Qırmızı.az
“Beriyanın həyat yoldaşı bir dəfə bizdə qaldı” - Mir Cəfər Bağırovun məhkəmə ifadəsi
Əvvəli bu linkdə
Amerikalılar BMT-də antisovet qətnamənin qəbul olunmasına nail oldular və 16 dövlətin hərbi qüvvələrindən BMT qoşunu yaratdılar ki, onun tərkibində türk diviziyaları da var idi. Koreyada sovet əsgərləri koreyalıların hərbi formasını geyib BMT egidası altında olan türk qoşunları ilə üzləşdilər.
Bu şəraitdə Heydər Hüseynovun türk və islam praqmatizmi mövqeyindən yazılmış kitabı və onun Stalin mükafatına təqdim olunması olduqca təəccüblü görünürdü.
Ancaq hadisələrin mahiyyəti heç də bunlarla bitmirdi. Kremldə Bağırovun mövqeyi hamıya bəlli idi. Bunu onun Stalinə göndərdiyi, milli ruhda yazılmış məktublarından görmək olur. O, “Azərbaycan ziyalılarının novbəti vəzifələri” kitabı üzərində işləyərkən Cənubi Azərbaycan məsələsini qaldırır, Cənubi Azərbaycan da sona çatmış uğursuz milli məfkürəliyimizi yenidən bərpa etmək istəyirdi. Şübhəsiz, Stalinin əhatəsində olan bəzi dairələr buna biganə qala bilməzdilər. Onlar hər vasitə ilə Bağırovu Stalinin gözündə samaq istəyirdilər.
Bu nöqteyi-nəzərdən “müridizmi təbliğ edən” Heydər Hüseynovun əsərlərini yüksək dövlət mükafatına layiq görmək həqiqətdə Bağırov üçün üstüörtülü tələ idi. Siyasi intriqalardan baş çıxaran Bağırov başa düşdü ki, külək hardan əsir və antiazərbaycan sui-qəsdini vaxtında zərərsizləşdirdi. Çox təəssüf ki, bu siyasi oyunun qurbanı görkəmli filosof, ictimai-siyasi xadim Heydər Hüseynov oldu.
O, alçaqlığa, təhqirə və çoxsifətli “ziyalıların” və qabyalayanların təzyiqinə dözə bilmədi. Bir dəfə o, öz damarlarını kəsdi, ancaq akademik M.Topçubaşov onu ölümdən qurtardı. Xəstəxanadan çıxandan bir neçə gün sonra isə H.Hüseynov özünü asaraq intihar etdi.
Beləliklə, İ.K.Əfəndiyevin məktubundan sonra M.C.Bağırovu Beriyanın işi ilə əlaqədar istintaqa cəlb etdilər. Hələ ki şahid qismində. Lakin Azərbaycan hökmdarının taleyi artıq qabaqcadan həll olunmuşdı.
РГАСПИ. F. 17. Siy. 171. İş. 470. Səh. 215-225
Protokolun surəti
Şahid Bağırov Mir-Cəfər Abbasoviçin dindirilməsi
29 oktyabr 1953-cü il.
Tam məxfi
Yoldaş Q.M. Malenkova
Şahid Bağırov Mir-Cəfər Abbasoviçin istintaq protokolunun surətini təqdim edirəm
29 oktyabr 1953-cü il.
Əlavə: 10 vərəqədə.
[möhür.] R.Rudenko
30 oktyabr 1953-cü il.
№ 569/t.məxfi
Nişanlar:
Oxudu
[möhür.] L. Kaqanoviç. 6.XI
Oxudu
[möhür.] K.Voroşilov. 9.ХI.1953
Oxudu
[möhür.] A. Mikoyan. 9.XI
Şahidin istintaq protokolu
1953-cü il, oktyabrın 29-u günü, Moskva şəh., SSRİ Baş prokuroru, həqiqi dövlət ədliyyə müşaviri Rudenko şahid qismində aşağıda adı çəkiləni dindirdi, o göstərdi:
Bağırov Mir-Cəfər Abbasoviç,
Təvəllüdü 1896-cı il, Quba şəhəri
Azərbaycan SSR, təhsili ali, mart 1917-ci ildən Sov.İKP üzvü
“Kuybışevneft” birliyinin rəis müavini, yaşayır Kuybışev şəh., məhkum olunmayıb, evlidir.
Yalan ifadə verdiyi təqdirdə və ifadə verməkdən imtinaya
görə cinayət məsuliyyəti daşıdığı üçün RSFSR CM-in 95, 92-ci
maddələri üzrə şahid qabaqcadan xəbərdarlıq edilib.
M.C.Bağırov aşağıdakı ifadələri verib:
SUAL: Siz Beriyanın satqın fəaliyyətindən istintaqa nə deyə bilərsiniz?
CAVAB: 1 iyun 1953-cü ilə qədər - yəni Sov.İKP MK plenumuna qədər Beriyanın satqın fəaliyyətindən mən heç nə bilmirdim, orada Beriya satqın kimi ifşa olundu. Ona görə Beriyanın satqın fəaliyyəti barədə istintaqa heç bir məlumat verə bilmərəm.
SUAL: Beriyanı hansı vaxtdan tanıyırsınız?
CAVAB: 1921-ci ilin fevralında məni Azərbaycan FK-ya işə götürdülər, FK sədri vəzifəsinə təyin etdilər. Buna qədər orduda qulluq edirdim. 7-10 gündən sonra FK-da işləmək üçün partiya təşkilatının yollayışı ilə (Azərbaycan K(b)P MK ya da Bakı komitəsi - indi yadımda deyil) Beriya göndərilmişdi. О, FK-nın sədr müavini və SOÇ rəisi vəzifəsinə qəbul edildi, mən o vaxtdan Beriyanı tanıyıram.
SUAL: Azərbaycan FK sədri olarkən sizin xəbəriniz var idimi ki, Beriya Müsavatın əks-kəşfiyyatında xidmət edib?
CAVAB: Beriyanın Müsavatın əks-kəşfiyyatında xidmət etməsini mən 1937-ci ilə qədər bilmirdim, onda Kaminski buna dair VK(b)P MK-ya rəsmi ərizə ilə müraciət etmişdi. Müsavat hökumətinin əks-kəşfiyyatında xidməti barədə Beriya mənə heç nə danışmayıb. Beriya mənə danışırdı ki, guya bolşevik gizli təşkilatının kəşfiyyat xarakterli tapşırıqları yerinə yetirirdi, ancaq bu tapşırıqların nədən ibarət olduğunu mənə demirdi.
Beləliklə, Beriyanın Müsavat əks-kəşfiyyatında xidmət etməsi barədə mən ilk dəfə 1937-ci ildə eşitdim.
SUAL: Siz dekabr 1921-ci ildə Azərbaycan KP-nin şəxsi heyətinin təmizlənməsi haqqında Azərbaycan FK komözlüyün Mərkəzi komissiyasının iştirakı ilə yoxlama və yenidən baxma ilə əlaqəli keçirilən iclasda iştirak etmisinizmi?
CAVAB: Bəli, iştirak etmişəm.
SUAL: İclasın protokolunda sizin Beriya haqqında çıxışınız aşağıdakı redaksiyada verilib:
“Bağırov: o ciddidir, tələbkardır, ekspropriasiya zamanı dayanıqlıq göstərmişdir, heç kimə üz vermir, düz və səmimidir, özü tələbkardır və sevir ki, onun özündən də tələb etsinlər”. Bu yazı sizin çıxışınızı düz əks etdirir?
CAVAB: Bəli, o vaxt mən belə danışmışam. O vaxt Beriyaya inanırdım.
SUAL: Sonra protokolda əməkdaşların Beriyanın məişət pozğunluğu, onun FK aparatının qadın əməkdaşlarına sataşması, üzüyün özünküləşdirilməsi və s. haqqında çıxışları əks olunub. Sizə Beriyanın məişət-mənəvi pozğunluğu haqqında faktlar məlum idimi?
CAVAB: Yox, mən Beriyanın məişət mənəvi pozğunluğu haqqında heç nə bilmirdim, ona görə də mən onu komözlüyün iclasında müdafiə edirdim. Mən hesab edirdim ki, çıxış edənlər Beriyaya qarşı çıxmağa meyillidirlər, o, çox ciddi və tələbkar idi.
SUAL: Komözlüyün mərkəzi təmizləmə komissiyasının iclasında izahat verərkən Beriya müsavatın əks-kəşfiyyat xidmətindən danışdı?
CAVAB: Yox, o, bu barədə danışmadı.
SUAL: 1920-ci ildə Azərbaycan FK-da Beriyanın həbsi barədə nə bilirsiniz?
