• USD 1,7000 0,00% EUR 1,9142 0,00%
    • GBP 2,1315 0,00% RUB 0,0271 0,00%

Qafqaz Evi ideyası: tarixi və bu günü

Qafqaz Evi ideyası: tarixi və bu günü

GİRİŞ: Strateji əhəmiyyətinə görə "Qafqaz Evi" Azərbaycan, Gürcüstan və Şimali Qafqaz xalqlarının təhlükəsizlik və əməkdaşlıq təşkilatı, GUAM isə Avropaya çıxış yolu, "Qafqaz Evi" ilə "Avropa evi"ni birləşdirən vasitə və ya "körpü" kimi qiymətləndirilir. Maraqlı burasıdır ki, Qafqaz İttifaqı ilə bağlı nəzərdən keçirilən konsepsiyaların heç birində Ermənistan Respublikasının adı "Qafqaz Evi"nin yaradıcıları içərisində vurğulanmır, bu isə təsadüfi deyil, diplomatik dairələr, dünyanın görkəmli siyasətçiləri Ermənistanı Rusiyanın strateji müttəfiqi, onun "Qafqaz dəyənəyi və forpostu" hesab edirlər. Rusiya Federasiyası ilə Ermənistan arasında 1997-ci il avqustun 2-də imzalanmış 12 bənddən ibarət "Dostluq, əməkdaşlıq və qarşılıqlı yardım" paktı iki dövlət arasında strateji müttəfiqliyin hüquqi ifadəsidir.

Bu ideyanı ilk dəfə Qafqazda Mirzə Fətəli Axundov irəli sürüb. O illərdə Axundov Qafqazda bu ideyanın üzərində işləyəndə Gürcüstanda İlya Çavçavadze, Ermənistanda isə Xaçatur Abovyan etnik millətçilik ideyası üzərində işləyirdilər.

"Qafqaz Evi" ideyası Axundovun və Mirzə Bala Məmmədzadənin fikirlərində əsas yerlərdən birini tuturdu ki, məhz XIX əsrin sonlarında Qafqaz maarifciləri ilə onlar arasında yazışmalarda bu ideya barədə ilkin müzakirələr gedirdi və onlar ideyanın təbliğini mühüm hesab edirdilər. Bu işin icrasında mühüm rolu isə Paris Siyasi Elmlər Məktəbinin diplomatiya fakültəsində təhsil almış Səlim bəy Behbudov oynayırdı. O, Bakı və Qarabağ milli təşkilatları ilə əlaqə qurmaq üçün sualtı gəmi ilə gizlicə Qafqaz sahillərinə gedərək oradan da Azərbaycana keçir. Eyni zamanda, 1915-ci ildə Türkiyədə marşal Fuad paşanın rəhbərliyi altında "Qafqaz Evi" adlanan siyasi təşkilatın Prezidiumunda Azərbaycanı təmsil edirdi.

Qeyd edək ki, o illərdə yaradılan "Difai" partiyasının da əsas qayəsi bu idi. "Difai" partiyası ("Qafqaz Müsəlman İttifaqı") 1906-cı ilin payızında Ə.Ağaoğlunun başçılığı ilə Bakıda yaradılmışdı. Təşkilatın ilkin özəkləri Qarabağda təşkil olunmuşdu. Partiya əsasən erməni terrorçularının imperiyanın dəstəyi ilə türk-müsəlman əhalisinə qarşı silahlı hücumlarına, qırğınlar törətməsinə qarşı türk-müsəlman əhalisinin mü-qavimətini təşkil etmək zərurətindən yaradılmışdı. Lakin təşkilatın fəaliyyəti bununla məhdudlaşmamışdır. Belə ki, partiyanın qəbul etdiyi 52 maddədən ibarət proqramı da var idi ki, orada Qafqaz müsəlmanlarının milli birliyi və milli azadlığı ideyaları açıq təbliğ olunurdu. Hətta bu dövrdə keçmiş "Difai"çilər tərəfindən müstəqil Qafqaz müsəlman dövlətinin yaradılması ideyası irəli sürülmüş, Aslan xan Xoyski tərəfindən 1915-ci ilin fevralında gizli surətdə Ənvər paşaya belə bir dövlətin yaradılmasının layihəsi təqdim olunmuşdu. Sarıqamış məğlubiyyətindən sonra Ənvər paşa bu layihəni təsdiqləmiş, lakin müharibənin sonrakı gedişi bu ideyanın həyata keçməsinə imkan verməmişdir.

Axundovun birlik üçün maarifləndirici ideyaları təbliğinə baxmayaraq, Qafqaz evinin yaradılması ideyasını rəsmi səviyyədə Qafqaz regionunun müharibə dövründə inteqrasiya maraqlarını və fəaliyyətini ifadə etmək məqsədini daşıyaraq Məmməd Əmin Rəsulzadəyə aiddir. Rusiyada oktyabr inqilabından sonra Qafqazda Ermənistan, Gürcüstan və Azərbaycan daxil olmaqla, qısamüddətli (24 fevral-26 may 1918-ci il) Qafqaz Federasiyası yaradıldı. Bu, "Qafqaz evi"nin yaradılması istiqamətində ilk cəhd idi. Federasiya 26 may 1918-ci ildə Gürcüstanın, iki gündən sonra isə Azərbaycanın və Ermənistanın öz müstəqilliklərini elan etmələri ilə süquta uğradı. Bu barədə Türkiyə Cümhuriyyəti Baş Bakanlığının Osmanlı arxivində Azərbaycan Xalq Cümhuriyyətini yaradanların Osmanlı Türkiyəsinin hərb naziri Ənvər paşaya 1918-ci il mayın 22-si və 23-ü tarixlərində ünvanladıqları müraciət saxlanılır. Müraciətdə deyilir: "Paşa Həzrətləri! ... Osmanlı hökumətinin tashihi-hüdud haqqındakı təklifi ilə müttəhid Qafqaz fikri məhv olur". Buradan bu ideyanın reallaşmasında Osmanlının maraqlı olduğu görünür.

Üzeyir Hacıbəyovun "Biz hamımız Qafqazlı balasıyıq" adlı məqaləsində də ideyanın region üçün əhəmiyyətli olduğu qeyd edilirdi.

"Qafqaz birliyi"nin əsas müəllifilərindən biri olan Əlimərdan bəy Topçubaşovun təşəbbüsü ilə 1921-ci il mayın 8-də qafqazlı mühacirlər Azərbaycan Cümhuriyyətinin Paris nümayəndəliyinə yığışaraq "Qafqaz konfederasiyası"nı müzakirə etdilər və beləliklə, Azərbaycan, Şimali Qafqaz, Gürcüstan və Ermənistan nümayəndə heyətləri arasında müştərək saziş imzalandı. Bolşevizmin Avropada yayılmasının qarşısını almaq üçün Fransa, İngiltərə kimi nəhəng güclər "Qafqaz konfederasiyası"nı müdafiə etdi və bu yöndə aktiv fəaliyyət üçün mühacir liderlərə maliyyə yardımı ayırdı.

Yeni yaranmış dövlətlər cəmi iki ildən sonra bolşeviklər tərəfindən süquta uğradıldı, 1922-ci ilin martından 1936-cı ilədək Leninin təklifi ilə Zaqafqaziya Sovet Sosialist Respublikası yaradıldı. Lakin bu ittifaqın müvəqqəti ideya olması bəlli idi. Bunu mühacirətdə olan ziyalılar bilirdilər. Ona görə də 1927-ci ildə Polşada Müstəqil Qafqaz Komitəsi yaradıldı. Azərbaycan M.Ə.Rəsulzadə və M.Ə.Mehdiyev, Gürcüstan N.Jardaniya, A.Çxenkeli, A.Asantnani, S.Mdivani ilə təmsil olundu. Simali Qafqaz adından isə M.Sunşev və İ.Xumşov üzv idi.

Yeni bir addım 1935-ci ildə Qafqaz Federasiyası Şurası adı altında yaradılan qurum oldu. Şura Azərbaycan, Gürcüstan və Şimali Qafqazın milli təşkilatlarından formalaşmışdı ki, əsas məqsədi respublikaların konfederasiya formasında müstəqil Qafqaz Respublikasının elan edilməsi idi. 1940-cı ildə şuraya Ermənistan da qoşuldu. Lakin yenə də bu, iflasa uğradı. Rəsulzadənin və onun mühacirətdəki gürcü dostlarının fəallığı ilə 1952-ci il dekabrın 11-16-da Almaniyanın Münhen şəhərində Ümumqafqaz konfransı keçirildi və Rəsulzadə orada Qafqazın gələcəyi, eləcə də Rusiyasız Qafqaz ideyası ilə bağlı fikirlər irəli sürdü. 1951-ci il yanvarın 18-də ABŞ-ın dəstəyi ilə SSRİ xalqlarının Azadlığı Uğrunda Amerika Komitəsi yaradılanda, orada öz gürcü dostları ilə kommunist rejiminə qarşı ciddi mübarizə aparanlardan biri və birincisi Rəsulzadə idi.

"Qafqaz Evi" ideyasının qızğın tərəfdarı kimi azərbaycanlılar xüsusi fəallıq göstəriblər o illərdə. Sovetlər Birliyi dağılana kimi mühacirlərin yaşadığı ölkələrdə dövlət səviyyəsində mühüm sənədlərin qəbulu zamanı azərbaycanlılar ümumqafqaz maraqlarına əsaslanaraq Gürcüstan və Dağlılar Respublikasının nümayəndələri ilə əlbir fəaliyyət göstərirdi. Təəssüf ki, bizim günlərdə olduğu kimi, həmin dövrdə də ermənilər "Qafqaz evi"nə münasibətdə destruktiv mövqe tutduqlarından, region xalqlarının siyasi-iqtisadi və mənəvi birliyi üçün son dərəcə vacib olan bu ideyanı həyata keçirmək mümkün olmamışdı.

