Çar qızının sevgisini qazanan azərbaycanlı qaçaq - erməni qənimi Dəli Alı - FAKTLARLA
Bizi izləyin

Gizli tarix

Çar qızının sevgisini qazanan azərbaycanlı qaçaq - erməni qənimi Dəli Alı - FAKTLARLA

Azərbaycanda ciddi tədqiqata ehtiyacı olan sahələrdən biri də XIX əsrin ortaları - XX əsrin əvvəllərinə qədər Qafqazda, xüsusilə Azərbaycanda qaçaq hərəkatıdır. Məlumdur ki, ölkədə olan ədalətsizliyə, çar məmurları və onların əlaltıları olan yеrli fеodalların xalqa amansızcasına divan tutmalarına qarşı ciddi bir mübarizə hərəkatı başlanmışdı. Xalqın bir çox igid oğulları silaha sarılıb dəstələr düzəldərək dağlara çəkilmiş, "qaçaq" adı ilə milli qəhrəman kimi şöhrət qazanmışdılar. Goranboyun Qarasuçu kəndindən olan Dəli Alı da qaçaqlar içərisində ad-san qazanan igidlərdən idi. Onun uzun zaman mübarizə aparmasından sonra birdən-birə bağışlanması barədə müxtəlif fikirlər səslənir. Belə fikirlərdən biri də çar II Nikolayın qızı Olqa Nikolayevnanın Dəli Alıya xüsusi rəğbətindən (bəlkə də sevgisindən) irəli gələrək çarın onu əfv etməsidir. Rus və gürcü arxivlərindən əldə etdiyimiz sənədlərlə tarixdə uzun zaman gizli qalan bu sirrə aydınlıq gətirməyə çalışacağıq.

Alı Məhərrəm oğlu 1875-ci ildə Şəmkir rayonunun Keçili kəndində anadan olub. Ailəsi əsasən maldarlıq və qoyunçuluqla məşğul idi. Qardaşı, özü və atası kəndin ağasının qoyunlarını otarırdı. Onun qaçaq olmasına isə kəndin yüzbaşısı səbəb olur. "Tüstü pulu" vergisi toplayan strajnikin (kiçik rütbəli zabit) onların aylıq pulu vermədiyi üçün etdiyi şikayət üzrə kəndə gələn yüzbaşı Alının atası Məhərrəm kişini təhqir edir və qırmancla üzündən vurur. Sonra da uryadniklərin (kiçik rütbəli zabit) atasını döyməsinə dözə bilməyən Alı tüfənglə yüzbaşını ürəyindən vurub öldürür. Ardınca ailə Goranboy ərazisinə köçür, burda da axtarışa gələn hökumət qüvvələri danos nəticəsində sürünün başı üstündə onu yaxalayır. Atışma zamanı Alı sərrast atəşlə kəndə zülm edən Aşot adlı erməni pristavı vurub atdan salır. Lakin sonda həbs edilir və qısa müddətdən sonra həbsdən çıxır. 1898-ci ildə isə bir neçə dostu ilə dağlara çəkilir...

Onun ardınca düşən hökumətlə yanaşı, ermənilər Aşot pristavın öldürülməsini ona bağışlaya bilmirlər. Ermənilər Alının dəstəsini kölgə kimi qarabaqara izləyirlər. Lakin yerini müəyyən edib hökumətə xəbər verənə qədər qaçaq öz dəstəsi ilə oradan xeyli uzaqda olur.

1898-1913-cü illər ərzində kazaklarla dəfələrlə qanlı döyüşlərə girərək onları ağır məğlubiyyətə uğradan Dəli Alı 1905-ci il hadisələri zamanı azərbaycanlılara qarşı soyqırım törədən ermənilərə divan tutub. Dəli Alı qaçaqları ilə birgə Gəncənin ermənilər məskunlaşdırılmış Bayan, Çardaqlı, Çaykənd və digər kəndlərini basaraq qadınlara, uşaqlara, qocalara toxunmadan əli silah tutan ermənilərin hamısını güllə qabağına düzüb. Ermənilərə köməyə gələn yüzlərlə kazak atlıları da ərazidə xeyli yaralı və ölü buraxaraq qaçmağa məcbur olublar. Təkcə "Hacı Məlik" düzündə 2000-ə yaxın erməni öldürülür.

Dəli Alı çox qürurlu adam idi, igidlikdə onu kiminsə üstələməsinə imkan verməzdi. Xarakterində nakişilik yox idi deyə, yerli əhali onu çox sevirdi. O qədər qoçaq idi ki, rus və gürcü mətbuatı onun haqqında xoş sözlər yazırdı.

Gürcü jurnalist İrodion Evdoşvili "İveriya" qəzetində çap etdirdiyi "Gözlərimlə gördüyüm" başlıqlı məqaləsində Dəli Alı barəsində yazır: "Yenə bizim idarəçilərimiz barədə bir əlamətdar fakt. Gəncədə mənim gözlərim qarşısında məşhur qaçaq Dəli Alı at oynadırdı. Bu qaçağın ələ keçirilməsi üçün dəfələrlə bir neçə sotnya (yüzlük) kazak və çapar göndərmişik. İndi isə o, şəhərin ortasında onların gözü qarşısında tüfəng atırdı və tatarların önündə gedirdi. Ona heç kəs heç nə deyə bilmirdi".

