Gizli tarix
Yeniçərilərin xələfləri olan fransız əsgərləri: başkəsən zuavlar haqda
Böyük dövlətlər tarix boyu işğal etdikləri ölkələrin əhalisindən ibarət qoşun növləri yaradıblar.
Böyük Britaniya, Fransa, Belçika, Hollandiya, İtaliya, Portuqaliya – bu ölkələrdən hər birinin kolonial qoşunları olub.
Bu sırada Böyük Britaniya və Fransa xüsusilə fərqlənir. Britaniyalı qurxlar və sikxlər, fransızlarda isə seneqallı atıcılar döyüş meydanlarında ad-san çıxarmışdılar.
Əlcəzairli zuavları isə əfsanə saymaq olar. Onların xüsusi diviziyaları həm Fransa, həm Osmanlı, həm ABŞ, həm də Roma Papasının qoşunlarının tərkibində vuruşmuşdu.
Avropada zuav döyüşçüsünün adı gələndə hamının canını qorxu alırdı. Çünki Polşadakı xalq üsyanını yatırmaq üçün zuavlar gətirilmişdi. Onlar üsyanı qəddarlıqla yatırdılar.
Publika.az "Gizli tarix" layihəsində zuavlar haqda araşdırmanı təqdim edir.
Səhra döyüşçüləri
Ehtimal edilir ki, zuav (fransızca zouave) barbarların "Zwāwa" sözündən əmələ gəlib. Onlar səhralardakı Kabil qəbiləsinin bir qoludur. Kabillərin ümumi sayı 5 milyon idi. Onlar Əlcəzairin dağlıq ərazisi olan Kabildə məskunlaşmışdılar.
Şimali Afrikanın ərəblər tərəfindən istilasınadək kabillilər bu yerlərin əsas sakinləri idilər. İstiladan sonra onlar mövqelərini itirdilər. Barbarların böyük hissəsi ərəblərlə qaynayıb-qarışaraq, məğribin böyük xalqlarının – tunislilərin, mərakeşlilərin, əlcəzairlilərin əsasını təşkil etdilər.
Ancaq dağlıq ərazilərdəki barbar kabillilər islamı qəbul etsələr də, öz mədəniyyətlərini, həyat tərzlərini qoruyub saxladılar.
Barbarlar həmişə döyüşkən olublar. Məsələn, tuareqlər "səhra döyüşçüləri" kimi ad çıxarıblar. XX əsrdə İspaniya Mərakeşdəki Rif barbarlarından öz ordusu üçün döyüşçü yığırdı.
Əlcəzairdə isə zuavlar vardı.
Dəniz quldurları
Digər bir ehtimala görə, "Zwāwa" dərvişlərin yaratdığı xüsusi ordendir. Şimali Afrikada sufilik geniş yayılmışdı. Sufi şeyxləri dərviş qardaşlıqları - zuaviyələr yaradırdı. Orta əsrlərdə bir çox türk yeniçəriləri, ərəb və kabil muzdluları zuaviyə üzvləri idilər. Onların böyük hissəsi Kabildə məskunlaşırdı və muzdlular kimi müharibədə iştirak edirdi. Onların komandanı və hökmdarı isə dey adlanırdı.
Sonuncu Əlcəzair deyi Hüseyn Paşa olub (1773-1838). Deem - osmanlıların yeniçəri ordusunda komandirlərə deyilirdi.
1600-cü ildə türk ordusu Əlcəzairdə dislokasiya olmuşdu. Əvvəlcə Əlcəzairin hakimi – dey yeniçəri komandirlərindən biri oldu. Getdikcə yerli hakimiyyət müstəqilləşdi. Lakin onlar idarəçiliyi türk paşaları ilə bölüşürdülər. 1711-ci ildə osmanlılar Əlcəzairdə faktki olaraq mövqelərini itirdilər. Türk paşası İstanbula göndərildi. Bundan sonra Əlcəzairdəki yeniçəri muxtariyyəti faktiki olaraq müstəqillik qazandı.
Bu dövlətin əsas qazancı dəniz quldurluğundan idi. İtaliya və İspaniyanın heç bir gəmisi haqq vermədən Əlcəzair sahillərindən keçə bilmirdi.
Avropa dövlətləri bu problemi birgə həll etməyə qərar verdilər. İspaniya, Portuqaliya, Fransa, Holandiya, Britaniya dəfələrlə Əlcəzairə qarşı cəza briqadaları göndərdi. Ancaq döyüşkən tayfaları ram etmək olmurdu.
1815-ci ildə amerikalılar dey paşasına əsir düşdü. ABŞ hökuməti ultimatum verdi. Lakin yeniçərilərin varisləri ultimatumu saya salmadılar. ABŞ müharibə elan etdi, lakin qələbə çala bilmədi.
1816-cı ildə Əlcəzair sahillərinə Hollandiya və Britaniya hərbi gəmiləri yan aldı. Yaylım atəşi ilə paytaxt Əlcəzair şəhəri dağıdıldı. Bu da nəticə vermədi. Gəmilər sahillərdən uzaqlaşan kimi barbarlar yenidən dəniz quldurluğu ilə məşğul oldular. Onlar yeganə qazanclarından imtina etmək fikrində deyildilər. Odur ki, avropalıların ticarət gəmiləri təhlükəsizlikləri üçün yenə də yeniçərilərin xələflərinə haqq verməli olurdular.
Əlcəzairlilərin dəniz quldurluğu fransız işğalınadək davam etdi.
İstila
Fransız istilası mənasız bir insidentlə başladı. Əlcəzair deyi Hüseyn Paşa çəliyi ilə fransız diplomatını vurdu. 1830-cu ildə fransız ordusu Əlcəzairə soxularaq, tez bir zamanda ölkənin böyük bir hissəsini tutdu. Yalnız dağlıq Kabil müqavimət göstərirdi. Qərbi Əlcəzairin döyüşkən tayfaları əmir Əbd əl-Qədirin (1808-1883) başçılığı altında uzun illər fransızlarla döyüşdülər. Bu müqavimət 15 il, 1832–ci ildən 1847-ci ilədək davam etdi.
Barbarlarla müharibə fransız ordusuna böyük itkilər hesabına başa gəlirdi. Fransız ordusu bunu heyfini dinc əhalidən çıxırdı. Özü də qəddarcasına. Məhz buna görə Əbd əl-Qədir təslim oldu və ömrünün sonuna qədər - 40 il - əsirlikdə qaldı. Əsir düşməsinə baxmayaraq, fransızlar ona hörmətlə yanaşırdılar.
Bundan sonra Əlcəzairdə müqavimət hərəkatı səngidi. Lakin bəzi dağlıq ərazilər hələ də fransızlara tabe olmurdu.
Fransızlar üçün tapıntı
1830-cu il iyunun 5-də dey Hüseyn Paşa fransız generalı qraf Burmona təslim oldu. Generalın ağlına qəfildən ideya gəldi. O, paşanın ordusundakı döyüşçüləri, muzdluları öz qoşununa daxil etdi. Belə döyüşçülər istənilən ordu üçün tapıntı idi.
Zuavlar güclünün tərəfini seçdilər. Fransız ordusuna ilk daxil olan zuavların sayı 500 nəfər idi. 1830-cu ilin payızında isə onlardan daha iki batalyon təşkil olundu. Bu iki batalyonda 700 döyüşçü vardı.
1831-ci ildə zuavlardan ibarət iki atlı eskadron yaradıldı.
Fransızlar zuavlardan əsasən yüngül piyada kimi istifadə edirdilər. Onları indinin xüsusi təyinatlıları ilə müqayisə etmək olar. Zuavlar mərd və qorxmaz idilər. Yaxın döyüşdə düşmənlərini tikə-tikə doğrayırdılar.
Əlcəzairin tam işğal olunmasında zuavların rolu böyükdür. Əvvəllər Hüseyn Paşaya xidmət edən döyüşçülər indi fransızlar üçün vuruşdular və istilanı başa çatdırdılar.
Qəddar və döyüşkən
O zamanlar yaşı 20-yə çatan fransızlar arasında püşk atılırdı. Püşkdə "uduzanlar" orduya çağırılır və 7 il xidmət keçirdilər. Lakin alternativ variant da vardı – orduya könüllü gedib iki il xidmət çəkmək. Başqa bir yol da vardı – pul müqabilində orduya öz yerinə kimisə göndərmək. Çoxları həbsxanadan çıxmış, avara dolaşan, keçmiş cinayətkarlara pul verərək, onları öz yerlərinə orduya göndərirdilər.
Varlanmaq həvəsi ilə Qərbi Afrikaya köçən fransızlar isə bu mənada zuavları və barbarları pulla ələ alırdılar. Ordunun sıravi və kapral döyüşçüləri demək olar ki, zuavlardan ibarət idi. Onlar nizam-intizamı xoşlamırdılar. Düzdür, əla döyüşçü idilər, amma qəddarlıqları ilə seçilirdilər. Heç kimə, o cümlədən dinc əhaliyə aman vermirdilər. Boş vaxtlarında isə əyyaşlıq edirdilər.
Fransız generalları bu nizamsızlığa göz yumurdular. Çünki zuavlarda onlara lazım olan əsas xüsusiyyət vardı – onların döyüşkənliyi düşmənləri tir-tir əsməyə məcbur edirdi.
Zuavların arasındakı "vivandye"ləri də fenomen saymaq olar. Bunlar zuavların saxladıqları qadınlar və o cümlədən fahişələr idi. Onlar həm əsgərlərə seksual xidmət göstərir, həm sanitar kimi çalışır, yemək bişirir, lazım gələndə əllərində qılınc döyüşə atılırdılar. Onların hər birinin silahı vardı.
1852-ci ildə Lui Napoleonun əmri ilə zuav döyüşçülərin sayı artırıldı – üç alay yaradıldı.
Fransız yeniçərilər
Fransız ordusundakı zuavların mundirləri də maraqlı idi. Bu geyim türk yeniçərilərinin formasını xatırladırdı. Belə də olmalı idi. Çünki onlar Əlcəzair deyinin xidmətində olan türk yeniçəriləri və zuavların xələfləri idilər.
Başlarına qoyduqları fəs də osmanlılarınkına bənzəyirdi. Yaxalarında isə misdən aypara formasında nişan olurdu. Zuav batalyonlarında xidmət keçən qeyri müsəlmanlar-fransız katoliklər və yəhudilər də alayın tarixinə hörmət əlaməti kimi bu ayparanı yaxalarına vururdular. Çünki bu qoşunların kökü müsəlman kabillilərdən təşkil olunmuşdu.
Saqqalla bağlı problem də yox idi. Zuavlar saqqal saxlaya bilərdilər. Maraqlıdır ki, onun uzunluğundan hansı döyüşçünün daha qocaman olduğunu bilmək olurdu.
Zuavlar dünya müharibələrində
Zuavların ölkə hüdudlardan kənara döyüş yolu Krım müharibəsindən başladı. Alma dağı ətrafındakı döyüşlərdə zuav döyüşçüləri qayalara dırmanaraq, rusların mövqelərini ələ keçirdilər. Onlar heç kimə aman vermədilər. Bundan başqa, Malaxov kurqanına hücum edən 7 alaydan 3-ü zuavların idi. Zuavların sayəsində ruslar darmadağın oldu. Əlcəzairlilərin igidliyindən riqqətə gələn III Napoleon imperator qvardiyasının tərkibində yeni zuav alayları yaradılması haqda göstəriş verdi.
Krım müharibəsindən sonra da zuavlar Fransanın apardığı bütün müharibələrdə iştirak etdilər. 1859-cu ildə İtaliya ərazisində avstriyalılarla döyüşdülər. 1861-ci ildə III Napoleon ordusunu Meksikaya göndərdi. Qoşunlar Avstriya imperatoru Frans İosifin qardaşı Maksimillianı çevrilişlə hakimiyyətə gətirməli idilər.
Fransız qoşunlarının tərkibində zuavların 2-ci və 3-cü alayları vardı. Onlar tapşırığı yerinə yetirdilər və Legion Ordeninə layiq görüldülər.
Fransanın Hind-Çindəki müstəmləkə müharibəsində də zuavlar böyük rol oynadı. Vyetnamı, demək olar ki, zuavlar işğal etdi.
Birinci Dünya müharibəsi zamanı zuavların mundirləri dəyişdi. Onlar xaki rəngli forma geydilər. Lakin baş geyimləri yenə fəs idi. Bu onları digər fransız əsgərlərdən fərqləndirirdi. Avropaya qan udduran alman piyadaları başkəsən zuavlardan qorxurdular.
Əlbəyaxa döyüşdə zuavlarla döyüşənlərin sağ qalmaq şansı yox idi.
Fransa İkinci Dünya müharibəsinə məğlubiyyətlə başladı. Alman aviasiyası Fransa ərazisinə soxuldu. Yüngül silahla silahlanmış zuav batalyonları təyyarələrlə bombalanaraq məhv edildi.
Fransız kommandolar – zuavların xələfləri
Afrikadakı zuavlar isə almanlara qarşı müqavimətin əsas hissəsini təşkil etdilər. Müttəfiq qoşunları Afrika sahillərinə çıxarkən zuav batalyonları tunislilərlə birgə almanlara qarşı döyüşdülər.
Əlcəzairin 1962-ci ildə müstəqillik əldə etməsi ilə zuav batalyonları dağıldı.
Lakin zuavların döyüş ənənələri indiyədək fransız kommondos məktəblərində saxlanılır. Kursantlar zuavların döyüş geyimindən və bayrağından istifadə edirlər.
İlqar Atabəyli
-
Magazin209:48
Məşhur reper güllələndi: qatil hadisəni lentə aldı - ANBAAN VİDEO
-
Magazin109:00
Əməkdar artistin nəvəsi ilə MARAQLI VİDEOSU
-
ABŞ08:12
1 dollara satılan Panama kanalı - Tramp onu GERİ QAYTARACAQ
-
Magazin105:45
Bu da Röya Ayxanın "Qızı" - VİDEO
-
Magazin201:41
Məşhur müğənnidən büstqaltersiz dərin dekolteli FOTOLAR
-
Hadisə00:30
Azərbaycanda toy evində KÜTLƏVİ DAVA - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Bu səhvi etsəniz, sevgilinizlə münasibətiniz çətinləşəcək
-
Magazin221 Dekabr 23:12
İş adamı Dubayda görün kiminlə ailə qurdu - FOTO