Yazarlar
Üzeyir bəyə uydurma şan-şöhrət lazımdırmı?
Hər il olduğu kimi bu il də 18 sentyabr ölkəmizdə musiqi günü, Üzeyir Hacıbəyli günü kimi qeyd olundu. Sosial şəbəkələrdə və kütləvi informasiya vasitələrində bu böyük sənətkar haqqında yazılar yayımlandı. Bunların arasında həqiqətə uyğun olmayan xatirə və əhvalatların verilməsi isə təəssüf və təəccüb doğurur.
Bu baxımdan bir neçə internet saytında yerləşdirilmiş “Üzeyir Hacıbəyli hansı prezidentin istəyini rədd etdi?” adlı yazı xüsusilə “seçilir”.
Təvazökarlıqdan uzaq olsa da, bu yazıya münasibət bildirməzdən əvvəl xatırladım ki, bir neçə il əvvəl İctimai Televiziyanın sifarişi ilə “Koroğlu” operasının yazılma tarixi ilə əlaqədar arxivlərdə geniş araşdırma apararaq “37-ci ilin “Koroğlu”su adlı sənədli film hazırlamışam, eləcə də bu araşdırmalarım əsasında hörmətli bir saytda böyük yazı dərc etdirmişəm. Ona görə də Üzeyir bəy və de Qoll haqqında əsassız məlumatların yayılmasına etirazımı bu tarixdən az-çox xəbəri olan adam kimi bildirmək istəyirəm.
“Üzeyir Hacıbəyli hansı prezidentin istəyini rədd etdi?” adlı yazıda idda olunur ki, “1944-cü ildə Şarl de Qoll İkinci Dünya Müharibəsinin iştirakçısı, partizan, Fransa Müqavimət Hərəkatının görkəmli nümayəndələrindən biri Əhmədiyyə Cəbrayılovun izi ilə rəhbərlik etdiyi müvəqqəti Fransa hökümətinin nümayəndə heyəti, eləcə də xarici işlər naziri Jorj Bido ilə Moskvaya getmək üçün Tehrandan Bakıya gəlib”.
Axı general və xarici işlər naziri Bakıya Əhmədiyyə Cəbrayılovun izi ilə necə gələ bilərdi? 1944-cü ildə hələ müharibə gedirdi və Əhmədiyyə Cəbrayılov da Fransada döyüşürdü. Vətənə də 1946-cı ildə qayıda bilmişdi. Söhbət hansı izdən gedə bilər?
Tarixi sənədlərdə öz əksini tapan həqiqət isə belədir: həmin dövrdə general de Qoll Afrikada olmuş, oradan Moskvaya, Stalinlə görüşə dəvət edilmişdi. Buna görə də Qahirədən Tehrana, Tehrandan isə Bakıya gəlmişdi. Moskvaya getmək üçün ən yaxın yol beləydi...
Bu barədə o vaxt SİTA-nın rəsmi məlumatı “İzvestiya” qəzetinin 1 dekabr tarixli nömrəsində (bir neçə gün sonra isə Bakı qəzetlərində) dərc edilmişdi. Həmin məlumatda deyilirdi: “Noyabrın 27-də saat 14-də Fransa Respublikası Müvəqqəti Hökumətinin başçısı general de Qoll və onu müşaiyət edən şəxslər Bakıya gəlmişdir. Aeorodromda general de Qoll Azərbaycan SSR hökumətinin nümayəndələri və Xalq Xarici İşlər Komissarlığının və Dövlət Müdafiə Komitəsinin bu görüş üçün Moskvadan gəlmiş nümayəndələri tərəfindən qarşılanmışdır.
Fransa və sovet milli bayraqları ilə bəzədilmiş aerodromda fəxri karaul düzlmüşdür. Orkestr Fransa və sovet himnlərini səsləndirmişdir. Axşam general de Qoll Azərbaycan opera teatrında “Koroğlu” tamaşasına baxmışdır.
Hava şəraitinin pis olması ilə əlaqədar növbəti gün general de Qoll və onu müşaiyət edən şəxslər xüsusi qatarla Bakıdan Moskvaya yola düşmüşdür”.
Bu o deməkdir ki, general Bakıda cəmi bir gecə qalıb (Yeri gəlmişkən, general həmin yazıda deyildiyi ki, “Hacınski evi”ndə yox, Hacınskinin evində gecələyib).
Gündüz saat 14-də Bakıya çatan və axşam təxminən saat 19-da operaya tamaşa edən və səhər xüsusi qatarla Moskvaya yola düşən generalın Bakı ilə tanışlığa, sadəcə texniki cəhətdən imkanı ola bilməzdi. Belə olan halda “1944-cü ildə Bakıya təşkil edilmiş səfərində Azərbaycan haqqında məlumatlarını daha da genişləndirdiyi, hətta Qız Qalasını və İçərişəhəri gəzib bu yerlərə heyran olduğu və... Bağırovdan iki tarixi məkanın sxemini xahiş etdiyi” barədə iddialar məntiqsizdir. Həmin iki tarixi məkanın sxemi (sxem deyəndə nə nəzərdə tutulur, anlaşılmır) Stalinlə dostluq və əməkdaşlıq haqqında müqavilə imzalamağa gedən generalın nəyinə lazım idi?
Yeri gəlmişkən, o vaxt de Qoll təxminən on gün Moskvada danışıqlar aparıb və sonra gəldiyi marşrutla da geri qayıdıb. Bu barədə də SİTA-nın rəsmi məlumatı var: “13 dekabr. Farnsa Respublikası Müvəqqəti Hökumətinin başçısı general de Qoll, Xarici İşlər Naziri cənab J.Bido və onları müşaiyət edən şəxslər SSRİ-dən Fransaya qayıdarkən bu gün xüsusi qatarla Bakıya gəlmişdir” (Bax: “Kommunist” qəzeti, 15 dekabr 1944-cü il).
Xəbərdə daha sonra deyilir ki, saat 12.30-da nümayəndə heyəti sovet təyyarəsi ilə Tehrana yola düşmüşdür.
“Üzeyir Hacıbəyli hansı prezidentin istəyini rədd etdi?” adlı yazıya de Qollun Bakıda qarşılanmasının əks olunduğu kino-xronika da əlavə edilib. Çox güman ki, bu, de Qollun Moskvadan qayıdarkən qarşılandığı mərasimin xronikasıdır. Çünki general Tehrandan Bakıya da təyyarə ilə gəlmişdi.
Daha sonra yazıda deyilir ki, guya de Qoll “Koroğlu” operasına baxarkən Üzeyir Hacıbəyli ilə daha yaxından tanış olur, ötən əsrin əvvəllərində Fransa mətbuatında tariximizin, ədəbiyyatımızın, mədəniyyətimizin təbliği ilə bağlı danılmaz fəaliyyəti olan Ceyhun bəy Hacıbəyli barədə Üzeyir bəylə danışır və s.
Əvvəla, Ceyhun Hacıbəyli ötən əsrin əvvəllərindən yox, 1919-cu ilin mayından Parisdə yaşayırdı. İkincisi də, sovet dövründən, xüsusən 30-40-cı illərdən az-çox xəbəri olan hər kəs bilir ki, Üzeyir bəy o vaxt ilk dəfə gördüyü fransız generalı ilə Parisdə antisovet fəaliyyətlə məşğul olan qardaşı Ceyhun bəy haqqında açıq müzakirə apara bilməzdi. Bu, birmənalıdır.
Digər tərəfdən Ceyhun Hacıbəylinin həyatı, yazışmaları kifayət qədər tədqiq olunub və indiyədək heç bir tədqiqatçı onun general de Qolla tanışlığını xatırlatmayıb. Heç Ceyhun bəyin yazışmalarında da generalın adı çəkilmir. Əgər onların arasında belə bir tanışlıq olsaydı, təbii ki, Ceyhun bəy bunu yazardı. Deməli, general de Qollun Ceyhun bəyi tanıması və bu barədə Üzeyir bəyə danışması, yumşaq desək, inandırıcı deyil...
Daha sonra guya de Qoll Üzeyir bəyə “Koroğlu” operası haqqında Fransada çıxan “Vətən xatiratı”nda oxuduğunu deyir. “Vətən xatiratı” nədir? Qəzetdir, jurnaldır, yoxsa kitab? Adından belə görünür ki, hər nədirsə Azərbaycan dilində olub. Onda belə çıxır ki, general de Qoll Azərbaycan dilini də bilib?
Doğrusu, Heydər Əliyev Fondunun sifarişi ilə “Əbədi ezamiyyət” sənədli-bədii filminin ssenarisi üzərində işləyərkən Əlimərdan bəy Topçubaşovun rəhbərliyi ilə Fransada fəaliyyət göstərən Azərbaycan nümayəndə heyətinin, o cümlədən Ceyhun Hacıbəylinin həyat və fəaliyyəti ilə kifayət qədər tanış olmuşam. Nə nümayəndə heyətinin, nə də Ceyhun bəyin Parisdə “Vətən xatiratı” adlı qəzet, jurnal və ya kitab buraxdığı ilə bağlı fakta rast gəlməmişəm. Və Ceyhun bəyin Parisdəki arxivini bütünlüklə Bakıya gətirib arxivə təhvil verən tanınmış diplomat Ramiz Abutalıbov da belə bir faktın olmadığını söyləyir. Belə olan halda müəllif de Qollun Ceyhun bəyi tanıması barədə məlumatı hansı mənbə və ya məntiqlə iddia edir?
Nəhayət, sonuncu cəfəngiyyat: “Bakı barədə maraqları o qədər çox olur ki, müddətində gizli yaşamaq barədə Mircəfər Bağırovdan xahiş edir və onu KQB-nin xüsusi nəzarəti altında qoruyurlar”.
Bu nə vaxt olub, cənablar? “Müddətində” nə deməkdir?
Daha sonra isə müəllif generalı gizli yolla Bakıya “gətirir” və onun gündəlik “qayğılarını” təsvir edir: “General hər gün səhər Xəzər dənizi sahillərində dolaşır, sonra əlində qeyd dəftəri İçərişəhəri gəzir və Qız Qalası barədə məlumatlar toplayırdı...”
Müharibdən sonra general de Qollu əlində qeyd dəftərçəsi İçərişəhərin küçələrdində gəzən yerdə təsəvvür edirsinizmi?
Yenə də həmin yazıdan sitat: “O (de Qoll – M.H.), dəfələrlə “Koroğlu” operasının orijinal nüsxəsini əldə etmək istəsə də, Üzeyir bəyin əlyazmalarına əli çatmır. Lakin Qız Qalası, İçərişəhər, Xəzərin sahilboyu ərazilərinin sxemini əldə edə bilir”.
Beləliklə, fransız general 1944-cü ildə çatmadığı “arzulara” bu dəfə çatır, “...Qız Qalası, İçərişəhər, Xəzərin sahilboyu ərazilərinin sxemini əldə edə bilir”.
Əvvəla, hər addımda xarici ölkə casuslarının axtarıldığı Stalin dövründə o vaxtkı “KQB” fransız generalı uzun müddət Bakıda necə saxlaya bilərdi? Və ona necə imkan verə bilərdi ki, “Qız Qalası, İçərişəhər, Xəzərin sahilboyu ərazilərinin sxemini” əldə edib özü ilə Fransaya aparsın? Və ümumiyyətlə, bu “sxemlər” Fransanın taleyini həll etməklə məşğul olan bir adamın nəyinə lazım idi?
Axı de Qollun həyatı ilə az-çox tanış olanlar bilir ki, general 1944-cü ildən 1946-cı ilin yanvarına qədər baş nazir postunu tutub, sonra 1947-ci ildən yenidən aktiv siyasi fəaliyyətə qoşulub və Fransız Xlq Birliyi adlı təşkilat yaradıb, 1953-cü ildə aktiv siyasətdən uzaqlaşıb. 1958-ci ildə Əlcazair böhranı ilə əlaqədar yenidən siyasətə qayıdıb və 1959-cu ildə prezident seçilib.
Generalın şəxsi bioqraflarının yazdığına görə, o, 1953-1958-ci illərdə Kolombe şəhərində memuar yazmaqla məşğul olub. Bəlkə general həmin illərdə memuarlarının bir hissəsini Bakı küçələrində yazıb? Amma bu da həqiqətə uyğun gəlmir. Çünki yazıda generalın Bakıda yaşamaq üçün Mircəfər Bağırovdan icazə aldığı bildirilir. 1953-cü ildə isə Stalin dünyasını dəyişmiş, Bağırov isə həbs olunmuşdu. Ona görə də Bağırov generala Bakıya gəlməyə icazə verə bilməzdi...
Beləcə bir müddət Bakıda “KQB-nin xüsusi nəzarəti altında qorunan” de Qoll 1959-cu ildə Fransanın prezidenti seçilir. Amma hələ müharibə illərindən “tanıdığı” Ceyhun bəylə nədənsə görüşmür...
Həm də tarixdən məlumdur ki, 1960-cı ildə Sovet lideri Nikita Xruşov Fransaya rəsmi səfərə gedir. Sonralar Ceyhun bəyin oğlu tanınmış diplomat Ramiz Abutalıbova danışıb ki, Xruşov Parisə gələndə Fransa hökuməti ona qarşı təxribat və etirazlardan ehtiyat edərək keçmiş sovet mühacirlərini bir neçə günlüyə şəhərdən çıxarıb. Oğlunun dediyinə görə həmin günlərdə Ceyhun bəy də 10 günlüyə məcburi qaydada Paris yaxınlığındakı sanatoriyalardan birinə göndərilib, daha doğrusu, “sürgün olunub”... Və bütün bunlar məhz Şarl De Qollun prezidentlik dövründə baş verib və o, nədənsə 40-cı illərdən tanıdığı “dostu”nu bir dəfə də olsun yada salmayıb...
Yazının hətta son cümləsinin də həqiqəti əks etdirməsi şübhə doğurur: “Bakıda araşdırma aparandan sonra Parisə geri dönən Şarl de Qoll sonuncu dəfə 1958-ci il iyunun 10-da Fransa neftçilərinin nümayəndə heyəti ilə Azərbaycana səfər edib”.
1958-ci ildə de Qoll Fransada yeni Konstitusiyanın qəbulu və prezident seçkiləri ilə əlaqədar fəal siyasi fəaliyyətlə məşğul olduğu üçün “Fransa neftçilərinin nümayəndə heyəti ilə Azərbaycana səfər” etməsi də inandırıcı deyil.
Bu yazını oxuyandan sonra bu mövzuda internetdə axtarış verdim və qəribə faktlarla rastlaşdım. Məlum oldu ki, əslində bu cəfəngiyyat özü cüzi dəyişikliklərlə başqa bir saytdan köçürülüb. Buna ədəbi dildə plagiat deyilir. Sən demə bu uydurma hələ 2015-ci ilin oktyabrında bir neçə saytda dərc edilib. Özü də siyasi elmlər üzrə fəlsəfə doktorunun imzası ilə... Söhbət hələ də internetdə qalan “Şarl de Qollun 6 aylıq gizli Bakı həyatı: General Üzeyir bəydən nə xahiş etdi?” adlı yazıdan gedir...
Digər saytlar bu yalanı yeni variantda tirajlamaqda davam edir. Bax beləcə kələfin ucu itir...
İndi sual olunur: Bir il əvvəl başqasının imzası ilə dərc edilən yazını çox xırda dəyişikliklə yenidən öz imzası ilə dərc etdirmək nə deməkdir? Belə olan halda bunu ilk dəfə yazan müəllif niyə etiraz etmir?
Ümumiyyətlə, Üzeyir bəylə bağlı bir yazıda bu qədər cəfəngiyyat uydurmağa və onu tirajlamağa nə ehtiyac var? Axı Üzeyir bəyin uydurma şan-şöhrətə, yalançı qəhrəmanlığa ehtiyacı yoxdur. Heç belə yalanlara, təbii ki, general De Qollun da ehtiyacı yoxdur...
Müsəllim Həsənov
-
Qoroskop15:52
Məşhur astroloq bürclərə xəbərdarlıq etdi: 3 gününüz var
-
MDB15:45
Təyyarənin Qroznıya enməsinə niyə icazə verilməyib? - Rusiyadan rəsmi cavab
-
Sosial14:56
Xankəndidə erməni öldü: Azərbaycanda dəfn ediləcək?
-
İdman14:05
"Arsenal"ın ulduzu bu gözəllə gizli eşq yaşayır - FOTOLAR
-
Rəsmi xronika13:20
İlham Əliyev bu qanunu təsdiqlədi
-
Sosial12:32
Dron hücumu: Bakıdan Minvoda uçan təyyarə geri döndü - FOTO
-
Dünya12:06
Kadırov maddi yardım təklif etdi: Azərbaycan bu cavabı verdi
-
Sosial11:54
Abşeronda dəhşətli hadisə: Həbsdən çıxan kişi... - VİDEO