Rusiya imperiyasının sonuncu imperatoru II Nikolay Romanovun qızı Olqa Nikolayevna Dəli Alı barəsində Rusiya mətbuatında oxuyanda onunla maraqlanır. Olqa Nikolayevna özü hərb, döyüş və silah həvəskarı idi. Qoçaq adamlar barədə məlumat toplayar və onları çar ordusuna cəlb etmək üçün çalışardı. 1909-cu ilin 11 iyulunda 3-cü Yelizavetqrad Qusar İmperator alayının fəxri komandiri təyin edilən Olqa Nikolayevna vətənini sevən bir xanım idi.

O, mətbuatda oxuyur ki, Qafqazda Dəli Alı adlı qoçaq bir şəxs uzun illərdir hökumətə qarşı mübarizə aparır. Əmisindən xahiş edir ki, Alı barəsində məlumatları və fotosunu dərhal ona göndərsin. Əmisi onun sözünü yerə salmır və Dəli Alının fotosu ilə yanaşı, yerli hökumətin raport və ərizələrini çar qızına göndərir.

Onun barəsində ətraflı məlumat toplayan Olqa Nikolayevna atasından xahiş edir ki, qaçağı bağışlasın. Atasına məlumat verir ki, Dəli Alı bir soyğunçu deyil, köhnə adətlərə riayət edən, xeyirxahlığı ilə seçilən, ehtiyacı olanlara yardım göstərən və arxasızlara arxa duran bir qəhrəmandır. Bir sözlə, müasir Robin Huddur. Şahzadə onun əfv olunmasının zəruriliyini bununla əsaslandırır.

Çar II Nikolay sevimli qızının sözünü yerə sala bilmir. Yavərinə tapşırıq verir ki, Dəli Alını qonaq kimi Peterburqa dəvət etsin. Həmçinin onu adı Romanovlar sülaləsinin 300 illiyi münasibətilə verilən amnistiya haqda fərmana da əlavə edilsin. Çarın əmri ilə Peterburqdan knyaz Qolitsın Gəncəyə gəlir. Gəncə qubernatorunun vasitəçiliyilə Gəncəyə yaxın bir yerdə knyazla qaçaq görüşür. Ona dəvətnaməni təqdim edən Qolitsın çar qızının hədiyyəsi olan qılıncı da verir. Knyaz qeyd edir ki, onun təhülkəsizliyinin təminatçısı knyaginya Olqa Nikolayevna özüdür.

Bu sözlərdən sonra arxayın olan Dəli Alı Peterburqa çar sülaləsinin 300 illiyi münasibətilə keçirilən məclisə gedir. Özü ilə müxtəlif hədiyyələr götürən Dəli Alı çar qızı üçün kəlağayı, xalça və gümüş qolbaq aparır...

Hündürboy, qafqazlı geyimində və belində üzərinə "Alı mərdi-mərdana, budur girdi meydana" sözləri yazılmış qızıl xəncər olan bir şəxs məclisdə çoxunun diqqətini cəlb edir.

Dəli Alı Azərbaycandan apardığı hədiyyələri saraya təqdim edir, Olqa Nikolayevnanın iştirakı ilə çar II Nikolayla görüşür. Onun oturuşu, duruşu və görkəmindən təsirlənən imperator "bir də rus kazaklarını öldürmə" deyərək ona çoxlu hədiyyə verir, yüksək hörmətlə vətənə yola salmağı yavərinə əmr edir.

Vətənə dönən Dəli Alı əfv edilməsinə baxmayaraq, ermənilərə göz açmağa imkan vermirdi və kəndlilərin hüquqlarını qoruyurdu.

Dəli Alı Kürəkçayın yaxınlığında - Hazırəhmədli kəndində arxadan vurulur. Bir neçə gündən sonra Gəncə xəstəxanasına aparılır və orada vəfat edir.

Dəli Alı İmamzadə məzarlığında dəfn olunub.

Onun 9 övladı var idi - 5 oğul, 4 qız. Oğlu Məmməd Məhərrəmov İkinci Dünya müharibəsi zamanı qəhrəmanlığına görə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb.

MƏNBƏLƏR:

  1. "Tiffliskiy listok" qəzeti. 12 mart 1906-cı il (№ 57)
  2. "İveriya". 1905, 9 dekabr (№ 222)
  3. Gürcüstan Mərkəzi Tarix Arxivi (GMTA), fond 254, siyahı 1
  4. "Azərbaycan yurd bilgisi", № 23, İstanbul, 1933-cü il
  5. "Azərbaycan" jurnalı, № 7, 8, 9, 1961-ci il

Zaur Əliyev

Siyasi elmlər üzrə fəlsəfə doktoru

Xüsusi olaraq Publika.az üçün

Oxumağa davam et
Reklam
Reklam

Gündəm