NKVD formasında “dezertir” ovlayan kriminal avtoritet
Bizi izləyin

Oğru dünyası

NKVD formasında “dezertir” ovlayan kriminal avtoritet

Stalin dövrünün məşhur dələduzları haqda mövzunu davam etdiririk. Ötən dəfə saxta yolla Sovet İttifaqı Qəhrəmanı adı alan Vladimir Qolubenkodan danışmışdıq.

Ancaq digər avtoritet Viktor Qudkov da ondan geri qalmayıb.

Böyük Vətən Müharibəsi başlayanadək Saratovun məşhur cibgirlərindən sayılan Qudkovun cəbhəyə getmək fikri yox idi. Biri var cib soyasan, bir də var əlinə silah alıb vətəni qoruyasan. Həm də oğru qanunlarına görə bu, yasaq idi.

Odur ki, 1943-cü ildə ona hərbi forma verib cəbhəyə yola salanda elə dəmiryol vağzalındaca fərarilik etdi. Tezliklə, Qudkov ətrafına özü kimi fərari olan 12 nəfəri də topladı.

Banda Saratovda soyğunçuluq və qarətlə məşğul olurdu.

1944-cü ildə artıq müharibənin taleyi bəlli olanda Viktor Qudkov dəstəsini leqallaşdırmaq qərarına gəldi. Onlar saxta sənəd düzəltdilər. Guya 12 nəfərlik dəstə NKVD-nin xüsusi əməliyyat qrupu imiş.

Həmin ilin may ayında Qudkov öz dəstəsi ilə Saratov şəhərinin Turkovsdki rayon hərbi komissarlığına gəlir. Polkovnik Fadeyevin qəbuluna düşür və deyir ki, onların dəstəsi NKVD tərəfindən xüsusi missiya ilə göndərilib. Onlar Saratovda xidmətdən boyun qaçıran fərariləri tutacaqlar.

Saxta NKVD qrupundakıların par-par alışıb yanan çiyinlikləri, ütülü və səliqəli formaları, silahları polkovnikdə şübhəyə əsas qoymur. Hərbi komissar onların sənədlərinə də baxmır.

Tezliklə, Qudkov hərbi komissarlığın ən etibarlı adamına çevrilir. Banda qanuni sənədlərlə, silahla, ezamiyyə vərəqələri ilə təchiz edilir.

Qudkovun bandası yenə qarətlər etsə də, fərariləri tutmağı da unutmur. Pis də işləmirlər. Yarım il ərzində 50 dən çox fərari saxlanılır. Üstəlik, 16 "xalq düşməni"ni ifşa edirlər.

Qudkovun dəstəsi 1945-ci ilin fevralınadək fərari ovlayır. Lakin adi bir ehtiyatsızlıq üzündən ələ keçirlər. Qudkovun qonşusu onu üzdən tanıyır. Hərbi tribunal avtoriteti və onun bandasını cəbhəyə - cərimə batalyonuna - yəni günahlarını qanla yumağa göndərirlər.

Müharibədən 12 nəfərlik dəstədən yalnız 7 nəfər sağ qayıdır. O cümlədən Qudkov da – artıq günahını qanla yumuş və azad şəkildə.

İlqar Atabəyli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm