olmağı bacaran ulduzlardan biri də Cennifer Lopez oldu. Əslində 2014-cü il Cey Lonun ili oldu desəm, yanılmaram. 45 yaşlı ulduz bu il elə bil yenidən dünyaya gəldi. “Booty” mahnısına çəkdiyi erotik klipdən sonra populyarlığının pik nöqtəsinə yüksələn Cennifer gənc qızları qısqandıran ideal bədən quruluşu ilə insanları həm təəccübləndirir, həm də özünə heyran edir.

Yaşına rəğmən üzündə tək bir qırış belə olmayan gözəlçənin sadəcə seksuallığı deyil, zövqlü və cəsarətli geyimləri də onu gündəmin əsas mövzularından birinə çevirir.

“Mtv video music awards” mükafat gecəsinə Cennifer Lopez damğa vurdu. Həmin gecə üçün günlərlə öncədən hazırlaşan məşhur ulduzlar 45 yaşlı bu xanımın kölgəsində qalmaqdan xilas ola bilmədilər. “Charbel Zoe” brendinin gümüşü rəngli, svarovski daşlarla bəzədilmiş libası ilə göz qamaşdıran Cey Lo həddən artıq dekolteli geyimlə də zərif görünməyin mümkün olduğunu göstərdi. Dünyanın ən gözəl ayaqlarına sahib qadınlarından biri olan Cenniferin dərin yarıqlı bir libas seçməsi heç kəsi təəccübləndirmədi. Ancaq seksual ulduzun sinə və qarın bölgəsini də açıqda qoyan olduqca erotik bir libasda gələcəyini bəlkə də heç kim gözləmirdi. Cenniferin şıq görünməsində “Jimmy Choo” ayaqqabılarının da rolunu vurğulamalıyam. Bu libas başqa ayaqqabı ilə belə möhtəşəm görünə bilməzdi. Çantasında da parıltılı modelə üstünlük verən müğənni başdan ayağa svarovski və biserə bürünərək ətrafa işıq saçdı. O, işıq kimi bəzilərinin gözünü kor etdi, kiminin də halını xarablaşdırdı. Təbii ki, sözün yaxşı mənasında.

Seksuallığı ilə gündəmə gəlməkdən çəkinməyən Cey Lonun ən çox danışılan və səs-küyə səbəb olan geyimlərindən biri də bu qara rəngli iddialı libası oldu. Moda və musiqi dünyasının bir araya gəldiyi “Fashion Rocks 2014” gecəsində cazibədar ulduz yenə dekolteləri ilə diqqət çəkdi. Bruklində təşkil edilən gecəyə “Atelier Versace”nin qara rəngli bol dekolteli libasında gələn Cey Lo itiburun ayaqqabısı, qızılı kvadrat çantası ilə olduqca dəbli görünürdü. Bir ayağını tamamilə açıqda qoyan geyim ulduzun başdan çıxaran stilini vurğulamışdı.

Gözəl ulduz “Paris Couture Week” tədbirində də şıq və özünəməxsus stili ilə diqqət çəkməyi bacardı. Bir tərəfi şalvar, digər tərəfi ətək olan maksi, ağ rəngli libası ilə göz oxşayan müğənni kombinini ən yaxşı şəkildə tamamlamışdı. Yenə “Atelier Versace”dən geyinən ulduz libasın kənarındakı metal detallara uyğun olaraq gümüşü sırğa və qolbaq taxmışdı. Hündürdaban, ağ rəngli ayaqqabılarla boyunu olduğundan daha uzun göstərən cazibədar müğənni sadə - at quyruğu saç stilinə üstünlük vermişdi.

Cennifer “American Music Awards” mərasimində də geyimi ilə gecənin ulduzu oldu. “Ree Acra” brendindən geyindiyi libas ilə qarın əzələlərini və möhtəşəm fiqurasını vurğulayan müğənni biserli ayaqqabı ilə stilini tamamlamışdı. İlin trendlərindən olan islaq saç modelini də özünə yaraşdırmağı bacaran ulduz ideal makiyajı ilə qüsursuz görünürdü.

“People” jurnalının təşkil etdiyi mükafatlandırma mərasimi - “People Magazine Awards”da 45 yaşlı Cey Lo yenə göz qamaşdıran ulduzlar arasında idi. Bu dəfə neytral çalarlara üstünlük verən müğənni parıltılı paltarı və dərin sinə dekoltesi ilə göz qamaşdırdı. “Naeem Khan” moda evinə məxsus libasını “Charlotte Olympia” ayaqqabıları ilə kombinə edən gözəlçə obrazını barmaqlarını dolduran brilyant üzüklərlə vurğulamışdı.

Ancelina Coli

6 uşaq anası, dünyanın ən yaraşıqlı kişisi Bred Pittin həyat yoldaşı Ancelina Coli də şıqlığı ilə bu il özündən bol-bol bəhs etdirib. Əsasən sadə və zərif stili ilə eleqant xanımlara nümunə olan Coli qara rəngə pərəstiş edir. Ona görə də aktrisanın rol aldığı “Maleficent” filminin qala gecəsinə qara rəngli libasla gəlməsi heç kimi təəccübləndirmədi. “Hollywood El Capitan” teatrında baş tutan gecəyə qatılan Coli filmdə canlandırdığı obraza uyğun geyinmişdi. Odur ki, aktrisanı həmişəki obrazından bir az fərqli stildə gördük. “Versace”nin dəri libası və sadə saç modeli ilə həm şıq, həm də dəbli görünən aktrisa həftələrlə dəb gündəmində qaldı.

Aktrisa 86-cı “Oscar” mükafatları gecəsinə isə dəri rəngi ilə harmoniya təşkil edən zərif ziyafət libasıyla gələrək bir daha stil ikonası ləqəbini alın təri ilə qazandığını göstərdi. “Elie Saab” imzalı transparan ziyafət libası aktrisaya çox yaraşıb. Bu geyimin əsas diqqət çəkən detalı isə biserli olmasıdır. Adətən bəzəksiz, naxışsız sadə geyimlərə üstünlük verən Colinin öz tərzindən kənara çıxması belə onun şıqlığına xələl gətirmədi.

Ancelinanın gəlinliyi də uzun müddət dəb jurnallarının və saytlarının gündəm mövzusu oldu. Hollivudun ən xarizmatik aktyoru Bred Pittlə ailə quran cazibədar ulduz gəlinliyini özü hazırlamışdı.

Çoxları onun "Versace" moda evinin gəlinliyini geyinəcəyini düşünsə də, Coli seçimi ilə hamını heyrətləndirdi. Gəlinliyi akrtisanın sifarişi və ideyası ilə dərzi Luici Massi tikib. "Luici ailəmizin bir üzvüdür və belə bir özəl gündə gəlinliyimi başqasına etibar edə bilməzdim" - deyə, Coli bildirmişdi.

Gəlinin fatası üzərində isə övladları Meddoks, Peks, Zahara, Şaylo, Vivyen və Noks çalışıblar. Uşaqların əl işi olan rəngli rəsmlər Colinin gəlinliyini xüsusi edib. Qeyd edim ki, Colinin gəlinliklə çəkilmişl fotolarını "People" jurnalı 2 milyon dollara almışdı.

Ancelina bu il ən çox film nümayişlərində geyindiyi libaslarla yadda qaldı desəm, yalan olmaz. Colinin ən çox bəyənilən kombinlərindən biri də rejissoru olduğu "Sınmaz" (Unbroken) filminin Londonda baş tutan təqdimat mərasimindəki libası olub. Cazibədar ulduz “Ralph & Russo Couture”un ağ rəngli ipək libası ilə əsl şahzadələrə bənzəyib. Stilini bej rəngli ayaqqabı, zərif qırmızı broş, sadə sırğa ilə tamamlayan aktrisa zərifliyi ilə hər kəsi özünə heyran edib. Gözlərini ön plana çıxaran makiyajı isə Colinin gözəlliyini daha da artırıb.

Dünya şöhrətli ulduz eyni filmin Sidneydə baş tutan premiyerasına da olduqca şıq ziyafət libasında gəlmişdi. “Gucci” markasının boz-qara, gipürlü libası ilə olduqca zərif görünən Colinin saç modeli də göz oxşayırdı. Uzun libasın bədəninə yapışması aktrisanın cazibədarlığını daha da artırmışdı.

Sadə makiyajı ilə zərifliyini və gözəlliyini vurğulayan aktrisa bu ilin ən dəbli xanımlarından biri olmağa layiqdir.

Beyons

Dünya şöhrətli müğənni Beyonsu da 2014-cü ilin ən dəbli qadınlarından biri hesab edirəm. Erotik səhnə şouları ilə yanaşı zövqlü geyim tərzi ilə də özünə pərəstişkar toplayan gözəlçə bu il də dəblə ayaqlaşmağı, hətta modanın əsas trendlərini müəyyənləşdirməyi bacarıb.

Cazibədar ulduzun “Met Qala 2014” gecəsinə geyindiyi “Givenchy” brendinin möhtəşəm libası bu il retro stillərin hakimiyyəti ələ keçirəcəyindən xəbər verirdi. Xeyli detalı olan, muncuqlu, yarı-şəffaf libas Beyonsun cazibədarlığını vurğulamışdı. Gözəl ulduzun üzünü örtən qara tül və makiyajını tamamlayan tünd zoğalı rəngli dodaq boyası onun obrazına seksuallıq əlavə etmişdi.

“MTV” musiqi mükafatlarının təqdim edildiyi gecədə də Beyons cəsarətli seçimi ilə yadda qaldı. “Zuhair Murad” libası və “Christian Louboutin” ayaqqabılarıyla cazibədarlığını ön plana çıxaran Beyons bədənə yapışan geyim modelinin ona çox yaraşdığını yaxşı bilir. Demək olar ki, bütün libasları belinin incəliyini və ideal bədən quruluşunu vurğulayacaq şəkildə dizayn edilir. Həmin gecə də bu stilindən vaz keçməyən ulduz gipür və dəri detalları olan libası olduqca iddialı, iri sırğa ilə kombin' etmişdi. Gözəl müğənni dəbdəbəli stili ilə gecəyə damğa vurmuşdu.

Seksual ulduz həmin gecə səhnəyə çıxarkən geyimini dəyişərək çəhrayı rəngli başqa bir libas geyindi. Yan tərəfləri gipürlə bəzədilmiş cəsarət tələb edən yarı-şəffaf libasda Beyons olduqca cazibədar görünürdü. Obrazını iri, brilyant sırğa və üzüklə tamamlayan müğənni göz qamaşdırmağı bacarmışdı.

Dünya ulduzunun bu il ən çox səs-küyə səbəb olan geyimi isə “Grammy Awards” üçün seçdiyi libas oldu. Başdan-ayağa gipür və tüldən ibarət olan geyim seksuallıqla, zərifliyi bütünləşdirmişdi.

Beyons əlavə heç bir aksesuara ehtiyacı olmayan geyimini qısa, dalğalı saç modeli və qırmızı dodaq boyası ilə daha da ön plana çıxartmışdı.

Cazibədar ulduz zövqlü seçimi ilə bu il 34-cü dəfə keçirilən Brit mükafatları gecəsinə də damğa vurdu. Səhnələrin ən cəsarətli ulduzu hesab edilən Beyons o gün dekoltesi ilə deyil, sadəcə zövqü ilə diqqət mərkəzində idi. Biserli, tünd yaşıl libası ilə olduqca xoş görünən müğənninin saç rəngi ilə geyiminin çaları bir-birinə çox yaraşırdı.

Bir sözlə qollarında şəffaf tül olan “Vrettos Vrettakos” geyimi və qulağındakı iri brilyant sırğaları ilə Beyons yenə möhtəşəm görünürdü.

Bu ilin dəb yekunu olduqca maraqlı alındı. Görək gələn il dəb dünyasını hansı gözəllər heyrətə gətirəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm