1937
Məşhur batumlu - Ülvi RƏCƏB
1937-ci il Azərbaycanda repressiyaların tüğyan etdiyi tarixdi. Bu il həmin hadisələrin 80-ci ildönümüdür. Publika.az "1937" layihəsində repressiya qurbanlarını anaraq onların ömür yoluna yeni işıq salmağa çalışacaq.
Milli teatr-səhnə sənətimizin ən çox
xatırlanıb-sevilən keçmişlərindən...
Təəssüf ki, həm də dövrün antimilli repressiya girinə
keçmişlərdən biri...
Haçan ki “ciddi teatr”, “əsl səhnə”, “müqtədir aktyor” kəlmələri
dilə gəlir, xatirə-xəyala mütləq “Ülvi Rəcəb” ismi də gəlir. Başqa
sözlə, milli dramaturgiyamızda Cəfər Cabbarlı kimdirsə, teatr-səhnə
sənətimizdə Ülvi Rəcəb odur.
Və maraqlıdır; bunların hər ikisi otuz beşcə il yaşayıb...
Bu da maraqlı deyilmi ki, Cəfər də, Ülvi də yaddaşlarda, sənət
tariximizdə hələ də yaşayır və hələ onları “öz əcəli” və “ideya
cəncəli” ilə öldürənləri də “yaşadırlar”?!.
Gəlin, bu açıq-aşkar yaşayanlardan biri haqda real tarixi bir
oçerk, “dosye”lərdə “yaşadılanlar”dan “birisi” barədə isə (adını
gizlətməsi səbəbilə) “Kommunist” qəzetinin 30 sentyabr 1937-ci il
sayı vasitəsilə tanış olaq: “Ülvi Rəcəb nəcib, ləyaqətli, saf
amallı, həyat eşqli, bütöv xarakterli obrazları xüsusi bir şövq və
məharətlə ifa edirdi. O, monumental quruluşlu romantik faciə
surətlərinin səhnə təfsirində də həyatdan şirə çəkən poetik
realizmə üstünlük verir, ifa üçün səmimiyyət, məlahət,
ürəyəyatımlıq kimi - daha çox, aktyorun şəxsi “mən”indən qidalanan
psixoloji məziyyətləri qabardırdı. Onun gur və yapışıqlı səsində
ürəkçalan, qəlboxşayan bir lirizm vardı. Bu sənətkar “sifət-ifadə
vasitələri” deyilən məziyyətlərdə xüsusilə zəngin, sirayətedici,
son dərəcə xarakterial idi. Ülvi Rəcəb psixoloji pauzaların ən
bacarıqlı, bənzərsiz yaradıcısı kimi tanınır, tərəf-müqabilləri
(yöndaşları) ilə ünsiyyətdə, səhnədəki vəziyyətin psixoloji halına
uyğun davranmaqda daim nümunə göstərilir, ifa etdiyi hər bir
personajı dərindən duyan, onun həm məfkurəvi, həm psixoloji
“rəsm”ini dəqiqliklə ölçüb-biçib ətə-qana gətirən aktyor kimi
seçilirdi. Romantik ruhlu ehtirasa, emosional həssaslığa, dinamik
plastikaya malik olan Ülvi Rəcəb Tanrının bəxş etdiyi istedadın
cövhərli məziyyətləri ilə kifayətlənmir, axtarışlar aparır, tapıb
cilaladığı və oynadığı obrazın mayə-qayəsinə hopdurduğu ifadə
vasitələrilə tamaşaçıları məftun edir, onlara bədii-estetik həzlər
verirdi...”
İndi də, yuxarıda “birisi” adı ilə xatırlatdığım o dövr
“şərəfzadə”lərindən bir yazarın belə bir sənətkar haqda - Şaşıqzadə
Ülvi Rəcəb barədə bir məqaləsindən: “Yaradıcılığı bir qəpiyə
dəyməyən bu adam... respublikanın Əməkdar artisti kimi şərəfli bir
ada “nail” olmuşdur. O, xalq düşmənləri R.Axundov, Ə.Triniç,
H.Nəzərli ilə sıx əlaqə saxlamış, xarici reaksion qəzetlər oxumuş,
patifonda xarici plastinkalar çaldırmış, məişətcə pozulmuş,
səhnəmizi Osmanlı, ərəb və fars sözləri ilə zibilləməyə çalışmış,
gənc kadrların inkişafına mane olmuşdur”...
