1937
Sarı Şəmistan niyə güllələndi? – 37-nin daha bir cavabsız sualı
Mircəfər Bağırov və Şəmistan Əyyubov (Sarı Şəmistan) fəhlə və kəndçi sinfini müdafiə edən inqilabçılar olub. Təbii ki, bu, əvvəl belə idi. Daha sonra arada əqidə dəyişikliyimi baş verib, yoxsa başqa səbəblərdənmi, biri o birinin “qurban”ına çevrilib.
Beləliklə Publika.az bu dəfə Sarı Şəmistandan bəhs edəcək.
Mircəfər Bağırovu tanımayan çox az insan tapılar. Apardığım sorğuda bu insan haqqında fərqli qütblərə rast gəldim. Qızğın debatlar gedirdi, Mikayıl Muşfiq, Əhməd Cavad, Mikayıl Rəfili, Qantəmir müzakirə olunurdu. Soruşanda ki, bəs Sarı Şəmistan? Bir cavab gəlmədi. Deyəsən, onun haqqında məlumatı olan yoxdur.
Şəmistan Mahmud oğlu Əyyubov 1895-ci ildə Qazax qəzasının Dağ Kəsəmən kəndində əkinçi ailəsində dünyaya gəlib. Vaqif Səmədoğlunun atasının “Komsomol” poeması əsasında ssenariləşdirdiyi “7 oğul istərəm” filminə diqqətlə baxanlar üçün əsas qəhrəmanın - Bəxtiyarın Sarı Şəmistanın sağ əli olduğunu anlamaq elə də çətin deyil. Onun Bəxtiyara yazdığı məktubda “Şahsuvara, Qasıma, Cəlala, Mirpaşaya, Qəzənfərə, Zalımoğluna məndən salam de!” cümləsini işlətməsi Bəxtiyara etibarını təcəssüm etdirir. Yəni bu məktubu Bəxtiyar oxuyubsa, deməli onun arxasında dayanan 6 oğul hələ yaşayır. Sarı Şəmistanın adı gələndə Gəray bəyindən tutmuş, Xalq Komissarları Şurasının işlər idarəsindəki nümayəndələrinə kimi hamı qorxuya düşürdü. Çünki Şəmistan Əyyubov sosial bərabərliyin və ədalətin simvoluna çevrilmişdi. Bu, isə bəzi qara qüvvələrə sərf eləmirdi. Əlini-qolunu sallayaraq azadlıqda gəzən cinayətkarları “içəri” atdıran, geri qayıtsalar belə yenə fikrindən dönməyən, haqsız yerə məhbusluqda yatan şəxsləri azadlığa çıxaran biri idi. Sarı Şəmistan təsərüfat işləri ilə də dərindən maraqlanan insan olub. Hətta “Komsomol” ssenarisində yazın gəlişi ilə bağlı əkin-biçin dövrünün başlanması ərəfəsində “Sarı Şəmistan burada olsaydı, sevinərdi” ifadələri yer alır. Sarı Şəmistan həm cəbhədə vuruşmağı, həm təsərrüfatla məşğul olmağı, həm də partiya quruculuğunu unutmayaraq, hər üç vəzifəni eyni anda görürdü.
Sovet tarixini yada salsaq, o dövrün ən qızğın mərhələsi 1917-20-ci illərə təsadüf edir. Həmin ərəfədə Mircəfər Bağırov silah gücünə yox, söz gücünə inanırdı. Məhz inqilabçıların başçılarını söhbətə çağıraraq və onlarla danışaraq problemlərin həllinə nail olmağa çalışırdı. Beləcə o, inqilabçıları inandırıb Azərbaycan Kommunist (bolşeviklər) Partiyasına keçirir. 23 yaşlı Sarı Şəmistan da onlardan biri idi. O, bu partiyaya öz istəyi, öz ideyası ilə şüurlu şəkildə daxil olmuşdu. Şəmistanın ideyasını üstün tutaraq partiya sıralarına daxil olması gələcəkdə haqsızlığı həzm edə bilməyən biri olduğuna görə onu daha böyük çətinliklərlə üz-üzə qoyacaqdı. Hətta onun ölümünə də səbəb olacaqdı. Burdan belə qənətə gəlmək olar ki, Mircəfər Bağırovun əqidə dəyişikliyi də Sarı Şəmistanın ölüm hökmünü imzaladığı vaxtdan başlayıb. Yanlış deyirəmsə, tarix məni bağışlasın.
Sarı Şəmistanın uzaqgörənliyi hadisələri dəqiq araşdırmağa və haqlı-haqsız kateqaoriyalarını asanlıqla ayırd etməyə imkan verirdi. Məhz buna görə də insanların böyük rəğbətini qazanıb.
Əksər vaxtlarda insan əqidəsini dəyişmədikcə düşmənlərinin sayı çoxalar. Məhz Sarı Şəmistana qarşı Xalq Komissarları Şurası tərəfindən edilən təqiblər də əbəs yerə deyildi. Şəmistanın adı gələndə qorxuya düşənlərdən bir çoxu məhz bu şurada cəmlənmişdilər. Onun dəfələrlə cinayətlər törədən Bəbirov və Musayev soyadlı şəxsləri ard-arda həbsə saldırması havadarları olan şura icraçılarını narahat edirdi. Onu davamlı təqib edir, gözdən salmaq üçün fürsət axtarırdılar. Onlar ilkin mərhələdə çirkin əməllərinə nail oldular. Şəmistan Azərbaycan SSRİ Fövqəladə Komissiyası tərəfindən həbs edildi. Təbii ki, nə qədər onun haqqında sübut axtarsalar da, tapılmadı və o, 3 aylıq həbsdən sonra azad olundu. Ancaq Sarı “şübhəli ünsür” kimi partiyadan uzaqlaşdırıldı. Hər şey bununla bitmədi. Təqiblər davam edirdi...
Dostları
Tarixi sənədlərdə Şəmistan haqqında dürüst fikirləri yer alan Ağa Sultanov və Əhməd Nadirşini onun dostları hesab etmək olar. Əslində Sarının dostları çox idi, fəhlə-kəndçi sinfi bu insana yüksək dəyər verirdi. Lakin gücün kağız üzərində və “ziyalı təfəkkürü”ndə olduğu dövrdə onların bir önəmi yox idi. Heç şübhəsiz, xalqın sevgisi Şəmistanı ayaqda saxlayan prinsiplərini formalaşdırmışdı.
Ağa Sultanovun dedikləri: “Mən onu şəxsən 1920-ci ildən ən təmiz və yaxşı kommunist kimi tanıyıram, onun işlədiyi bütün partiya təşkilatları bunu təsdiq edə bilərlər”.
Əhməd Nadirşin: “... necə olsa da yoldaş Əyyubov (məsul partiya yodlaşlarının söhbətlərinə görə) vəziyyətin ağır anlarında inqilabda daha fəal iştirak edib”.
Ağa Sultanovun iki yazılı müraciətindən və Əhməd Nadirşinin Zaqafqaziya Mərkəzi Nəzarət Komissiyasına verdiyi düzgün ifadələrdən və nəhayət Əyyubovun işinin daha obyektiv araşdırılmasından sonra onun haqsız yerə tutulduğu məlum olur və partiya fəaliyyəti bərpa edilir.
Şəmistanın ağır günləri bununla bitmirdi. Onu qarşıda böyük faciə gözləyirdi.
1921-ci ildə Göyçay qəzasına ezam olunan Sarı burada böyük cinayətkar qrupla rastlaşır. Mübarizə aparır. O, Ağdam, Şuşa, Nuxa (Şəki), Göçay və Şəmaxıda bır çox quldur dəstələrini zərərsizləşdirir, Əyriçubuğun quldur dəstələrinin məhv edilməsini təşkil edir.
1934-cü ildə insanları böyük narahatçılıq bürümüşdü. Repressiya dövrü yaxınlaşırdı. 1937-38-ci illərin faciələri hazırlanırdı. Sarı Şəmistanın artıq heç bir ümidi qalmamışdı. O, güllələnməyi gözləyirdi. Qaranlıq zirzəminin küncündə oturmuş bir adam üçün ölüm kürsüsünə gedən yol 35-ci ilin noyabrından açılmışdı. Mircəfər Bağırovun və Şahverdiyevin imzası ilə bircə qondarma sənədin yarandığı gündən...
SSRİ Ali Məhkəməsinin hərbi kollegiyasının səyyar sessiyası onu əksinqilabçı-trotskiçi və millətçi elan edib, güllələnməyə məhkum edir. 1937-ci il yanvarın 5-dən 6-a keçən gecə Şəmistan Əyyubovu güllələyirlər. Güllələndikdən sonra Pəri xanım Abdulla qızı Əyyubova (Vəkilova) (Səməd Vurğunun qohumlarındandır) "vətən xaini"nin həyat yoldaşı kimi cəzasını İslah Əmək Düşərgəsində çəkməklə SSRİ XDİK-nin 1938-ci il 9 aprel tarixli qərarı ilə 8 il müddətində azadlıqdan məhrum edilir.
Dörd uşaq anası Pəri xanım Mordoviyaya sürgün olunur. Böyük oğlu 15 yaşlı Mahmud həbs edilərək Bayıl həbsxanasına salınır. 11 yaşlı İsmayıl, 14 yaşlı Gülzar və 13 yaşlı Ədiləni isə Şüvəlandakı "bezprizorniklər" saxlanan koloniyaya göndərirlər.
****
Bu məqamda tədqiqatçı Şəmistan Nəzirlinin üzə çıxardığı bir məktubu da sizlərə təqdim edək. Məktubu Pəri хanım 1954-cü ildə Səməd Vurğuna Gəncədən yazıb:
“Əziz Səməd! Əvvəla, məndən və İsmayıldan böyük salamlar. Əzizim, mən хəstəyəm, göz хəstəsi olmaq çoх pisdir. Bir gözüm tamam kor olub, heç bir müalicənin хeyri yoхdur. Neyləmək olar, görünür, qismətim belə imiş. Allah sənə can sağlığı versin, əgər sənin köməyin olmasaydı, çoхdan bu dünyadan getmişdim. Səməd, elə düşünmə ki, mən sənə müraciət edərkən mənəvi ağrı hiss etmirəm. Mən çoх məğrur adamam, lakin qismətin acılığı məni sənə müraciət etməyə məcbur edir. Bunun müqabilində mən gecə-gündüz Allahdan sənə sağlamlıq diləyirəm. Eybi yoхdur, mənim iztirablarımın sona yetməsinə az qalıb. İsmayıl artıq Kənd Təsərrüfatı İnsititutunda təhsilini başa vurmaq üzrədir. Bəlkə, bir az onda vəziyyətimiz düzəldi. Sən elə bilmə ki, mənə sənə müraciət etmək asan gəlir. Gözümün yaşını saхlaya bilmirəm, lakin çıхılmaz vəziyyətdəyəm. İsmayıl cəmi 320 manat pul alır, iki nəfərik. O, indi işləyə bilmir, səhər saat doquzdan aхşam saat beşə, bəzən yeddiyə kimi dərsdə olur. Ona görə də хahiş edirəm ki, söz verdiyin kimi bizə kömək edəsən. Qışdır, soyuqdur, aclıqdır, çoх çətindir. Hələ bütün bunlardan əlavə İsmayılın geyimi yoхdur, təkcə bir köynəyin içində qalıb. Bu vəziyyətdə dərsə gedir, ətrafdakıların ona necə münasibət göstərdikləri, ona nə gözlə baхdıqları sənə aydındır. Bir daha üzr istəyirəm, yoхluq məni səni narahat etməyə məcbur edir.
Ümid edirəm ki, bu ağır vəziyyətimdə sən məni darda qoymayacaqsan. Nə qədər mümkün edərsənsə, artıq bir neçə gecədir ki, acıq.
Sənin bədbəхt Pəriхanım bacın (Vəkilova)
Ünvanım: Gəncə şəhəri, ev 31
Eyyubov İsmayıl”
****
Tarixin bütün dövlərlərində aşağı təbəqə hər zaman ağzı “qıfıllı” olub. Sovet dövrünün 50-ci illərinə qədər məhz bu cür haqsızlıqlara məcburi susqunluq vardı. 1956-cı ildən etibarən xalqın əhvalı yaxşılaşmışdı, inanlar artıq sərbəst şəkildə siyasi söhbətlər etməyə başlamışdı. Çünki həmin ilin fevralında SSRİ Ali Məhkəməsinin Ali Kollegiyası Əyyubov Şəmistan Mahmud oğlunun işinə yenidən baxmış, hərbi kollegiyanın Əyyubov haqqında 1938-ci il 5 yanvar tarixli hökmü ləğv edilmişdi. Ancaq gec idi, çox gec...
Rüfət Soltan
-
Səhiyyə19:23
Səhiyyə Nazirliyində əməliyyat keçirilir - SAXLANILANLAR VAR
-
Hadisə19:10
Nəsimidəki yanğın söndürüldü - FOTO/YENİLƏNDİ
-
Rəsmi xronika17:23
Putin İlham Əliyevi təbrik etdi
-
Rəsmi xronika16:51
İlham Əliyev fərman imzaladı
-
Magazin116:24
Emin Ağalarovun əkizlərinin gələcək arzusu... - VİDEO
-
Dünya15:27
Əsədə Moskvada zülm edilir? - Kremldən CAVAB
-
Sosial15:06
“Lukoil”dən ŞOK ETİRAF: Benzinə su qarışıb
-
Region14:06
Türk dövlətlərinin ortaq xəritəsi hazırlanır - BELƏ OLACAQ