Seyid Hüseynin acı həyat hekayəti
Bizi izləyin

1937

Seyid Hüseynin acı həyat hekayəti

1937-ci il Azərbaycanda repressiyaların tüğyan etdiyi tarixdi. Bu il həmin hadisələrin 80-ci ildönümüdür. Publika.az "1937" layihəsində repressiya qurbanlarını anaraq onların ömür yoluna yeni işıq salmağa çalışacaq.

1937-38-ci illərdə amansız Stalin repressiyasının qurbanlarından biri də yazıçı Seyid Hüseyndir. Bir çox Azərbaycan ziyalıları kimi, irtica yalnız onun özünü deyil, ailəsini də qara siyahıya salmışdı. S.Hüseyn 1887-ci il yanvarın 25-də Bakı şəhərində anadan olmuşdur. Beş yaşında atasını itirən Seyid babası Mirsadiq Mirhəsənin himayəsində böyüyüb tərbiyə almışdur.

O, əvvəl mollaxanada, sonra dövrünün görkəmli maarif xadimlərindən olan Mahmudbəy Mahmudbəyovun müdir olduğu “Rus-tatar” məktəbində dörd ilə yaxın təhsil almışdır. Azərbaycan, rus, fars dillərini mükəmməl öyrənmişdir.

1904-ci ildə – babasının vəfatından sonra ailənin qayğısı S.Hüseynin üzərinə düşmüşdür. O, “Kaspi” mətbəəsində işə girir və 1912-ci ilə kimi orada mürəttiblik edir. 1920-ci ildən “Kommunist” qəzeti redaksiyasında ədəbi işçi kimi fəaliyyət göstərmiş, Bakının orta məktəb və texnikumlarında müəllimlik etmiş, ömrünün son illərində isə “Azərnəşr”in bədii ədəbiyyat şöbəsinin redaktoru olmuşdur.O, bədii yaradıcılığa 1907-ci ildə başlamışdır.

S.Hüseyn 1907-ci ildə qəzet və jurnallarda məqalə və felyetonları ilə çıxış etmişdir. Mətbuatda “Kazımoğlu”, “Hüseyn Sadiq”, “Seyid Hüseyn Sadıqzadə”, “Mühərrir” və b. imzalarla fəaliyyət göstərmişdir. Onun “Gələcək həyat yollarında”, “Şirinnaz”, “Iki həyat arasında”, “Yatmış kəndin qış gecələrində”, “Gilan qızı” və s. hekayələri, “Altun”, “Yalan”, “Gözəllik nədir?” və s. məqalələri oxucuların diqqətini cəlb edir. Müəllifin müxtəlif illərdə bir çox kitabları nəşr etdirilmişdir: “Ağ valideyn, yaxud zavallı Məşədi Zaman” (1911), “Qaçaq oğul, yaxud ata məhəbbəti” (1915), “Yeni həyat yollarında” (1928) və sO, 1934-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olmuş, milli ədəbiyyatımızın zənginləşməsi üçün səy göstərmişdir. Ancaq bir çox Azərbaycan ədəbiyyatının görkəmli xadimləri kimi repressiya dalğası ondan və ailəsindən də yan keçməmişdir. 1936-cı ildə O, Yazıçılar Ittifaqının üzvlüyündən çıxarılmış, əsərləri kəskin tənqid olunaraq, onlara siyasi rəng verilmiş, adına “xalq düşməni” damğası vurmuşlar.

Yazıçı 1937-ci il iyulun 15-də Şüvəlandakı bağında həbs olunmuş, ən ağır cəzaya – güllələnməyə məhkum edilmişdir. Uzun sürən əzablı işgəncələrdən sonra, 1938-ci ilin əvvəllərində rejimin çıxardığı hökm yerinə yetirilmişdir.

S.Hüseynin həyat yoldaşı Umgülsüm Əbdüləziz qızı Sadıqzadə 1899-cu ildə Bakının Novxanı kəndində ruhani ailəsində anadan olmuşdur. Kiçik yaşlarında ata və anasından fars və türk dillərini öyrənən Umgülsüm, Şərq ədəbiyyatına və klassik Azərbaycan şeirinə maraq göstərmişdir. 9 yaşından şeir yazmağa başlamış Umgülsüm 1914-cü ildən “Iqbal”, “Yeni iqbal”, “Açıq söz” və s. mətbuat orqanlarında hekayə və şeirlərini çap etdirmişdir. Onun 200-dən artıq şeiri, bir poeması bizə gəlib çatmışdır. O, həmçinin “Vətən sevgisi”, “Solğun çiçək” və s. hekayələrin müəllifidir.

Umgülsüm xanım Məhəmməd Əminin qohumu idi

1920-ci ildə S.Hüseynlə xoşbəxt ailə həyatı qurmuş Umgülsüm sonralar həyat yoldaşı kimi əzablı bir taleyi yaşadı. 1937-ci il noyabr ayının 11-də repressiya cəlladları onu da həbs edib Bayıl həbsxanasının qaranlıq zindanlarına saldılar. Ananı üç övladından ayraraq sürgün etdilər. Qaranlıq, soyuq kameralar onu sıxdı, lakin ana qürurunu sındırmadı. Çalışdı ki, ölməsin, Oqtayına, Toğruluna, Cığatayına, Qumralına qovuşsun…1941-ci ili aprel ayında “Temlaq” dustaqxanasında doğma musiqini eşidən şairə yazdığı kövrək şeirdə arzulayır ki, kaş bu ecazkar, doğma musiqi heç olmasa yarımca saat da davam eləsin…

Titrərkən telləri tar- kamançanın

Ürəyim döyündü, əlim titrədi.

Ey gözəl vətənim! Eşqinlə sənin

Gözlərim yaşardı, dilim titrədi.

Çal gözəl musiqi, çal ki, səsinə

Qərib könüllərin ehtiyacı var.

Vurğun aşiqlərin hər nəfəsilə

Xəstələr dərdinə min şəfa tapar.

Oqtay Sadıqzadə:

“O vaxt mənim 16 yaşım vardı. Valideynlərimin ikisi də 1937-ci ildə tutuldu. Atam Seyid Hüseyn güllələndi, anam Umgülsüm isə Şimala – Mordva vilayətinə sürgün olundu. O vaxt xalamgilin bağlarında qonaq idim. Xalamın böyük oğlu Rəsulu bağda olarkən tutdular və üç gündən sonra güllələdilər. Eyni gündə də öz bağımızda atamı tutmuşdular. Atamı ya millətçi, ya da Məmməd Əminin qohumu olduğuna görə həbs etdilər. Mən onda rəssamlıq məktəbində oxuyurdum. Atam həbs olunandan sonra xalq düşməninin ailəsi kimi övladlarının yaşamadığı acılar qalmadı. Həm iş, həm də oxumağımızla bağlı çox əzab-əziyyətlər çəkdik. Məni Rəssamlıq Məktəbindən qovdular. O vaxt müəyyən adamlar həbs olunanda rəsmi surətdə işlədikləri və oxuduqları yerlərə xəbər verməli idilər. Bibim oğlunu da tutmuşdular. Məni bu barədə rəsmi məlumat yazıb, məktəbə təqdim etməyə məcbur etdilər. Ərizəni yazandan sonra məktəbin direktoru Ismayıl Axundov məni çağırıb: ”Atanı-ananı tutdular, indi də gəlib səni tutsalar, gərək mən cavab verəm. Səni istəyirəmsə, özümü səndən çox istəyirəm. Sabahdan dərsə gəlmə”, – dedi. Mən məktəbə bərpa olunmağım haqqında bir neçə dəfə Mədəniyyət Idarəsinə ərizə ilə müraciət elədim. Bir gün komissiya təqdim olunan ərizələrə baxmaq üçün vaxt təyin elədi. Onda komissiyaya rəhbərliyi Ruhulla Axundov edəcəkdi. Həmin gün Ruhulla Axundovun tutulduğunu eşitdik. Sonra idarəyə Davud Rəsulzadəni rəhbər təyin etdilər. O da ərizələrə baxmaq üçün vaxt müəyyənləşdirdi. Həmin gün onu da tutdular. Sonra Mirzə Ibrahimov bizə kömək elədi və bizi məktəbə bərpa elədilər. Üzeyir bəy də həmin komissiyanın üzvü idi. Hər yerdə çətinlik idi. Ancaq sonra da bizimlə işləməyə qorxurdular. Qara buludlar ailəmizin başı üzərindən çəkilmədi. Anam Umgülsümü də Seyid Hüseynin həyat yoldaşı və Məmməd Əminin qohumu olduğu üçün həbs etdilər. Onun həbsində həmçinin bolşeviklər əleyhinə yazdığı şeirlərin də rolu vardı. Anamın yazdığı “Bayrağımız enərkən” şeiri o zaman çox yayılmışdı. Müşfiqin yoldaşı Dilbəri də tutmuşdular. O mənim anamla bir kamerada saxlanırdı. Sonra ruhi xəstə olduğu üçün onu azad etdilər”…

Bir ailədən 13 nəfər repressiya qurbanı

Acılar yenə də bitmədi. 1941-ci ildə 20 yaşlı Oqtayı həbs edərək sürgünə göndərdilər.

O.Sadıqzadə: “1946-cı ildə sürgündən azad olaraq Bakıya qayıtdım. Evimizi möhürləyib hökumətə vermişdilər. Həmin evin aşağısında bibimgil olurdu. Mən bir il gözləyəndən sonra heç bir xəbər-ətər çıxmadığını görüb, həmin möhürü açdım. Əlimdə sənətim vardı. Orda-burda işləyib az-çox qazanırdım. O biri uşaqlar isə məndən kiçik idi. Evdə özümdən kiçik iki qardaşım, bir bacım vardı. Kiçik qardaşım Cığatayı da xalq düşməninin oğlu kimi həbs etmişdilər. O, işçi batalyonundan xəstə qayıtdığı üçün vəfat etdi. Beləliklə, bizim nəsildən 13 nəfər repressiyanın qurbanı oldu.

Anası Umgülsümü də görmək O.Sadıqzadəyə qismət olmur. Çünki anası qayıdıb gələndən üç ay sonra dünyasını dəyişmişdi. Umgülsüm çox ağır vəziyyətdə qayıtmışdı. Onu Bakıda yaşamağa da qoymamış, Şamaxıya göndərmişdilər. O.Sadıqzadə anasının ölümündən yalnız qayıdandan sonra xəbər tutur: “Atamın ölümü haqqında isə üç müxtəlif versiya söyləyirlər. Moskvadan alınan rəsmi məlumatda 1939-cu ildə güllələnməsi haqqında məlumat verilir. Digər bir məlumatda onların bəzisinin Bakıda, Qum adasında güllələndiyi bildirilir. Sənədlərin birində isə guya onların ürək xəstəliyindən, öz əcəlləri ilə vəfat etməsi yazılıb”.

Repressiya illərinin sərt küləkləri sakitləşib, ölkədəki siyasi vəziyyət dəyişəndən sonra bir çoxları kimi Seyid Hüseyn və Umgülsüm xanım da bəraət aldı. Ancaq nə acılar ki, bu bəraət digər repressiya qurbanları kimi onların da taleyini dəyişmədi…

azadlıq

Oxumağa davam et
Reklam
Reklam

Gündəm