Sovetlər Birliyi dağılandan sonra -1989-cu ildə Qafqaz xalqları birlik üçün yenidən cəhdlər etməyə başladılar. Bu istiqamətdə ilk addım olaraq 1989-cu ildə Qafqaz Dağlı Xalqları Assambleyası quruldu və 1991-ci ildə bu təşkilat çeçenləri, kabardinleri, adıgeyləri, abazinləri, abazaları və Qafqazın digər xalqlarını birləşdirən bir Konfederasiyaya çevrildi. 1992-ci ilin sentyabr ayında Çeçenistanın ilk prezidenti Cövhər Dudayev Qroznıda "Ümumi Qafqaz Evi" təşkilatının üzvləri üçün dəyirmi masanın təşəbbüskarı oldu. "Ümumi Qafqaz Evi" forum kimi qeydiyyata alındı və onun başçısı prezident Cövhər Dudayev təyin edildi. Qafqaz evinin ümumi forumunun yaradılması ideyası Çeçenistanda müharibənin başlanması ilə dayandı. Sonralar bu missiyanı Gürcüstan və Azərbaycan qəbul etmişdir və bu, Bakıda keçirilən konfransda öz əksini tapmışdır. Konfransda Qafqaz xalqlarına regionda etnik konfliktlərin baş verməməsi üçün Ümumi Qafqaz Evinin yaradılması ilə bağlı çağırış səslənmişdir. Artıq mətbuatda "Qafqaz Evi", "Qafqaz Xalqları Federasiyası", "Qafqaz Konfederasiyası" kimi ideyalar ortaya atılırdı ki, Tiflis, Bakı, Nalçik, Mahaçqala, Qroznı kimi iri şəhərlərdə bir sıra qurultaylar da keçirildi.

Lakin bu ideyanın gerçəkləşməsinin qarşısını alan iki qüvvə - Rusiya və Ermənistan birgə hərəkət edirdilər. Çünki Ermənistanın qorxusu Qarabağda planlarının baş tutmayacağı idi. Onlar Rusiyaya müraciət edib iddia etdilər ki, çeçenlər Azərbaycana döyüşçü yardımı edib Qarabağdan onları çıxaracaq. Hətta Cövhər Dudayevin Bakıya gəlməsi, sonra Şevarnadze ilə görüşməsi onları qorxuya salmışdı. Onlar Qarabağda və daha sonra Samse Cavaxetiyada torpaq iddialarının əllərindən çıxacağından ehtiyat edirdilər.

Ermənilər o dərəcədə narahat olmuşdular ki, hətta "Nyu-York Tayms" qəzetində Azərbaycana Əfqanıstan və Çeçenistandan çoxsaylı muzdlu döyüşçülər gətirilməsi barədə məqalə də dərc etdirmişdilər.

Rusiya isə bunu bilirdi. Hətta gizli dairələrdə çeçenlərlə azərbaycanlılar arasında qarşıdurma yaratmaq istəkləri var idi. Buna görə bir müddət Rusiyadan Azərbaycana gələn nəqliyyat vasitələrinin çeçen hərbi geyimli dəstələr tərəfindən qarşısı alınırdı.

Bundan sonra onlar bu ideyanın gerçəkləşməsində öz maraqlarını irəli sürdülər. Buna görə də Rusiya tərəfindən təklif edilən "3÷1" modeli ortaya atıldı. Buna görə Azərbaycan, Gürcüstan, Ermənistan və Rusiyanın yanında Çeçenistan istisna olmaqla, "Qafqaz Evi" yaradılmalı idi.

Daha sonra "3 ÷ 3 + 2" (Azərbaycan, Gürcüstan, Ermənistan + Rusiya, Türkiyə, İran + ABŞ, AB) modeli gündəmə gətirildi. Bu gün də ideyanın reallaşması üçün iki model üzərində təkliflər var. Lakin ortaq məxrəc əldə etmək çətindir. Çünki "Qafqaz Evi"nə daxil olacaq dövlətləri müxtəlif coğrafi və altmədəniyyətlər quruluşlarına aid olmaları il təsnif edirlər (Rusiyaya arxalanan erməniləri "Böyük Ermənistan"a, azərbaycanlıları türk dövlətlərini bir arada saxlayacaq Turana və gürcüləri Amerika və Avropanın təsiri altında olacaq Qafqazın özünə).

1996-cı il martın 8-də Azərbaycan Prezidenti Heydər Əliyevin Gürcüstana rəsmi səfəri zamanı 2 dövlət başçısının imzaladığı birgə Bəyannamə "Ümumi Qafqaz Evi" ideyasının əməli olaraq həyata keçirilməsinin başlanğıcı oldu. Lakin Ermənistanın təcavüzkar siyasəti və regiondakı konfliktlərin həllinin uzanması "Ümumi Qafqaz Evi" ideyasının həllini xeyli çətinləşdirdi.

Zaur Əliyev

Siyasi elmlər üzrə fəlsəfə doktoru

loading...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR