Qadın güzarı
“Bakirə olmasam, məni hər gün dilənçilər yarımçıq tikilidə zorlayar“
Son bir ilə qədər küçədə dilənçiliklə çörəkpulu qazanan uşaqlar gözə dəymirdi. Həmin uşaqların dəstə ilə hardan gəldikləri, harda yaşadıqları qeyri–məlum idi. Son zamanlar isə küçələrdə, maşınların sıx getdiyi yollarda tıxaclardan istifadə edib sürücülərə əl açırlar. Tıxaclara görə uzaqlaşmaq mümkün olmadığı üçün sürücülər pul verməyə məcbur olur.
Bu onsuz da tıxacların gərginləşdirdiyi əsəbləri bir az da gərir. Paytaxtın əsas yollarında, günün istənilən saatında 28 May, Bül-Bül, Səməd Vurğun, Ağa Nemətulla küçələrində dilənçiliklə məşğul olan uşaqları görmək olar.
28 May metrosunun ətrafında isə vəziyyət daha bərbaddır. Axşam saatlarında dilənçi qız uşaqları şəhər sakinlərinin qarşısını kəsir. Pul verməkdən imtina edənləri isə söyüb qaçırlar. Onların öz aralarındakı "müştəri" üstündə davaları isə özləri ilə yanaşı, ətrafdakılar üçün də təhlükə yaradır.
Küçə uşaqları ilə ünsiyyət cəhdi həmişə uğurlu alınmır. Bir neçə dəqiqə söhbətdən sonra onlar ya qorxub qaçır, ya da çantanı dartmağa başlayır. Bunu isə ən çox azyaşlılar edir.
28 May metrosunun həndəvərində dilənçiliklə məşğul olan, adının Lalə olduğunu deyən 14 -15 yaşlı qız uşağı əvvəl danışmaqdan çəkinir. Televiziyadan olmadığımı, şəklini çəkməyəcəyimi deyəndə razılaşır.
Ürəyi dolu adamlar kimi söhbətə başlayır. Hər iki valideyninin olduğunu deyir. Yataqxanada yaşayır. Atası Rusiyaya işləmək üçün gedib bir daha da geri qayıtmayıb. Özündən başqa bir bacısı da var. Ərə gedib. Onlarla əlaqə saxlamır. Anası da xəstədir, evə pul aparmaq üçün dilənir. Heç vaxt məktəbə getməyib. Ancaq pulları tanıyır. Heç vaxt 10 manatlıq əskinazı əlinə almayıb. Yalnız saqqız kağızlarının içindən çıxan pulları gördüyünü deyir. Nə qədər iş axtarsa da, ona iş verən olmayıb. Kafelərdə isə işləmək üçün gərək kafe sahibinin "hər dediyini" edəsən deyir. Həm də ora gələn müştərilər bəzən "hər cür xidmət" tələb edir.
Lalə and içib məni inandırmağa çalışırdı ki, o işləmək istəyir, amma bu şərtlərlə işləmək istəmir. O, küçədə dilənən qızların çoxunun uşaq yaşından bakirəliyini itirdiyini, bunun isə sonunun qorxulu olduğunu deyir. O deyir ki, bakirəliyini qoruyan qıza dilənçi oğlanlar tərəfindən başqa münasibət göstərilir. Bakirəliyini itirmiş qızla isə necə gəldi davranılır. Yarımçıq, köhnə tikililərin içinə aparıb zorla cinsi əlaqəyə girirlər.
Lalə ona uzatdığım qəpikləri geri qaytarır. Bu gün yaxşı pul yığdığını deyir. "Heç vaxt tamahkarlıq eləmirəm, günlük çörək pulunu çıxarandan sonra evə gedirəm ki, o biri uşaqlar da bir şey qazansın"- deyir.
Söhbətimizə hər dəqiqə atmacaları ilə müdaxilə edən Elnur adlı üst-başı o birilərlə müqayisədə təmiz olan oğlan da istər-istəməz özü haqda danışmağa başlayır.
Elnur 6 yaşından küçələrə düşdüyünü deyir.
Valideynləri boşandıqdan sonra anası başqa kişi ilə evlənib. Elnur isə atası ilə qalmaqdan imtina edib. Elə həmin vaxtdan da küçəyə düşüb. Sonradan anası onu öz evinə aparıb. Ögey atası ilə yola getmədiyinə görə evə arabir gedir. Elnur söhbəti zamanı bütün qadınlara nifrət
etdiyini, hər şeydə günahkar anasının olduğunu dedi. Biləklərində kitaba sarılmış ilan şəklinin döyməsi olan yeniyətmə buna çox qəribə izah da verdi. Kitabın dövlət, ilanın isə küçə qanunlarının rəmzi olduğunu dedi.
Həmin döyməni isə, Gəncədə yaşayan Rafiq adlı bir kişinin çəkib. Dediyinə görə, döymələri uşaqların qoluna təmənnasız vurur. Dostlarının demək olar ki, hamısının qolunda həmin döymədən var.
Elnur insanlara inamsız olduğunu, küçədə qaldığı vaxtlarda ancaq "mavilər"dən yaxşılıq gördüyünü söylədi.
Bu qəribə fikirli oğlan dilənçi olmadığını, arada keçmiş dostlarının görüşünə gəldiyini iddia edirdi.
Küçə uşaqlarının vəziyyəti ilə bağlı cavabdeh orqanlardan biri də İcra Hakimiyyəti orqanlarının nəzdində fəaliyyət göstərən Qəyyumluq Komissiyasıdır.
Vəkillər kollegiyasının üzvü Ruslan Vəliyev deyir ki, Qəyyumluq Komissiyasının sədri funksiyasını icra hakimiyyətinin birinci müavini həyata keçirir. Yetkinlik yaşına çatmayan vətəndaşlarla işi həyata keçirən qurumun funksiyaları içində küçə uşaqları ilə iş də var. Komissiyanın üzvlərinə prokurorluq və ərazi polis idarəsinin nümayəndəsi, psixoloq da daxildir.
Ruslan Vəliyev onu da qeyd etdi ki, beynəlxalq təcrübədə yetkinlik yaşına çatmayanlar üçün ayrıca ədliyyə orqanı var. Bu işi kifayət qədər asanlaşdırır.
O bildirdi ki, Məişət Zorakılığı ilə bağlı yeni qanun qəbul olunduqdan sonra ilkin iş İcra Hakimiyyəti orqanlarına tapşırıldı. Bu yaxınlarda uşaq bağçaları da İcra Hakimiyyəti orqanlarının öhdəliyinə verildi. İcra Hakimiyyəti orqanlarının funksiyalarının artması Qəyyumluq Komissiyalarının da ayrıca qurum kimi fəaliyyət göstərəcəyi ehtimalını yaradır.
Hüquqşünasın münasibətindən də məlum olur ki, küçə uşaqları sahibsiz deyil. Onlara görə cavabdeh qurumlar var. Həmin küçə uşaqları ki, sonradan insan alveri qurbanına, cinayətkara çevrilə bilər. Bu təkcə hansısa aidiyyatı qurumun yox, bütün cəmiyyətin problemidir.
Günay Muradlı
Publika.Az
-
Qoroskop00:00
Günün ULDUZ FALI - Yanlış seçim riski böyükdür
-
Pul10 Noyabr 23:12
"Bitcoin"in qiyməti 3-cü dəfə TARİXİ MAKSİMUMA ÇATDI
-
Nəqliyyat10 Noyabr 22:48
Sabahdan 11 yolda məhdudiyyət tətbiq ediləcək - SİYAHI
-
Magazin110 Noyabr 22:36
Lalə Məmmədovadan cəsarətli pozalar - FOTO
-
Dünya10 Noyabr 21:30
5,9 bal gücündə zəlzələ bu ölkəni SİLKƏLƏDİ
-
Sağlamlıq10 Noyabr 20:30
Bu qidalar depressiya riskini AZALDIR
-
Magazin210 Noyabr 20:12
Sevil Vəliyevadan ŞOK QADAĞA: "Mahnılarımı avtomobildə səsləndirməyin" - FOTO
-
Elm və təhsil10 Noyabr 20:00
Müəllim qəbulda əsəbiləşdiyi üçün ölüb? - AÇIQLAMA