Təhlil
Tariximizin öyrənilməmiş səhifəsi: Sultanbud kurqanı - TƏHLİL
Onu Sultanbud təpəsi adlandırsaq da, əslində zəngin tariximizin bir parçasını əsrlər boyu sinəsində mərdliklə qoruyub saxlayan kurqandır. O kurqan ki, haqqında dillər əzbəri olmuş onlarca rəvayətlər danışılıb. O kurqan ki, ətrafında Xan qızı Natəvanın daim ziyarət etdiyi oğlu Mir Cabbar ağanın mülkü olub, o kurqan ki, bir çox ciddi və yaddaqalan tarixi hadisələrə şahidlik edib və ən nəhayət, adı “Ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələri”nin siyahısına düşüb.
Xan qızı Natəvanın oğlunun Sultanbuddakı mülkünü dəfələrlə ziyarət etməsi və hər gəlişində qonşu Quzanlı və digər kəndlərdən olan qohumlarıyla birgə fikir mübadiləsi aparması sadaladığımız faktlar sırasında özünəməxsus yeri var. Yeri gəlmişkən, Həmidə xanım Cavanşirin “Xatirələrim” kitabında yer alan bir məqamı xatırlatmaq istərdim. Müəllif yazırdı: “Mən ona Mir Cabbar ağanın evində dayə işləməyə zəmanət verdim”. Burada söhbət Olqa Alekseyevna adlı inqilabçı xanımdan gedir. Bu xanım inqilabdan əvvəl Rusiyanın Qazan şəhərində həbsdən qaçaraq Tiflisə, ordan da Kəhrizli kəndinə pənah gətirir. Və Həmidə xanıma işlə bağlı müraciət edir. O da oz növbəsində zəmanətlə xanımı dayə kimi Mir Cabbar ağa Ağamirovgilə göndərir. Əslində Həmidə xanım Cavanşirin doqquz sözlük cümləsində çox mətləblərə aydınlıq gətirilir. Və onlardan ən əsası həmin ərazinin Xan qızının oğlunun mülkü olmasıyla bağlıdır. Təpənin kəndin səmtində olan sol tərəfində Mir Cabbar ağanın ikimərtəbəli, o dövr üçün dəbdəbəli mülkü Çar Rusiyasının, sonradan isə bolşeviklərin daim diqqət mərkəzində olduğunu da unutmaq olmaz. Şahidlərin sözlərinə görə, çox güman ki, Mir Cabbar ağanın mülkünün təpənin ərazisində deyil, sadəcə ona yaxın yerdə inşa edilməsi də məhz təpənin (kurqanın) maddi-mədəni irs nümunəsi kimi qorunmasına xidmət etməsiylə bağlı olub. Bununla yanaşı Sultanbudun sıx meşəsi həmin illərdə bolşeviklərin Qırmızı ordusuyla mübarizədə əli hər yerdən üzülən mərd oğulların sığındığı ərazi olub. Bu barədə geniş məlumatlar Xan qızının nəvəsi Əbülfət ağa Ağamirovun indiyədək çap olunmayan xatirələrində yer alsa da, kəndimizin ahıllarıyla söhbətimdə bu fikirləri eşitmişdim. Xoş təsadüfdən əldə etdiyim əlyazmaların surətlərini oxuyan zaman Xan qızının qanını daşıyan insanların necə mərd və Vətənini sevən bir insan olduqlarının bir daha şahidi oldum. Unutmaq olmaz ki, Sultanbud təpəsi kurqan olaraq özündə qədim tarixi gizlətmiş olsa da, onun əhatəsində olan saqqız meşəsi onlarla qaçağın, döyüşkən insanların həm də təlim yeri olub. Əbülfət ağanın da yazdığı kimi, həm Tərtər, həm də Bərdə istiqamətində Qızıl Ordu hissələriylə aparılan döyüşlər başlanğıcını məhz Sultanbuddan götürmüşdü. Unutmaq olmaz ki, Yevlax və Bərdədən Ağdama gedən yolun biri də məhz Sultanbuddan keçirdi. Həmin vaxt Xaçın çayının Sofulu kəndi tərəfinə burulan hissəsində olan “Yol evi”nin sonradan Sultanbuda köçürülməsi də ərazinin strateji baxımından çəkisinin artmasıyla bağlı olub. Sofulu kəndi isə hazırda Quzanlı qəsəbəsi ərazisində vaxtı ilə mövcud olmuş kolxoz fermasının yerində olub. Kifayət qədər böyük kənd olan Sofulu sonradan hansısa səbəbdən ləğv edilib, əhalinin qalan hissəsi isə Quzanlıya köçürüb. Əldə etdiyim ən maraqlı faktlardan biri də Sultanbudun saqqız meşəsinin aqibəti ilə bağlıdır. Saqqız ağacı təbiətin nadir nüsxəsidir, adı “Qırmızı Kitaba” salınıb. 1930-cu ildə saqqız meşəsinin mühafizəsini təmin etmək məqsədi ilə onun “Qoruq” elan edilməsi barədə qərar çıxıb. Ancaq təəssüf ki, bu qərarın icrası qeyri-müəyyən səbəblərdən kağız üzərində qaldı. 1982-ci ildə Azərbaycan SSR Nazirlər Sovetinin Qərarına əsasən Sultanbud meşəsi ərazisində xususi qorunan mesə sahəsi yaradılıb. Həqiqətən meşənin mühafizəsinin təşkili, habelə yeni meşə zolağının salınması əslində vacib addım sayılmalısdır. Yəni, Sultanbud saqqız meşəsinin qorunması müvafiq qurumların əsas vəzifəsi olmalıdır. Qayıdaq Sultanbud kurqanına. Bu yaxınlarda Sultanbud təpəsini bir daha ziyarət etdim. Təpədə əsaslı tikinti işlərinə start verilib. Təpənin yuxarı başındakı Bayraq meydanına bitişik dəmir-beton konstruksiyadan yeni abidə yaradılır. Kənd sakinləri ilə söhbətdən öyrəndim ki, kurqanda aparılan tikinti işlərinin əsas məqsədi burada böyük həcmli “Dəmir yumruq” abidəsinin ucaldılmasıdır. Fəqət kənd sakinləri qədim zamanlarda əl gücünə salınan kurqanda tikinti işlərinin aparılmasının təpəyə ciddi ziyan vuracağından ehtiyatlanırlar. Əslində ehtiyatlanmağa səbəb də var. Çünki inşa edilən ərazidə çökmələr indidən hiss edilməkdə idi. Vaxtı ilə yüngül konstruksiyada inşa edilən Bayraq meydanının məhz bu təpədə quraşdırılmasına daxilən etiraz etsəm də, razılaşmışdım və bu bayrağın tezliklə doğma Qarabağımızın bütün guşələrində dalğalanacağına inanırdım və qəti əmin idim. Amma bu gün hələ tam tədqiq edilməmiş bir təpədə, əslində kurqanın üzərində ağır həcmli abidənin ucaldılması məntiqə uyğundurmu? Layihə müəliffləri bunu necə izah edəcəklər, mənə maraqlıdır. Əslində isə təklif edərdim ki, “Dəmir Yumruq” abidəsi Xaçın çayın Qərvənd istiqamətindəki körpünün yanında, müharibədə bizim sonuncu postumuz olmuş ərazidə qoyulsun. Nəzərə alaq ki, Bərdə-Ağdam mağistral avtomobil yolu və dəmiryol xətti məhz həmin ərazidən keçir. Ağdama və ümumilikdə Qarabağa da giriş məhz həmin ərazidən keçdiyini də unutmamalıyıq. Həmin ərazi hazırda ermənilərin məskunlaşdığı kəndlərdən yaxşı görünür və bu onlara həm də təkrar dərs olardı. Sonda onu da xatırladım ki, Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələri”nin siyahısının 2 nömrəli əlavəsində Sultanbud kurqanı 701 nömrədə qeyd edilməklə tunc dövrünə aid kurqan kimi qeydiyyata alınıb. Belə olan halda niyə müavfiq orqanların gözü qarşısında belə addım atılır, başa düşülən deyil? Sadəcə bu abidənin niyə məhz kurqanın üzərində inşası təklifini irəli sürənın fikrini başa düşmürəm. Bəlkə ideya müəllifinin, layihəni hazırlayanlarının bu qərardan xəbərləri yoxdur. Buna inanmasam da, əgər xəbərləri yox idisə, artıq xatırlatdıq. Məqsədimiz Azərbaycanın maddi-mədəni irs nümunələrinin qorumasına və onu gələcək nəslə olduğu kimi çatdırılmasına çalışmaqdır. Düşünürük ki, bir çox tarixi hadisələrə şahidlik etmiş Sultanbud təpəsinin və ətrafındakı saqqız meşəsinin buna haqqı çatır.
Qaldırdığımız məsələ barədə mərkəzi və yerli icra orqanlarının rəhbərlərinin, xüsusən də Mədəniyyət Nazirliyi, Ekologiya və Təbii Sərəvtlər Nazirliyi, habelə Ağdam Rayon İcra Hakimiyyətinin ölkə başçısı cənab İlham Əliyevin sərt reaksiyasını gözləmədən maddi-mədəni irsimizə edilən təcavüzün qarşısını alacağına, tikinti işlərinə son qoymaqla yanaşı onu əvvəlki vəziyyətinə qaytarmaq barədə gec də olsa düşünəcəklərinə ümid edirik. Ən əsası Sultanbud ərazisindəki həm kurqanın, həm də meşənin bu günkü real vəziyyətini öyrənmək üçün Mədəniyyət, Ekologiya və təbii sərvətlər nazirliklərinin, eləcə də Ağdam RİH-in iştirakıyla komissiya yaradılmalı, mövcud vəziyyətə həm qiymət verilməli, həm vəziyyətdən çıxış yolları müəyyən edilməli, həm də maddi-mədəni irsimizə təcavüz edənlərin Qanun qarşısında cavab vermələri üçün addımlar atmalıdırlar.
Vüqar Tofiqli
-
İdman09:48
Azərbaycanlı hakimlər Çempionlar Liqasına təyinat aldılar - FOTO
-
MDB08:48
Üç yaşlı uşaq 101 maqnit topu uddu - VİDEO
-
Ekologiya07:17
Yağış yağacaq, şimşək çaxacaq - PROQNOZ
-
Region06:16
Rus kişi İstanbul metrosunda elə foto çəkdi ki...
-
Magazin205:15
Partidən sonra sərxoş halda yaxalandı - FOTO/VİDEO
-
MDB04:44
Qazaxıstanda YENİ VİZA - Turistlərdən nələr tələb ediləcək?
-
Sosial01:41
Mağazadan üç toyuq aldı, yarım kilosu buz çıxdı - ŞİKAYƏT / VİDEO
-
Region00:36
İranda məcburi hicaba etiraz edən tələbə qız SOYUNDU - VİDEO