CAVAB: Bu barədə mənə heç nə məlum deyil.
SUAL: Sizə məruzə ediblərmi ki, Azərbaycan FK arxivində Beriyanın 1920-ci ildə həbsi ilə bağlı sənədlər var?
CAVAB: Yox, mənə bu barədə heç kim məruzə etməyib. Beriyanın 1920-ci ildə həbsi barədə mən ilk dəfə eşidirəm.
SUAL: 1932 və 1933-cü illərdə Bakıya sizin yanınıza Beriyanın tapşırığı ilə Merkulov gəlmişdi, onun işi partiya arxivində Beriyanın Müsavat əks-kəşfiyyatında xidməti barədə sənədləri axtarıb tapmaq olub?
CAVAB: Sənədlər üçün Tbilisidən partiya arxivinə gələnlər çox olub. Beriyanın köməkçisi kimi Merkulov o vaxt Bakıya tez-tez gəlirdi. Lakin Merkulov Bakıya Beriyanın Müsavat əks-kəşfiyyat xidmətinə aid sənədlərinin dalınca gəlməsi barədə mənə heç nə demədi. Ola bilər ki, tarixi-partiya sənədlərinin adı altında Beriyanın tapşırığı əsasında Merkulov faktiki olaraq Beriyanın Müsavat əks-kəşfiyyat xidmətinə aid sənədləri axtarırdı, lakin mənə Merkulovun bu sənədləri axtarması barədə heç nə məlum deyil.
SUAL: Beriya ilə Serqo Orconikidzenin münasibətləri barədə sizə nə məlumdur?
CAVAB: Serqo Orconikidze barəsində Beriya alçaq mövqedə durdu. Əvvəl Beriya onun yaxşı münasibətini karyera məqsədlərinə çatmaq üçün istifadə etdi, Orconikidze ona müəyyən səviyyəyə çatmaq üçün kömək edəndən sonra Beriya Orconikidzeyə qarşı mübahisələr salmağa başladı. Xatırlayıram, aşağıdakı hadisə yadıma düşür: Ölümündən bir neçə ay qabaq S.Orconikidze Kislovodskiyə axırıncı dəfə gəldi. Bu dəfə o mənə telefonla zəng etdi və xahiş etdi ki, yanına gəlim. Mən Orconikidzenin bu xahişini yerinə yetirdim və Kislovodskiyə gəldim, bu vaxt Q.Dimitrov qonaq idi. Orconikidze bütün təfsilatla məndən Beriya haqqında soruşurdu və onun haqqında kəskin və mənfi danışırdı. O cümlədən, Orconikidze deyirdi ki, mənim qardaşım Beriya tərəfindən həbs olunub, lakin onun müqəssir olmasına inanmır. Yəqin ki, Orconikidze onda başa düşmüşdü ki, Beriya qeyri-səmimi və xəyanətkardır, əvvəl Orconikidzenin dəstəyini alaraq hakimiyyətə yol açdı, sonra isə cürbəcür vasitələrlə Orconikidzeni qaralamağa çalışdı.
Beriya öz adamlarının vasitəsi ilə öyrənmişdi ki, Orconikidze məni Kislovodskiyə çağırıb və o, bu barədə mənimlə telefonda danışdı, mən ona cavab verdim ki, Orconikidze neft hasilatı məsələsi ilə maraqlanırdı.
Beriyanın Serqoya alçaq münasibəti, onun karyerizminin və namərdliyinin inandırıcı misallarından hesab oluna bilər.
SUAL: Kedrov Mixail Sergeyeviç sizə tanışdırmı?
CAVAB: Bəli, Kedrov mənə tanışdır, ən yaxşı tərəfdən tanışdır. Kedrov köhnə bolşeviklərdən idi. Vətəndaş müharibəsində Şimalın müdafiəsində fəal təşkilatçı, iştirakçı olub, sonra F.E.Dzerjinskinin dovründə FK-nın RH üzvü idi. Bu adam böyük mənəvi təmizliyə və vicdana malik idi. Dzerjinskinin səlahiyyətli nümayəndəsi kimi Kedrov Bakıya gəlirdi və FK-nın işini yoxlayırdı.
SUAL: Kedrovun Beriya haqqında Dzerjinskiyə göndərdiyi xəbərdən nə bilirsiniz?
CAVAB: Bununla əlaqədar məlumatım yoxdur.
SUAL: Siz Sefi tanıyırdınız?
CAVAB: Bəli, Sef mənə yaxşı tanışdır. O, Beriyanın yaxın adamlarından idi. Onu mənə Beriya təqdim etmişdi və Azərbaycana - Bakı şəhər partiya komitəsinin ikinci katibi, Aqrbanı isə MK-nın ikinci katibi vəzifəsinə göndərmişdi.
SUAL: Sefin Tbilisidə həbsindən sonra nə ilə əlaqədar Bakıya düşərgəyə göndəriblər?
CAVAB: Sef Tbilisidə heç bir ifadə vermirdi. Yadımda deyil, Sefin Tbilisidən Bakiya düşərgəyə gətirmək göstərişini Sumbatova mən vermişəm, yaxud Sumbatov Sefi öz təşəbbüsü ilə onun sorğusuna görə gətirdib. Xatırlayıram ki, Bakıda Sefin həyatına sui-qəsd etmək istəyirdi, lakin bunu etməkdə ona mane oldular, onda Sef öz düşmənçilik əksinqilabi fəaliyyətindən ifadə verməyə başladı.
SUAL: Sizə məlumdurmu ki, Sefdən sizə, Beriyaya və Sumbatov-Topuridziyə qarşı terrorçu aktlar barədə ifadələri onu döyərək alırdılar?
CAVAB: Yox, bundan xəbərim yox idi. Ümumiyyətlə, mən heç vaxt təhlükəsizlık orqanlarının guya mənə qarşı terror aktının hazırlanması barədə məlumatlarına inanmırdım. Mən həmişə belə məlumatlara gülürdim.
SUAL: Sumbatov-Topuridziyə ünvanlanmış, Sefin öz əli ilə yazılmış aşağıdakı ifadədən xəbəriniz varmı:
“1934-cü ildə Bakı ərazisində iki dəfə terror aktının həyata keçirilməyinə cəhd olunub – birinci dəfə avqust ayında Beriyaya və Bağırova qarşı, ikinci dəfə sentyabrda, Bağırova və Sumbatova qarşı”?
CAVAB: Yox, Sefin bu ifadəsindən mənim məlumatım olmayıb.
SUAL: Sizə Nodev familiyası tanışdırmı?
CAVAB: Deyəsən, XDİK-də belə əməkdaş var idi.
SUAL: 25 dekabr 1936-cı ildə Azərbaycan K(b)P MK bürosunda Nodevin şəxsi işinə nə ilə əlaqədar baxılırdı?
CAVAB: Bu, Akopovun və Purnisin Nodev haqqında ərizələri ilə əlaqədar Azərbaycan K(b)P MK bürosunun mənə təqdim olunmuş 169 nömrəli protokolundan aydın görünür.
SUAL: Sizin yadınızdadırmı ki, Nodevin şəxsi işinin müzakirəsi MK bürosunda necə gedirdi?
CAVAB: Nodev Beriya haqqında böhtanda ittiham olunurdu. Bu vaxt Beriyanın nüfuzu və şöhrəti çiçəklənmə dövründə idi. Ona görə də Nodev haqqında müzakirələr Beriyanın xeyrinə keçirdi.
SUAL: Sizə Bakıdan şifrələnmış teleqramın aşağıdakı məzmunda surəti təqdim olunur:
“Moskva. İttifaq Xalq Daxili İşlər Komissarlığı. Yoldaş Yejova.
Azərbaycan K(b)P MK bürosu Lavrenti Beriyanın ünvanına antipartiya, böhtan və cəfəngiyat danışıqlara görə qərara gəldi ki, Azərbaycan XDİK Nodevə töhmət elan etsin və sizdən xahiş olunsun ki, onu işdən azad edəsiniz. Xahiş edirik, Nodevin işdən çıxarılması ilə əlaqədar sanksiya verəsiniz və onu İttifaq XDİK - nın icrasına geri çağırasınız. Azərbaycan K(b)P MK katibi Bağırov”.
Bu teleqramı siz göndərmisiniz?
CAVAB: Bəli, bu teleqramı mən göndərmişəm.
SUAL: Sizə məlumdurmu ki, Nodev əksinqilabi fəaliyyətdə ittiham olundu və Beriyanın şərikləri tərəfindən güllələndi?
SUAL: Yox, bu barədə birinci dəfədir ki, eşidirəm.
SUAL: Siz inkar etmirsiniz ki, Nodevin işi barəsində Azərbaycan K(b)P MK bürosunda aparılan müzakirlərin səbəbi guya Nodevin Akopov və Purnislə Beriya haqqında söhbəti olub?
CAVAB: Bəli, büroda məsələnin bu cür qoyulması Akopovun ərizəsi ilə oldu; Akopov 1936-cı ilin dekabrında Azərbaycan K(b)P MK-nın ikinci katibi, Purnis isə Azərbaycan XDİK-in rəis müavini idilər. O vaxt onların ərizəsinə inanmamağa əsas yox idi. Qeyd etmək lazımdır ki, Akopov və Purnis Beriyanın irəli sürdüyü kadrlar idi, onları Azərbaycana işləməyə o göndərmişdi.
SUAL: İndi sizə Azərbaycan K(b)P MK 25 dekabr 1936-cı il iclasının 169 nömrəli protkolundan Akopovun çıxışı oxunur:
Akopov: Söhbət mənimlə Purnis və Nodev arasında qeyri-rəsmi şəraitdə keçirdi. Ayrı-ayrı mövzulardan danışırdıq, sonra Beriyanın Zaqafqaziyada işi barəsində söhbət düşdü. Mənə və Purnisə, əgər yaddaşım imkan verirsə, dedilər ki, yoldaş Beriya Sovet İttifaqının ən böyük və istedadlı çekistlərindəndir. Yol.Nodev dedi ki, onun haqqında belə fikir ancaq Zaqafqaziyadadır, siz Vladivostokdan Moskvaya qədər hər yerdə kimlə danışsanız, onun barəsində mənfi fikirdədirlər. Bu ifadəni, mənə elə gəlir, Nodev işlətdi: “Hamı hesab edir ki, Beriya Zaqafqaziyada polpredləri sıxışdırırdı. Polpredləri – BSİ-nin daimi nümayəndələrini hamını kələklə çıxardırdı, onlara qarşı cürbəcür pis şeylər tədbiğ edilirdi”. O bunları iki, yaxud üç dəfə takrar etdi”.
Siz Nodevin Beriya haqqında hansı “yolverilməz, antipartiya, böhtanlı, boş” danışıq fikrini gördünüz? Sizə artıq məlum idi ki, Beriya hiyləgər intriqa üsullarından istifadə edirdi, onların vasitəsilə Beriya, həqiqətən də, Zaqafqaziyadan ora göndərilən XBSİ-nin səlahiyyətli nümayəndələrini təqib edirdi?
CAVAB: Mənə məlum idi ki, Beriya XBSİ-nin səlahiyyətli nümayəndələrilə dolanmırdı, lakin onlara qarşı mübarizədə xain, məkrli, intriqa üsullarına əl atması - mən bunu bilmirdim. 1936-cı ildə Beriya Zaqafqaziya vilayət partiya təşkilatının birinci katibi işləyirdi və VK(b)P MK-nın üzvü idi. O vaxt Nodevin Beriya haqqında mülahizələrini böhtan hesab edirdim.
SUAL: İndi sizin 25 dekabr 1936-cı il Azərbaycan K(b)P MK-nın büro iclasında Nodev və onun Beriya barədə dedikləri haqqında çıxışınızdan çıxarışı oxuyuruq:
“Məni ən çox hiddətləndirən o oldu ki... desək ki, yol.Nodev savadlı adamdır və o, heç nə başa düşmür, düzgün olmazdı. O mədəni insandır, necə başa düşməmək olar ki, o nə danışır...
Mən şəxsən elə başa düşürəm ki, bu mülahizə Nodevin şəxsi fikri deyil (səslər: “Düzdür”). Xahiş edirəm bağışlayın, ona görə ki, yoldaş Beriya ilə şəxsi münasibət mənasında və yaxınlıqda, bolşevik və çekist kimi praktiki işdə və başqa münasibətlərdə şəxsi rəy üçün sizin heç bir əsasınız yoxdur. Əsası odur ki, kimlər ki y. Nodev kimilərin arxasınca danışır, onlar partiyada və sovet hakimiyyətində yol. Beriya vasitəsilə əllərindən vurulanlardır.
Əgər siz əsl bolşevik olsaydınız, başa düşməli idiniz ki, nə danışırsınız. Hər şeyi belə əsassız danışmaq olardımı... Və bu gün bizim bolşevik partiya təşkilatı ilə birlikdə Beriyanın son 5-6 ildə Azərbaycanda onun gərgin bolşevik mübarizəsi barədə danışmaq əvəzinə, siz dedi-qoduya üstünlük verirsiniz. Bunlarla biz heç vaxt razılaşa bilmərik. Mən belə düşünürəm ki, xalq daxili işlər komissarlığı qarşısında Nodevin işdən çıxarılması barədə məsələ qaldırmaq və ona axırıncı xəbərdarlıqla töhmət elan etmək lazımdır”.
Sizin Azərbaycan K(b)P MK-nın 25.ХП.1936-cı il tarixli büro iclasında belə çıxışınız təsdiq etmirdimi ki, siz Beriyanı tərifləyirsiniz, onun tərəfini saxlayırsınız?
CAVAB: Şübhəsiz, bu günün mövqeyindən bu çıxış Beriyaya tərəf sayıla bilər. Lakin xahiş edirəm, protokolda qeyd edin ki, bunlar hamısı 1936-cı ildə baş verib, o vaxt Beriya Zaqafqaziya vilayət partiya komitəsinin birinci katibi və VK(b)P MK-nın üzvü idi; mən Beriyanı bir insan kimi deyil, yalnız Zaqafqaziya partiya təşkilatının rəhbəri kimi müdafiə edirdim.
SUAL: Azərbaycan K(b)P MK-nın büro iclasında siz Beriyanı təsfir edərək bəyan etdinız: “Nəzərinizə çatdırıram ki, əksinqilabi kəşfiyyatla bağlı işi partiya ona özünün gizli dövründə həvalə edib”.
Bunun üçün sizin hansı əsaslarınız var idi ki, həqiqətə uyğun olmayan belə bəyanatla çıxış edəsiniz?
CAVAB: Mən bunu Beriyanın şəxsi fikirlərinə və təsdiqlərinə əsaslanaraq bəyan etdim. O, var gücü ilə belə bir versiyanı yayırdı ki, gizli təşkilatda imiş və Azərbaycanda sovet hakimiyyətinin qurulmasında gedən mübarizənin təşkilatçılarından biri olub. Boynuma alıram ki, mən Beriyaya kor-koranə inanırdım.
SUAL: Sizin Beriya ilə şəxsi münasibətiniz necə idi?
CAVAB: Zaqafqaziyada birgə işləyən dövrdə aramızda olan münasibət həm yaxın idi, həm də yoldaşlıq münasibətlərimiz vardı. Tbilisidə olanda mən Beriyagildə qalırdım, onun mənzilində gecələyirdim. Beriya Moskvaya köçəndən sonra mən orada iki dəfədən artıq olmamışam. Beriyanın həyat yoldaşı Böyük Vətən müharibəsi dövründə bir dəfə bizdə qaldı. Beriya da Böyük Vətən müharibəsi dövründə bir dəfə Bakıda – bizdə qalmışdı.
Protokol düzgün yazılıb və mənim tərəfimdən oxunub.
İstintaq başladı: saat 9. 45 dəqiqədə.
Qurtardı: saat 13. 25 dəqiqədə.
Bağırovu
Dindirdi: SSRİ Baş prokuroru R. Rudenko
İstintaqda iştirak etdi və protokolu yazırdı:
SSRİ baş prokurorunun köməkçisi Smirnov
Düzdür: [möhür.] İnzibati xidmət mayoru Yuryeva
Surəti. Maşın yazısı.
Adıgözəl Məmmədov
-
Magazin120:00
Pərvin Abıyeva mini ətəkdə - FOTOLAR
-
Sosial19:24
İki yaşayış məntəqəsi QASIZ QALACAQ
-
Nəqliyyat19:12
Yüksək vəzifədən azad edilən Zaur Hüseynovdan İLK AÇIQLAMA
-
Avropa17:20
Fitso Putinlə görüşə gedir, vəziyyət çətinləşir - Aİ necə reaksiya verəcək?
-
Kriminal16:40
Bakıda evakuator sürücüsündən şok əməl: 15 yaşlı qızı hotelə apardı, 6 gün ərzində...
-
Region16:00
Başı özünə qarışan Makrondan Paşinyan əl çəkmir: Yenə dəvət etdi
-
Dünya15:25
Liviyanın "Əsəd"i hərəkətə keçdi: Rusiya bu şəhərə qoşun göndərir
-
Dünya13:40
Trüdo baş nazir kreslosunu itirir - Görün nə ilə hədələyirlər