Üç qadının kədərli hekayəsi
Bizi izləyin

Qadın güzarı

Üç qadının kədərli hekayəsi

Bu dəfə "Həyatın içindən" layihəsinin bir yox, üç qəhrəmanı var. Haqqında yazdığım bu qadınların həyatı məni o qədər təsirləndirdi ki, istər-istəməz yazmağa qərar verdim. Üç qadından biri - Bahar nə qədər çətinliyə düşsə də, pis yolu seçməyib. Dostlarının köməkliyi ilə çətinliklərlə savaşıb, dünyaya gələn körpəsinə isə Məhəmmədəmin adı verib.

Səadəqətin imkanı və həyatı qaydasında getsə də, ən asan yolu - fahişələyi seçib.

Sevilin isə həyatı daha təsirlidir. Məncə, geniş girişə ehtiyac yoxdur. Hər üç qadını az da olsa, tanımaq üçün yazını oxumaq daha məqsədəuyğundur.

Azadlıq arzusunun qurbanı - Bahar

Hava təzəcə qaralmağa başlamışdı ki, xanım tanışlarımdan biri zəng elədi. Hal-əhval tutandan sonra bildirdi ki, bu gün dostunun evindən kirayə qaldığı mənzilə köçməlidir. Fikirləşmədən kömək edəcəyimi bildirdim. Bilirdim ki, bu saatda məni narahat edibsə, deməli köməyə ciddi ehtiyacı var. Hə, bu arada tanışım haqqında qısaca məlumat verməyim yerinə düşər. Bahar Azərbaycanın uzaq dağ rayonlarından birində doğulub. Tale onu bu amansız paytaxta, acımasız meqapolisə gətirib çıxarana qədər düzənli bir həyatı, sakit bir dünyası var imiş... Valideyinləri dindar və mühafizəkar olsa da, Bahar daha çox azadlığa, müasirliyə meyillidir. Bəlkə də başına gələn bütün faciələrin səbəbi, onun azadlığa olan sevgisi idi. Amma hərdən düşünürəm ki, Bahar bütün yaşadıqlarında sadəcə bir şeyi aydınlaşdıra bilməyib: Azadlığın mahiyyətini. Bakının bataqlıq kimi üfunətli mühiti bu təcrübəsiz qızı çox tez kamına çəkib. Sevginin şirinliyi onu o qədər ovsunlayıb ki, nə vaxt aldadıldığını və atıldığını hiss etməyib. Başına gələnlərin dəhşətini dərk edəndə artıq gec imiş. İnandığı, könül verdiyi, ümidlə baxdığı insan, bütün məsuliyyəti onun kövrək çiyinlərinə yükləyib günlərin birində yoxa çıxır. O baharın hamilə qalmasını bilə-bilə onu tərk edir. Bibisinin evində yaşayan Bahar hamiləliyinin bilinəcəyindən qorxub, evdən qaçır. İlk günlər qalmağa yer tapmadığı üçün küçələrdə, tikilməkdə olan binalarda qalan hamilə Bahar sonradan Azərbaycanın üzdə olan ictimai təşkilatlarından birinin üzvlərinə müraciət edir. Təşkilatın bir neçə üzvü Baharın çətinliklərini həll etmək üçün bir araya gəlir, onu həyatın girdabından çıxarmağa cəhd edirlər. O gündən baharın həyatında müsbət dəyişikliklər başlayır.

Həyatın dibindən üzünə doğru...

Sözün düzü, bu hadisəni eşidəndə Azərbaycanda belə işıqlı gəncliyin olması məni çox təsirləndirmişdi. Aldadılmış və atılmış hamilə qadına arxa duran bu gənclərin varlığı mənim özümə də böyük stimul vermişdi. Biz Baharla tanış olanda, Bahar hamiləliyinin son aylarını yaşayırdı. Dostlar nə qədər kömək eləsə də, Baharın vəziyyəti olduqca ağır idi. Necə olsa, dünyaya gələcək övladın bütün çətinlikləri onun üzərində idi. Amma müxtəlif peşə sahələrində çalışan, xalqın maariflənməsi və ölkənin demokratikləşməsi üçün bir araya gələn gənclər öz köməklərini bu tənha və tərk edilmiş qadından əsirgəmirdilər. O, artıq tikinti gedən binalarda yox, dostlarının köməyi ilə kirayələnmiş mənzildə yaşayırdı. Təşkilatda xüsusi fəallığı ilə seçilən bir ailə, ona daha yaxından köməklik göstərirdi. Baharın taleyi üçün narahat olmaqlarını hər görüşdə gözlərindən oxuyurdum. Bahar övladını dünyaya gətirməyə az qalmış məlum oldu ki, uşaq dünyaya "keyser əməliyyatı" ilə gəlməlidir. Bu əməliyyat üçün xeyli pul lazım olduğu üçün təşkilat üzvləri yenidən bir araya gəldi. Həmin söhbət zamanı da, bu gənlərin varlığından xeyli ruhlandım. Görüşdən sonra Baharı evə ötürəndə xeyli söhbət elədik. Çox böyük ümidsizlik içində idi. Geriyə, rayona qayıtsa valideyinləri onu başa düşməyəcəkdi. Anası hadisəni tam olaraq bilsə də, kömək eləməkdən imtina eləmişdi. Ümid yenə də dostlara idi. Tanınmış televiziya aparıcılarından biri, əməliyyat üçün tanıdığı həkimlərə müraciət etdi və əməliyyatla bağlı məsələlər demək olar ki həll olundu. Aprel ayında Bahar dünyaya bir oğlan uşağı gətirdi. Uşağa ADR-in qurucularından olan Məhəmmədəminin adını verdi. Amma ağır əməliyyatdan sonra ona ciddi qulluq və kömək lazım oldu. Yenə də, dostlar qabağa düşdü. Hər zaman Baharın yanında olan ailə, yenidən ona həyan oldu və xəstəxanadan çıxan kimi birbaşa öz evlərinə apardı. Bir müddətdən sonra Bahar kirayə tutduğu mənzilə köçməyə qərar verdi. Onun qərarına heç kəs qarşı çıxmasa da, dostlar başa düşürdü ki, Baharın çətinlikləri və əziyyəti hələ qarşıdadır. O gecə, zəng edib məndən kömək etməyi xahiş edəndə, tərəddüdsüz razılıq verdim və dediyi vaxtda, dediyi binanın qarşısında oldum. Jurnalist həmkarlarımın birinin avtomobilində oturub məni gözləyidilər. Bahar hələ bir ayı tamam olmamış balaca Məhəmmədəmini bərk-bərk bağrına basmışdı. Əşyalarını kirayə mənzilə daşıdıq. Sonra həmkarımla köməkləşib körpənin çarpayısını quraşdırdıq. Çarpayını da bir jurnalist hədiyyə etmişdi.

Sədaqət və tənha, iranlı qadın

Mənzildə, Bahardan başqa 3 qadın yaşayır. Bunu evə girər-girməz başa düşdüm ki, burda yaşayan qadınların hamısı tənhalıqdan əzab çəkir. Bunu hiss etmək üçün dahi olmağa ehtiyac yox idi. Qapının kəndarındakı qadın ayaqqabılarının çoxluğu hər şeyi izah edirdi. Evin sahibəsi rolunu Sədaqət adlı qadın həyata keçirir. Əmiranə duruşundan, özündənrazı baxışlarından hiss olunurdu ki, evin sahibi bütün səlahiyyətləri ona verib. Sədaqətin 40-dan artıq yaşı olar. Baharın dediyinə görə, nəvəsi də var. Həyatından danışmağı, özü haqqında məlumat verməyi sevməsə də, evdəkilər onu az-çox tanıyır. Danışdığına görə, əri onun adına olan mənzili öz adına keçirib və Sədaqəti boşayıb. Bundan sonra Sədaqətin oğlu əriylə Rusiyaya köçür. Yeniyetmə qızı isə qoşulub qaçır. Beləliklə Sədaqətin tənhalığı başlayır. Bütün günü evdən çıxmasa da, geyiminə fikir verir, bəzənib-düzənməyindən qalmır. Bahar danışır ki, yanına gəlib-gedən gəncləri utanmadan, açıq-aşkar otağına dəvət edir, gecənin gec saatlarına qədər otaqda eyş-işrətlə məşğul olur. Yaşına və həyat tərzinə uyğun olaraq evdə qalan qadınları bir-biri ilə dalaşdırmaqdan, söz aparıb-gətirməkdən sanki zövq alır. Əxlaqlı, gözəl davranışlı qadınların adına söz çıxarmaq sanki onun həyatının ayrılmaz hissəsidir. Həddindən artıq pula həris və yaramaz bir tip olduğu üçün eyni evdə yaşadığı qadınlar onu sevmirlər.

Evin digər sakini, iranlı bir qadın idi. Mən o qadını yalnız bir dəfə gördüm. O da Baharın evə köçməyinə kömək elədiyim gecə. İranlı qadın başını örütüb evdən çıxdı və Sədaqətə bildirdi ki, evə gec gələcək. Sədaqətə geniş söhbət eləmək imkanım olmasa da, aramızdakı kiçik dialoqlardan sonra anladım ki, bu qadın olduqca bayağı və vulqardır. Geyimi, baxışları və davranışı onun hansı yuvanın quşu olduğundan xəbər verirdi. Evin əxlaqsızlıq yuvasına çevrilməsi onun vecinə olmasa da, Bahar bu durumdan çox narahat idi. Elə biz də, Baharın belə bir yerdə qalmasından əndişələnirdik.

Təklikdən qorxan Sevil

Evin növbəti sakini, Sevilin öz həyatını danışmaq fürsəti oldu. Dediyinə görə, Sevil bir neçə il evli olandan sonra ərinin verdiyi əzablara dözmür və ayrılmağa qərar verir. Övladını ərinə verməmək üçün dostlarının köməkliyi ilə bir vəkillə tanış olur. Vəkil bu gözəl və cazibədar qadını görən kimi bir könüldən, min könülə ona vurulur. Məhkəmə prosesindən sonra, aralarındakı münasibətlər ciddiləşir və Sevil məhkəmədə onun vəkili olan bu insanın evlilik təklifini müsbət cavablandırır. Nəhayət ki, vəkilin istəyi ilə evlənirlər və Sevil vəkilin evinə köçür. Evliliklərinin birinci ayından sonra vəkil artıq ondan yorulduğunu və onu sevmədiyini deyir. Sevilin bütün xəyalları məhv olur. İlk qurduğu ailəsi dağılan Sevil, həyatın növbəti zərbəsini alır. 5 il bu mənasız həyata qatlaşdıqdan sonra, vəkildən boşanıb Bakıya köçür və massajist kimi fəaliyyət göstərməyə başlayır. Bu dəfə həyat onu daha ciddi sınağa çəkir. Qarşısına çıxan Kamaz sürücüsünə vurulan Sevilin bütün həyatı yenidən dəyişir. Yaraşıqsız və bayağı Kamaz sürücüsü onun həyatda yeganə ümid yerinə çevrilir. Sevilin hesabına yeyib-içən və yaşayan sürücü əvvəllər onunla evlənmək istədiyini desə də, sonradan fikrindən daşınır və evliliyin mümkün olmadığını deyir. Bütün ümidləri qırılan Sevilin yeganə yolu, Kamaz sürücüsünün bütün kaprizlərinə dözmək idi. Evdə yaşayan digər qadınlara söz atan və narahat edən bu heyvərənin insan kimi heç bir maraqlı tərəfi yox idi ki, onunla oturub nədənsə danışasan. Bir neçə dəfə Bahardan xəbər tutmaq üçün həmin evə gedib-gələndən sonra başa düşdüm ki, Sevil təklikdən qorxduğu üçün, bu adamdan ayrıla bilmir. Sevil danışırdı ki, sürücü onu mənasız şeylərə görə döyüb-incidir və işgəncə verir. Sevil onu da deyirdi ki, ayrılmaqdan çox qorxur... Tənha qadınların yeganə ümid yeri, sevməyə çalışdıqları ən çirkin və xaraktersiz adam olurmuş sən demə...

Bu günlərdə, Sədaqət evdə yenidən böyük bir mərəkə yaratdı. Dostlarla köməkləşib Bahara başqa bir yerdə kirayə mənzil tapdıq. Sonuncu dəfə, həmin evə getdiyim gün Sevilin gözlərindəki ümidsiz ifadə hələ də yadımdan çıxmır. Sədaqət isə əynində qısa şort, evdə o baş-bu başa gəzir, bir an içində evi boşaldıb yeni gəlmiş qadını yerləşdirməyi düşünürdü. Kimliyindən asılı olmayaraq bu evə gələnlər onun üçün sadəcə müştəri idi. Həyatdan aldığı zərbələrdən başını itirən Sədaqət həyasını da pula hərisliyinə görə biryolluq itirmişdi. Hətta o qədər iyrəncləşmişdi ki, bir aylıq körpəsi qucağında Baharı küçəyə atmağa da hazır idi.

Cəlil CAVANŞİR

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm