Yazarlar
Elmsiz inanc şeytana ibadətdir
Redaksiyamızın yerləşdiyi küçə hər cümə günü keçilməz cəngəlliyi xatırladır. Əlinə həsir parçası alıb nədənsə “İlahiyyat məscidi” adlanan ibadət evinə yürüyənlərin və sağa-sola necə gəldi səpələnmiş avtomobillərin arasından sıyrılıb çıxmaq mümkün olmur. Bir neçə saat ərzində həyat donur buralarda...
Xəstəsənsə öl, təcili işin çıxıbsa şəxsi avtomobilinlə bir neçə saatlıq vidalaş və xeyli kənarda taksi axtarışına çıx, kimsənin umrunda deyil. Yolkəsənlərə, təcili yardımın əraziyə daxil olmasına mane olanlara söz də demək olmur. Ən yaxşı halda qəzəbli baxışlarıyla “nə başını kəsərdim” deyib keçəcəklər. Sanki ibadətlərini özlərinə görə deyil, burada yaşayan, çalışan insanlara görə edirlər. Sanki onların Tanrıya deyil, Tanrının onlara borcu var... Sayğısız davranışlarıyla, ibtidai icma quruluşundan qalma təfəkkürləriylə... ətrafa meydan oxuyur, Tanrıya və onun yaratdıqlarına olan sevgilərini öz içində yaşayan elm və irfan sahiblərinə minnət qoyurmuş kimi zorla əzbərlədikləri 3-5 kəlməni ucadan püskürüb keçirlər.
...Bu əraziyə köçənədək cümə gününü islam mədəniyyətinin tərkib hissəsi – mərhəmətin, humanizmin, insana sevginin, birlik və bərabərliyin rəmzi kimi başa düşür və qəbul edirdim. Son 8 il ərzində apardığım müşahidələr məni öz tabulaşmış qənaətimə yenidən baxmağa vadar etdi... Baxdım və... gözlərim qaraldı ətrafımı saran qaranlıqdan...
“Şeytan yuvası”
...Günün birində, daha doğrusu cümə günlərindən birində zülmətə bürünmüş basırıq içərisində işıq axtarmaq cəhdi boşa çıxan baxışlarımı göz qapaqlarıma təslim edib otağıma keçmək istəyirdim ki, qulağım bir səs çaldı:
Təsminən 10-12 yaşlarında olan bir uşaq şəhadət barmağı ilə redaksiyanı göstərib kirli-paslı saqqalı qurşağınadək uzanan atasından buranın nə olduğunu soruşurdu. Ağappaq köynəyi üzərində sağa-sola var-gəl edən, küləyin titrətdiyi palçıq gölməçəsini xatırladan saqqalını sığallayan ata tərəddüd etmədən “şeytan yuvasıdır” dedi... Uca səslə “şeytan sənin beynində, ürəyindədir” cavabını verdim. Nifrətlə üzümə baxıb üzaqlaşdı. Amma mən düşüncələrimi baş verənlərdən uzaqlaşdıra bilmədim. Bu uşağın necə böyüyəcəyini, gələcəyini və gələcəyimizi düşündüm. Günün birində bu məsum cocuğun təfəkkürü də saqqalı kimi kirli-paslı olan atasının nişan verdiyi “şeytan yuvası”nı, yaxud “şeytan yuvaları”nı dağıtmaq qərarına gələ biləcəyini göz önünə gətirdim... “Görəsən belələri uşaqlarına nə qədər “şeytan yuvası”nı – redaksiyaları, kitabxanaları, məktəbləri, universitetləri, muzeyləri, abidələri, mədəniyyət ocaqlarını nişan veriblər” sualı asılıb qaldı düşüncələrimdən... Düşünmək belə vahiməli gəldi mənə.
Bu hadisə baş verəndə İŞİD adlı cəhənnəm kabusu hələ yaranmamışdı.
Bu səbəbdən də bəşəriyyətin üz qarası olan İŞİD terrorçuları tarixi Nimrud, Hatra, Dur-Şarrukin şəhərlərinin qalıqlarını, Palmir abidələrini, antik Bel və Baalşamin məbədlərini, muzeyləri, məscidləri, qəbirüstü abidələri yerlə bir edəndə, yaşı 1000 ildən çox olan qədim əlyazmaları yandıranda təəccüblənmədim... Çünki bu vəhşiliyin nədən və haradan qaynaqlandığını bilirdim - övladlar əqli natamamlıqlarının qisasını bütün bəşəriyyətdən almağa çalışan cahil atalarının tövsiyyələrini, vəsiyyətlərini yerinə yetirirdilər...
Elm və cəhalət
"Ey Rəbbim! Mənim elmimi artır!" - de (Taha surəsi, 114-cü ayə).
Azərbaycan türkcəsində adı “oxumaq” anlamına gələn müqəddəs Qurani-Kərimin Taha surəsindən gətirdiyim bu iqtibas islamın elmə verdiyi dəyərin ən bariz göstəricilərindən biridir. Maraqlıdır, Quranın elmə verdiyi dəyərə və bu dəyərin qabarıq ifadəsinə nə İncildə, nə də Tövratda rast gəlmək mümkün deyil. O zaman ortalığa haqlı bir sual çıxır: Əksər islam ölkələrini bürüyən cəhalətin səbəbi nədir?
Nədən müsəlmanlar onlara “Oxu!” əmrini verən Tanrının nişan verdiyi yolla getmirlər?
Nədən? Nədən? Nədən?
Bu bağlamda milyonlarla sual sıralamaq olar. Amma bütün bu sualların 1 cavabı var: Məqsədyönlü və yanlış yozum!
Və bu “məqsədyönlü və yanlış yozum” kor-koranə inanc peşində olan cahil kütləni asanlıqla idarə etmək, qorxu və xof altında saxlamaq üçündür.
Bütün dinlərdə insanın Tanrının qulu olduğu vurğulanır. Bu da təbiidir. Lakin bu “qul” anlayışı islam ölkələrində olduğu qədər heç bir yerdə xüsusi olaraq önə çəkilmir. Xristianlıq bu anlayışdan inkivizisiyanın zülmündən, qanlı Varfolomey gecələrindən keçdikdən sonra imtina etdi və Yaradanla yaradılan arasındakı sevgi bağını möhkəmləndirmək üçün “Tanrı səni sevir və sən də Tanrını sevməlisən” fəlsəfəsini önə çəkdi. Çünki yenidən inkivizisiyanın zülmü altına qayıtmaq istəməyən cəmiyyətlərin idarəçiləri və islahatçı din xadimləri yaxşı başa düşürdülər ki, inkişafın yolu insan azadlığından – Azad İnsandan keçir. Azad insan isə Tanrıya yalnız sevgi ilə bağlandıqda güclü olur. Yalnız bu halda dindən siyasi məqsədlər üçün istifadə etməyə çalışanlar Tanrısına sevgi ilə bağlı olan, yalnız O-nun mərhəmətinə sığınan insanı öz köləsinə çevirə bilməzlər. İnsanın Tanrıya olan münasibəti şübhəsiz ki, onun cəmiyyətə və cəmiyyətin ayrı-ayrı fərdlərinə olan münasibətini də formalaşdırır. Beləliklə qorxu və xof arxa plana keçir, sevgi və mərhəmət önə çıxır.
Deməli məsələ müqəddəs kitablarda nəyin necə buyurulmasında deyil, təqdimatdadır. Ona qalarsa müqəddəs Qurani-Kərimin az qala hər ayəsində Tanrının mərhəmətli, rəhimli və bağışlayan olduğu bildirilir. Amma islam ölkələrində kimsə məhz bu amili – mərhəməti, humanizmi, sevgini önə çəkmək istəmir! Çünki müsəlmanların Tanrının mərhəmətinə, sevgisinə sığınaraq azad insan kimi elmin, tərəqqinin yanında olmaları onları özlərinə Tanrının adı ilə kölə etmək istəyənlərin marağında deyil!
İslan dini sevgi dinidir, qorxu dini deyil! İslamın ən böyük düşmənləri ondan xof və qorxu yaratmaq üçün istifadə edənlərdir. Elmsiz inanc şeytana ibadətdir! Çünki hədəfini tanımır, özünü və Tanrısını dərk etmir!
P.S. Tanrı Azərbaycanı cəhalətdən, elmsizlikdən qorusun! Amin!
-
İdman14:05
"Arsenal"ın ulduzu bu gözəllə gizli eşq yaşayır - FOTOLAR
-
Rəsmi xronika13:20
İlham Əliyev bu qanunu təsdiqlədi
-
Sosial12:32
Dron hücumu: Bakıdan Minvoda uçan təyyarə geri döndü - FOTO
-
Dünya12:06
Kadırov maddi yardım təklif etdi: Azərbaycan bu cavabı verdi
-
Sosial11:54
Abşeronda dəhşətli hadisə: Həbsdən çıxan kişi... - VİDEO
-
Sosial11:36
Çağırış yaşının yuxarı həddinin azaldılması təsdiqləndi
-
Nida Xəbər 10:58
Rusiya hadisədən iki həftə əvvəl... - Qəza ilə bağlı şok faktlar üzə çıxdı
-
Maraq dünyası10:14
İlan ilində bu hədiyyələri vermək olmaz - Astroloq xəbərdarlıq etdi