Yazarlar
Qənaət rejimi. Niyə də yox?
Yaxın dostlarımdan biri okeanın o üzündə yaşayır, biri Bosfor sahillərində. Və biz hərdən - 2-3 aydan bir skaypla bir yerə yığışıb söhbətləşirik, keçən günləri xatırlayıb gələcəyə planlar qururuq. Həyat hərəni bir tərəfə atsa da, o qədər ortaq məqam var ki, bu skayp görüşmələri bəzən bir-iki saat davam edir, həm də haylı-küylü yeyib-içmək məclislərindən qat-qat maraqlı və dəyərli olur.
***
Nənə yanında böyüyən qızlar bir qayda olaraq ev işləri görməyə çox da həvəs göstərməzlər. Çünki gözlərini açandan nənə fırfıra kimi başlarına dolanar, evin hər işini nənə sahmanlayar, mətbəxdə də çömçə, heç şübhəsiz, onun əlində olar. Hünərin var, nənənin çömçəsinə sahib dur. Bu üzdən qızımın meyl etdiyi ev işləri analoqu olmayan dadlı təamlar bişirmək, yeməyin də ən orijinalını yapmaqdı. Adi yeməyi nənəm də bişirər.
***
Amerikaya köçən dostum Nyu-York sakinidi.
Deyir, uzaq Amerikada urbanizasiya elə sürətlə gedir ki, insanlar
tam sənaye və əyləncə mühitində yaşayırlar - iri dəmir-beton-şüşə
konstruksiyalı göydələnlər şəhər adamlarının içində bir təbiət
istəyi yaradır. Danışır ki, qonşusu 20-30 mərtəbəli binanın damında
əməlli-başlı bağça salıb. Skaypı, yəni planşeti qoltuğuna vurub
qalxır evin damına. Göz şahidiyəm - damda nələr var, nələr.
Gül-çiçəkdən tutmuş göy-göyərti, pomidor, bibər, başqa tərəvəz,
hətta cırtdan ağaclar belə yetişir. Ərazisi bir dam boyda,
səliqə-sahmanı - necə lazımdı. Deyir, yaxınlıqdakı kafelər tərəvəzi
həmin xanımdan alırlar. Niyə? Demə, mağazalara gələn tərəvəz
tarladan gəlir deyə, istehsalçı onun kəmiyyətinə daha çox fikir
verir. Bu həvəskar bağbanı düşündürənsə keyfiyyətdi, daddı. O üzdən
heç bir zərərli qatqıdan istifadə etmir. Adam kollecdə dərs
deyirmiş, bu işin peşinə necə düşübsə, müəllimliyin daşını atıb,
gecəsi-gündüzü bu bağda keçir - həm ekoloji təmiz ərzaqla
qidalanır, həm də kiçik biznes qurub özü üçün, gülləri də satır,
tərəvəzi də. Adi məşğuliyyətdən həm pul qazanır, həm də
şan-şöhrət.
***
Bu ara bizim mətbəxdə də bir iş gedir, gəl
görəsən. Qızımın bişirdiyi nədi? Bizim bibər dolmasıdı, amma yeni
ampluada - pomidorla badımcansız, təkcə bibər, həm də
rəngbərəngindən - bu bir, ikincisi, içindəki qiymə də tam fərqli.
Demək, çəkilmiş əti qovurdu, üstünə soğan doğradı, bişmiş düyü,
bişmiş qırmızı lobya, qarğıdalı konservi, üstə gəl tomat, bibər
salçası, müxtəlif souslar. Əl-qərəz beş dolmalıq ət “çoxalıb” oldu
on beş dolmalıq. (Bərəkallah, qız!) Sonra da listə düzüb sobada
bişirdi. Estetik baxımdan gözəl, qənaət baxımından da özəl. Əsl
zəmanə yeməyi.
***
İstanbuldakı dostum da Gezi hadisələrini xatırladı axşm-axşam, amma görün hansı aspektdən. Yumoru çox sevən bir adamdı. Deyir, Gezi hadisələrində tək bir qazancım o oldu ki, iki həftə alış-verişə çıxmadım, mağazalara getmədim, eyni ayaqqabıyla bir cüt köynəyi əynimdən çıxarmadım, yudum geyindim, beləcə pul-para xərcləmədim, cibimdəki də qaldı cibimdə. Bəlkə də, siyasətdən danışmaq istəmədiyimizi bildiyindən bu səmtə yönəldir düşündüklərini. Sözləri adama qəribə gəlsə də, nəticəsi ağlabatandı. O hadisələrdən sonra dostum bir eksperiment keçirib. 3 ay heç bir dükana girməyib, yalnız zəruri ərzağa pul xərcləyib, 3 ay restorandan, kafedən yan gəzib, gözəllik salonuna, idman zalına getməyib, taksidən istifadə etməyib, bəzən nəqliyyatı da boykot edib, hava xoş olanda işə piyada gedib, deyir, nəticədə nəinki xeyli vəsaitə qənaət edib, üstəlik, pis vərdişlərdən də canını qurtarıb. Qız etdiklərindən o qədər məmnundu ki, dəli şeytan deyir, bəlkə, biz də sınaqdan çıxaraq?
***
Biz siyasətdən heç danışmasaq da, fakt bu ki, üçümüzü də düşündürən dünyanı bürüyən iqtisadi böhrandı. Dolayısı ilə hər üç olay - damda bağ salıb tərəvəz becərmək, dükanlardan uzaq durmaq və hətta bizim evdə bişən qeyri-adi dolma da bir növ qənaət rejiminə keçməyin yoludu. Sınaqdan keçirək, bəlkə? Niyə də ki yox?
P.S. Mağazalar da endirimlər barədə ismarıclar göndərir dalbadal. Getməyə biləcəyəmmi? Hələ məlum deyil.
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib
-
Nida Xəbər 23 Aprel 23:48
Nazirlər Kabinetindən YENİ SİYAHI - Kimlərin adları var?
-
Magazin123 Aprel 23:36
Tünzalə imicini dəyişdi - FOTO
-
MDB23 Aprel 23:12
Şoyqunun müavini SAXLANILDI - Külli miqdarda rüşvət alıb
-
İdman23 Aprel 22:48
Son çempion boşanır: uşaqlıqdan başlayan nağıl bitir
-
Dünya23 Aprel 21:36
Məşhur bloqer helikopterdən bir çanta pulu çimərliyə SƏPƏLƏDİ - VİDEO