Bu sözlər romantik və realist aktyor məktəblərinin poetik-dramatik
səciyyələrini müqayisəedilməz bir inam və imanla zənginləşdirmiş
bir sənətkar haqda yazılmışdı! Otuz beş illik ömrünün yarıdan
çoxunu müxtəlif sənət ünvanlarında, son on üç ilini Milli Dram
Teatrımızda Fərhadlıq etmiş, sonrakı teatr-səhnə nəsilləri üçün
canlı məktəb ənənəsi yaratmış, zəngin və xüsusən orijinal
yaradıcılığı ilə örnək-irs qoyub getmiş fenomen barədə
uydurulmuşdu!..
“Gənc kadrların inkişafına mane olmuş” bu sənətkarın -
Gənclik dövründən...
...O nə ömür yaşayıb ki, mən bu “bölüm”ü işlətdim? Yəni, vur-tut
“35” rəqəmi və “gənclik” dönəmi? Otuz beş yaşın özü başdan-ayağa
gənclik deyilmi?!.
Görəsən, o özü bu barədə nə düşünürmüş? Görəsən, səhnələrdə o qədər
obrazlar yaratmış bu sənətkar DTK zirzəmisindəki bu “rol”una necə
yanaşırmış? Daim eşitdiyi alqışlar əvəzinə nələr eşidirmiş? O
vaxtdan bu vaxta barəsində yazanların hər birinin xüsusi
vurğuladığı kimi, həmişə haqq-ədaləti, ülvi düşüncələri ifadə edən
obrazları oynamağa üstünlük vermiş, hətta “...tamaşaçıları, öz
qeyri-adi sənətkarlıq məziyyətlərilə yaratdığı mənfi insan
surətlərini belə sevməyə “məhkum” etmiş” bu mələktimsal adam
oradakı iblis münasibətləri necə sinirirmiş? Dindirildiyi
kabus-kabinetlərdə, “son mənzil” qoxuyan yolsuz otaqlarda o günədək
keçib-gəldiyi yollar haqda da düşünüb-daşınmağa macal
tapırmışmı?..
Milliyyətcə acar olan Şaşıqzadə Ülvi Rəcəb Molla oğlu 1903-cü il
yanvarın 9-da Batum şəhəri (indi Batumi adlanır) yaxınlığındakı
Canivri kəndində doğulub. Bütün Avropanı gəzib-dolaşmış, dünyanın
gəlir-gərdişini yaxşı bilən atası Rəcəb bəy oğlu Ülvinin də
gözaçıq, geniş dünyagörüşlü olmasına çalışıb. Elə bu da, on altı
yaşında ikən atasını itirmiş Ülvinin özünü itirməməsinə, İstanbula
gedərək təhsilini davam etdirməsinə, fəal həyat eşqinə stimul olub.
Lakin I Dünya müharibəsi onu təhsilini atıb, gündəlik çörəkpulu
qazanmaq məcburiyyətində qoyub.
Müharibə qurtaranda Batuma qayıdan Ülvi həmin il buraya qastrola
gəlmiş Hüseyn Ərəblinski ilə tanış olur. Onun “Otello”
tamaşasındakı baş rolu Ülvini necə məftun edirsə, həyatını teatra
bağlamaq qərarına gəlir. Çox da uzun çəkməyən bu unudulmaz
“Azərbaycan qastrolu” onun sənət taleyini həll edir. Bütün
aktyorlarla səmimi ünsiyyət yaradır, bir neçə tamaşada epizodik
rollar oynayır və hətta “Arşın mal alan” operettasında səhnəyə
(qəflətən xəstələnmiş aktyorun əvəzinə) Soltan bəy rolunda çıxır.
Bu qeyri-adi “debüt-istedad” elə həmin gündən onun Batum teatr
truppasına qəbul edilməsinə səbəb olur. 1922-ci ildə həmin teatr
Tiflisə qastrola gəlir və Ülvi burada Azərbaycan teatrının
yaradıcılarından İbrahim İsfahanlı ilə tanış olur. Bu tanışlıq Ülvi
Rəcəbin Tiflisdə qalmasına, o dövrün məşhur “Zubalov evi”ndə
fəaliyyət göstərən “Azərbaycan dram cəmiyyəti”nə daxil edilməsinə
səbəb olur. “Ölülər”, “Dağılan tifaq”, “Aydın” və s. tamaşalardakı
çıxışları az sonra onu şəhərdəki Azərbaycan Dram Teatrına cəlb
etdirir. Uca boylu, aydın diksiyalı, emosional və coşğun, lirik və
ehtiraslı gənc aktyor müxtəlif operetta, dramatik və faciə
rollarında uğur dolu sənət elementlərilə çıxış edir.
“Məşhur batumlu”nun Bakı dövrü
1924-cü ilin yayında Tiflisdəki Azərbaycan teatrının baş rejissoru
Aleksandr Tuqanov Bakıya, Milli Dram Teatrına dəvət olunur. Ülvi
Rəcəbin istedad-yaradıcılıq imkanlarına yaxşı bələd olan və
gələcəyinə böyük ümid bəsləyən Tuqanov onu da Bakıya çağırır.
1925-ci ildən burada fəaliyyətə başlayan gənc tezliklə teatrın
aparıcı aktyoru Abbasmirzə Şərifzadənin dublyoru səviyyəsinə
yetişir. Hətta çox keçmir ki, teatr mütəxəssisləri onun ifa etdiyi
rolları şərti bölgülərlə təsnifatlandırırlar da; “Qəhrəman
obrazları”, “Faciə qəhrəmanları”, “Dramatik surətlər”, “Məhəbbət
aşiqləri”, “Lirik-psixoloji” və s.
Yazırlar ki, bir oyun-üslubdan digərinə çox sərbəst və
professionallıqla keçid məsələsində Ülvi Rəcəbin tayı-bərabəri
yoxmuş. “Onun Romeosu təkcə Milli Dram Teatrı üçün deyil, ümumən
milli səhnə sənətimizin ən parlaq Romeosu kimi tarixiləşib.
Azərbaycan aktyorları arasında “psixoloji teatr” formatının
bünövrəsini qoyub-formalaşdıran ilkinlərdən biri Ülvi Rəcəbdir”.
“Azərbaycan Milli Dram Teatrının müqtədir sənətkarlarından olan
Ülvi Rəcəb milli teatr tariximizdə ilk aktyordur ki,
realist-romantik oyun üslubuna geniş və yaradıcı bir psixologizm
dərinliyi, lirik-dramatik ahəngdarlıq gətirib”...
...Tək elə Bakıda və Milli Dram Teatrındamı? Yox, bu böyük sənətkar
bu baş sənət məbədimizdə işləyə-işləyə, xüsusi və təkidli
dəvətlərlə Tiflis teatrında unudulmaz Şeyx Sənan, Yaşar və başqa
rollar da yaradıb. 1931-ci ildə Bakı Türk İşçi Teatrının
hazırladığı “Sevil” tamaşasında təkrarsız bir Balaş oynayıb. Rus
Dram Teatrında hazırlanan “Otello” tamaşasında tamaşaçıların
illərlə müzakirə və sevə-sevə bəhs etdikləri “Qeyri-adi Otello”
yaradıb.
Ulu Tanrı onun cismi-timsalında həm də böyük bir sənətkar
yaradıbmış...
O öz şəxsində bir-birindən maraqlı obrazlar yaratdı...
Adları ikrah doğuran “sənəd”çilər isə 1938-ci ilin 9 yanvarında
tarixə daha bir şərəfsiz imza atdılar: on üç ildə saysız-hesabsız
tamaşaçılara bənzərsiz sənət atəşləri saçmış bu azman aktyora güllə
atəşi açdılar...
Tahir Abbaslı
-
Kriminal23 Dekabr 23:05
Azərbaycanda əxlaqsızlığı təbliğ edən tiktokerlər saxlanıldı - Foto
-
Magazin223 Dekabr 22:15
Haluk Levent xəstəxanalıq oldu
-
Hadisə23 Dekabr 22:07
Bakıda uçqun oldu - Ölən var
-
Səhiyyə23 Dekabr 22:00
Səhiyyə Nazirliyində keçirilən əməliyyatda kimlər saxlanıldı? - YENİLƏNDİ
-
Sosial23 Dekabr 21:11
Bakıda diqqət çəkən "yolka"lı "Ferrari"nin sahibi o imiş - VİDEO
-
Hadisə23 Dekabr 19:10
Nəsimidəki yanğın söndürüldü - FOTO/YENİLƏNDİ
-
Rəsmi xronika23 Dekabr 17:23
Putin İlham Əliyevi təbrik etdi
-
Rəsmi xronika23 Dekabr 16:51
İlham Əliyev fərman imzaladı