“Gəlini hara gətirim?“
Bizi izləyin

Qadın güzarı

“Gəlini hara gətirim?“

"19 ildi 13 nəfər bir otaqda yaşayırıq. Bezmişik... Hər il gəlib deyirlər ki, burdan köçəcəyik. Artıq inamımız, ümidimiz qalmayıb".

Bu sözləri Bakı Dövlət Universitetinin 2 saylı tələbə yataqxanasında qalan Simarə Əliyeva deyir və giley-güzarını davam edir:

"Qaynımın ailəsi, biz, baldızım, qaynatam və qaynanam, bir də 4 uşaq bir yerdə yaşayırıq. Otaqda sıxlıqdan oturmağa yer yoxdu, nəinki uzanıb yatmağa...Yoldaşımın 31 yaşı var, işləmir. Məcburi köçkünlərə verilən maddi yardımla dolana bilmirik. Verilən vədlər, söylənilən sözlər ancaq siz jurnalistlər üçündür. Realda heç bir dəyişiklik yoxdur".

S.Əliyeva daha bir problemi dilinə utana-utana gətirdi: "Evdə 3 ailəyik. Nə qədər gizlənə-gizlənə uşaq düzəldəcəyik? Qayınatanın, baldızın, qayının ailəsinin yanında necə rahat yaşaya bilərik. İnsan həyatı deyil ki bu... Artıq bezmişik. Uşaqlar da körpədir. Dərdimiz yazılası, deyiləsi deyil..."

Təqdimatdan da göründüyü kimi reportaj hazırladığımız məkan Bakı Dövlət Universitetinin tələbə və məcburi köçkünlər yaşayan yataqxanalarıdır. Bu günlərdə Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov mətbuata açıqlamasında tələbə yataqxanalarının sökülməsinə qərar verildiyini açıqlayıb.

Rektor bildirib ki, Yasamalda yerləşən yataqxanalarda məskunlaşmış məcburi köçkün ailələri yeni tikilmiş binalara köçürüləcək, köhnə tələbə yataqxanaları isə söküləcək:

"Biz belə hesab edirik ki, o yataqxanalar artıq istismar müddətini başa vurub. Orada tələbə saxlamaq olmaz. Həmin binaları sökülüb, yeniləri tikiləcək. Müəyyən vəsait də ayrılıb. Layihə artıq hazırdır, burda 6, 8, 14 mərtəbəli yataqxana binaları olacaq. Azərbaycanda ilk belə tələbə şəhərciyi salınacaq. Yataqxanalarda təxminən 6-7 min tələbəni yerləşdirmək mümkün olacaq. Doktorantlar, magistrlər üçün ayrı yer, bakalavrlar üçün isə ayrı yer nəzərdə tutulub. İdman kompleksi, iaşə obyektləri, yeraltı avtomobil dayanacaqları və s. də olacaq".

75 yaşlı Allahverdi Seyidov rektorun sözlərini bizdən eşitdiyini deyir:

"1993-cü ildən burda məskunlaşmışıq. Neçə ildir çətin şəraitdə yaşayırıq. Tələbə yataqxanasında qalmaq elə bilirsiz ürəyimizdəndir? Çıxış yolumuz yoxdur. Mağaza açıb işlədirdim. Dolanışıq çox çətindir. Məcbur olub uşaqlarımı Tərtərə göndərdim. İş yoxdur, artıq yaşım da o yaş deyil. Ona görə mağazanı bağlayıb, icarəyə vermək istəyirəm".

A.Seyidovun sözlərinə görə, dəfələrlə məcburi köçkünlərin yataqxanalardan köçürüləcəyi barədə xəbərlər eşidiblər:

""Qaçqınkom"dan gəlib deyirdilər ki, Qobuda yaxşı bir yerdə şəhərcik salınacaq, bizi də ora köçəcəyik. Bu məsələ də sözdə qaldı. Heç bir xəbər çıxmadı".

Təqaüdçü Rəvan Süleymanovun giley-güzarı isə işsizlikdir: "18 ildir burda yaşayırıq. 3 oğlum var. Hər üçnün otuzdan yuxarı yaşı var. Amma evləndirə bilmirəm. Gəlini hara gətirim? Yerimiz yoxdur. Üstəlik kirayə yaşamağa da imkan yoxdur. Bu zəmanədə iş tapmaq müşkülə çevrilib. Çox çıxılmaz vəziyyətdəyik. Sanki dalana dirənmişik. Köçürülmə ilə bağlı dəqiq söz deyən yoxdur. Yaxın zamanlarda bu işin reallaşacağına inanmıram. Çünki hələ həmin ərazidə torpağın ayrılıb-ayrılmadığı tam dəqiqləşməyib".

Orta məktəb müəllimi Maarif Muradov deyir ki, şəhərcik tikilən zaman şəhərə yaxın olmasına diqqət etmək lazımdır:

"Bu yataqxanada işləyən məcburi köçkünlərin iş yeri şəhərdədir. Şəhərdən uzaqda şəhərcik salınsa, ordan gedib-gəlmək çətin olacaq. İnsanın mülkiyyət hüququ olmalıdır, evi olmalıdır. Amma şəhərin fonu, insan faktoru, infrastruktur nəzərə alınmalıdır. Davamlı və uzunmüddətli yaşaya biləcəyimizi bina tikilməlidir. Əslində bizə torpaq ayrılmasını istərdik. Çünki burda çox sıxılırıq, həyət evi tikməyə bir az kömək etsəydilər çox yaxşı olardı".

Komendant Pərviz Abdullayevlə də danışdıq:

"Burada 7 min insan yaşayır. Amma onlardan cəmi 300-400-ü tələbələrdir. Bizə də deyiblər ki, insanları qeydiyyata alın. Əvvəl demişdilər ki, məcburi köçkünlərə Masazırda torpaq ayrılacaq və orda onlar üçün şəhərcik salınacaq. Amma bilirsiniz ki, Masazırda sürüşmə oldu. Çox güman ki, başqa ərazi seçiləcək. Başqa heç bir məlumatımız yoxdur. Bu köçürülmənin nə zaman gerçəkləşəcəyini də bilmirik".

Universitetin riyaziyyat fakültəsinin 2-ci kurs tələbəsi Günel yataqxanadan məcburi köçkünlərin çıxarılacağı haqqında heç nə eşitmədiklərini deyir:

"Mən də məcburi köçkün ailəsindənəm. Ailəm Beyləqanda məskunlaşıb. Mən də universitetə daxil olduqdan sonra burda yaşamağa məcbur qaldım. Kirayə çıxmağa imkanımız yoxdur. Amma heç cür burdakı şəraitə öyrəşə bilmirik. Natəmizlikdir. Eyni mətbəxdən, tualetdən istifadə edirik".

Burada məskunlaşan insanların əksəriyyəti işsiz olduğundan özlərinə dükan açıblar. Kimi göy-göyərti, kimi pal-paltar, kimi ərzaq malları satır. Kimisi də bərbərxana, bir qismi də çayxana açıb üç-dörd gənci ətrafına toplayıb günə 5-6 manat qazanırlar. Köçürülmə ilə bağlı qərarın verilməsi isə təbii ki, onlara heç bir halda sərf etmir. Deyirlər ki, onları evlə təmin etsələr belə pul qazanmaq üçün dolanışıq yerləri olmayacaq. Birincisi o qədər pulları yoxdur ki, özlərinə dükan açsınlar, ikincisi də indiki işlətdikləri obyektlərə görə işıq, yer haqqı ödənilmir. Ancaq başqa ünvana köçürülmə onları bu şeylərdən məhrum edəcək...

Nailə RÖVŞƏNQIZI

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm