Təhlil
Ərdoğanın verdiyi şad xəbərin detalları: Türkiyə diktə edən ölkə olacaq
Xəbər verdiyimiz kimi, Türkiyə Qara dənizdə ehtiyatı 58 milyard kubmetr olan yeni qaz yatağı aşkarlayıb. Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan məlumat verib. “Bizim qazma gəmimiz “Fatih” suyun altında 3230 metr dərinlikdə 58 milyard kubmetr təbii qaz ehtiyatı aşkar edib”, - Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra xalqa müraciətində deyib.
Türkiyə Prezidenti ümumilikdə qaz ehtiyatlarının 710 milyard kubmetr təşkil etdiyini və 1 trilyon dollar dəyərində olduğunu vurğulayıb. O, 2023-cü ildə Aralıq dənizində daha iki kəşfiyyat-axtarış işləri aparılacağını elan edib. Bu, kifayət qədər böyük həcmdə təbii qaz ehtiyatıdır və Türkiyə üçün xüsusi önəm daşıyır.
Bu, Türkiyənin qaz bazarındakı yerini və rolunu necə dəyişəcək? Həmçinin, Ankaranın böyük həcmdə qaz emal etməsi dünya qaz bazarına necə təsir edə bilər?
Mövzu ilə bağlı Publika.az-a danışan enerji məsələləri üzrə ekspert Zəfər Vəliyev hesab edir ki, hazırda həm enerji böhranı ərəfəsində, eyni zamanda Ukrayna ətrafında baş verən hadisələrdən sonra dünya dövlətlərinin qarşısında duran ən mühüm məsələlərdən biri ölkələrin enerji müstəqilliyini və təhlükəsizliyini təmin etməkdir.
Ekspertin sözlərinə görə, Türkiyənin, yeni karbohidrogen ehtiyatlarının aşkarlaması ilk olaraq ölkənin enerji təhlükəsizliyinin təmin olunmasında əsas rol oynayacaq:
“Digər tərəfdən, Türkiyə bölgədə ödəmə qabiliyyətli təbii qaza, digər karbohidrogen yanacaqlarına tələbatı ildən-ilə artan dövlətlərdən biridir. Eyni zamanda, Türkiyə, həm də ödəniş qabiliyyətli bir bazardır. Bu ölkənin hazırda təbii qaza olan ehtiyacı 60 milyard kubmetrdən yuxarıdır. Bura həm sənaye, həm də əhali qrupu daxildir. Bu, Türkiyənin malik olduğu tam tələbat deyil. Ölkə ərazisinin müəyyən bir hissəsi tam qazlaşdırılmayıb. Bu, əsasən Şərqi Anadoluya aiddir. Gələcəkdə ölkənin bütün iqtisadi rayonları tam qazlaşdırılarsa, təbii ki, Türkiyənin təbii qaza olan tələbatı indiki göstəricilərdən bir neçə dəfə çox olacaq. Bu baxımdan, Türkiyənin özünün enerji ehtiyatlarına malik olması, ölkənin enerji təhlükəsizliyinin və enerji müstəqilliyinin təmin olunmasında əsas rol oynayacaq”.
Z.Vəliyev xatırladıb ki, Türkiyə hazırda bir neçə mənbələrdən təbii qaz idxal edir: “Rusiyadan, Azərbaycandan və İrandan təbii qaz, eyni zamanda ölkənin aktivində olan LNG terminalları (mayeləşdirilmiş təbii qaz terminalları – red.) müxtəlif mənbələrdən – Əlcəzairdən, Qətərdən və digər dövlətlərdən maye qaz idxal edir”.
Qeyd edək ki, Boru Kəmərləri və Benzin Daşınması AŞ-ın (BOTAŞ) məlumatlarına görə, Türkiyənin 2020-ci ildə təbii qaz istehlakı 48 milyard 300 milyon kubmetr olduğu halda, 2021-ci ildə təxminən 23 faiz artımla 61 milyard 601 milyon kubmetrə çatıb.
BOTAŞ-ın məlumatına görə, Türkiyənin sutkada Azərbaycandan 19,1 milyon kubmetr, TANAP-dan 17,3 milyon kubmetr, İrandan 28,5 milyon kubmetr, “Mavi axın”-dan (Rusiya) 47,3 milyon kubmetr və “Türk axını”ndan (Rusiya) 46,9 milyon kubmetr qaz nəql etmək gücü var.
Z.Vəliyev hesab edir ki, ölkədə yeni qaz yataqlarının aşkarlanması qarşıdakı illərdə qaz alqı-satqı müqavilələrində Türkiyənin əlini bir az da gücləndirəcək.
Ekspertin sözlərinə görə, Türkiyə bir çox hallarda, xüsusilə də qiymət siyasətində, müqavilə şərtlərində diktə edən tərəfə çevrilə bilər.
Xatırlatma: Rusiya Prezidenti Vladimir Putin qaz qovşağı ilə bağlı açıqlamasında deyib ki, Türkiyənin təbii qaz infrastrukturu mühüm potensiala malikdir. Onun sözlərinı görə, qarşıdakı illərdə Rusiya qaz tranzit mərkəzi yaratmağı planlaşdırır. Elektron platforma bir neçə ay ərzində həyata keçirilə bilər. Putin bəyan edib ki, avropalı istehlakçılar üçün təbii qazın qiyməti böyük ölçüdə mərkəzdə - Türkiyədə müəyyən olunacaq.
Müsahibimiz onu da qeyd edib ki, Türkiyənin təbii qaz ehtiyatlarına malik olması indiki enerji böhranında digər region ölkələrinin təbii qaz həcmləri ilə təmin edilməsinə rəvac verəcək:
“Əsasən də enerji sahəsində kifayət qədər problem yaşayan Balkan ölkələrini - Bolqarıstanı, eyni zamanda Yunanıstanı və bir neçə dövləti bura aid etmək olar. Türkiyəyə bir neçə mənbədən daxil olan qaz həcmlərinin bir hissəsi həmin ölkələrə Cənub Qaz Dəhlizi vasitəsilə yönəldilə bilər. Bu, regionun enerji təhlükəsizliyinin təmin edilməsində əsas rol oynayan amillərdən birinə çevrilə bilər”.
Akqabay Mıradov
-
Sosial17:41
Bakıda yanğına görə bu yol bağlandı
-
Sosial17:02
Təyyarədə qəzadan öncəki dəhşətli görüntülər: Kəlmeyi-şəhadət deyir - VİDEO
-
Sosial16:35
Matəm günündə dərs olacaq? - RƏSMİ
-
Hadisə16:03
Təyyarədə olanlardan 10 nəfəri bu rayondandır - SİYAHI
-
Hadisə15:35
Təyyarənin qəzaya uğradığı yeri çəkən bloger saxlanıldı - Bu görüntülərə görə
-
Hadisə14:58
Aktauya düşən təyyarənin salonundan görüntülər yayıldı - VİDEO
-
Rəsmi xronika14:24
İlham Əliyevin təyyarəsi Bakıya eniş etdi
-
Sosial14:02
Təyyarə qəzasında sağ qalanların sayı artdı - Ən son məlumat